1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Ailənin sosial-pedaqoji və psixoloji klassifikasiyası
25.08.2017 / No32

 

 

 


Sara BAYRAMOVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru

Müasir dövrdə ailə həyatının yeni məzmun kəsb etməsi baş verməkdə olan tarixi, iqtisadi, siyasi proseslərin ailə dəyərlərinə təsirinin güclənməsi, ər-arvad, valideyn-övlad münasibətlərinin sürətlə transformasiyası son vaxtlar artmaqda olan intihar cəhdləri kontekstində cəmiyyəti, o cümlədən təlim-tərbiyə sahəsində çalışanları ciddi düşündürməkdədir. Cəmiyyətin tərəqqisi və inkişafı ailənin meydana gəlməsinə, formalaşmasına güclü təsir göstərmişdir. Ailə ictimai hadisə olmaqla yanaşı həm də təbii-bioloji başlanğıca malikdir. Sosial və ictimai həyatın mürəkkəb hadisələrindən biri olan ailənin iqtisadi, bioloji, pedaqoji, psixoloji, mənəvi aspektləri vardır.

Bu ictimai varlığın təşəkkülü və formalaşması məhsuldar qüvvələrin, istehsal vasitələrinin inkişafı, dəyişməsi ilə sıx bağlı olmuşdur. Cəmiyyətin tərkib hissəsi hesab olunan ailə haqqında məşhur tədqiqatçı Morqan qeyd edirdi ki, ailə fəal ünsürdür, o heç zaman dəyişməz qalmır. Cəmiyyət aşağı pillədən yuxarı pilləyə doğru inkişaf etdikcə, o da aşağı formadan yüksək formaya keçir.

Qohumluq sistemləri isə əksinə, passivdir: ailədə baş verən tərəqqi bunlarda yalnız uzun müddət keçdikdən sonra özünü göstərir və yalnız ailə əsaslı surətdə dəyişildikdə, bunlar da əsaslı surətdə dəyişilir. Elə bunun səbəbidir ki, bəşəriyyət inkişafının üç başlıca mərhələsinə uyğun olaraq üç nikah forması (qrup nikah, ikili nikah və tək nikah) keçirmişdir. Ailənin möhkəmlənməsi və formalaşması, uşaqların doğulması, onların böyüməsi, təlim-tərbiyəsi ilə bilavasitə bağlıdır.
İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı 2 dövrə bölünür:

1) Tədbiri dövr;
2) Tətbiqi dövr.
1.Tədbiri dövr uşağın ana bətni dövrünü - doğuşa qədər olan zamanı əhatə edir. İslam dinində gələcək nəslin tərbiyəsi doğumla deyil, ailə quracaq cütlüyün (kişi və qadının) evlənməyə qərar verməsi ilə başlayır. Belə ki, evlənəcək şəxslər dini əqidəli mömin bir adamla evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib-içməkdən, zinakarlıqdan uzaq olmalıdır ki, bu pis əməllər xromosomlar vasitəsi ilə dölün genlərinə keçməsin. Uşaq ana bətnində ona olan münasibəti duyur və hiss edir. Bu dövrdə uşağa zərər verə biləcək pis vərdişlərdən - papiros çəkmək, içki içmək və s. qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşağın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox şərtlərin gözlənilməsini təmin edən uzunmüddətli, mürəkkəb bir prosesdir.

2. Tətbiqi dövr doğumdan ölənə qədər olan dövrdür. İnsan ölənə qədər - “beşikdən qəbrədək” tərbiyələnir, təkmilləşir. Bu dövrdə şəxsin yaşına, düşüncə, fərdi, psixoloji xüsusiyyətlərinə, fiziki durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, duyğularına, fəaliyyətinə, davranışına təsir göstərilir. Bu, təlim-tərbiyə dövrüdür. Bu cür təsirlər onu dəyişdirir, formalaşdırır və yaxşıya, gözələ, doğruya, üstün əxlaqa aparır. Ərəb alimi İbn əl-Müqəffə belə yazır: “Hava və qidadan sonra vücudumuzun ən çox ehtiyac duyduğu şey təlim və tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir”.

Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri şərtlər vardır. Belə ki, uşaq doğularkən ilk növbədə ona gözəl bir ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün və ata-anasının ona verdiyi addan sonralar utanmasın, xəcalət çəkməsin. Uşaq danışmağa başlayarkən ilk öncə müqəddəs kəlmələr - ana, ata kimi sözlər öyrədilməli, yanında gözəl, əxlaqlı, ədəbli sözlər danışılmalıdır. Əbu Nəsr əl-Fərabi “Əl Mədinət-ül-Fəzilə” (“Ləyaqətli şəhər”) əsərində insan əxlaqını, onun ədəbini həyatının xoşbəxtliyi və əmin-amanlığı hesab edir və belə deyir: “Ədəb bir tac imiş nuri xudadan. Gey ol tacı, əmin ol hər bəladan”.

Uşağın qidasına, geyiminə, ünsiyyət və münasibətinə yetərincə diqqət yetirilməlidir. Əks təqdirdə, mənəvi sərvətlərin əldə edilməsi çox çətinliklə başa gələ bilər. Uşağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır.

Quran elm öyrənmək üçün uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Ona görə də Quranda yaş dövrləri vardır. Bu yaş dövrlərinin özündə də bir daxili bölgü vardır. Qurana görə insan anadan olandan ölənə kimi ömrü boyu 3 dövrdən keçir:
1) Uşaqlıq dövrü;
2) Cavanlıq dövrü;
3) Qocalıq dövrü.
Bu barədə “Ər Rum” surəsinin 54-cü ayəsində deyilir: “Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (qoca) edən Allahdır.

Ailə qurmaq, uşaq yetişdirmə, uşaq sahibi olmaq qədim türklərdə çox arzuedilən olmuşdur. Oğlan və qız uşaqları arasında fərq qoyulmamışdır. Hətta qızlara daha böyük diqqət və qayğı göstərilmişdir. Əski türklərə görə oğul atasına, qız anasına çəkməli idi. Yaxşı tərbiyə olunmuş oğlana “Atac”, yaxşı tərbiyə olunmuş qıza “Anac” demişlər. Ata oğula elə tərbiyə verməli idi ki, o, özündən irəli getsin. Elə buna görə də qədim türk ata sözündə belə deyilmişdir: “Atadan irəli, oğuldan geri”.

Qaraxanlı türklərinin nümayəndəsi, dünyanın ikinci müəllimi (Müəllimi Sani), öz müasirləri və dövrünün böyük alimləri tərəfindən “Ulu müəllim” adlandırılan Əbu Nəsr əl-Fərabi Əl Türki özünün pedaqoji fikir və düşüncələrində ailənin xoşbəxtliyini, səadətini insanlığın ən ümdə vəzifəsi hesab etmişdir. O, ailə fərdlərinin etik və mənəvi keyfiyyətlərinin doğuşdan gəldiyini, tərbiyə ilə inkişaf etdiyini söyləyir. Əl Fərabi qeyd edir ki, insan ədəbi və əxlaqı mütləq deyildir. O, zamanla dəyişir, təkmilləşir, yeni keyfiyyətlər qazanır. Uşaq yaxşını öyrəndiyi kimi pisi də öyrənə bilər.

Fərabi uşağı tərbiyə etmək üçün özünəməxsus metod icad etmişdir. Başqa sözlə, özünün dediyi kimi “qeyri-adi” tərbiyə metodu yaratmışdır. O göstərir ki, ilk növbədə insanda mənəvi çatışmazlıqların səbəbini öyrənmək lazımdır. Bu isə öz növbəsində insan şəxsiyyətində mənəvi keyfiyyətlərin aşılanması üçün çox zəruridir. Əvvəlcə insanın həyat tərzi, zövqü və davranışına əsasən onun mənəvi fəaliyyətini müəyyənləşdirmək lazımdır: “Mən deyirəm əvvəlcə gərək insanların zövqlərini və hərəkətlərini ayırd etməliyik. Yalnız ondan sonra hansı hərəkətin məqbul, hansı hərəkətin isə qeyri-məqbul olduğunu söyləyə bilərik. Hansı bizə xoşbəxtlik, hansı isə iztirab gətirir. Əgər hərəkət yaxşı davranışdan əsas götürürsə, o yaxşı hesab olunur. Və ya əksinə, pisdən çıxan davranışa pis deyirik”.

XVIII əsrin fransız maarifpərvərlərindən olan J.J.Russo (1712-1778) ailədə müəyyən yaş dövründə uşaqlara cinsi məsələlər haqqında zəruri məlumatları verməyi vacib hesab edirdi.

Ailə probleminin nəzərdən keçirilməsinin mühümlüyü bir neçə aspektlərlə-nikahların sayının və doğuşun aşağı düşməsi, uşaq ölümünün artması, yeni doğulan uşaqların patologiyası, ailədə uşaqların tərbiyəsi ilə bağlı problemlərlə və nəhayət, boşanmalarla izah olunur.

Sosial-demoqrafik vəziyyətin zəifləməsi ailə problemini ictimai müstəvidən iqtisadi, psixoloji və pedaqoji müstəviyə keçirir.

Ailənin sosial-psixoloji xüsusiyyəti bir tərəfdən sosial pedaqogika və psixologiyanın statusu ilə şərtlənirsə, digər tərəfdən, obyektin özünün xüsusiyyətlərinin dərinləşməsi ilə əlaqədardır. Ailə özünün psixoloji, mənəvi, əmək, valideynin, iqtisadi, hüquqi sahələri ilə şərtlənir. Ailə qarşılıqlı məhəbbət, inam, etibar və hörmətlə əsaslanan, müəyyən peşəyə yiyələnmiş, mənəvi əqidəsi, dünyabaxışı formalaşmış iki gəncin ünsiyyəti nəticəsində yeni həyatın başlanması, yeni nəslin yaranması və onun tərbiyə edilməsi qayğısına qalan ictimai qrupdur. Ailə mövcud ictimai quruluşun güzgüsüdür.

Məsələn, ailə problemlərinə həsr olunmuş tədqiqatlarda ailə məsələsində iki meyil özünü göstərir. Öncə qeyd edilir ki, ailə sosial-psixoloji icmadır. Onun üzvləri, bir tərəfdən qohumluq münasibətləri, yaxud nikahla, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bir-biri ilə kiçik qruplarda və sosial institutlarda əlaqədədirlərsə, digər tərəfdən, ər-arvad, valideynlər və uşaqlar arasında olan tarixi konkret qarşılıqlı münasibətlər sistemində cəmiyyətin özünün, əhalinin fiziki və mənəvi təkrar istehsalına tələbatı ilə şərtlənir.

Ailənin əmələ gəlməsi və inkişafı ilə bağlı çoxsaylı amillər arasında ən mühüm rolu nikah, ailənin inkişafı, onun strukturu, ailə üzvləri arasında hakimiyyət bölgüsü, ər-arvad ünsiyyəti, nikah və ailəyə uyğunlaşmaya, nikah partnyorunun seçilməsində həlledici rola malik şərtlər, tərbiyənin müxtəlif formalarının səmərəliliyi, valideynlər və uşaqların psixoloji xüsusiyyətləri, valideynlərin pedaqoji maariflənməsi və s. amillər oynayır. Bundan başqa, əmin-amanlıq, bir-birini qarşılıqlı dərketmə ruhu ailənin mühüm elementlərindəndir.

Ananın bu gün ailədə yerinə yetirdiyi ənənəvi funksiyalara-uşaqların, övladlarının qayğısını çəkməsi ilə yanaşı, həm də digərləri əlavə olunur: iqtisadi müstəqilliyə canatma, yüksəksavadlılıq nümayiş etdirmə, ictimai reallığa meyil və s.ailəyə öz təsirini göstərən amillərdəndir.

Müasir qadın nəinki inanılmış arvad və xeyirxah ana, həm də şəxsiyyətdir. Onun analıqdan başqa bir neçə digər cəhətləri də vardır ki, bunlar: professional nailiyyətlər, sosial müstəqillik, öz şəxsi müstəqilliyi, nikah bağladıqdan sonra deyil, özü tərəfindən qazanılmasıdır. Bunlara bu gün “ənənəvi ana” funksiyasını öz üzərinə götürən peşəkar uşaq həkimləri, tibb bacıları, körpələr evi - uşaq bağçalarının tərbiyəçiləri və s. kömək edir. Bütün bunlar analıq dəyərlərini və ona ehtiyacı əlindən almasa da, ana öz davranışının xarakterində xeyli dəyişikliklər edir. Heç şübhəsiz ki, ananın tərbiyəedici funksiyası uşaqların davranışında öz əksini tapır.

Ailə haqqında kiçik qrup kimi danışdıqda, hər şeydən əvvəl, onun strukturu, tipologiyası, həm də həyatda və cəmiyyətdə, uşaqların tərbiyəsində yerini müəyyənləşdirmək vacibdir.

Professor H.Əlizadənin fikrincə, “ailə münasibətləri bu və ya digər dərəcədə ailənin tipoloji xüsusiyyətlərini əks etdirir. Bu cəhətdən ailə münasibətlərini tipoloji axarda təhlil etmək metodoloji baxımdan xüsusilə vacibdir. Lakin ailə münasibətləri mahiyyət etibarilə şəxsiyyətlərarası münasibətlərdir. Şəxsiyyət amili axarında hər bir ailədə “ər-arvad”, “ana-ata” münasibətlərində elə özünəməxsus cəhətlər meydana çıxır ki, onlar bir tərəfdən ailənin tərbiyə istiqamətində xüsusi əhəmiyyətə malik olan mənəvi-psixoloji iqlimi, digər tərəfdən isə “valideyn-uşaq”, “uşaq-uşaq” münasibətlərini şərtləndirir. Bu çoxsahəli münasibətlərin xarakterindən asılı olaraq eyni bir demoqrafik amil bir halda uşaqların inkişaf səviyyəsinə pozitiv, başqa halda neqativ təsir göstərir”.

Əgər ailə kiçik bir qrup kimi analiz edilərsə, onda şəxsi əlaqələr əsasında baş verən münasibətlər, normalar və funksiyalar əhəmiyyət qazanır. Ona görə də ailənin funksiyaları onun hansı tələbatları-cəmiyyətin, sosial qrupun, ailənin özünün, onun ayrı-ayrı üzvlərinin tələbatlarını ödəməsindən asılı olaraq müəyyənləşir.

Uşağın vətəndaş kimi təşəkkülü və inkişafında onu anaya və ataya bağlayan hisslər son dərəcə əhəmiyyətlidir.

Valideynlərin uşağa münasibəti - onun insanlara münasibətinin başlanğıcıdır. Məhz burada, bu münasibətlər nəticəsində uşağın qəlbində doğulan sevgi, yaxud laqeydlik, onda baş qaldıran xarakterik hisslər çox maraqlıdır. Bunların hamısı valideynlərin uşağa şüurlu münasibətilə müəyyənləşir və onlardan çox asılıdır.

Uşaqlarda belə bir fikir formalaşmışdır ki, o, özü güclüdür və onun heç kimin köməyinə ehtiyacı yoxdur və o, özü digərlərinə kömək edə bilər. Düzdür, müasir qadın daha güclü, daha təminatlıdır, bəlkə də nə ata, nə ana öz uşaqlarının köməyinə ehtiyac duymur. Lakin uşaqlar öz valideynlərinin qeydinə, qayğısına daim qalmalıdır.

Bu gün mənəvi cəhətdən uşaqlardan güclü ananın, eyni zamanda qadın kimi zəif olmasını da gizlətmək olmaz. Qadın şəxsiyyəti, ananın müdafiəsizliyi, oğulun onlara kömək göstərməsi ata üçün köməkçi və ana üçün arxa ola bilməsini öyrətmək lazımdır. Lakin bu heç də o demək deyil ki, valideynlər uşaqları qarşısında özlərini zəif, gücsüz göstərməlidirlər.

Əgər uşaq özünü aparmağı bacarmırsa, ailə bunu həyəcan siqnalı kimi qəbul etməlidir. Əgər uşaq hələ kiçikdirsə və onun çatışmazlığı xüsusi dissonans, pozuculuq kimi görünmürsə, böyüdükdən sonra onun ətrafındakılara və özünə xeyli narahatlıqlar gətirə biləcəyini nəzərdən qaçırmaq olmaz.

Hər bir valideyn tərbiyənin məqsəd və vəzifələrini müəyyənləşdirdikdə, uşağın bir vətəndaş, zəhmətkeş, xadim kimi böyüməsi qeydinə qalmağı bacarmalıdır. Valideynlərin hər biri bilməli və yadda saxlamalıdır ki, onlar o zaman ləyaqətli şəxsiyyət yetişdirə bilərlər ki, özlərinin şəxsi ləyaqəti arzu olunan səviyyədə olsun. Bu mənada valideynlərin davranışı uşaqlara nümunə kimi son dərəcə böyük təsir göstərir. Göstərilən planda hər bir valideyn özü qarşısında elə tələblər qoymalıdır ki, onların ailəyə hörməti, özlərinin bütün addım və hərəkətləri üzərində nəzarət tərbiyənin başlıca metoduna çevrilmiş olsun.

Uşaqları həddən çox sevmək, təhlükədən qorumaq onları müstəqillikdən məhrum etməməlidir. Əlbəttə, uşaqlar digər uşaqlarla ünsiyyətdə olmalıdırlar. Bununla belə, ata və ananın öz uşaqlarının harada, kimlərlə bir yerdə oynaması, davranması, hansı işlə məşğul olması barədə aydın təsəvvürləri olmalıdır. Uşaqların daim köməyə ehtiyacı var və bu köməyi valideynlər onlara nəzarət etməklə eyni zamanda yerinə yetirməlidirlər.

Şübhəsiz ki, uşaqların ailə tərbiyəsində ailənin düzgün təşkili mühüm yer tutur və bu işdə heç bir xırdaçılığa yol vermək olmaz. Çünki burada hər bir hərəkət və söz uşaqlara müsbət, yaxud mənfi təsir göstərir.
Hər iki valideynin ailədə bir yerdə olması və uşaqların tərbiyəsində iştirakı, onların hərtərəfli böyüməsi və tərbiyə olunması üçün şərait yaradır. Ailədə müəyyən həyata, gündəlik proseslərə münasibət olmalı, təmizliyə riayət edilməli, gigiyenik normalar həm böyüklər, həm də kiçiklər tərəfindən mütləq gözlənilməlidir. Çünki həyat şəraitinin təsiri altında ailədə müsbət, yaxud mənfi vərdiş və meyillər formalaşır. Burada uşağın “qəlbi” formalaşır və gələcəkdə necə olması ailədən və onun quruluşundan çox asılıdır.

Uşağın xarakterinin formalaşmasına, onun valideynləri və ətrafdakılar ilə münasibətinə valideynlər arasında yaranmış qarşılıqlı münasibət formaları xeyli dərəcədə təsir göstərir. Ailədəki qarşılıqlı münasibətlər özünəməxsus mühit yaratmaqla uşaqların xarakterini müəyyənləşdirir, onların digər insanlarla qarşılıqlı münasibətlərini tənzimləyir.

Əməkdaşlıq ruhu hökm sürən, bir-birlərinə qarşı hörmət və sevgi göstərən ailədə açıq, düzgün, doğrucul, həmişə digər yoldaşlarına kömək əlini uzadan insan formalaşır. Əksinə, şübhə, inamsızlıq, bir-birinə hörmətsizlik ruhu olan ailədə inamsızlıq mühitinə, kobudluğa, eqoizmə və digər mənfi xüsusiyyətlərin inkişafına şərait yaranır.

Uşaqlar özlərinə qarşı daim diqqət tələb edirlər. Valideynlərin ailədə borcu nəinki uşaqların fiziki inkişafı, böyüməsi, əqli və mənəvi tərbiyəsi ilə bağlıdır, həm də onlar uşaqların əmək tərbiyəsinə mühüm diqqət yetirməlidirlər. Məhz bunların köməyilə hərtərəfli, harmonik şəxsiyyəti tərbiyə etmək olar.

Ailədə tərbiyənin əsas məqsədi vətəni sevən, xalqına məhəbbət bəsləyən, lazım gəldikdə onun torpaqlarını müdafiə etməyə, qorumağa, ehtiyac duyulursa, hətta canını qurban verməyə hazır olan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir. Ailə qarşılıqlı qayğı və kömək, inam və etibar, tələbkarlıq və hörmət əsasında qurulmalıdır. Kollektivçilik ailə üzvlərinin davranış normasının ayrılmaz hissəsi olmalıdır. Hamının bir-biri ilə hesablaşdığı və hörmət etdiyi ailələrdə insanların bir-birinə qayğı ilə yanaşması və qarşılıqlı kömək göstərməsi üçün əlverişli şərait yaranır. Belə ailələrdə öz mənafeyini ailə mənafeyinə tabe edən, ailə şərəfini gözləyən uşaqlar böyüyürlər...

Uşaqları tərbiyə edərkən valideynlər həm də özlərini tərbiyə etdiklərini yadda saxlamalıdırlar. Öz mənəvi inkişafının əxlaqi püxtələşməsinin qayğısına qalması ilə hər bir valideyn həm də uşaqlarında əməksevərlik, zəhmətkeşlik, gələcək vətəndaş böyüdən və formalaşdıran bir insan kimi düşünməlidir. Bunun üçün hər bir valideyn daim özünü nəzarətdə saxlamalı, öz xarakterindəki çatışmazlıqları korreksiya etməli, tənzimləməli, nizamlamalı, lazım olduqda özünü ələ ala bilməli, yaşadığımız cəmiyyətin yüksək tələblərinə cavab verməli, gənclərin tərbiyə və əməyə alışdırması üçün böyük zəhmət sərf etməlidir.

Milli mentalitetimizin başlıca tələbatı olaraq biz ailəni qorumaq, ailə dəyərlərini inkişaf etdirməklə cəmiyyətin bu vacib sosial institutunu qloballaşmanın çağırışları kontekstində mühafizə etməyə hazır olmalıyıq.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴