1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Test ləğv olunmur
25.08.2017 / No32

 
 

 

 


Buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək

Ali məktəblərə qəbulda test imtahanının ləğv ediləcəyi barədə söz-söhbətlər getdikcə daha geniş vüsət alır. İndiyədək ara-sıra səslənən bu fikirlər Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “ASAN Radio”dakı çıxışından sonra böyük müzakirə mövzusuna çevrilib. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər nəzərdə tutulduğunu deyən M.Abbaszadə artıq 26 ildir aparılan test şəklində imtahanın sonuncu dəfə keçiriləcəyini bildirib. Kurikulum əsasında təhsil alan şagirdlərin IX sinifdə olduğu kimi, XI sinifdə də imtahanlarının fərqlənəcəyini, yəni biliyinin qiymətləndirilməsinin fərqli formada keçiriləcəyini vurğulayıb. Hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

İki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi fikri yeni imtahan modelinin test imtahanlarından tamamilə fərqlənəcəyi barədə fikirlərin ortaya çıxmasına səbəb olub. Hətta məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin açıqlamasından sonra da bu narahatlıq səngiməyib. Məsələ burasındadır ki, açıqlamada müzakirə mövzusu olan imtahan modelinin ənənəvi test üsulundan nə qədər fərqlənəcəyinə aydınlıq gətirilməyib: “Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək”.

Açıqlamadan da göründüyü kimi, yeni modelin gələcəkdə hansı formada olacağı barədə təqribi fikir belə yoxdur. Təhsil üzrə ekspert Etibar Əliyev “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, açıqlama ilə tanış olsa da, müzakirələrdən xəbərsizdir: “Müzakirələrdə iştirak etmirəm. Kimlərin iştirak etdiyini də bilmirəm. Bildiyim yalnız odur ki, məsələ ictimaiyyəti maraqlandırır. Hər kəsin marağına toxunan bir məsələdir. Yəqin ki, sentyabrda müzakirəyə dəyişikliyi özündə ehtiva edən bir layihə çıxaracaqlar.
Hesab edirəm ki, nəzərdə tutulan dəyişiklik əvvəlcə mütləq geniş müzakirə olunmalıdır”.

Ekspertin fikrincə, test üsulu ilə imtahanın, ümumiyyətlə, ləğvindən söhbət gedə bilməz: “Bu il IX sinif buraxılış imtahanlarında tətbiq edilən model yeni idi. Bu da kurikulumun tətbiqi ilə əlaqədar baş verdi. Hansı effekti verdiyi barədə müzakirələr aparılmadığından qəti bir söz deyə bilmərəm. Görünür, müzakirə etdikləri yeni model dəyişikliklər və müəyyən fərqlərlə həmin model ola bilər. Yaxud Qərb modelini tətbiq edə bilərlər. Həmin modeldə orta təhsilin nəticələri və esse yazılır. Əsas odur ki, yeni modeldə şəffaflıq kriteriyaları necə qorunacaq?”.
 

yuxarı ⤴