1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Azərbaycan idmançıları medalların sayını artırırlar
20.08.2016/№32

 

 


Gümüş medalçılarımız

Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.
Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son saniyələrdə məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib. Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.
AZƏRTAC-ın arayışı: Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda təşkil olunan Olimpiadada isə 2-ci yerə sahib olub.
M.Stadnikin iki övladı var. Həyat yoldaşı Andrey Stadnik isə onun məşqçisidir.


“Rio-2016”da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Valentin Demyanenko da həlledici mərhələdə qüvvəsini sınayıb. Otuz üç yaşlı atletimizin çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb.


Bürünc medalçılarımız

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə - avqustun 16-da yığma komandamızın üç üzvü idmanın üç növü - avarçəkmə, güləş və boks üzrə yarışıb.
Yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.
AZƏRTAC-ın arayışı: Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən il Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R.Çunayev, həmçinin 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısıdır. Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə o, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
 


Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub. Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, “London-2012”nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti “Rio-2016”nın bürünc medalına sahib olub və Azərbaycana üçüncü medalı qazandırıb.
AZƏRTAC-ın arayışı: Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranda anadan olub. Güləşçi Azərbaycanın paytaxtında keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının gümüş medalçısıdır. 2013 və 2014-cü ildə Bakıda keçirilən və Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinin qızıl medalına sahib olub. Sabah Şəriəti I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, ilk iki medalı Azərbaycana cüdoçular qazandırmışdılar.


Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə - avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşmada rəqibinə 2:3 hesabı ilə məğlub olub. P.Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Təmsilçimizin bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici döyüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub. Bu, Azərbaycanın taekvondo tarixində qazanılmış ilk olimpiya medalı olub.
AZƏRTAC-ın arayışı: İdmançı karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova 1994-cü il oktyabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında qatılıb. 2013-cü ildə İndoneziyadakı İslam Həmrəylik Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb. Ötən il Koreya Respublikasında hərbçilərin dünya çempionatında birinci, Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində isə üçüncü yerə sahib olub. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.
Bu ilin yanvarında İstanbulda təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya təsnifat turnirinin qalibi olan P.Abakarova, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Patimat Abakarova taekvondo üzrə bir çox beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıb.

 

AZƏRTAC xəbər verir ki, avqustun 16-da günün proqramı üzrə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya “Rio-2016” Yay Olimpiya Oyunlarında qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib.
34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb.


Avqustun 18-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) dördüncü görüşünə çıxıb. AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.
K.Şahsuvarlı əvvəlki üç görüşündə Zao Minqqanq (Çin), Artyom Çebotaryovu (Rusiya), dünya çempionu, qazaxıstanlı boksçu Janibek Alimxanlını mübarizədən kənarlaşdırıb.
Boksçumuz Rio Olimpiadasında iştirak etmək hüququnu ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində əldə etmişdi.


Avqustun 18-də Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
AZƏRTAC-ın arayışı: Nataliya Sinişin 1985-ci il iyulun 3-də Ukraynanın Sosnivka şəhərində anadan olub. 2006-cı və 2009-cu il dünya çempionatlarının bürünc medalçısıdır. Güləşçi 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanıb.
Nataliya Sinişin 2009-cu ildə Vilnüsdə, 2012-ci ildə Belqradda və 2016-cı ildə isə Riqada Avropa çempionatının qızıl medalına sahib olub.

yuxarı ⤴