1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 

 
 

 

 


Əlincə



İbrahim YUSİFOĞLU,
Naxçıvan MR Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”

Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qürur mənbəyimiz məğrur Əlincə.

O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.

Əlincə ən zalım, qəddar şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları,
Qoymayıb illərlə girə qoynuna.

Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.

Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.

Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!


Yoxluq



Rəşidə ALLAHVERDİYEVA,
Beyləqan rayonu I Şahsevən kənd Ə.Rüstəmov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bəzən bir yoxluğa dözə bilmirsən,
Bir məzar dil açıb ağlayar səni.
Bəzən bir gəzən “yox” ömrünü yeyər,
Hey durar qəsdinə, dağlayar səni.

Əsiri olarsan yoxluğun, heçin.
Çəkilməz əzabın,tərpənməz köçün.
Qəlbin elə yanar görünməz için.
Öz tüstün yolundan saxlayar səni.

Yurd salar yoxların çoxu içində,
Yaşarsan bir ömrü yuxu içində,
Sən ki azdırmadın yoxu içində,
Tanrı bu “yox”larla yoxlayar səni...


Son zəng



Ayşən BALOĞLANOVA,
Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin X sinif şagirdi

Bəs niyə bu qədər tez keçdi zaman,
Mən ki, doymamışam uşaqlığımdan.
Zəngi çalan adam bir azca dayan,
Dayanın, vurmayın sonuncu zəngi!

Qoy hələ bitməsin məktəb illəri,
Qoy dəcəllik olsun qəlbimin rəngi.
Könlümdə başqadır məktəbin yeri,
Dayanın, vurmayın sonuncu zəngi!

Bir azca səbr elə məktəbə baxım,
Yenə çanta alım belimə taxım.
Bir azca da gözlə yenə ağlayım,
Dayanın, vurmayın sonuncu zəngi!

Yenə misal versin mənə müəllim,
Qoy qalxsın havaya oxuyan əlim.
Bir azca da gülsün kədərli qəlbim,
Dayanın, vurmayın sonuncu zəngi!

yuxarı ⤴