1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yeni təhsil müəssisələri istifadəyə verilib
25.08.2017 / No32

 

 

 


Prezident İlham Əliyev açılışlarda iştirak edib

Samirə KƏRİMOVA

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldə 4 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulmasını bu yöndə atılan növbəti addımlardan biri hesab etmək olar.

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonuna səfəri zamanı əsaslı şəkildə yenidən qurulan həmin körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.
Qeyd edək ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.

Heydər Əliyev Fondunun balacalara daha bir töhfəsi

Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır.

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəbəqədər təhsil müəssisəsi Samux rayonunda istifadəyə verilib. Ölkə başçısı İlham Əliyev Samux rayonuna səfəri zamanı 100 yerlik həmin körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, ikimərtəbəli körpələr evi-uşaq bağçasının sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb.

Onu da qeyd edək ki, istifadəyə verilmiş hər iki körpələr evi-uşaq bağçasının həyətində balacaların əylənməsi və istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.

Birnövbəli dərs rejiminə keçməyə imkan yaradan əlavə korpus

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika otağı, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.

Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

yuxarı ⤴