1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müasir dərs zamanın tələbidir
25.08.2017 / No32

 

 

 


Vüqar DADAŞOV,
Neftçala şəhər 3 nömrəli tam orta məktəbin direktoru

Məktəb illərində humanitar fənlərə, xüsusilə də tarix fənninə marağım olmuşdur. Etiraf edim ki, arzum polis orqanlarında işləmək, müstəntiq olmaq idi. Demək olar ki, hər gün gecə saatlarına qədər tarix fənnini oxuyurdum və oxuduqca özümə belə bir sual verirdim: “Yaxşı, deyək ki, mən müstəntiq oldum və budur cinayət törətmiş bir şəxs mənim qarşımda əyləşib. Mən ona cinayətini sübut etməliyəm. Tarix dərsində keçdiyimiz Cavanşir və ya Babəkin hansı döyüşlərdə, neçənci ildə qələbə çalması və ya məğlub olması və s. tarixi faktlar mənə cinayətkarı ifşa etməkdə hansı köməkliyi göstərəcək və ya nə faydası olacaq?”. Etiraf edim ki, belə düşüncələrə qapıldıqda həvəsdən düşür, oxumaq istəmirdim. Tale elə gətirdi ki, mən hüquq fakültəsini deyil, tarix fakültəsini bitirdim və pedaqoji fəaliyyətə başladım. İlk gündən özümə söz verdim ki, mən dərslərimi özüm oxuduğum kimi şagirdlərimə öyrətməyəcəm. Gənc müəllim kimi daim axtarışdaydım, dərslərimi daha praktiki qurmağa çalışırdım. 2010-cu ildə təlimlərdə iştirak edərək fəal təlim metodları, yeni pedaqoji texnologiyalarla tanış oldum. Müasir dərs üsullarını, üstünlüklərini daha dərindən öyrəndim. Bu üstünlükləri daha aydın göstərmək üçün öz pedaqoji təcrübəmdən bir nümunəni paylaşmaq istərdim.

Qeyd etdiyim Xürrəmilər hərəkatı ilə bağlı mövzuya toxunmaq istəyirəm. Mövzunu keçdiyim zaman şagirdlərə belə bir sualla müraciət etdim: “Sizcə, Babək azadlıq mübarizi olub, yoxsa islamın düşməni?”. Təbii ki, bu suala şagirdlərin cavabı müxtəlif oldu və cavablarına görə şagirdləri 3 qrupa böldüm. Azadlıq mübarizidir deyənlər Babəkin vəkilləri, İslamın düşməni deyənlər xilafətin vəkilləri, 3-cü qrup isə hakim rolunu ifa edəcəkdilər. Şagirdlərə tapşırdım ki, gələn dərsimizdə Babəkin məhkəməsi olacaq, gedin hazırlaşın. Onlara müxtəlif məlumat mənbələri də təqdim etdim. Məktəb və rayon kitabxanasına müraciət etməyi tövsiyə etdim. Şagirdlərə bildirdim ki, əgər istəsəniz sizin rayon məhkəməsinə getməyinizi, hakim və vəkillərlə əlaqə saxlamanızı təmin edə bilərəm, yaxud biz sizinlə internetdən müxtəlif məhkəmə proseslərini izləyə, məhkəmənin gedişi barədə məlumatlar əldə edə bilərik. Beləcə qruplar fəaliyyətə başladılar. Araşdırma aparmaq onlar üçün əyləncəli və maraqlı idi. Növbəti dərs zamanı biz sinifdə “Babəkin məhkəməsini” təşkil etdik. Sinif məhkəmə zalı formasında tərtib edilmişdi. “Hakim” iddianaməni oxuyur, vəkillərə söz verilir.

Babəkin vəkillərindən biri ayağa qalxır, “Möhtərəm hakimlər, biz bilirik ki, hər kəsin borcudur öz yurdunu, torpağını yadellilərdən qorusun, xalqı azad yaşasın, məhz bu səbəbdən Babək də ərəblərə qarşı vuruşmuşdur, onun mübarizəsi İslamla yox, ölkəsinə hücum etmiş xilafətlə idi”.

Bu zaman digər tərəfin vəkillərindən biri “Etiraz edirəm, möhtərəm hakim”. Tarixçi əl-Məsudi yazır ki, “Az qalmışdı o, bütöv bir dövləti və dini məhv etsin, bu dini yenisi ilə əvəz etsin”. Buradan görünür ki, xürrəmilər islama qarşı çıxmış, onu məhv etmək istəmişlər.

Babəkin vəkilləri qısa bir məşvərətdən sonra “Etiraz edirik, möhtərəm hakimlər. Bilirsiniz ki, Əl-Məsudi ərəb tarixçisidir və o başqa cür yaza bilməzdi, onun vəzifəsi ərəblərin mövqeyini müdafiə etmək idi. Biz mənbələrdən oxuyuruq ki, Harun ər-Rəşiddən başlayaraq millətlər arasında fərq qoyulması sürətləndi. Babək hərəkatı məhz islam dinində ərəb millətinə üstünlük verildiyinə görə qalxmış üsyanlardan biri idi. Ərəblər də bizim ərazimizə köçürülürdü. Nəticədə yerli əhali nəinki torpaqdan məhrum olurdu, üstəlik ərəblərdən asılı vəziyyətə düşürdü. Bunları nəzərə alaraq, Babəkin İslam dininə qarşı döyüşdüyünü demək yanlışdır”.

Beləcə məhkəmə prosesi davam etdi. Sonda hakimlər qısa məşvərətdən sonra otağa qayıdıb hökmü elan etdilər. Babəkə bəraət verildi.

Mən “məhkəmə” prosesini tam yazmayaraq diqqətinizi başqa məqama çəkmək istəyirəm. Gəlin baxaq, bu məhkəmə-dərs şagirdlərdə hansı bilik, bacarıq və vərdişləri formalaşdırdı? İlk olaraq onlarda tədqiqatçılıq vərdişləri formalaşdı, onlar mənbələrlə işləyərək tədqiqat apardılar. Bu isə öz növbəsində şagirdlərdə əməkdaşlıq bacarıqlarını inkişaf etdirdi. Vəkil kimi çıxış etmək onlara natiqlik bacarığı aşıladı, başqalarını inandırmaq qabiliyyətini inkişaf etdirdi. Bir tərəf çıxış edərkən digər tərəf onlara cavab vermək üçün diqqətlə dinləməli idi, bu, şagirdlərdə dinləmə mədəniyyəti formalaşdırdı. Şagirdlər hakim rolunda çıxış edərkən onlarda ədalətli olmaq, düzgün qərar qəbul etmək vərdişləri inkişaf etdi. Bu dərs həmçinin onlara vətənpərvərlik hisslərini aşıladı, azadlığın nə demək olduğunu anlatdı. Belə dərslər zamanı istedadlı şagirdləri də aşkara çıxarmaq müəllim üçün asan olur. Mən onlar arasında gələcəyin aktyorlarını, tarixçilərini, vəkillərini görürdüm. Ən əsası onların arasında ən zəif şagirdin belə xürrəmilər mövzusunu heç vaxt unutmayacağına, bu dərsin onların yaddaşına həkk olunacağına inandım. Və düşündüm... demək ki, müstəntiq, vəkil və ya hər hansı bir peşə sahibi olmaq üçün Babəki də, Cavanşiri də, digər mövzuları da məktəbdə öyrənmək lazımdır. Əsas odur ki, sənin üçün necə öyrənmə mühiti yaradılır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴