1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Bir müəllif, bir əsər”
Əsərlərini psixiatrik xəstəxanada yazan yazıçı
25.08.2017 / No32

 

 

 


Robert Valzer və “Dələduz” romanı

Gülnarə İLHAM

1956-cı ilin 25 dekabrında İsveçrənin Herizau şəhərinin küçələrinin birində uşaqlar tərəfindən donmuş kişi meyiti tapılır. Hadisə yerinə gələn polislər meyitin kimliyini ayırd etmək üçün fotolarını yayımlayırlar. Əsərləri və şeirləri ilə artıq ədəbi camiədə ad-san qazanmış Robert Valzerin bu fotoları həmkarları və dostları tərəfindən böyük təəssüflə qarşılanır. Ən sarsıdıcı məqamlardan biri də bu idi ki, 78 yaşlı yazıçı neçə illərdir sakini olduğu psixiatrik klinikadan qaçmışdı. Ancaq azadlıq arzusu ona ölüm bahasına başa gəlsə də, əbədi rahatlıq bəxş etmişdi.

Yazıçının tənhalıqda belə acınacaqlı ölüm və gizli əlyazmalarının üzə çıxmasından sonra tənqidçilər onun haqqında gec kəşf edilmiş dahi qənaətinə gəldilər.

Teatrdan qovulan yazıçı

Robert Valzer 1878-ci il İsveçrənin Bern şəhərində səkkiz uşaqlı ailənin yeddinci övladı olaraq doğulub. Atası yazı ləvazimatı satılan kiçik bir mağaza idarə edirdi. Robert uşaqlığından qərarsız, gələcəyi ilə bağlı tələsik planlar quran biri idi.
Hələ 14 yaşından məktəbi tərk etmişdi. Evlərdə xidmətçi, sığorta şirkətində köməkçi, bankda mirzə və digər işlərdə özünü sınaqdan keçirən yeniyetmə aktyor olmaq arzusu ilə Ştutqarta qaçır. Ancaq elə ilk çıxışlarında istedadsızlığı üzünə vurularaq teatrdan qovulur. Bu uğursuzluğu onu ədəbiyyata gətirir. Robert zənn edir ki, şair olarsa, bütün duyğularını rahat dilə gətirəcək, özünü yarımçıq şəxsiyyət bəlasından xilas edəcək. İlk şeirləri 1898-ci ildə çap olunur.

Debütündən sonra həvəslənən gənc yazıçı ədəbi karyerasına davam etmək niyyəti ilə Berlində tanınmış səhnə tərtibatçısı və kitab dizayneri olan qardaşının yanına gedir. Burada da bir müddət gündəlik işlərdə çalışan Robert kifayət qədər qazanc olmadığını görüb özünü ciddi şəkildə ədəbiyyata həsr etmək istəyir. Nəhayət, bəxti gətirir. O, nüfuzlu ədəbi jurnallarla əməkdaşlığa başlayır. Ancaq xarakterindəki ziddiyyətlilik Robertin bütün yaradıcı istedadını əngəlləyir, uğur vəd edən qapıları üzünə bağlayır. Xüsusən, içkili vaxtlarda iş yoldaşlarına, doğmalarına çox kobud və aqressiv münasibət göstərirdi.

Robert Valzerə bu qısamüddətli ədəbi çevrədən cəmi üç kiçikhəcmli roman- “Tanner ailəsi” (1907), “Köməkçi” (1908), “Yakob fon Qunten” (Jakob von Gunten) yadigar qalır. Bu üçlüyün içində müəllifinə az da olsa məşhurluq gətirən “Yakob fon Qunten” (Jakob von Gunten) romanı olur.

Frans Kafkanın heyranlığını qazanan gənc həmkarı

Hətta bu romanı oxuyan Frans Kafka Robertin istedadına təəccüblənir və yazıçının yaradıcılığını yüksək qiymətləndirir. Maraqlıdır ki, Kafka bir dəfə öz evində əsərdən seçdiyi yumoristik hissələri ucadan oxuyarkən, dostu Maks Brod onun səsini diktofona qeyd etmişdi. O, həmçinin dövrünün Herman Hesse, Valter Benjamin kimi tanınmış həmkarlarının heyranlığını da qazana bilmişdi. Ancaq bu təriflər Valzerə müvəqqəti yardımçı olur.

Yenidən depressiyaya qapılan Robert 1913-cü ildə İsveçrəyə uğursuz bir yazıçı kimi qayıdır. Biel şəhərində bacısına yaxın bir mehmanxanada yaşamağa başlayır. Yeddi il ərzində qəzetlər üçün yalnız felyetonlar yazmaqla kifayətlənən Robert bu yolla gündəlik xərclərini təmin edirdi.

Artıq böyük yazıçı olmaq iddialarından əl çəkmişdi. O, demək olar, bütün şəhərləri piyada gəzir, təbiətdə saatlarla vaxt keçirərdi. Qadınlarla münasibət qurmaqda çətinlik çəkən yazıçının həyatında yalnız qısa müddətlik yaxınlıq etdiyi Liza Mermet adlı qadın olub.

Robert bu illərdə yazı-pozu işləri ilə məşğul olsa da, yazdığı iki romanı üzə çıxarmayıb. Belə ki, “Teodor” romanı nəşriyyatçı əlinə keçəndən sonra itib, ikincisi - “Tobold” adlı əlyazmanı isə Valzerin özü yandırıb. 1917-ci ildə qələmə aldığı “Gəzinti”(The Walk) romanına naşirlərin diqqəti müəllifə az da olsa rahatlıq gətirir. Lakin bunu tez alışıb sönən yaradıcılıq qığılcımı adlandırmaq olardı.

Uğursuzluqları üst-üstə qalaqlandıqca bu mənəvi ağırlığın altında əzilən Robertin psixikası pozulmağa başlayır. Onsuz da qardaşlarından biri Ernstin 1916-cı ildə psixiatrik klinikada ölməsi, digər qardaşı Hermanın 1919-cu ildə intiharı Valzerin həyatında dərin sarsıntılara səbəb olmuşdu. Yaşadığı çətinliklərin çoxu da məhz Robertin özünün zəif xarakterindən irəli gəlirdi. Qarşısına çıxan iş yerlərində öhdəliklərinə məsuliyyətsiz yanaşma, spirtli içkilərə aludəçiliyi dəfələrlə qovulması ilə nəticələnirdi.
 
1921-ci ildə yenidən Bernə köçən yazıçının bu dövrdə yazdığı əsərlərində radikal düşüncələr, müharibə dönəmində milli orduda xidməti, həyat təcrübələri yer alırdı. Elə çətin oxunaqlı romanlarından olan “Dələduz”un ərsəyə gəlməsi də bu illərə təsadüf edir.

Qarabasmaların qurbanına çevrilən yazıçı

1929-cu ildə artıq Robertin psixologiyası tamamilə pozulur, tez-tez qarabasmalar görür, qulağına müxtəlif səslər gəlirdi. Bacısının təkidi ilə Valdaudakı psixiatrik klinikaya göndərilir. 1933-cü ildə isə yazıçını Herizauda yüngül psixiatrik xəstələrin müalicə olunduğu sanatoriyaya aparırlar. Amma bura gəlişi ilə Robert həm xəstəliyin, həm də xəstəxananın daimi sakini olacağını anlayır. Ədəbiyyatla əlaqələrini birdəfəlik kəsir. Deyilənə görə, yalnız qəzet və jurnalları oxumaqla kifayətlənən Robert bir dəfə də olsun əlinə qələm almır. Onu ziyarətə gələnlərə -“mən bura yazmaq üçün deyil, dəli olmaq üçün gəlmişəm”- deyir. Bacıları Roberti tez-tez görməyə gəlir, mərhəmət və qayğılarını ondan əsirgəmirdilər. Doğmalarının ölümü ilə tənhalığı daha da dərinləşən yazıçı köhnə dostu Karl Zeligin himayəsində qalır. Karl dostunun istedadına xüsusi diqqətlə yanaşır, yazıçı ilə söhbətlərini kağıza köçürürdü. Hətta bu danışıqların əsasında “Valzer ilə gəzinti” kitabını yazır. O, Robertin yaradıclığını təbliğ, əsərlərinə maraq cəlb etmək üçün əlindən gələni əsirgəmirdi. Beləcə, Karl yazıçının ədəbi irsinin hüquqi varisi statusunu qazanır.

57 illik sanatoriya həyatından qaçış arzusu isə onsuz da illərdir yaşamaqdan üz döndərmiş, heçliyin içində dolaşan yazıçının son ümidi olur.

“Dələduz” romanına qısa baxış

“Dələduz” həcminə görə Robert Valzerin ən irihəcmli əsəridir. Romanın təxminən 1921-1925-ci illərdə yazıldığı ehtimal olunur. “Alatoran” yayınları tərəfindən çap edilən kitabın Azərbaycan dilinə tərcüməsi Zaur Səttarlıya məxsusdur.

İlk cümlədə Editin onu sevdiyi yazılır. O, yəni, əsərin baş qəhrəmanı Dələduzdan söhbət gedir. Edit restoranda xadimə işləyir. Amma yazıçı bu cütlüyün sevgisini qarmaqarışıq təsvirlərlə verdiyi üçün oxucu söhbətin hansı səmtə yan aldığını çətin ayırd edə bilir. Ta ki yazıçının-“dostlar, yəqin artıq fərqinə vardınız ki, mən Dələduzdan və ən nüfuzlu restoranlardan birində xadimə işləyən Editdən danışıram” xəbərdarlığını oxuyana qədər bu anlaşılmazlıq davam edir. Bundan sonra müəllif yenə əsəri müxtəlif yarımçıq hekayələrlə bəzəməyə başlayır.

Əslində, bunların çoxunun Dələduza aidiyyəti yoxdur. Obraz bu olayların birbaşa iştirakçısı olmasa belə, yazıçı hadisələrdən Dələduzun fonunda sanki təsadüfən söz salırmış kimi yazır. Ona görə mətn hazırlığı olmayan oxucu, hətta mütaliə vərdişkarı belə, kitaba başlayanda xeyli natamam hadisələr burulğanında itib bata bilər. Çünki Dələduzun həyat tərzinə yenicə ayaq uydurmağa çalışarkən, qarşınıza yöndəmsiz və heç də indicə oxuduğunuz hadisəyə dəxli olmayan obrazlar çıxır.
Əsərdə əvvəldən sonacan “...çoxlarının ideal saydığı bu qadın haqda əlbəttə danışacağıq...”, “heç hekayənin yeridir, ağılsız başın bəlasını ayaqlar çəkər”, “qəribəydi onun özü-özüylə bu cür danışmağı, yəqin ki, bu mövzuya qayıdacağıq” kimi oxucunun fikrini dolaşdıran və diqqətini yayındıran cümlələr işlənilib.

Yazıçı bəzən süjet xəttindən kənarlaşıb, tez-tez oxucusuna xatırlatma edərək, elə özü haqda da obrazına bənzər hərdəmxəyal təəssüratı yaradır. Hətta bu oxşarlıq o qədər üst-üstə düşür ki, sanki Dələduzun prototipi elə yazıçının özüdür. Məhz bu səbəbdən müəllif əlindən tutub özü ilə fərqli situasiyalara sürüklədiyi tale dostunu himayəsində olan adam kimi təqdim edir.

“Əlbəttə, sizə bütün bu danışıqlar məzmunsuz və darıxdırıcı gələ bilər, amma mənə inanın ki, bu söhbətlərdə ziyanlı tərəf yoxdur” - deyən yazıçı bu üslubuna belə haqq qazandırır: “...Elə bizim qayəmiz də oxucu üçün qaranlıq məqamlar divarı hörməkdir... Başa düşün ki, hər şey aydın deyilsəydi, oxucu elə ilk sətirlərdən ağzını tutar və sonrasında axının içində mürgü döyməyə başlayardı”.

Amma Valzerin belə ağır strukturlu roman yazmağına baxmayaraq, müəllif əsərdə oxucu üçün cəlbedici alternativ üsullara əl atıb. Kitabı qələmlə oxumağa vərdiş edənlər yazıçının intellektuallığını onların qarşısına çıxan bir-birindən maraqlı fikirlərdə görə biləcəklər.

“Artıq təhsil əvvəlki zamanlara qayıtmaq həvəsini göstərmir. Müəllimlər indi həqiqi müəllimliyi yox, həyata yaxınlığı seçirlər”.

“İşləməyə həvəsi olmayanlar adətən özlərini xilas etmək, asan yoldan bəraət qazanmaq üçün əslində, kimsənin işləmə həvəsi ilə doğulmadığını iddia edirlər”.

“Unutmayın ki, insan xidmət edərkən çevik, ittiham edərkən asta olmalıdır”.

Dələduzun əsas xarakterik cəhəti avara, məsuliyyətsiz həyat tərzi, qadınlara olan düşkünlüyüdür. Ətrafındakı xanımlara qarşı zəifliyi və itaətkarlığı, ünsiyyət qura bilməməsi Dələduzun onların haqda bəzi aqressiv, ironiyalı hisslərini üzə çıxarır.

“Qadınların tələblərini yerinə yetirmək necə gözəl bir duyğudur. Xüsusən, bu tələblərin yerinə yetirilməsi qadının gözəlliyi ilə əlaqəlidirsə. Qadınlara gözəlsiniz deyəndə bizi necə sevirlər, bir bilsəniz”.

Əsər boyu Dələduzun münasibətə can atdığı Meir, dul xanım, Vanda, mehmanxana sahibi Seyma kimi bir çox qadın obrazları ilə tanış oluruq. Ancaq demək olar ki, bu qadınların heç biri ilə ardıcıl eşq macərası, aydın dialoqlar yoxdur. Hətta sevdiyi qadın Editin adını və özünü sona qədər Dələduzun həyatında görsək də, onların qarşılıqlı söhbəti, etirafları, hissləri yalnız yazıçının dili ilə verilir. Həm də qəribə olan budur ki, Editi baş qəhrəmana bağlayan sevgidən çox, bəsit bir qisasdır.

Belə ki, Edit vaxtilə Dələduzun restoranda onun qarşısına kobudluqla atdığı yüz frankın qisasını əsərin sonuna yaxın sevgilisini silahla yaralayaraq alır. Qadının peşmanlığı, xəstəxanada sevgilisini ziyarətində ondan üzr istəməsi bayaqdan danışılan məntiqsiz hadisələri daha da yararsız edir.

Görünür, müəllif də bu zəhlətökənliyinin fərqində olduğu üçün ara-sıra - “nə isə, deyəsən oxucunun canını yetəri qədər sıxmağa başladım”- deyərək özünü oxucu qarşısında təmizə çıxarmağa çalışır. Həm də sanki ədəbiyyatsevərlərə - “Siz ancaq sağlam bildiyiniz ədəbi nümunələrlə başınızı qarışdırmayın, hərdən xəstə ruhlu mətnlərlə də tanış olun...” - deyərkən məhz bu qəbildən olan əsərləri nəzərdə tutur.
Odur ki, Robert Valzerin bu romanını yalnız səbirli və hazırlıqlı oxuculara tövsiyə edirik.

yuxarı ⤴