1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Köçürülmənin nəticələri sentyabrda elan olunacaq
25.08.2017 / No32

 

 

 


Günay İsgəndərova: “Tələbələr köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdilər”

Ruhiyyə DAŞSALAHLI

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

İyulun 17-dən start verilən prosesdə transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3650 nəfər olub. Onlardan 1127 nəfəri öz sorğusunu təsdiq edib. Bunlardan 1100-ü bakalavr, 27 nəfər isə magistr sorğusudur.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müraciətlərin emal prosesi başa çatdıqdan sonra onların hər biri ilə bağlı təqdimat hazırlanaraq nazirə təqdim ediləcək. Bu proses sentyabrın 15-dək başa çatmalıdır.

Lakin həmin vaxta qədər işlər yekunlaşmasa, köçürülmə üçün müraciət edənlər növbəti tədris ilinə indiyədək təhsil aldıqları müəssisələrdə başlayacaqlar: “Tələbələr tələb olunan məlumatları daxil edərkən köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdilər. Təsdiq olunan nəticələr sentyabr ayında elan olunacaq. Yəni, köçürülmə təsdiqləndikdən sonra hər iki təhsil müəssisəsinə müvafiq məktub göndəriləcək. Təhsil müəssisələrindən birinə köçürülmə ilə bağlı xəbərdarlıq məktubu, digərinə isə köçürülən tələbənin sənədlərinin toplanaraq digər təhsil ocağına göndərilməsini tələb edən məktub ünvanlanacaq. Həmin məktublardan sonra tələbələr müvafiq qaydada köçürüldüyü təhsil müəssisəsində təhsilinə davam edəcək”.

Xatırladaq ki, tələbələrin köçürülməsi qaydalarında bəzi yeniliklər var. Həm ölkə daxilində, həm də xaricdən köçürülmə məsələlərini əhatə edən yeniliklərdən biri odur ki, artıq magistratura pilləsində də tələbələrin köçürülməsinə icazə verilib.
Yeni qaydalara əsasən xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

Ən əhəmiyyətli yenilik isə yeni qaydaların ölkə vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də respublikanın ali təhsil müəssisələrinə köçürülməsini tənzimləməsidir.

Yeni qaydalar bəzi məhdudiyyətləri də aradan qaldırıb. Əvvəlki qaydalara əsasən, tələbə yalnız ali məktəblər tərəfindən müvafiq ixtisas üzrə boş yer verildiyi halda köçürülə bilərdi. Yeni qaydalarda “köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq ixtisas üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılması” tələbi aradan götürülüb və ölkənin ali məktəblərinə köçürülmə zamanı yerlə bağlı heç bir məhdudiyyət yoxdur.

Köçürülmə eyni ixtisas qrupu daxilində həyata keçirilir. Ali təhsil müəssisələrində həyata keçirilən ölkədaxili köçürülmələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal həlledici sayılır. Lakin bəzi istisnalar da var. Tutaq ki, Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən Sumqayıt şəhəri istisna olmaqla, ölkənin regionlarında yerləşən istənilən ali təhsil müəssisəsinə köçürüldükdə, həmçinin bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə öz ixtisası üzrə köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq.
Ölkənin ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL, İBT, İELTS və s.) əsasında qəbul olunan tələbələrin də sonradan köçürülməsi zamanı bal məhdudiyyəti qoyulmur.

Xatırladaq ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.


 

yuxarı ⤴