1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Müsahiblərimiz müəllim oldu
01.09.2017 / No33

 

 

 


Maksimum nəticə göstərənlər bölgələri seçib

Ruhiyyə DAŞSALAHLI

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdı. Sonuncu müsahibə mərhələsini də uğurla keçən 4454 namizəd müəllim adına layiq görüldü.

“Azərbaycan müəllimi” qəzeti müsahibə mərhələsindən reportaj hazırlamışdı. Yazıda müsahibəyə qatılan bir neçə namizəd müsabiqə və öz nəticələri ilə bağlı danışmışdılar. Həmin namizədlərin müsahibədən keçib-keçmədiyi ilə maraqlandıq.

Namizədlərdən biri - Teyfur Seyfur oğlu Bəşirov bundan sonra Xaçmaz rayonu Bostançı kəndində coğrafiya müəllimi kimi tanınacaq. O, E.Məmmədov adına tam orta məktəbə 51 balla qəbul olub. Teyfur müsahibədən çıxarkən nəticənin belə olacağına əmin idi. Komissiyanın suallarının hamısını cavablandırdığından məhz qəbul olunacağına dair ismarış gözləyirdi və aldı.

Xədicə Əvəz qızı Əliyeva Gəncə Dövlət Universitetinin məzunudur. Müəllimlərin işə qəbulu üzrə test imtahanında 45 bal toplayaraq müsahibə mərhələsinə qatılmışdı. Müsahibə zamanı komissiya üzvlərinin kurikuluma aid suallarına verə bilmədiyi bir-iki cavablara görə çox narahat idi. Ancaq, görünür, komissiyanı yaxşı müəllim olacağına inandıra bilib. Artıq o da Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində müəllimdir.

Məhəmmədəli Ehtiram oğlu Kərimli də arzusuna çatıb. O, bu müsabiqədən kəndə müəllim kimi qayıtmaq istəyirdi. Artıq Quba rayonu Xanəgah kənd ümumi orta məktəbinin müəllimidir.

Səyad Məhərrəm qızı Muxtarlı müsahibədən özündən əmin çıxmışdı. Komissiyanın da ondan razı qaldığı qənaətindəydi: “5 ildir məzunam. Müəllimlərin işə qəbul imtahanında testdən 44 bal toplamışam. Masallının Məmmədxanlı kəndində coğrafiyanı tədris etmək istəyirəm. Müsahibə mərhələsini də uğurla başa vurduğumu düşünürəm. Ümidim 70-80 faiz təşkil edir. İxtisasıma və kurikuluma aid hərəsindən bir suala cavab verə bilmədim. Qalan bütün sualları cavablandırdım və düşünürəm ki, həmin yeri tutacağam”.

Ümidi gerçəkliyə çevrilib. Masallı rayonu Hafis Məmmədov adına Məmmədxanlı kənd ümumi orta məktəbinə 44 balla qəbul olub.

Rəsimə Səyyar qızı Əliquliyeva da müsahibədə özündən razı qalmışdı. Test imtahanında 53 bal toplayıb. İxtisasına və kurikuluma aid bütün sualları cavablandırdığını deyirdi: “Elə düşünürəm ki, məndən məmnun qaldılar”.

Doğru hesab edib. Bu ildən Ağdam rayon 28 nömrəli tam orta məktəbində 53 balla işə başlayacaq.

Bu il imtahanlarda iştirak edən və ən yüksək bal toplayanlar da olub. Sualların hamısına düzgün cavab yazaraq 60 bal toplayan ilk namizəd Günay İlham qızı Allahverdiyeva idi. Kəlbəcər rayonundan olan bu namizəd “Riyaziyyat” fənnini tədris edəcək. O, sentyabrın 15-dən Zəngilan rayon 30 nömrəli tam orta məktəbdə dərs deyəcək.

Kimya müəllimləri olan Nuranə Qarakişi qızı Yusifli Şəki rayon Aran kənd ümumi orta məktəbində, İsgəndər Nurəddin oğlu Səmədov isə Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində müəllimliyə başlayacaq.
 

yuxarı ⤴