1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

4 mərhələnin sonu
01.09.2017 / No33

 
 

 

 


Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli oldu

Ruhiyyə DAŞSALAHLI

2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə iyulun 1-dən start götürən müsabiqə başa çatdı. Artıq bütün mərhələləri uğurla keçən və müəllim adı qazanan 4454 müəllimin hər birinin şəxsi səhifəsinə müsahibə mərhələsinin nəticəsi göndərilib. Sentyabrın 15-də 4454 müəllim qəbul olunduqları məktəblərə işə çıxacaq.

Bu il ölkəmizdə müəllimlərin işə qəbulu yeni qaydalarla həyata keçirildi. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapan dəyişikliklərə əsasən, müsabiqəyə qatılan müəllimlərin işə qəbul üçün iştirak etdiyi test imtahanının nəticələri bir il sonra da qüvvədə olacaq. Həmin nəticələrə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq. Qeyd edək ki, sözügedən dəyişiklik ötən il test imtahanlarında iştirak edənlərə də şamil olundu və onlar həmin nəticələrlə builki müsabiqəyə qatıldı.

Onu da bildirək ki, bu ildən peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu da mərkəzləşdirilmiş imtahanlarla həyata keçirilir.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə aparıldı. Birinci mərhələdə elektron ərizələrin qəbulu həyata keçirildi. 14 gün ərzində 50 minə yaxın namizəd qeydiyyatdan keçdi. Ancaq onlardan 47 mini ərizəsini təsdiq edərək test imtahanlarına qatılmaq hüququ qazandı. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi başa çatdıqdan sonra test imtahanının vaxtı elan edildi.

Test mərhələsi

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə 40 minə yaxın namizəd qatıldı və onlar iyulun 25-dən başlayaraq 10 gün ərzində Azərbaycan Texniki Universitetinin idman zalında imtahan verdi. İmtahan müddətində qaydaları pozan 6 namizəd imtahandan çıxarıldı.

Vakansiya seçimi

Keçid balını toplayaraq test mərhələsini uğurla başa vuran namizədlər vakansiya seçimi mərhələsinə buraxıldı. Bu mərhələdə onlara 8 vakant yeri seçmək imkanı verilmişdi. Proqram təminatı ilə aparılan yerləşdirmə nəticəsində ən yüksək bal toplayaraq vakant yeri tutmaq hüququ qazanan 5225 namizəd müsahibəyə dəvət olundu.

Müsahibə

Bu mərhələdə müəllimliyə namizədlər əvvəlcədən müəyyən edilən mövzuları “açıq dərs” formatında komissiyaya təqdim edirdilər. İxtisas müəllimi, məktəb direktoru və Təhsil Nazirliyinin nümayəndəsindən təşkil edilən 3 nəfərdən ibarət komissiya üzvləri ixtisası, təhsil metodikası, ümumi dünyagörüşü ilə bağlı müxtəlif sualları cavablandıran müəllimlərin psixoloji cəhətdən bu missiyaya hazır olub-olmadığına qərar verdi.

Qeyd edək ki, bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirildi. Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm praktik bacarıqlarını nümayiş etdirdi, həm də müsahibədən keçdilər. Yalnız bu üç ixtisas üzrə vakansiya və müsahibə mərhələsinin yerləri dəyişdirildi. Qabiliyyət imtahanı və müsahibədən uğurla keçən 600 nəfərə yaxın namizəd vakansiya mərhələsinə buraxıldı.

Hazırda müsahibə mərhələsində uğur qazanmayan namizədlərlə bağlı apelyasiya mərhələsi həyata keçirilir. Apelyasiya mərhələsində də uğur qazanmayanlar müddətli əmək müqaviləsi ilə mövcud və ya ilboyu yaranacaq vakant yerlərdə işləmək imkanı qazanacaqlar. Dərs ilinin sonunda həmin müəllimlərin fəaliyyəti qənaətbəxş olarsa, onların işi daimiləşdirilə bilər.

Artımla əməkhaqqı alacaqlar

Əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunur və növbəti ildən onların əməkhaqları artırıldı. Bu il tətbiq edilən yeniliklərdən biri də bu oldu ki, artıq Prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əməkhaqqı alacaqlar.

Gələn il işə qəbulla bağlı yeni qaydalar hazırlanacaq. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov məlumat verib. Onun sözlərinə görə, bəzi məsələlər daha da təkmilləşməlidir ki, yeni qaydaların hazırlanması zamanı məhz həmin məqamlar nəzərə alınacaq.
 

yuxarı ⤴