1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Yay düşərgələri: real vəziyyət necədir?
25.08.2017 / No32

 

 

 


Dövlət Strategiyasına uyğun olaraq bu sahədə bir sıra layihələr reallaşdırılır

Qabil BABAYEV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi

Ölkəmizdə məktəblilərin yay tətilinin səmərəli, maraqlı və əyləncəli təşkili məqsədilə silsilə tədbirlər həyata keçirilir. Ötən əsrin 90-cı illərində şagirdlərin yay istirahəti üçün nəzərdə tutulan düşərgələr sıradan çıxsa da, son illər Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bu sahədə xeyli iş görülür, bir sıra layihələr reallaşdırılır. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, ümumi təhsil müəssisələrinin şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların ardınca, Bakıda və bölgələrdə yay düşərgələrinin təşkilinə başlanılıb və bu iş ildən-ilə genişlənməkdədir.

Hərtərəfli inkişafı tamamlayan amil

Aparılan araşdırmalar göstərir ki, məktəblilərin hərtərəfli inkişafı üçün keyfiyyətli təhsilin verilməsi ilə yanaşı, onların sağlam həyat tərzini qurmaq və asudə vaxtlarını səmərəli təşkil etmək mühüm amillərdəndir. Yalnız fiziki və mənəvi cəhətdən sağlam olan insan həyatı boyu üzləşdiyi çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlməyi və fəaliyyəti zamanı uğur əldə etməyi bacarır. Buna görə də, şagirdin fiziki və mənəvi, həmçinin, onun yaradıcılıq qabiliyyətinin inkişafı ailədə valideynləri, məktəbdə müəllimləri daha çox düşündürür. Bu məsələlərin həlli üçün tədris prosesi ilə yanaşı, məktəbdən kənarda da əlverişli mühitin yaradılması vacib sayılır. Məktəblilər üçün təşkil olunan yay düşərgələri isə həmin mühitin tərkib hissəsidir.

Düşərgələrin təşkili zamanı xarici təcrübədən istifadə olunur

Dünyanın əksər ölkələrində məktəblilər üçün düşərgələrin təşkilinə ciddi önəm verilir. Məsələn, Azərbaycana qonşu olan Türkiyə, Rusiya və İranda şagirdlərin maraq dairəsindən asılı olaraq düşərgələr yaradılır. Düşərgələrdə məktəblilərin istirahəti təmin olunmaqla yanaşı, onlara bilik və bacarıqlar aşılanır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri də xarici ölkələrə səfər edərək şagirdlər üçün düşərgələrin təşkili ilə bağlı təcrübəni öyrəniblər. Həmin təcrübə ölkəmizdə tətbiq olunur.

Kompleks yanaşma

Məktəblilər üçün düşərgələrin əhəmiyyəti nəzərə alınaraq, respublikamızda mövcud imkanlar daxilində bu işə kompleks yanaşılır. Təhsil Nazirliyinin tabeliyində və ya nazirliyə məxsus yay düşərgələri olmasa da, məktəbdənkənar fəaliyyət mexanizmi və digər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində bu iş həyata keçirilir. Yay düşərgələrinin və düşərgələrdə iştirak edən şagirdlərin sayı ilbəil artırılır.

Təkcə bu yay İDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji yay düşərgələri keçirilib. “Bəbirləri mühafizə edək!” adlı ekoloji yay düşərgəsi Masallı rayonunun Qəriblər kəndində təşkil olunub. Düşərgədə Masallı, Astara və Lənkəran rayonlarının orta məktəblərinin şagirdləri iştirak edib. Neftçala rayonunun ərazisində keçirilən “Ceyranları qoruyaq” adlı ekoloji yay düşərgəsi uğurla başa çatıb. Düşərgəyə Salyan rayonunun Yenikənd, Şəkərli, Kürsəngi, Kürqarağaclı və Neftçalanın Tatarməhəllə kəndlərindən məktəblilər qatılıb. Qəbələ rayonunda isə “Zubrları təbiətimizə qaytaraq” adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə rayonun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topdağ və Məlikli kəndlərinin məktəbliləri iştirak edib.

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində Bakı şəhərindəki 18 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin V-VI sinif şagirdlərinin iştirak etdiyi “Yay məktəbi” iyulun 3-dən 31-dək fəaliyyət göstərib. “Yay məktəbi” zamanı 600-ə yaxın şagird üçün maarifləndirici tədbirlər, xarici dil məşğələləri, intellektual oyunlar, idman yarışları, muzeylərə ekskursiyalar təşkil olunub. Məktəblilər musiqi, rəqs və rəsm dərslərinə qatılıb, filmlər izləyiblər. Hazırda “Yay məktəbi”ndə 400-dən artıq VII-VIII sinif şagirdi iştirak edir. Avqustun 1-dən 31-dək davam edəcək “Yay məktəbi” çərçivəsində təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatların təşkil olunması nəzərdə tutulur.

Bundan başqa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ayrı-ayrı məktəblər tərəfindən şagirdlər üçün maarifləndirici tədbir və yarışlar keçirilir. Şagirdlər tarixi məkanlara, kitabxanalara, istirahət yerlərinə ekskursiya edirlər.

Bakı məktəblilərinin Şəki, Quba və Qusar rayonları ərazisində yay düşərgələri də təşkil olunub. Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi keçirilib. Yay tətili dövründə sağlamlıq imkanları məhdud olan məktəblilər də yaddan çıxmayıb. Belə şagirdlərin də muzeylərə, parklara ekskursiyası təşkil edilir və s.

Yay düşərgəsi məktəblini həvəsləndirir

Təcrübə göstərir ki, yay düşərgələri məktəblilərin həyatında mühüm rol oynayır. Şagirdlər düşərgələrdə həm istirahət edir, həm də dünyagörüşünü, bilik və bacarıqlarını artırır, təbiəti daha çox sevirlər. Yeni dərs ilinə həvəslə başlayır və növbəti mərhələlərdə uğur qazanırlar. Bundan başqa, yay düşərgələri şagirdlərə qabiliyyətlərini, sərbəst düşünmə, özünə güvənmə və digər belə amilləri üzə çıxarmağa imkan verir. Məktəblilər arasında təcrübə mübadiləsinin aparılmasında, onların zərərli vərdişlərdən uzaq olmasında, gənc liderlərin hazırlanmasına şəraitin yaradılmasında da yay düşərgələrinin rolu böyükdür. Bəzən yay düşərgəsinə cəlb olunmayan məktəblilərin bir hissəsi valideynlərinin nəzarətindən kənarda qalır. Onlar bu halda sağlam olmayan mühitin təsirinə də düşə bilirlər.

Təəssüf ki, bəzən valideynlər övladlarını yay düşərgələrinə göndərməyə həvəs göstərmirlər. Onlar bu işə ehtiyatla yanaşırlar. Lakin yay düşərgələrində yaradılan şəraiti görən hər bir valideyn sonradan övladını orada yerləşdirmək istəyir. Çünki Təhsil Nazirliyinin iştirakı ilə yaradılan düşərgələrdə iş prosesi əvvəlcədən hazırlanan proqram əsasında həyata keçirilir. Məktəblilərə yüksək keyfiyyətli qidalar verilir, şagirdlərin təhlükəsizliyi tam təmin olunur və s.

Məktəblilərin vəziyyəti: dünya və biz

Nəzərə alaq ki, hazırda bir sıra ölkələrdə şagirdlər üçün düşərgələrin təşkili işində irəliləyişlər əldə olunsa da, dünyada xeyli sayda uşaq heç məktəbə gedə bilmir. Dünya üzrə 10 milyonlarla uşaq həyatının bir hissəsini küçələrdə keçirir. Milyonlarla uşaq xüsusi evlərdə xidmətçi işləyir. Hər gün çoxlu uşaq təhlükələrə məruz qalır.

Azərbaycanda isə uşaqların, o cümlədən də məktəblilərin hüquqlarının qorunması, onların diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə məktəblilərə keyfiyyətli təhsil verilməsi ilə yanaşı, onların istirahətinin təşkili də diqqət mərkəzindədir. Qeyd etdiyimiz kimi, məktəblilər üçün yay düşərgələrinin sayı və şagirdlərin orada qalma müddəti də ilbəil artırılır. Bu işin getdikcə genişləndirilməsi nəzərdə tutulur.

Məktəb şagirdləri gözləyir

Yeri gəlmişkən, şagirdlərin yay istirahətinin təşkili ilə yanaşı, hazırda ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinə hazırlıq işləri görülür. Ölkədə yeni məktəb binaları tikilir, təhsil ocaqlarında təmir işləri aparılır. Hazırda təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur. 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri aparılır. Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci dərs ili başlayanadək yekunlaşdırılması planlaşdırılır.

Azərbaycanda məktəblilərin yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması isə onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşdırılmasına yönəlib. Məhz belə vətəndaşları olan dövlətdə həmişə böyük uğurlar əldə olunur.

yuxarı ⤴