1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Yeni peşələrə yiyələnmək əlçatan olacaq
08.09.2017 / No33

 

 

 


Kadr təhsilə başladığı gündən sifarişçi olan müəssisənin işçisi hesab ediləcək

Ruhiyyə DAŞSALAHLI

Azərbaycanda ilk dəfə olaraq peşə təhsili haqqında qanun layihəsi hazırlanır. Sənəd əvvəlcə Milli Məclisin Elm və Təhsil Komitəsində geniş müzakirə olunacaq, hazır olduqdan sonra plenar iclasa tövsiyə ediləcək.

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Onun sözlərinə görə, belə bir sənədin qəbulu təhsil sahəsində həyata keçirilən islahatlarla bağlıdır: “Təhsil haqqında” çərçivə qanunu qəbul olunaraq qüvvəyə minib. “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ali təhsil haqqında” və digər qanunların qəbulu da nəzərdə tutulurdu və artıq bunlardan biri - “Məktəbəqədər təhsil haqqında” qanun işləyir. Növbəti qanun layihəsi “Peşə təhsili haqqında” qanundur ki, bu da ölkəmizdə ilkdir. Belə ki, əvvəllər peşə təhsili ilə bağlı hər hansı qanun olmayıb. İndiyədək Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nümunəvi nizamnamə və digər hüquqi-normativ aktlarla tənzimlənib. Fikrimizcə, təhsil sahəsində həyata keçirilən islahatlar tələb edir ki, peşə təhsili sahəsində də qanun qəbul edilsin və həmin qanun əsasında peşə təhsili inkişaf etdirilsin”.

Mütəxəssis hazırlığı sosial sifariş əsasında həyata keçiriləcək

Millət vəkili peşə təhsili ilə bağlı həyata keçirilən islahatların əsas hədəflərindən danışıb. Onun sözlərinə görə, xidmət sahələri genişləndikcə, peşə sahibi olan gənclərə ehtiyac artır: “Azərbaycanda istehsal sahələri, qurulan fabrik və zavodlar, eyni zamanda turizmin və bütövlükdə xidmət sahələrinin genişləndirilməsi bu sahələrdə çalışacaq mütəxəssislərin qısa müddətdə hazırlanmasını tələb edir. Amma köhnə metodologiya, köhnə baza əsasında bunu etmək mümkün deyil. Bir tərəfdən qanunvericilik bazası, digər tərəfdən peşə təhsilinin uğurlu təşkili üçün maddi-texniki baza yaradılmalı, kadr potensialı təmin edilməli, əmək bazarı üçün rəqabətqabiliyyətli kadrların hazırlanmasını təmin edə biləcək təhsil proqramları olmalıdır”.

Məsələ burasındadır ki, sadalananlar sifarişçi olmadan əhəmiyyətsiz qala bilər. Belə ki, peşə təhsili sahəsində mütəxəssis hazırlığı sosial sifariş əsasında həyata keçiriləcək: “Xidmət və istehsal sahələrində ehtiyac duyulan peşələr müəyyənləşdirilərək hökumət qarşısında məsələ qaldırılacaq və verilən təkliflərə uyğun olaraq müəssisələrlə bağlanan ikitərəfli müqavilələr əsasında təhsil prosesi qurulacaq. Bir tərəfdən bilik auditoriyalarda əldə ediləcək, digər tərəfdən istehsal və ya xidmət sahələrində tədrisin bir hissəsi kimi həyata keçirilən praktik fəaliyyətlə bilik, bacarıq və vərdişlər möhkəmləndiriləcək”.

Sifarişlər müəssisələrdən olacaq

B.Əliyevin fikrincə, Azərbaycan iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorun payına düşdüyündən sifarişlərin çoxu müəssisələrdən olacaq. İstehsal və xidmət sahələrinin özünün marağı olacaq ki, rentabelli işləmək üçün mütəxəssislər hazırlansın.
Bundan başqa, peşə təhsili müəssisələrinin fəaliyyətini gücləndirməklə nəinki iş həyatına yenicə başlayan Azərbaycan gənclərinin, hətta köhnə peşə sahiblərinin də zamanın tələbinə uyğun peşələrə qısa zaman kəsiyində yiyələnmələrinə nail olmaq, hər kəsi 3, 6, 9 ay və ya 2-3 il ərzində peşə sahibinə çevirmək mümkündür. Odur ki, peşə təhsilinin əlçatanlığının təmin edilməsi üçün qanunda müəyyən maddələr nəzərdə tutulub. İstənilən şəxs hər hansı peşəyə yiyələnmək üçün müraciət edir və onun bu istəyi qısa müddətdə öz həllini tapır. B.Əliyev qeyd edir ki, burada heç bir məhdudiyyət olmayacaq. Hətta hansısa peşəyə yiyələnmək deyil, bəzən peşəni dəyişmək zərurəti də ortaya çıxır: “Elm və texnikanın sürətli inkişafı bir çox peşənin qısa müddətdə qocalması ilə nəticələnir. Həmin peşə sahibləri nə etməlidir? Yeni peşələrə yiyələnməlidirlər. Özü də qısa müddətdə buna nail olmalıdırlar. Mövcud bilik və bacarıqların əsasında yeni bilik və bacarıqlar formalaşdırılmalıdır. Ona görə də yeni peşələrə yiyələnməyi əlçatan etməklə, qısa zamanda istənilən yaşda insanın yeni peşə sahibi olmasını da təmin etmək nəzərdə tutulur”.

Peşə təhsili sahəsində irəliləyiş həm də iqtisadi inkişaf deməkdir

Əsas odur ki, çox vaxt sərf etmədən işinin peşəkarları yetişsin. Çünki peşəkarların hazırlanması, sadəcə xidmət sahələrinin deyil, iqtisadiyyatın əsasını təşkil edən fundamental sahələrin inkişaf etdirilməsi üçün də önəmlidir: “Tutaq ki, fabrik və zavodlar yeni istehsal sahələri yaradır. Məhsulların istehsalı və ixracı kadrların keyfiyyəti ilə sıx bağlıdır. Çünki istehsalın özü birbaşa peşəkarlardan asılıdır. Rəqabət sistemində peşəkarlara çox böyük ehtiyac olduğunun özəl müəssisələr də fərqindədir. Ona görə də sistem fərqli qurulacaq: kadrlar peşəyə yiyələnib sonra iş axtarmayacaqlar. Bunun səmərəsiz olduğunu hamımız bilirik. Təhsil Nazirliyi bu sistemi belə görür və biz də qanunverici orqan olaraq ona dəstək veririk: işəgötürənlə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması ilə bağlı qarşılıqlı razılaşma əldə olunur. Həmin razılaşmaya əsasən, yetişdirilən kadrın işlə təmin edilməsi bilavasitə sifarişçi şirkətin məsuliyyətinə aiddir. Burada ikitərəfli maraqlar təmin olunur. Həm yüksəkixtisaslı kadr hazırlanır, həm də iqtisadiyyat inkişaf etdirilir. Bu da əsas hədəflərdəndir”.

Kadr resurslarının təkmilləşdirilməsi dünyada ən önəmli məsələ sayılır. Belə ki, ixtisaslı kadrlara sahib olmaq müəssisələrin uğurunun 70-80 faizini təşkil edir. B.Əliyevin sözlərinə görə, məhz bu səbəbdən dövlət büdcəsindən də peşə təhsilinin inkişafına müəyyən ayırmalar olacaq: “Ancaq təbii ki, əsas vəsaiti müqavilələr əsasında işəgötürənlər ayıracaq. Yəni, kadr təhsilə başladığı gündən sifarişçi olan müəssisənin işçisi hesab ediləcək. Bu, Almaniya təcrübəsində də var. Tutaq ki, şirkətlər təhsil müəssisələri ilə müqavilə bağlayır, dərslərin bir hissəsi təhsil müəssisəsində, qalan qismi fabrik və ya zavodun özündə keçilir. Bu mexanizm real nəticə olduğu üçün çox faydalıdır. Əvvəlki dövrlərdə münasibət tamam başqa idi. Stereotip əsasında düşünürdülər ki, bir peşəyə yiyələnər, ona uyğun da iş axtararlar. Artıq məsələni bu cür qoymuruq. Təhsil Nazirliyi bu gün əmək bazarında rəqabətqabiliyyətli, işlə təmin oluna biləcək mütəxəssis hazırlığı ilə məşğuldur. Kadrlar bilir ki, təhsil aldığı peşə üzrə işi hazırdır. Bunun ölkə iqtisadiyyatının inkişafına çox böyük təkan olacağına inanırıq”.

Müəssisələrə imtiyazlar verilməlidir

Qanun layihəsi hazırlanarkən həm peşə təhsilinin, həm ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verəcək müəssisələr də unudulmayıb: “Peşə təhsili üçün ana qanunun yaradılması, hüquq və vəzifələrin müəyyənləşdirilməsinə çox böyük ehtiyac var. Çünki yalnız bu halda - yəni qanuni əsaslar olanda, hüquqlar dəqiq müəyyənləşdiriləndə fəaliyyəti daha səmərəli təşkil etmək mümkündür. Bu baxımdan qanunun qəbulu təhsil sahəsində aparılan islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verəcək. Hər bir məsələ məhz qanun çərçivəsində həllini tapmalı, səlahiyyət və vəzifələr, hətta imtiyazlar da müəyyənləşməlidir. Məsələn, düşünürük ki, müəssisələrə müəyyən imtiyazlar verilməlidir. Məsələn, vergidə müəyyən güzəştlər edilə bilər, yaxud yaradılan peşə məktəblərinin özünün istehsal sahələri ola bilər və onlara hər hansı güzəştlər tətbiq olunar. Bunlar müəssisələrin fəaliyyətini stimullaşdırar”.

Layihə üzərində işləyən işçi qrupun fəaliyyətinə toxunan B.Əliyev apardıqları çoxsaylı müzakirələrdə üstünlük verdikləri bəzi məqamları xüsusi qeyd edib. Onun sözlərinə görə, Milli Məclisin Elm və Təhsil Komitəsində yaradılan İşçi Qrup Təhsil Nazirliyi və digər sahələrdəki mütəxəssislərlə birgə iş aparıblar. Hətta Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Agentliyin təşəbbüsü ilə Avropa ölkələrindən bu sahə üzrə tanınmış mütəxəssislər ekspert qismində dəvət edilib, dünya ölkələrinin təcrübəsi öyrənilib, bunun əsasında qanunvericilik bazası hazırlanır: “Agentlik Azərbaycanda peşə təhsilinin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə bağlı xeyli iş görüb. Layihə üzərində iş həm də bu təcrübəyə əsaslanaraq aparılıb. Yəni, qanun mövcud reallıqlar və gələcəkdə nəzərdə tutulan məsələlərlə bağlı fikir mübadiləsi, ekspertlərin fikirlərinin təhlili əsasında işlənib”.

B.Əliyev onu da qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əldə etdiyi ən böyük uğurlardan, nail olduğu ən önəmli hədəflərdən biri də qəbul prosesində şəffaflığa nail olunmasıdır: “Bilirsiniz ki, peşə təhsilinə qəbul hazırda “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilir. Artıq bu prosesdə şəffaflığın təmin edilməsinə nail olunub”.

Müstəqil qərar qəbul edə bilən kadrlara üstünlük veriləcək

Davosda keçirilən Dünya İqtisadi Forumunun builki toplantısında peşə təhsilinin inkişafının zərurətə çevrildiyini təsdiq edən bəzi fikirlər səsləndirilib. Beynəlxalq tədbirdə yaxın gələcəkdə dünya əmək bazarında tələbatın kəskin hiss ediləcəyi bir sıra peşələr müəyyənləşdirilib. Peşə sahəsində insanlardan tələb olunan qabiliyyətlərin inkişaf etdirilməsi zəruri hesab edilib: “Forumda 10 istiqamət üzrə qabiliyyətləri müəyyənləşdiriblər. Burada müasir kadrlarda ən çox tələb olunan bacarıq və qabiliyyətlərdən söhbət gedir. Qeyd olunub ki, yaxın gələcəkdə, tutaq ki, yaradıcı şəxsə, tənqidi düşüncə, məsələlərə kompleks yanaşıb problemi çözmə qabiliyyətinə sahib kadrlara ehtiyac olacaq. Bir var ki, hadisənin nəticəsi qiymətləndirilir, bir də var ki, səbəb araşdırılır. Gələcəkdə məhz məsələni kökündən həll edən, problemin səbəbini aradan qaldıran, tənqidi düşüncə sahibi, müstəqil qərar qəbul edə bilən kadrlara, idarəçilik qabiliyyəti olan, ünsiyyət qura bilənlərə üstünlük veriləcək”.

Məhz bu məqam peşə təhsilinin önümüzdəki illərdə əhəmiyyətinin artacağından xəbər verir. Odur ki, istər hədəflər müəyyənləşdirilərkən, istərsə də qanun layihəsi hazırlanarkən dünya təcrübəsi əsas götürülüb. İşçi Qrup nəinki xarici təcrübəni öyrənib, həm də Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycana dəvət olunan ekspertlərlə Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə görüşlər keçirib. Həmin görüşlərdə hər iki tərəf üçün böyük maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. B.Əliyevin fikrincə, hər iki tərəf üçün bir-birinin təcrübəsində maraqlı detallar üzə çıxıb: “Hesab edirəm ki, həmin müzakirələr sadəcə bizim üçün yox, hər iki tərəf üçün faydalı oldu. Qanunun müəyyən maddələrinin daha da konkretləşməsində, bu sahədə görüləcək işlərin hüquqi bazasının daha da möhkəmləndirilməsində həmin görüşlər çox böyük əhəmiyyətə malik idi. Çünki Çin, İngiltərə, ən maraqlı olan Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi mümkündür. Almaniyada peşə təhsilinin bilavasitə istehsal sahəsi ilə əlaqəli olması və iş mexanizmi xüsusilə diqqətimizi çəkdi”.

Təhsildə keyfiyyət artırılacaq

Beləliklə, təhsilin digər sahələrində olduğu kimi, peşə təhsilində də ən önəmli hədəf, əsas məsələ keyfiyyətin artırılmasıdır. Məhz bunun üçün peşə təhsili sahəsində uğur qazanan dövlətlərin təcrübəsi öyrənilir və həm qanunvericilikdə, həm də həyata keçiriləcək proqramlarda nəzərə alınır. B.Əliyevin fikrincə, Təhsil Nazirliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri məhz peşə təhsilinin nüfuzunu artırmaq, keyfiyyətli təhsil verməklə ölkə iqtisadiyyatına gözlənilən müsbət təsiri artırmaqdır: “Bu istiqamətdə artıq addımlar atılıb və nailiyyətlər də qeydə alınıb”.
 

yuxarı ⤴