1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

İxtisas bilikləri kifayət deyil
01.09.2017 / No33

 
 

 

 


Təlimə Dəstək Mərkəzi metodbirləşmələrlə işə üstünlük verəcək

Yusif ƏLİYEV

Sənətinin peşəkarı kimi tanınan müəllimlərin təcrübəsi, fəaliyyətlərinin və uğurlarının səbəblərinin təhlili göstərir ki, yaxşı müəllim olmaq üçün təkcə ixtisas bilikləri kifayət deyil, metodik bacarıq və səriştə də bu işdə önəmli rola malikdir. Onlarca, yüzlərcə fakt, nümunə göstərmək olar ki, müəllim öz ixtisasını bilir, yüksək akademik biliklərə sahibdir, lakin metodik bacarığı az və ya zəif olduğundan təlimdə uğur qazana bilmir. İxtisas bilikləri ilə metodik hazırlıq arasındakı bu disbalans, təəssüflər olsun ki, bu gün də özünü hissolunacaq dərəcədə büruzə verməkdədir. Problemi müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə də müşahidə etmək olardı: müsabiqənin test mərhələsində yüksək nəticələr göstərmiş bir çox iddiaçı müsahibə mərhələsində lazımi metodik hazırlıq və səriştə nümayiş etdirə bilmirdi.

Bütün bunları nəzərə alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi ötən tədris ilindən paytaxt müəllimləri üçün silsilə metodik tədbirlər reallaşdırmağa başlayıb. Mərkəzin bu istiqamətdə həyata keçirdiyi “Ən yaxşı dərs” layihəsi isə metodik hazırlığını artırmaq istəyən müəllimlər üçün əsl təcrübə məktəbi olub. Bəs, yeni dərs ilində Mərkəzin fəaliyyət istiqamətlərinə nələr daxildir? Hansı metodik yönümlü yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

Məqsəd metodbirləşmələrin işini canlandırmaqdır

Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi qəzetimizə açıqlamasında bildirib ki, növbəti tədris ili ərəfəsində bütün təhsil müəssisələri kimi onlar da yeni dərs ilinə tam hazır və müəllimlərlə aparılacaq işin sorağındadırlar. Yay tətili müddətində Mərkəzin yaxın və uzunmüddətli fəaliyyət planı hazırlanıb.

Planda məktəb metodbirləşmələri ilə iş Mərkəzin 2017-2018-ci tədris ilində əsas fəaliyyət istiqamətlərindən biri kimi yer alıb. Bu da təsadüfi deyil. Çünki məktəbdə metodik işin düzgün qurulması ilk növbədə metodbirləşmələrin fəaliyyətindən asılıdır. “Əgər metodbirləşmənin rəhbəri yerində olarsa və qurumun fəaliyyət planı düzgün qurularsa, düşünürəm ki, onda orada təlim-tərbiyə prosesində də ciddi problemlər yaşanmayacaq”, - deyə S.Bektaşi bildirib. Bununla əlaqədar ənənəvi sentyabr konfranslarında metodbirləşmə sədrləri və müəllimlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin görüşlər zamanı keçirilməsi sentyabrın birinci ongünlüyündən sonraya nəzərdə tutulmuş metodbirləşmə iclaslarında müzakirə olunacaq məsələlər, diqqətdə saxlanılması lazım gələn problemlər ətrafında söhbətlər aparılacaq. Belə məsələlərdən biri isə qiymətləndirmə və standartların tətbiqidir.

Bu il kurikulumların tətbiqi artıq X sinfi də əhatə etdiyindən və müəllimlər dərslərini yeni fənn kurikulumları əsasında qurmalı olduqlarından qiymətləndirmə və standartların tətbiqi Təlimə Dəstək Mərkəzinin də əsas hədəfləridir. Metodbirləşmə rəhbərləri və müəllimlərlə görüşlərdə də əsas mövzu məhz bu olacaq, diaqnostik, formativ və summativ qiymətləndirmənin mahiyyəti, aparılması qaydaları bir daha müəllimlərin diqqətinə çatdırılacaq.
S.Bektaşinin bildirdiyinə görə, Mərkəzin metodistləri tərəfindən yay müddətində bu qiymətləndirmələrin keçirilməsi üçün standartların tələbini ödəyən tapşırıqlar hazırlanıb: “Düşünürəm ki, müəllimlərin elə bir problemi olmayacaq, sadəcə olaraq qalır onların özünün işləməsi”.

S.Bektaşi hesab edir ki, müəllimlər ilk dərsdən başlayaraq diaqnostik qiymətləndirməni düzgün aparmalıdırlar. Çünki məhz bu zəmində tədris ili boyu öz fəaliyyətlərini düzgün qura bilərlər. Diaqnostik qiymətləndirmənin düzgün aparılması, nəticələrin araşdırılması, təhlili, şagirdlərin bacarıqlarına görə qruplaşdırılması eyni zamanda fərdi işə də istiqamət verir. Diaqnostik qiymətləndirmənin nəticələri həm də xüsusi istedadların üzə çıxarılması, təhsildə zəif nəticə göstərən şagirdlərlə işin əsasını da qoyur. Sonralar aparılan formativ, kiçik və böyük summativ qiymətləndirmələr də təbii ki, ilk növbədə diaqnostik qiymətləndirməyə köklənir.

Metodşuralarla iş də əsas hədəflərdəndir

Təlimə Dəstək Mərkəzi yeni tədris ilində metodşuraların fəaliyyətini də diqqətdə saxlamağı nəzərdə tutur. Çünki hər bir metodbirləşmə sədri məktəbdə fəaliyyət göstərən metodşuraya tabedir. Əgər metodşura tədris ilində təlimin keyfiyyətinin yüksəldilməsi, şagird nəticələrinin daha da yaxşılaşdırılması üçün müəyyən məsələlər qaldırarsa, həmin məsələlər araşdırılıb təhlil edilər. Eləcə də metodbirləşmə rəhbərləri qarşısında da ciddi tapşırıqlar qoyularsa, bu kompleks fəaliyyət məktəbin nəticələrinin yüksəldilməsinə əlverişli zəmin yaradar.

Azərbaycan dilindən oxu məzmun xətti üzrə işə üstünlük veriləcək

Hər bir fənn üzrə məzmun xətlərinin tədris prosesində tam reallaşdırılması vacib məsələ olduğundan bu istiqamətdə müəllimlərə kömək də Mərkəzin işində mühüm yer tutacaq. S.Bektaşinin sözlərinə görə, məsələn, Azərbaycan dili fənninin tədrisi zamanı indiyədək əsasən yazı, dil qaydaları məzmun xəttinə fikir verilirdisə, bu il daha çox oxu məzmun xəttinə diqqət yetiriləcək. Məqsəd şagirdlərin oxu savadlılığını artırmaqdır. Bu isə mətn üzərində kompleks işi özündə ehtiva edir. Şagirdlərin oxu savadlılığı nə dərəcədədir? Onlar oxuduğu mətni necə anlayır, onlardan özləri üçün nə kimi nəticə çıxarırlar? Bütün bunlar həmin məzmun xətti üzrə aparılan işlərdə diqqət mərkəzində durmalıdır. Çünki şagirdin oxuduğunu anlaması, onu şifahi, yazılı nitqinə çevirə bilməsi nitqinin formalaşmasına imkan yaradan amillərdir.

“Açıq dərs”lər, nümunəvi dərslər... davam edəcək

Bütün bunlarla yanaşı, Mərkəz il ərzində dərs-dinləmələrin, nümunəvi və “açıq dərs”lərin, ustad dərslərin təşkili, dərsliklərlə iş, onların müəlliflərlə birlikdə müzakirəsi, dərslik müəllifləri ilə görüşlərin keçirilməsi, metodistlər tərəfindən ustad dərslərin nümayişi və s. kimi metodik tədbirləri də müntəzəm keçirəcək və bu yolla müəllimlərin elmi-metodik hazırlığının yüksəldilməsinə çalışacaq.

Keçirilən hər hansı bir tədbirə paytaxtın 12 inzibati rayonunun müəllimlərini cəlb etmək mümkün olmadığından onların bu tədbirlərdə hissə-hissə iştirakının təmin olunması, bir rayonda keçilən və ya dinlənilən dərslərin digər rayonda müzakirəsinin təşkili, bir rayonun məktəbində keçirilən “açıq dərs”lər və ya nümunəvi dərslərə qonşu rayonun məktəblərindən müəllimlərin dəvət olunması və s. kimi iş formalarından istifadə nəzərdə tutulur.

S.Bektaşi əmindir ki, keçiriləcək bu tədbirlər, aparılacaq müzakirələr, təhlillər müəllimlərin xeyli irəli getməsinə və prosesi düzgün idarə etməsinə köməklik göstərəcək.

yuxarı ⤴