1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müəllimliyin bir addımlığında
25.08.2017 / No32

 
 
 
 
 
 

 

 


Komissiya seçir, nəticə məktəbdə bəlli olacaq

Ruhiyyə DAŞSALAHLI

Avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Universitetə yaxınlaşdıqca qələbəliyin də artdığının şahidi olursan. Qapının qarşısı isə keçilməzdir. Buraya toplaşan namizədlər içəri girməyə can atır. Ancaq qapıda dayanan mühafizə polisi hər şığıyanı içəri buraxmır.

İçəridə də sırasını gözləyənlər var. İki sıra düzülən namizədlər qeydiyyat bölməsində müvafiq prosedurdan keçir. Burada onların diplomlarının uyğunluğu yoxlanılır. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.

3 nəfərdən ibarət 20 komissiya

Müsahibə iki zalda keçirilir. Bu il 20 komissiya təşkil edilib və hər komissiya gün ərzində 35-40 namizədi qəbul edir. Komissiyaların hər birinin tərkibi 3 nəfərdən - fənn müəllimi, məktəb direktoru və Təhsil Nazirliyinin əməkdaşından ibarətdir.

Namizədlər müsahibə mərhələsinə hazırlıqlı gəlməlidir. Müsahibənin şərtlərinə uyğun olaraq hər namizəd icmal hazırlamalı, müsahibəyə məhz həmin icmalla gəlməli, əvvəlcədən onlara təqdim olunan ixtisaslarına uyğun mövzular ətrafında suallara da cavab verməlidirlər. Əks halda, test imtahanının nəticəsindən asılı olmayaraq, çox radikal qərarlarla üzləşə bilərlər. Məsələn, komissiyaların qərarı ilə 54-55 balla müsahibə mərhələsində dayananlar olub.

Müsahibə prosesi kompüterlərin yanında quraşdırılan kameralar vasitəsilə qeydə alınır. Hər namizəd barədə komissiya üzvlərinin hər biri öz mövqeyini “uyğundur” və ya “uyğun deyil” xanasını seçərək bildirir.

Sarı kameralar iş başında

Kamera demişkən, zallardan birinin kamerası diqqətimizi çəkir. Axı bu sarıdır! Xatırlayırsınızsa, müəllimlərin işə qəbulunun test mərhələsində sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan sarı kartlı masalar diqqəti cəlb etmişdi. İmtahanda nəzarətçi funksiyasını həyata keçirən könüllülərin məsuliyyət daşıdığı ərazi bölgüsünü müəyyənləşdirən həmin kartlar yapışdırılan masaları müəllimliyə namizədlər xüsusiləşdirmişdi. Bir çoxları həmin masaların tapşırılmış namizədlər üçün nəzərdə tutulduğunu, həmin masalara cavabı hazır suallar təqdim olunduğunu düşünürdü. Müsahibə mərhələsində isə sarı kameralar diqqət çəkir. Məlum olur ki, təşkilatçılar zallarda kameraları fərqləndiriblər. Birində sarı, digər zalda isə çəhrayı başlıqlı kameralar namizədin müsahibəsini qeydə alır. Bir sözlə, bu dəfə masalar deyil, otaqlar fərqlənir. Maraqlıdır, “Zalın birinə xüsusi insanlar buraxılır”, - deyə düşünən olmayıb ki?

Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, namizədlərin belə düşünməməsi üçün bütün tədbirlər görülüb: “Ən xırda ayrıntısına qədər hər şeyi nəzərə almışıq. Komissiyaların yeri hər gün dəyişdirilir. Bu gün 10-cu masada oturan komissiya səhərisi gün başqa masaya keçir. Komissiya üzvləri oturana qədər hansı masada olacağını bilmir. Ona görə də kiminləsə razılaşmaları, sövdələşmələri mümkün deyil. Müsahibə boyu çəkiliş aparan kameralar isə namizəd nəticə ilə razılaşmadığı təqdirdə ortaya qoyulacaq əsas sübutdur”.

Uyğundur, yoxsa uyğun deyil?

Komissiya üzvləri hər namizədlə bağlı qərarını verərkən bir çox məqamı nəzərə alır. Bəzən bir namizədlə bağlı fikirləri üst-üstə düşür, bəzən isə hər biri fərqli düşünür. Belə olanda müzakirə edirlər. Bəzən komissiya üzvlərinin müzakirəsi tamamlanmadan növbəti namizəd gəlir. Məcburən onu bir az gözlədirlər. Masa başında ayaq üstə gözləyən namizəd diqqətimizi çəkdiyindən maraqlanırıq. Nəyə qərar verə bilmirlər? Komissiyanın müəllimliyə layiq hesab etmədiyi həmin şəxs və ya şəxslər kimlərdir? Əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanlar müəllimliyə uyğun görülmür.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”.

R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb.

Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyevin də namizədlərlə bağlı mövqeyi birmənalı deyil: “Ümumi səviyyədən hiss olunur ki, hazırlıqlıdırlar. Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq”.

F.Həmzəyevin fikrincə, namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır: “Kürdəmir rayonundan olan bir namizəd bir müddət əvvəl dərs deyib. Uzun fasiləyə baxmayaraq, onun həmin kiçik təcrübəsi fərq yaradır. Tutaq ki, 2005-ci ildə məzun olub ancaq heç vaxt müəllim işləməyən namizədin yanaşmasından tamamilə fərqlənir. Ümid edirik ki, bu mərhələdən keçənlər ortaya çıxacaq çətinliklərin öhdəsindən gələcəklər”.

Müəllimliyin şəhəri, kəndi olmaz

Namizədlərlə bağlı bu qədər tənqiddən sonra onların komissiya üzvləri barədə nə düşündükləri maraq doğurur. Ancaq namizədlər komissiya üzvlərini haqlı sayır. Məsələn, Teyfur Bəşirov hesab edir ki, hər kəsi müəllim götürmək olmaz: “Müsahibə zamanı məni hərtərəfli sual yağışına tutdular. Hətta çaşdırıcı suallarla sınadılar. Hesab edirəm ki, məhz belə də olmalıdır. Axı, hər önünə gələni müəllim götürmək olmaz. Komissiya üzvlərinin suallarını cavablandırdım. Düşünürəm ki, nəticə pis olmayacaq”.

Teyfur Azərbaycan Müəllimlər İnstitutunun Quba filialını 2015-ci ildə bitirib. Hərbi xidmətə gedib. Qayıtdıqdan sonra hazırlaşaraq müəllimlərin işə qəbulu imtahanlarına qatılıb. Test mərhələsində 51 bal toplayaraq Xaçmazın Bostançı kənd məktəbində işləmək istəyini bildirib: “Müəllimlik hər yerdə eynidir. Müəllimliyin şəhəri, kəndi olmaz. Ola bilər şəhər məktəblərində uşaqların intellektual səviyyəsi daha yüksək olur. Məsələn, Quba şəhərindəki təbiət fənləri təmayüllü məktəb-liseydə təcrübə keçdim və orada müşahidə etdim ki, həmin təhsil ocağında uşaqlar daha intellektualdır. Bunu nəzərə almasaq, müəllimlik hər yerdə eynidir. Ötən il yaşadığım kənddə müvəqqəti müqavilə ilə işlədim. İndi qonşu kənd məktəbində olan vakansiyanı tutmaq niyyətindəyəm”.

Kəndə müəllim kimi qayıtmaq ən böyük arzumdur

Məhəmməd Kərimli isə 45 balla Xanaqar kəndini seçib. O da Azərbaycan Müəllimlər İnstitutunun Quba filialını bitirib. Ancaq dostu və tələbə yoldaşı Teyfurdan fərqli olaraq bu onun ilk təcrübəsi olacaq: “Müəllim olmaq üçün ayrıca hazırlaşdım. İnstitut biliyim hərbi xidmət dövründə köhnəlmişdi. Müəllimliyə hazırlaşarkən gördüm ki, çox az bilirəmmiş. Amma artıq özümü müəllimliyə hazır hesab edirəm. Ailəm də çox həvəslidir. Müsahibədə də əlimdən gələni etdim. Kəndə müəllim kimi qayıtmaq arzusundayam”.

Özüm də etiraf etdim ki...

Xədicə Əliyeva ikinci ildir ki, imtahan verib. Gəncə Dövlət Universitetinin məzunudur. Müəllimlərin işə qəbulu üzrə test imtahanında 45 bal toplayaraq müsahibə mərhələsinə qatılıb. Daşkəsənin Dəstəfur kəndində işləmək istəyini bildirib: “Çox həyəcanlıyam. İxtisasımla bağlı, kurikuluma aid suallar verdilər. Bacardığım qədər cavablandırdım. Daha çox ixtisasıma aid suallara cavab verdim. Kurikuluma aid suallara isə zəif cavab verdim. Özüm də etiraf etdim ki, metodiki biliyim zəifdir”.

Örtülü geyim, müsahibəni pozar, ya pozmaz?

Müsahibə mərhələsində daha bir məqam diqqətimizi çəkir. Dini qaydalara uyğun geyinən namizədlərin sayı çox görünür. Budur, masalardan birində namizəd hicablıdır. Müsahibə bitən kimi, komissiyaya yaxınlaşırıq və dini qaydanın tələbilə geyinmiş namizədin məktəb qayda-qanunlarına nə dərəcədə uyğun olduğunu soruşuruq. Komissiya üzvü Zöhrab Kəlbəliyev məsələyə belə yanaşır: “Burda yalnız namizədlərin proqrama nə dərəcədə uyğun olduğunu müəyyənləşdiririk. Məktəb proqramından kənara çıxan suallar verilmir. Müəllim pedaqoji fəaliyyətə nə dərəcədə hazırdır, dərsi necə quracaq, metodları necə müəyyənləşdirməyi düşünür, ayrı-ayrı sahələr üzrə ümumi fikri necədi, özünəinamlıdırmı kimi məsələlərə aydınlıq gətiririk. Əlbəttə, müəllim geyimi ilə nümunə olmalıdır. Ancaq bu məsələ məktəb mühitində həllini tapmalıdır. Təbii ki, yaxşı olardı ki, müsahibəyə də müəllimdən tələb olunan geyimdə gəlsinlər. Ancaq sərbəst geyimə də irad tutmuruq. Çünki müsahibənin proqramına müəllimin geyimi ilə əlaqədar tələblər salınmayıb. Müsahibədən keçməməsinin səbəbi məhz cavabları olacaq, geyimi yox”.

Sözügedən namizəd komissiya üzvlərini qane etməsə də, aralarında kifayət qədər fəal, dünyagörüşlü namizədlər də var. Komissiya üzvü Rasim Məmmədov da hesab edir ki, dini geyimə icazə verilib-verilməməsi məktəbdə həll olunur: “Biz geyimdən çox dünyagörüşünə önəm veririk. Dini qaydada geyinən namizədlərlə bağlı qərar verərkən özünün dini etiqadının müəllimliyinə nə qədər təsir edəcəyini müəyyənləşdirməyə çalışırıq. Məsələn, birindən soruşduq ki, “Şagirdiniz insanın necə yarandığını soruşsa, nə cavab verəcəksiniz?”. Cavabı hamımızı təəccübləndirdi: “Deyərəm, leylək gətirib”. Başqa biri isə “Gedin valideyninizdən soruşun, deyərəm”, - cavabını verdi”.

Müsahibədən çıxan dini geyim qaydalarına uyğun namizəd fəal görünür. Ətrafındakılara danışır ki, komissiya ondan icmalını soruşub. O isə cavab verib ki, “yazmadım. Lazım bilmədim”.

Özündənrazı namizəd Rəsimə Əliquliyevadır. Test imtahanında 53 bal toplayıb: “Ağdam rayon 28 nömrəli məktəbdə işləmək istəyirəm. Rayon işğal olunduğundan məktəb Bakıda yerləşir. Verilən bütün sualları cavablandırdım. İcmal yazmamışdım. Hər halda bu səbəbdən hazırlıqsız olduğumu düşündülər. Sualı suala caladılar. Ancaq həm ixtisasıma, həm də kurikuluma aid bütün sualları cavablandırdım. Elə düşünürəm ki, məndən məmnun qaldılar”.

“Ümidim 70-80 faizdir”

Daha bir namizəd müsahibədən özündən əmin çıxdı. Komissiyanın da ondan razı qaldığı qənaətindədir. Səyad Muxtarlı əvvəlcə adı ilə bağlı izahat verir: “Səyyad - Səyyad Əlizadədir, kişidir. Mən Səyadam”.

Bu qısa tanışlıqdan sonra keçirik komissiya üzvləri ilə necə dil tapmasına: “5 ildir məzunam. Müəllimlərin işə qəbul imtahanında testdən 45 bal toplamışam. Masallının Məmmədxanlı kəndində coğrafiyanı tədris etmək istəyirəm. Müsahibə mərhələsini də uğurla başa vurduğumu düşünürəm. Ümidim 70-80 faiz təşkil edir. İxtisasıma və kurikuluma aid hərəsindən bir suala cavab verə bilmədim. Qalan bütün sualları cavablandırdım və düşünürəm ki, həmin yeri tutacam”.

Könüllülükdən müəllimliyə

Komissiya üzvləri barədə namizədlər nə qədər anlayışlı danışsalar da, onların arasındakı fərqi üzə çıxarıblar. Bunu könüllü Etibar Mahmudovun sözləri də təsdiq edir. Zalın girişində namizədlərin müsahibə mərhələsinə buraxılmasını təşkil edən E.Mahmudov bəzi fikirləri, müzakirələri də eşidir. Bir neçə dəqiqə ərzində müəllimliyə namizədlərə qulaq yoldaşı olan könüllü onların hər sirrinə də vaqif olur. Komissiya üzvləri haqqında nə düşündüklərini də bilir, özlərini necə apardıqlarını da görür.
Beləcə bir çoxunun müəllimliyə layiq olub-olmadığına da qərar verir: “Adətən, hər müsahibədən çıxan namizəddən sonra 1 dəqiqəyə yaxın gözləyib sonra növbəti namizədi buraxıram. Bəzən komissiya üzvləri özü işarə edib növbəti namizədi çağırırlar. Çalışıram elə edim ki, burada sıxlıq yaranmasın. Hətta çox həyəcanlanan iştirakçılara kömək etməyə də çalışıram. Onlara deyirəm ki, həyəcan sizin düşməninizdir. Ona görə də həyəcanlanmayın. Bəzən namizədlərin masaları seçdiyini müşahidə edirəm. Məsələn, bu gün namizədlərdən 20-ci masaya getməyə çalışanlar oldu. İddia edirdilər ki, orada oturan mərhəmətlidir. Başqa birisi isə 10-cu masaya getmək istəmirdi. Orada oturan qadının zalım olduğunu deyirdilər. Belə hallara yol vermirəm. Hansı masa boşaldısa, namizədi göndərirəm. Düzü, elə namizədlər olur ki, buradakı davranışına baxıb müəllimliyi ona yaraşdırmıram. Müəllim nəvəsiyəm. Neçə illər babamın, müəllim olan yaxınlarımın davranışını müşahidə etmişəm. Bu imtahanlarda könüllü kimi iştirak etdiyim günlərdə müəllimliklə bağlı xəyallarım böyüdü. Dəmiryol liseyində təhsil alıram. Ancaq düşünürəm ki, ixtisasım üzrə yaxşı kadr olub onu başqalarına da öyrədim”.

Bu seçimin nəticəsi məktəbdə bəlli olacaq

Bu həftə müsahibə mərhələsi də yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək. Gələn həftə kim müəllim ola bildi, kim yox, hər kəs biləcək. Bəziləri özünü müəllimliyə layiq görsə də, buna nail ola bilməməsinin günahını başqalarında axtaracaq. Başqa birisi isə sadəcə, daha yüksək nəticə əldə etmək üçün qətiyyətlə çalışacaq.

Müsahibə komissiyasının iti nəzərlərindən üzüağ, alnıaçıq çıxanlar isə təyin olunduqları yerlərdə işə başlayacaqlar. Komissiya üzvü Firudun Həmzəyevin fikrincə, “kim necə müəllim olacaq?” sualının cavabı da məhz onda üzə çıxacaq: “Namizədlərin müəllimlik üçün bütün tələblərə cavab verib-vermədikləri məhz məktəblərdə bəlli olacaq. 5-10 dəqiqə söhbətlə bunu indi müəyyən etmək olmaz. Onu sinifdə yoxlamaq lazımdır ki, görək uşaqları ələ ala bilirmi, öyrədə bilirmi, öyrətmək üçün özü müvafiq bazaya malikdirmi? Ən yüksək savad və dünyagörüşə sahib elə namizədlər olur ki, sinifdə uşaqları ələ ala bilmir, heç nə öyrətmir. Bir sözlə, bu seçimlərin nəticəsi necə olacaq, məktəblərdə bəlli olacaq”.
 

yuxarı ⤴