1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Azərbaycanlı hakim Avropa Atletika Federasiyasının kuboku ilə təltif olunub
27.08.2016/№33

 

 

 


Nemət Əliməmməd oğlu Heydərov 1966-cı il avqustun 28-də Masallı rayonunun Məmmədrzakücə kəndində anadan olub. 1983-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının atletika ixtisasına qəbul olunub. 1982-ci ildən 1985-ci ilə kimi atletika üzrə yığma komandanın üzvü olunub. 1989-cu ildə akademiyanı bitirdikdən sonra isə atletika və onun nəzəriyəsi kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb. 1997-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində işləyir. Atletika Federasiyasının bayrağı altında keçirilən yarışlarda hakimlik edib. 2008-ci ildən Azərbaycan Atletika Federasiyasının hakimlər kollegiyasının sədr müavini vəzifəsində çalışır. Səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək 2015-ci ilin yekunlarına görə bu il azərbaycanlı mütəxəssis Avropa Atletika Federasiyasının xüsusi adlı kuboku ilə təltif edilib.
Rusiya Federasiyasının Yakutsk şəhərində yeniyetmələr arasında “Asiyanın uşaqları” olimpiadası keçirilib. Sevindirici haldır ki, dörd ildən bir keçirilən olimpiadada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Nemət Heydərov baş hakim kimi iştirak edib. Nemət Heydərov bizimlə söhbət zamanı keçdiyi yola qısa nəzər salaraq bunları dedi:
- 2013-cü ildə Beynəlxalq Atletika Federasiyasının regional mərkəzi olan Moskva şəhərində imtahan verərək yarış qaydaları üzrə beynəlxalq kateqoriyalı mühazirəçi adına layiq görülmüşəm. 2014-cü ildə yeniyetmələrin Avropa təsnifat oyunlarının hakimlərinin hazırlanması prosesinə və seminarların keçirilməsinə rəhbərlik etmişəm. Həmin yarışda baş hakimin müavini vəzifəsində çalışmışam. 2014-cü ilin iyun ayının 21-22-də Gürcüstanın Tbilisi şəhərində keçirilən atletika üzrə Avropa kubokunun baş hakimi olmuşam. Atletika Federasiyası tərəfindən 2006-2012 və 2014-cü illərin ən yaxşı hakimi adına layiq görülmüşəm. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunlarında atletika üzrə baş hakimin müavini vəzifəsində çalışmışam.
O ki, qaldı dörd ildən bir keçirilən “Asiyanın uşaqları” olimpiadasında iştirakıma onu deyə bilərəm ki, həmin yarışda Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədovla birlikdə iştirak etmişəm. Həmin yarışda Asiya qitəsində olan ölkələrdən bütün idman növləri üzrə 4500 idmançı iştirak edirdi. Bu olimpiadada baş hakim kimi iştirak etmişəm. Yarışda mən və Kamal müəllimdən başqa əcnəbi hakim olmayıb. Bu onu göstərir ki, rusiyalı hakimlər bizi təcrübəli və güclü hakim kimi qəbul edirlər. Yarış ərəfəsində Gürcüstanın Tbilisi şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinə də dəvət aldım. Ancaq “Asiyanın uşaqları” olimpiadası daha önəmli olduğuna görə bu yarışa getmədim. Onu da qeyd etmək istərdim ki, hər il Avropa Atletika Federasiyası 51 ölkənin hər birindən bir nəfəri səsvermə yolu ilə atletikanın inkişafındakı xidmətlərinə görə xüsusi adlı kubokla təltif edir. Bu il də mən bu kubokla təltif olunmuşam. Bu da Azərbaycan atletika tarixində ilk, MDB-də isə Rusiya Federasiyasından sonra ikincidir.
Sonda onu deməyi özümə borc bilirəm ki, Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq yarışlarda böyük uğurlara imza atırlar. Bu günlərdə Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazandı. Bütün bu uğurlar məhz dövlətimizin ölkə idmanının inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. İdmana, idmançılara və hakimlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Sabah Nemət Heydərovun doğum günüdür. 50 illik yubileyi və böyük mükafata layiq görülməsi münasibətilə Nemət müəllimi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴