1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Yeni imtahan modeli necə olacaq?
01.09.2017 / No33

 
 

 

 


Daha geniş və əhatəli qiymətləndirmə prosesi həyata keçiriləcək

Ruhiyyə DAŞSALAHLI

Ötən həftə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin test imtahanlarının 2 ilə ləğv ediləcəyi ilə bağlı açıqlaması rezonans doğurub. Bu həftə ərzində mətbuat və bütövlükdə təhsil ictimaiyyəti M.Abbaszadənin barəsində danışdığı dəyişikliyi müzakirə edib.

Beləliklə, 26 ildir aparılan test imtahanı 2018-2019-cu tədris ili üçün keçiriləcək qəbul imtahanlarında sonuncu dəfə istifadə ediləcək. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında isə ciddi dəyişikliklər olunacaq. Dəyişikliklər kurikulum əsasında təhsil alan şagirdlərin biliyinin qiymətləndirilməsinin fərqli formada keçiriləcəyi ilə izah edilir.

M.Abbaszadənin sözləri testin tamamilə ləğv ediləcəyi barədə fikrin ortaya çıxmasına səbəb olub. Test ləğv ediləcəkmi, yoxsa daha da təkmilləşdiriləcək?

Test sadəcə bir üsuldan ibarət deyil

Təhsil üzrə ekspert Kamran Əsədov test imtahanlarının birbaşa ləğvini doğru hesab etmir. Onun fikrincə, imtahanların birdən-birə başqa üsulla keçirilməsi əks effekt verə bilər. Elə IX siniflər üzrə keçirilən buraxılış imtahanları da bunu göstərib: “2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin 60 faizdən çoxu builki buraxılış imtahanlarında aşağı qiymət alıb. Odur ki, birdən-birə gerçəkləşən sistem dəyişikliyi ortaya çıxacaq problemlərdən xəbər verir. Bilirsiniz ki, iki il sonra tətbiq olunan üsul yenə də test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. Test sadəcə bir üsuldan ibarət deyil. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik test olacaq. Bunun üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemli situasiyadan çıxış imkanları məhduddur. Test imtahanının əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şifahi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir. Testin ləğv olunmasından söhbət getmir. Sadə bir nümunə aparsaq, “ADA” Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filiallarında tələbə qəbulu test + müsahibə (esse və s.) şəklində aparılır. Yenilik bu formada reallaşacaq. Nümunə olaraq müəllimlərin işə qəbul imtahanlarını götürsək, müəllim adını qazanmaq üçün ilkin şərt olaraq keçid balını (test) toplamaq zəruridir. Növbəti mərhələ (müsahibə) isə namizədin adekvatlığını, onun dünyagörüşünü, real biliklərini ortaya qoyur. Test mərhələsindən sonra ictimai nəzarəti təmin etməklə, şəffaf şəkildə müsahibə mərhələsinin də olması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər”.

İmtahan hədəf yox, vasitədir

Sosioloq, professor Əhməd Qəşəmoğlu hesab edir ki, qəbul imtahanı hədəf yox, o hədəfə çatmaq üçün bir vasitədir: “Biz müəllimlər elə birinci kursdan görürük ki, tələbələrimiz əzbərçidir. Seminar dərslərində tələbədən normal izahlı cavab almaq cəhdləri boşa çıxır. Tələbə qiymətləndirmənin testlə aparılmasına can atır. Bunu müəllimdən xahiş edir. Danışmağa, öz fikrini izah etməyə çalışmır.

Biz müasir metodlar-treninq yolu, interaktiv metodlarla dərslər aparmaq istəyirik ki, tələbələr inkişaf etsin. Amma onlar özlərini itirirlər. Çünki yalnız imtahan verəcəyi qrupun fənləri üzrə hazırlaşırlar. Yalnız bir neçə fənn üzrə hazırlaşmaq isə “kamal attestatı” almağa da bəs eləmir”.

Əhməd Qəşəmoğlu hesab edir ki, test sistemini ləğv etmək yox, müasir tələblərə görə təkmilləşdirmək lazımdır. Təkmilləşmə isə planla, düşünülmüş şəkildə həyata keçirilməlidir: “Birincisi, ümumiyyətlə, qəbul imtahanları ləğv oluna bilər. Bunun müəyyən prinsipləri olmalıdır: bütün universitetlər orta məktəbdəki attestat və buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul keçirə bilərlər. Həmçinin, əgər ənənəvi qəbul imtahanları keçiriləcəksə, bu zaman da başqa bir metoddan istifadə etmək olar: əvvəlcə müəyyən qiymətləndirmə sistemi ilə imtahan götürəcək müəllimlərin özü seçilməlidir. Hər müəllimi qəbul imtahanına buraxmaq olmaz. Müəllimlər üçün qəbul imtahanlarına düşə bilməyin özünün bir statusu olmalıdır. O statusu qazanan müəllim qəbul imtahanında iştirak edə bilər. Bu cür üsullarla seçilən müəllimlər, əlbəttə ki, yaxşı mənada fərqlənəcəklər. Burada elektron nəzarət də təmin olunmalıdır. İmtahanın keçiriləcəyi otaqlara müşahidə kameraları nəzarət etməlidir. Həmin otaqlardakı imtahan gedişini universitetin tutaq ki, foyesində gözləyənlər izləyə bilməlidirlər”.

“Abituriyentlərin nitqi və yazı savadı yoxlanılmalıdır”

Təhsil üzrə ekspert Əjdər Ağayev hesab edir ki, hər şey yeniləndiyi kimi, imtahanların keçirilməsində də yenilənmə olmalıdır: “26 il əvvəl imtahanların test üsulu ilə keçirilməsi zərurətdən doğurdu. Çünki ali məktəblərə siyahı ilə qəbul aparılır, qabiliyyətlilər, biliklilər həmin siyahılara düşə bilmirdi. Bu səbəbdən test imtahanları özünü doğrultdu. Test imtahanlarının üstün cəhəti budur ki, obyektivdir, şəffafdır. Biliyi, savadı olan cibində pulu olmasa belə, ali məktəblərə qəbul olur. Ancaq ikinci tərəfi var. Qəbul imtahanları fənlər olaraq qruplara bölündü və ümumtəhsil məktəbində oxuyan şagirdlər repetitor yanına gedib, seçdikləri qrup üzrə hazırlaşmağa başladılar. Nəticədə məktəbin ümumi təsiri itdi. Nəticə göz qabağındadır: 700 balla ali məktəbə qəbul olan abituriyentlər arasında Azərbaycan tarixini, ədəbiyyatını bilməyən var. Əslində isə Azərbaycan tarixini, ədəbiyyatını bütün abituriyentlər bilməlidir. Yəni, test üsulu ilə keçirilən imtahanların nəticəsi bu oldu ki, ümumtəhsil sisteminin funksiyasını azaltdı və şagirdlər birtərəfli istiqamət seçərək lazım olan fənləri öyrəndilər. Ona görə mən düşünürəm ki, qəbul imtahanları təkmilləşdirilməlidir. Abituriyentlərin nitqi və yazı savadı yoxlanılmalıdır. Bununla yanaşı, test imtahanları da keçirilməlidir. Yəni, yaddaş da yoxlanılmalıdır”.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı daha fərqli üsulda qəbul imtahanının aparılmasını təklif edib: “Orta məktəbi bitirənlər həm buraxılış, həm də qəbul imtahanı verirlər. Bunların ikisini birləşdirmək lazımdır. İki ardıcıl imtahan vermək nəyə lazımdır?”.

O, qəbul imatahanlarında testdən əlavə yeni üsulların tətbiqini vacib sayır: “Ola bilər ki, bəzi imtahanlarda test tətbiq edilsin, amma həm də esselər yazılsın, müəyyən mərhələlər formalaşsın. Yəni, məsələyə daha geniş yanaşmaq lazımdır. Yalnız testdən yox, geniş yazılı imtahandan da söhbət gedir. Bəzi hallarda qabiliyyət imtahanlarında olduğu kimi, şifahi imtahan da müəyyən edilməlidir. Üstəlik, ali məktəblər qəbul edilən tələbə ilə görüşüb əlavə imtahan edə bilər. İxtisasın profilinə, xüsusiyyətinə uyğun olaraq imtahanlar təşkil etmək mümkündür. Bütövlükdə “yeni sistem” deyiləndə bunlar nəzərdə tutulur. Sadəcə, bunu testin ləğvi kimi başa düşmək lazım deyil”.

H.İsaxanlı da test üsulunun müsbət cəhəti olduğu kimi, mənfi cəhətlərinin olduğunu qeyd edir: “Test üsulu obyektivliyi təmin etsə də, bu üsulun mənfi tərəfi də var. Orta məktəbdə uşaqları daha çox test istiqamətində öyrədib hazırlaşdırırlar. Xüsusilə yuxarı sinif müəllimləri və repetitorlar testi ön plana çəkirlər. Bu da mexaniki hazırlıq olur və elmi baxımdan uşaqlara ziyandır. Qəbul imtahanı daha geniş formada olmalıdır. Əgər uşaq testdən başqa mərhələlər və əlavə imtahanlar olduğunu bilsə, qəbul imtahanlarına yalnız mexaniki yox, elmi tərəfdən də yanaşacaq”.

Kurikulumla bağlı imtahanın qaydaları da dəyişəcək

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev isə müzakirələri doğru hesab etmir: “Bu barədə fikir çoxdan vardı. Bildirilirdi ki, yeni təhsil proqramları ilə tədris aparılan siniflərdə biliyin qiymətləndirilməsi fərqli qaydada həyata keçirilməlidir. Həmin qaydalar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə hazırlanır. Qaydaların təsdiqi də Nazirlər Kabinetinin səlahiyyətindədir. Odur ki, gözləmək lazımdır. Biliyin ölçülməsi tədris metodikasına uyğunlaşdırılmalıdır. Kurikulumla bağlı imtahanın qaydaları da dəyişəcək. Burada söhbət mexanizmdən gedir. Məncə, indiki mərhələdə şərh vermək doğru olmaz”.

Yeni standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil

Həftə ərzində gedən müzakirələrə təhsil nazirinin müavini Ceyhun Bayramov belə yekun vurub: “Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. IX sinif buraxılış imtahanlarında şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, “Ana dili” fənnindən esse, açıq sualların cavablandırılması, “Riyaziyyat” fənnindən yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesi həyata keçiriləcək”.
 

yuxarı ⤴