1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq
01.09.2017 / No33

 
 

 

 


Avqustun 28-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu təhsil ocağında İndoneziya dilinin, ədəbiyyatının, mədəniyyətinin və tarixinin öyrədildiyini qeyd edib. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyən Kamal Abdulla hər il ADU-nun 10 tələbəsinin indoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda indoneziyasevərlər məkanı var”.

Ferdi Niko Yohannes Piay ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumatlı olduqlarını deyib. Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaq bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən danışan diplomat vurğulayıb ki, İndoneziyada da Azərbaycan dili və mədəniyyəti mərkəzi açıla bilər.

Rektor Kamal Abdulla ADU-nun İndoneziyada məsləhət görülən universitetlərdən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmağa və onu avadanlıqlarla təchiz etməyə, mərkəzdə çalışmaq üçün professor göndərməyə hazır olduğunu söyləyib. K.Abdulla qeyd edib ki, həmin mərkəzdə indoneziyalı tələbələr öz istəklərinə uyğun olaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənə bilərlər: “İndoneziyada Azərbaycanı, Azərbaycanda isə İndoneziyanı tanıyan mütəxəssislər nə qədər çox olarsa, həm iqtisadi, həm də mədəni strukturlar bir-birinə daha çox yaxınlaşa bilər”.

Görüşdə iştirak edən İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani artıq İndoneziya tərəfinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı məlumatlı olduğunu və konkret universitetin müəyyənləşdirildiyini söyləyib. O bildirib ki, paytaxt Cakartadakı İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı həmin universitetin rəhbərliyindən şifahi razılıq alınıb. Hazırda səfirlik həmin universitetdən rəsmi cavab gözləyir və bu barədə məktub gələn kimi dərhal ADU-ya müvafiq məlumat veriləcək.

Görüşdə həmçinin ADU-dakı İndoneziya Araşdırmalar Mərkəzinin daha da genişləndirilməsi, multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində, eləcə də universitetdə fəaliyyət göstərən digər dil və mədəniyyət mərkəzlərində olublar.
 

yuxarı ⤴