1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Yeni dərs ili qarşısında
01.09.2017 / No33

 

 

 


İrəliləyişlər və perspektivlər

Ənvər ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanın müstəqilliyi onun inkişaf etməsinə, daha geniş miqyasda tanınmasına imkan yaratdı. İstər iqtisadiyyat, mədəniyyət və istərsə də digər sahələrdə baş verən dəyişikliklər onun dünya ölkələri sırasında böyük bir panaramının yaranmasına səbəb oldu. Zaman-zaman həyata keçirilən islahatlar müstəqil Azərbaycanın imicinin formalaşması ilə nəticələndi. Xüsusilə təhsil sahəsində atılan ilk addımlar onun böyük gələcəyindən xəbər verirdi. Ulu öndər Heydər Əliyev vaxtı ilə görüşlərinin birində qeyd edirdi ki, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik”.

Ötən illər inamla deyilmiş bu fikirlər reallığa çevrildi. Azərbaycan təhsilində böyük quruculuq işləri aparılmağa başlandı. Ölkə miqyasında qəbul edilmiş İslahat Proqramı çərçivəsində ardıcıl və sistemli tədbirlər həyata keçirildi. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daimi diqqət göstərilsin, praktik tədbirlər görülsün, təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi, təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.

Son illərdə ölkəmizin təhsil həyatının ardıcıl və sistemli inkişafını tənzimləyən dövlət əhəmiyyətli sənədlər qəbul edilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası (2012), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013), eləcə də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (2016) sənədləri bilavasitə yaxın gələcək üçün təhsil sahəsindəki fəaliyyətləri istiqamətləndirməklə perspektiv əhəmiyyət daşıyır. Həmin sənədlərdə müasir məzmunu, infrastrukturu, idarəetmə mexanizmlərini yaratmaqla, eləcə də maliyyə və kadrların yeniləşməsi siyasətini həyata keçirməklə yeni təhsil sisteminin formalaşması strateji əhəmiyyət daşıyan vəzifələr kimi qarşıya qoyulur. Bütün bu fəaliyyətlərin uğurla həyata keçirilməsində, Azərbaycan ictimaiyyətinin qlobal tələblərə uyğun inkişaf etdirilməsində insan amili xüsusi əhəmiyyət daşıyır. Cəmiyyəti irəli aparan, onun inkişafını təmin edən belə bir insanın yetişməsi isə təhsilin üzərinə düşür. Bunun üçün təhsilin bütün pillə və səviyyələrində keyfiyyətin yüksəldilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Təhsil naziri Mikayıl Cabbarovun 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə əmri də bu missiyadan irəli gəlir.
Peşəkar kompetensiyalara və biliklərə malik olan bir insanın yetişdirilməsi əslində insan kapitalının formalaşdırılması kimi başa düşülür. İnsan kapitalı isə cəmiyyətin fövqündə dayanan və onun hərəkət leytmotivinə çevrilməklə həmişə aktuallığını saxlayır. Ölkəmizin yaxın və uzaq gələcəyi üçün iqtisadi doktrina kimi dəyərləndirilə bilən strateji yol xəritəsində bu məsələyə xüsusi yer ayırmaqla önəm verilir: “İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini kapital təşkil edir və iqtisadi artımda intellektual əmək üstün xüsusi çəkiyə malikdir. Azərbaycanda da dayanıqlı inkişafı təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir”. Təbii ki, bu da məntiqi olaraq müasir təhsilin insan, ən başlıcası, vətəndaş yetişdirmək fəlsəfəsini təşkil edir. Əslində təhsil özlüyündə cəmiyyətin formalaşdığı bir sistemdir ki, orada hər zaman şəffaflıq meyarı ilə qurulan və hamının gözü qabağında razılıqla qarşılanan inkişaf mexanizmləri tətbiq olunur. Bu gün ölkəmizdə aparılan təhsil islahatlarının əsas canını, fəlsəfəsini məhz həmin məsələlər təşkil edir ki, bu il keçiriləcək müəllimlərin sentyabr konfranslarında onların ətrafında söhbətlərin aparılması tövsiyə olunur. Aşağıda təsnif olunan və bu gün razılıqla qəbul edilən nəticələr ətrafinda fikir mübadilələrinin aparılması əhəmiyyətli hesab edilir.

* Maaşları artırılan müəllimlərin sayının 91 minə çatması.
* Məktəbəhazırlıq proqramının əhatəliliyinin 24%-dən 55%-ə çatması.
* IX və XI siniflərin buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarında məqbul qiymət alanların çəkisinin artması.
* Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayının 3500-ü keçməsi.
* Respublika fənn olimpiadalarında iştirakçıların sayının artması.
* Beynəlxalq fənn olimpiadalarında son 6 ildə qazanılan medalların sayının 111-ə çatması.
* 3000-dən çox müəllimin işə qəbul olunması.
* 30 mindən çox şagirdin biliyinin qimətləndirilməsi.
* “Sağlam təhsil-sağlam millət” layihəsində şagirdlərin sayının 2848-ə çatması.
* “Məktəblinin dostu” layihəsinin start götürməsi.
* Təmayüllü siniflərdə şagirdlərin sayının 7268-ə çatması.
* 500-dən çox bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayının artması.
* Ərazi Hesablama Mərkəzlərinin yaradılması.
* 488 məktəbin təmir edilməsi və s.

Məktəbəqədər təhsil haqqında

Aparılmış araşdırmalar onu göstərir ki, ümumilikdə təhsilin daha keyfiyyətli qurulmasında məktəbəqədər təhsil əhəmiyyətli rol oynayır. Ölkəmizdə məktəbəqədər təhsilə cəlbin faiz etibarı ilə aşağı olması onun inkişafina mənfi təsir göstərir. Ona görə də dövlətin təhsil sahəsindəki strateji planlarında uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının yüksəldilməsi prioritet istiqamətlərdən biri hesab edilir. Bundan əlavə, ailələrin məktəbəqədər təhsilə münasibətlərinin formalaşdırılması, ümumiyyətlə, məktəbəqədər təhsil mədəniyyətinin inkişaf etdirilməsi zəruri məsələlər kimi diqqət mərkəzində dayanır. Bundan əlavə, məktəbəhazırlıq qruplarında işin təşkili məsələlərindən danışmaq faydalı bilinir.

Ümumi təhsilin məzmun konteksti: dəyişikliklər

Heç şübhəsiz, sentyabr konfranslarının müzakirələrinə qatılanlar təhsilin məzmun konteksti üzərində dayanacaqlar. İllər uzunu ümumi olan bu anlayışın müasir izahına diqqət yetirəcəklər. Çünki yeni pedaqoji təfəkkürün ölçülərində səriştə əsaslı yeni məzmunla yanaşı, kurikulumlar da yer tutur. Əslində bu o deməkdir ki, yeni yanaşmalarda standartlarla yanaşı, kurikulumlar da məzmun komponenti hesab olunur. Bu, ölkəmizin təhsil sahəsində müəyyən etdiyi Dövlət Strategiyasındakı müddəalardan irəli gəlir.

Ən başlıca məsələlərdən biri Azərbaycan Respublikasının təhsil naziri tərəfindən yaxın günlərdə 2017/2018-ci dərs ili üçün təsdiq olunmuş tədris planlarıdır. Hazırda ümumi təhsilin fəaliyyəti iki mühüm normativ-hüquqi sənədlə tənzimlənir. Onlardan birincisi, 2010-cu ildə təsdiq olunmuş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”dır. Yeni təhsil konsepsiyası kimi dəyərləndirilən bu sənədə əsasən I-X siniflərdə tədris-təlim işləri aparılır. İkincisi isə 1999-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”dır ki, onun əsasında da yalnız XI siniflərdə təlim məşğələləri keçilir. Göründüyü kimi, belə bir vəziyyətin yaranması yeni konsepsiyanın tədricən tətbiq olunmasından irəli gəlir və bu keçidin növbəti ildə başa çatacağı nəzərdə tutulur.

Artıq Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017/2018-ci dərs ili üçün tədris planları təsdiq edilmişdir. Həm tədris Azərbaycan, həm də rus dillərində olan məktəblər üçün hazırlanmış nümunəvi tədris planlarında texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, humanitar və riyaziyyat-iqtisadiyyat təmayülləri nəzərə alınmışdır. Bu təmayüllü siniflərin tədris planlarında ən çoxu 12, 13 fənnin tədris olunması nəzərdə tutulmuşdur. Hər bir təmayül siniflərində ana dilinin, xarici dilin, ikinci xarici dilin, fiziki tərbiyənin, eləcə də çağırışaqədərki hazırlığın tədris olunması nəzərdə tutulur. Qalan fənlər isə təmayüllərə uyğun olaraq müəyyənləşdirilir.

Konfransda yeni tədris planlarına əsasən “Dərsdənkənar məşğələlər” adlı məktəb komponentini təşkil edən bölmədən də danışılması, onun məktəbdə planlaşdırılması məsələlərindən bəhs olunması, X sinifdə tədris edilən “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” adda fakültativ kurslardan söhbət açılması tövsiyə olunur.

Fənlərin fəlsəfəsi və ya ona uyğun qurulan strategiyalar

Fənlər ənənəvi olaraq qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə xidmət göstərir. Bir qayda olaraq fənlərin mahiyyət və məzmunu proqramlarda öz əksini tapır. Bu vaxta qədər fənnin fundamentallığı daha üstün cəhət kimi nəzərə alınmış, hətta biliklilik savadlılıq kimi qəbul olunmaqla fənlərin məzmununa təsir göstərmişdir.

Bu gün səriştə əsaslı təhsil məzmunun yaradıldığı bir zamanda bilikləri sadəcə bilik öyrətmək üçün deyil, müəyyən dəyərlərə söykənən həyati səriştələri formalaşdırmaq məqsədilə tədris edirik. Belə olduğu halda, fənlərin yeni fəlsəfəsinin yaranması zərurəti meydana çıxır. Əgər ümumi təhsil vətəndaş şəxsiyyətini formalaşdırırsa, onun məzmunundakı fənlərin hər biri, öz növbəsində, şəxsiyyətin bütövlüyünü təmin edən dəyərlərin, mədəniyyətlərin formalaşmasına xidmət göstərir: məsələn, ana dili nitq mədəniyyətini, riyaziyyat təfəkkür mədəniyyətini, biologiya ekoloji mədəniyyəti, musiqi, təsviri incəsənət estetik mədəniyyəti və sairi formalaşdırır.

Təbii ki, özünün yeni fəlsəfəsi ilə məktəbə gələn fənlər özlərinin yeni pedaqoji strategiyaları ilə fərqlənməyə başlayırlar. Bu pedaqoji strategiyaların mahiyyətində şagirdlərin idraki, mənəvi və fiziki qabiliyyətlərinin inkişaf etdirilməsi dayanır. Təhsil sahəsində fəaliyyət göstərən bütün iştirakçıların ölçü vahidlərinin əsasında da məhz bu inkişafın izlənilməsi və onun nəticələrinin ölçülməsi durur.

Yeni pedaqoji texnologiyalar haqqında söhbət

Konfransda yeni pedaqoji texnologiyalar haqqında söhbətin aparılması da məqsədəmüvafiq hesab edilir. Pedaqoji işçilər, o cümlədən müəllimlər zaman-zaman öz imkanları daxilində pedaqoji texnologiyalardan istifadə ediblər. Bəzən onlar heç bir elmi-metodik xarakterdə təhlillər aparmadan fəaliyyətlərini qurublar. Lakin bu gün biliklər cəmiyyətinin formalaşdığı bir zamanda şagird marağına daha çox səbəb olmaq üçün yeni texnologiyalar axtarmalı oluruq. Qeyri-adiliklə müşayiət olunan və şagirdin maraq effektinə təsir göstərən forma, üsul və vasitələr üzərində dayanırıq. O zaman istər təlim, istər tərbiyə, istər qiymətləndirmə, istər idarəetmə texnologiyası olsun, onların hər birinin xarakterində humanist və demokratik effektin, eləcə də təhsilalanları inandıran, stimullaşdıran, istiqamətləndirən motivin olmasına çalışmalıyıq.

Müasir dərsin özəllikləri

Bu günün dərsi necə olmalıdır? Yaxud müasir dərs anlamında nələrə diqqət yetirilməlidir? Daim bu suallar müəllimlərimizi düşündürür. Həm də onun necə qurulması barədə bacarıqlara yiyələnmək ritorik sual kimi onları tərk etmir. Heç şübhəsiz ki, müxtəlif toplantılarda bu məsələlər ətrafında düşünməli, suallar verməli olurlar.

Dərs təlimin əsas təşkilat forması kimi funksiya daşıyır. Onun məqsədliliyi, müəllim-şagird münasibətləri fonunda konkret zaman çərçivəsində olması bəlli atributlardır. Dərsin müasirlik ölçüləri sadəcə elmi-nəzəri səviyyəsinə görə müəyyən edilmir. Dərsin daşıdığı funksiyalar, istinad etdiyi texnologiyalar, xidmət göstərdiyi məqsəd və vəzifələr onun müasirlik elementləri kimi dəyərləndirilir.

Dərsə ənənəvi yanaşmalar dövrünü geridə buraxsaq da, yenidən onu standartlaşdırmağa, vahid məntiqə tabe etməyə cəhd göstərənlərə rast gəlinir. Dərs bir təlim texnologiyası olmaqla mütəhərrik və dinamik xarakter daşıyır. Onu şablonlaşdırdıqda müəllimin yaradıcı fəaliyyətinə məhdudiyyətlər qoyulur.

Əslində psixoloqların və pedaqoqların son araşdırmalarına əsasən yeni pedaqoji təfəkkür dövrünün dərslərində üç mərhələ əsas götürülür: 1) motivasiya mərhələsi; 2) əməliyyat-idrak mərhələsi; 3) reflektiv-qiymətləndirmə mərhələsi.

Göründüyü kimi, bu mərhələlər müasir dərsin problem-dərs xarakterindən irəli gələn bir cəhət olmaqla sadəcə onun həlli istiqamətinə yönəldilir. Bu zaman dərsin daha maraqlı qurulması məqsədilə müəllimin yaradıcı-konstruktiv yanaşmasına imkan yaranır.

Məktəbin müəllim amili

Dövlətin təhsil sahəsindəki strateji addımlarında məktəbin xarakterinin dəyişildiyi, “yaddaş” məktəbindən təfəkkür, idrak məktəbinə keçiləcəyinin labüdlüyü göstərilir. Bu keçidin əsasında başlıca amil kimi müəllim şəxsiyyəti dayanır. Elə müəllim ki, ixtisas bilikləri, peşəkarlığı ilə yanaşı, texnologiyalara bələdliyi, çevikliyi, tolerentlığı, kommunikativ mədəniyyəti ilə bir yaradıcı, tədqiqatçı insan, pedaqoq kimi başqalarından fərqlənir. Müəllim adı və müəllimliyi ilə fəxarət hissi keçirir. Konfransda müəllim şəxsiyyətinin bu baxımdan inkişaf etdirilməsi məsələləri də gündəmdə dayanmalıdır.

Uşaqlar suallar verməyə başlayıblar

Professor Əbdül Əlizadə Azərbaycan məktəbinin psixoloji problemlərindən bəhs edərkən bir sual qarşısında daha çox düşünməli olur: məktəbdə uşaqlar niyə sual vermirlər?

Əlbəttə, bu, müəllifin yazı manerası kimi qəbul olunsa da, ifadə olunmuş fikirdə heç bir yanlışlıq yoxdur. Onun qənaətinə görə, uşaqlar düşünə bilmədikdə suallar verməkdən çəkinirlər.

Həm də qeyri-fəal bir mövqedə dayanaraq susmaqla kifayətlənirlər. Lakin bu günün dərslərində qəribə bir canlanma hiss edilməkdədir. Son araşdırmalar zamanı əldə edilən təcrübələr onu söyləməyə əsas verir ki, artıq yeni təhsil prosesində şagirdlər fəal, özünə inamlı, təşəbbüskar olmağa başlayıblar.

Müasir məktəbin valideyni necə olmalıdır?

Müasir ümumtəhsil məktəbinin missiyası şəxsiyyət, vətəndaş yetişdirməkdən ibarətdir. Bu missiyanın yerinə yetirilməsi üçün onun qarşısında ciddi tələblər vardır. Bütün hallarda məktəb öz uğurlarına nail olmaqdan ötrü ardıcıl və sistemli fəaliyyət qurmalı olur.
Belə bir həqiqət vardır ki, məktəb bu missiyanın həyata keçirilməsində həm də valideynlərlə birgə məsuliyyət daşıyır. Valideyn-məktəb əlaqəsinin tarixi yeni olmasa da, valideynlərlə əməkdaşlıq, iş birliyi qurmaq, pedaqoji prosesdə məsuliyyəti bölüşdürməklə bərabər addımlamaq yenidir. Bu mənada məktəb öz tərəfdaşı ilə əlaqələrinin sıx qurulmasında maraqlı tərəflərdən biri kimi daha fəal olmalı, təşkilatçı, maarifləndirici funksiya daşımaqla fəaliyyətini qurmalıdır.

İstedadlı uşaqları itirməməliyik

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, ölkəmizdə istedadlıların inkişaf etdirilməsinə qayğı göstərilir, onun mühüm dövlət siyasəti kimi həyata keçirilməsinə xüsusi diqqət yetirilir. “Şagirdlərin istedad və qabiliyyətlərinin reallaşdırılması üçün şərait yaradılır”. Hər bir ümumtəhsil məktəbinin dövlət qarşısında borcu xalqın savadlanması, inkişaf etdirilməsi ilə yanaşı, həm də onun istedadlılarının meydana çıxarılması və onların inkişafı üçün şərait yaradılması ilə izah edilir. Bu həm də müasir məktəbin fəaliyyətinin ayrılmaz hissəsi hesab olunur. Ölkənin milli sərvətlərinə qayğı kimi dəyərləndirilir.

İnklüzivlik humanist təhsilin tələbidir

İnklüzivlik ümumi təhsilin inkişafının müasir mərhələsində aparıcı tələblərdən biri kimi meydana çıxmışdır. Artıq dünyanın çox ölkələrində ümumi təhsilin bütün səviyyələrdən olan şagirdlərinin bir təhsil mühitində olması vacib tələblərdən birinə çevrilmişdir. Bu, daha çox ümumi təhsilin humanist xarakter daşımasından, yetişən gənc nəslə sosiallaşa bilmək üçün imkanların yaradılması zərurətindən irəli gəlmişdir.

Artıq bizim ölkəmizin təhsil mühitində də belə bir şəraitin yaradılması istiqamətində işlər aparılır. Əslində bu proses qlobal dünyanın təhsil tendensiyalarından biri kimi baş verməklə daha geniş miqyasda əhəmiyyət daşıyır. Bu həm də beynəlxalq təhsil yanaşmalarında faydalı təcrübə kimi dəyərləndirilməklə genişləndirilir.

İdarəetmənin inkişafetdirici xarakteri

Məktəbin uğurlu fəaliyyət göstərməsinin bir mühüm şərti onun peşəkarlıqla idarə olunmasıdır. Təhsil tarixi göstərir ki, ümumtəhsil məktəbinin idarə olunması təcrübəsi uzun illər boyu formalaşmışdır və əksər zamanlarda inzibati-amirlik onun aparıcı idarəetmə prinsipi olmuşdur. Bu gün məktəb özünün xarakterini və missiyasını dəyişməklə həm də yeni idarəetmə keyfiyyəti qazanmışdır. Məktəbi sadəcə inzibati qaydalarla, üsullarla yox, onu daha humanist və demokratik yanaşma tərzi ilə idarə etmək tələbləri meydana çıxmışdır. Professor Əbdül Əlizadənin təbirincə demiş olsaq, pedaqoji aləmdə olan inkişafetdiricilik elə müasir humanistləşdirmədir. Məktəbin idarə olunması insanların inkişaf etməsi naminə qurulmasıdır. Bu həm də müəllim-direktor, müəllim-müəllim, müəllim-şagird, eləcə də müəllim-valideyn arasında münasibətlərin inkişafına dəstək verə bilməsidir.

Bütün bunlarla yanaşı, məktəbin tədris-metodik ehtiyaclarının ödənilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsil müəssisələrində layihə üsulundan istifadə olunmaqla müxtəlif tapşırıqların yerinə yetirilməsi, məktəbin produktiv fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, müəllimlərin peşəkarlıqlarının artırılması və digər məsələlərin müzakirə obyektinə çevrilməsi də məqsədəmüvafiq hesab edilir.

Respublikada sentyabr konfranslarının keçirilməsi müəllimlərimizin ənənəvi tədbiri olmaqla həm də onların məsləhət, məşvərət yeridir. Ümidvarıq ki, bu konfranslarda yuxarıda qeyd olunan məsələlər ətrafında geniş müzakirələr təşkil olunacaq və orada söylənilən arzu və təkliflər ümumiləşdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutuna (Zərifə Əliyeva, 96) göndəriləcəkdir. Bu istiqamətdə fəaliyyət göstərən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.

yuxarı ⤴