1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kənd müəlliminin şeir kitabı çapdan çıxıb
25.08.2017 / No32

 

 

 


Arif ƏRŞADOĞLU,
yazıçı-jurnalist

Ağdamın Zəngişalı kəndində bir ədəbiyyat müəllimi yaşayır. Bu yaz əlli səkkiz yaşı tamam oldu. Şirin söhbətləri, sərrast, məqamında söylədiyi kəsərli sözü ilə insanları düşündürür, duyğulandırır. Elə buna görə də kəndin xeyir-şər məclisləri onsuz keçmir. Yerində söylədiyi hikmət dolu sözləri ilə kiminin kədərinə şərik olur, kiminin sevincini artırır. Bu günlərdə onun - Əliyev Atamoğlan Fərrux oğlunun (Atamoğlan Fərruxun) “Suyu hardan gəlir bu dəyirmanın?!” adlı şeir kitabı çapdan çıxıb. Kitabda müəllim - şairin müxtəlif illərdə qələmə aldığı qoşma, qəzəl və gəraylıları toplanıb. Xalqını, insanları dərin məhəbbətlə sevən Atamoğlan Fərruxun bütün şeirlərində bu sevgi açıq-aydın duyulur.

Kitaba ön söz yazan tanınmış şair Rüstəm Behrudi onun şeirləri haqqında belə deyir: - Atamoğlan Fərrux ədəbiyyatın minillik suallarına yeni cavablar verməyə çalışır:
Zalıma tacın çatır,
Mömünə acın çatır.
Gücünü öymə fələk,
Məzluma gücün çatır.
Və yaxud:
Sultan taxtsız olmaya,
Gözəl baxtsız olmaya.
Deyirlər ölüm haqdır,
Bu haqq vaxtsız olmaya.
Min ildir Azərbaycan şeri gözəlin bəxtsiz, ölümün haqq olduğunu deyir.
Atamoğlan da bunu deyir, amma fərqli, özünəməxsus şəkildə.
Atamoğlan müəllim şeirlərini bədahətən, birnəfəsə yazır. Bəzən ürəyində misralanan şeirləri günlərlə, həftələrlə yaddaşında çalxalayır, sanki misraları əzizləyir, onlara layla çalır. Şeirlər yaddaşında bulaq kimi durulduqdan sonra onları ağ vərəqə köçürür.
Hər zaman şairlərin ruhu onların cismindən güclü olub. Onlar çiyinlərinə çəkilərindən qat-qat ağır yüklər götürüblər.

Atamoğlan müəllimin şair olaraq bir üstünlüyü bundadır ki, o, pedaqogikanı, psixologiyanı yaxşı bilir, yeri gəldikcə yolunu azanları, insanlıqlarını unudanları tənqid etməkdən çəkinmir, onları ədalətə, mərhəmətə, vətənpərvərliyə səsləyir. Yaxşıları ruhlandırır.

Nə xoşbəxtdir gecələri yatanlar
Yuxusunda dərdin oda tutanlar,
Ala gözlüm, sən yatdığın o anlar,
Mən oxlanmış yaralıya bir tayam,
Sübhə qədər sənin xəyalındayam.
- deyən şair gözəlləri, sevgini, məhəbbəti tərənnüm edir:
Dəyişdin ömrümün ilk ahəngini,
Dedim ki, dünyada təkdi gözlərin,
Axırda ay gozəl, şəvə rənginı,
Mənim taleyimə çəkdi gözlərin.
Özü də o, gözəlliyi təkcə gözəllərin simasında, qaş - gözündə, zülfündə axtarmır. Onun üçün bütün dünya, onda mövcud olan hər şey gözəldir.

Atamoğlan Fərruxun poeziyasında uşaq şeirləri xüsusi yer tutur. Səmimi və sadə dildə qələmə aldığı həmin şeirlər çox anlaşıqlı və yaddaqalandır. Nəvəsi Toğrula xitabən yazdığı bir şeirdə deyir:
Keçən il baba qurban,
Yazı, yayı dərdləşdik.
Udub kənd havasından,
Cəsurlaşdıq, mərdləşdik,
Sən şəhərə dönəndə,
Sənlə belə şərtləşdik:
Payız ötüb, qış keçib,
Qaranquş gələndə gəl
Qaranquşlar qayıdıb,
Sən də qayıt kəndə gəl.
Məhəmməd adlı nəvəsinə yazdığı şeir isə yüksək ustalıqla nəzmə çəkilən söhbətdir:
Telefonla baba dedin, sevindim,
Ay Məhəmməd, danış yeni söz, görüm.
Şükr Allaha, bir neçə söz bilirsən,
Sözlərini bir cümləyə düz görüm.
Öyündüyüm nəvələrdən birisən,
Hüseyindən çalış qalma geri sən,
Yeriyəndə aslan kimi yeri sən,
Ayağından düşsün yerə iz, görüm.
Atamoğlan Fərrux 1959-cu ilin martında Ağdamın Zəngişalı kəndində dünyaya göz açıb. Ali məktəbi bitirdikdən sonra bir müddət mədəniyyət sahəsində çalışıb. 1987-ci ildən Ağdamın Zəngişalı kəndində ədəbiyyat müəllimi işləyir.
Atamoğlan Əliyevin yaşadığı kənd düşmənlə üz-üzə dayanıb. Düşmənlə üz-üzə dayanan insanların qola güc, ürəyə təpər gətirən sözə ehtiyacı var. Bunu şair-müəllim yaxşı bilir. Onu da yaxşı başa düşür ki, düşmən igid oğullarımızın qarşısında heç zaman tab gətirə bilməz.

Haray, Qarabağım yağı əlində,
Onsuz bu millətin nəğməsi olmaz.

Şair-müəllim düşmənlə daim savaşdadır. O, toyda da, yasda da - hər bir məclisdə, hər bir tədbirdə həmvətənlərini ayıq-sayıq olmağa, qorxaq düşməni diz çökdürmək üçün qılınc kimi iti qələmini başı üzərinə qaldırıb milləti səfərbərliyə çağırır.
Sözün kəsərli olsun, Atamoğlan müəllim!

 

yuxarı ⤴