1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Dərslər harada və nə vaxt başlayır?
08.09.2017 / No33

 

 

 


Tətil həm də məktəblinin nəticələrini yaxşılaşdırmağa çalışması üçün bir zaman kəsiyidir

Rüstəm QARAXANLI

Növbəti tədris ilinin başlanmasına cəmi bir həftə qalır. Uşaqlar tətilin başa çatmasından, həmişə olduğu kimi, az əyləndiklərindən şikayətlənir, müəllim heyətini isə qarşıdakı ilin çağırış və problemləri məşğul edib. Bu arada isə dünyanın bəzi ölkələrində yeni məktəb ili artıq başlayıb - 1 sentyabrda. Elə ölkələr var dərslər fevralda, ya da martda başlayacaq.

Avropanın bir çox ölkəsində uşaqlar yaş etibarilə məktəbə bizdən tez başlayırlar. İtaliyada uşağını nə vaxt məktəbə qoyacağını valideyn özü müəyyən edir: burada məktəblər 5 yaşlı uşağı da qəbul etməyə borcludurlar. Saat baxımından avropalı uşaqlar bizimkilərdən çox oxuyurlar, gün ərzində dərslər 8 saat davam edir. Ancaq bu 8 saata bir saatlıq nahar, istirahət, küçədə gəzinti, ekskursiyalar və idman daxildir. Şagirdlərə ağır ev tapşırıqları verilmir.
Əksər hallarda çətin dərslər, məsələn, riyaziyyat və ya ana dili günün birinci yarısında keçilir. Əsasən də aşağı siniflərdə. Avropa məktəblərində fənn seçimi standartı demək olar eynidir. Riyaziyyat, dillər, dəqiq elmlər, tarix, cəmiyyətşünaslıq. İtaliyada misal olaraq, hesab edirlər ki, ədəbiyyat 13-14 yaşlı uşaq üçün çətin dərsdir. Ona görə də bu fənnə həmin yaş qrupunda çox az vaxt ayrılır.

O ki qaldı yeni məktəb ilinin başlama tarixinə, Avropa ölkələrinin əksəriyyətində eynilik mövcuddur: payızda. Ancaq təbiət şərtlərindən irəli gələrək bəzi isti yerlərdə uşaqlar payızın bir hissəsini də tətil edirlər.

“Qoca qitə”nin fərqli ölkələrində qiymətləndirmə sistemi dərs ilinin başlama tarixindən fərqli olaraq müxtəlifdir. Almaniyada 6, Fransada 20, İtaliyada isə 10 ballıq sistem tətbiq olunur. Təbii ki, söhbət ayrı-ayrı fənlərə münasibətdən gedir. Buraxılış imtahanlarında isə sıra 100 ballıq sistemə gəlir. Eyni zamanda əlavə aktivlik də nəzərə alınır, məsələn, idman və ya hər hansı müsabiqədə iştirak. Bu baxımdan, əlaçı 110 bal da ala bilər, maksimum nəticəyə əlavə məşğuliyyətlərinə görə 10 bal da əlavə edilir.
Avropanın əksər ölkələrində məktəb 13 il davam edir, 10 ili məcburidir, digər 3 il isə kollec və universitetlərə hazırlığa sərf olunur.

Avqust gəldi, dərslər başladı

Britaniyada uşaqlar 5 yaşından oxumağa başlayırlar, ancaq söhbət hazırlıqdan gedir. Burada əsas diqqət sosiallaşma və oyunlara yönəldilir. Sonra əsas fənlər gəlir (primary school), uşaqların arasında dostluq münasibətlərinin yaranmasına çalışılır. Dərs saatları fərqli ola bilər, baxır uşaq harada oxuyur, - adi məktəbdə, pansionda, yaxud Britaniyada çox populyar olan özəl məktəblərdə. Dərslər adətən 8:30-da, yaxud 9:00-da başlayır, bir saat nahar vaxtına ayrılır. Dərslərdən sonra uşaqlar idmanla, yaxud layihə işləri ilə məşğul olurlar.

Britaniya təhsil sisteminə görə, məktəblərdə dərslər adətən payızda başlayır, ancaq elə yerlər də var ki, payızdan əvvəl - avqustda da ola bilər. Yay tətilləri 6 həftə davam edir. Məktəb ili üç semestrli olduğundan, qışda və yazda da 2-3 həftəlik tətillər olur.

Keçilən əsas dərslər bunlardır: riyaziyyat, təbiətşünaslıq, dillər, idman. İkinci dil olaraq adətən fransız dili seçilir. Yuxarı siniflər yaxınlaşdıqca şagirdlər fənn seçimlərini özlərinin gələcək planları ilə əlaqədar dəyişə bilərlər. Bu səbəbdən Britaniyada uşaqların sinif dəyişmələri adi haldır. 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. 70-dən yuxarı əla, 50-69 yaxşı, 40-49 kafi, 30-39 kafidən aşağı və ya qeyri-məqbuldan yaxşı, bundan aşağı bal isə aydın məsələdir...
Britaniya təhsilinin özəl nüfuzu bir yana, burada da əsas prinsiplər ümumavropadakından fərqlənmir. Təhsil üç mərhələyə bölünür: ilkin, orta və ən çətini - universitetərəfəsi illər. İlkin məktəbə xüsusi önəm verilir, uşaqlar burada 11-12 yaşlarına qədər təhsil alırlar və əsasən sosiallaşma aksiyalarına cəlb olunurlar. Digər ölkələrdən fərqli olaraq Böyük Britaniyada pansion tipli məktəblər də geniş yayılıb. Uşaqlar adətən bir həftə belə təhsil ocaqlarında qalırlar. “İzvestiya” qəzetinin yazdığına görə, nə qədər maraqlı olsa da, Britaniyada qızlar və oğlanlar üçün ayrı məktəblər də məşhurdur. Mütəxəssislərin fikrincə, bu yolla gender bərabərliyinə nail olurlar. Yəni, vəzifələr bərabər bölünür, adi məktəblərdə hökm sürən “qızlar oğlanlara nisbətən daha yaxşı oxuyurlar” təəssüratı bu məktəblərdə yoxdur.

Hər ilin avqustu. 12 il

ABŞ-da da Avropanın bəzi yerlərində olduğu kimi, dərs ili avqustun sonlarında başlayır. Ancaq ştatdan ştata bu tarix dəyişə bilər. Amerikalılar 6 yaşından oxumağa başlayırlar, adətən aşağı siniflərdə fənn seçimi məhdud olur - uşaqlara oxuyub-yazmağı və hesablamağı öyrədirlər. Ancaq uşaqların siniflərdə bölüşdürülməsi onların məktəbə qəbulu zamanı verdikləri imtahanın nəticələrinə əsasən həyata keçirilir.

Amerikalı uşaqlar məktəbdə təxminən 7 saat olurlar - 08:30-dan 15:30-dək. Tədris ili 180 gün davam edir, rüblərə deyil, semestrlərə bölünüb. Qalan 185 gün istirahət və tətil günlərinə ayrılır ki, burada da vahid sistem yoxdur, günlərin sayı hər ştatda, yaxud hər məktəbdə müxtəlif ola bilər. Amerikalılar 17 yaşınadək məktəb təhsili alırlar. Məktəb 12 sinifdən ibarətdir. Məktəbəqədər təhsil isə uşaq bağçalarının yuxarı qruplarında həyata keçirilir, buraya uşaqları 5 yaşından gətirirlər.

Britaniyada olduğu kimi, ABŞ-da da uşaqlar fənləri özləri seçirlər. Bu, baxır onların gələcək məqsədləri və maraqlarına. Aşağı siniflərdə söhbət təqribən 5 fəndən gedir, yuxarı siniflərdə isə say arta bilər. Bununla belə, məcburi xarakter daşıyan bir neçə fənn var: riyaziyyat, təbiət elmləri, ingilis dili, cəmiyyətşünaslıq. Hər fənnə müəyyən “kredit” verilir, şagird proqramını özü elə tərtib etməlidir ki, semestrin sonunda ona lazım olan balları toplaya bilsin.

Bizdən fərqli olaraq Amerikada qiymətləndirmə rəqəmlə deyil, hərflərlə həyata keçirilir - A, B, C, D, E. Ancaq bu hərflər də rəqəmlərin analoqlarıdır, çünki son nəticə 100 ballıq şkala ilə ölçülür. Ən yüksək nəticə olan A 93 və ondan yuxarı baldır. Ən aşağı nəticə olan E isə 63 və ondan aşağıdır. Bir maraqlı nüans: ABŞ-da məktəblinin topladığı nəticə onun özündən və valideynindən başqa heç kimə bildirilmir.

10 günlük yay tətili

Yaponiyada təhsil təbiətin oyanışı ilə əlaqədar olaraq apreldə başlayır və martda bitir. Uşaqlar cəmi bir ay istirahət edirlər.

Çin ümumdünya praktikasına daha yaxındır, burada dərslər sentyabrın 1-də başlayır. Ancaq iki semestr davam edir: ikinci martın 1-də başlayır. Bizim uşaqlar tətillərin tez bitməsindən şikayət etdikləri halda çinli məktəblilər isti mövsümün yalnız 10 gününü evdə olurlar.

Yapon və çinli uşaqlar məktəbə 6 yaşında gedirlər. Ancaq məktəbəqədər hazırlıq prosesi onlarda avropalı həmyaşıdlarından daha zəngin və bəlkə də ağırdır. Çində məktəb səhər 8 və ya 9-da başlayır. Adətən dərs başlayana qədər çinli uşağın ən azı 1 saat dərsi təkrarlaması adi haldır. Dərslər saat 16-da bitir, bundan sonra bəzi məşğələlər, uşağın taqəti qalarsa, evdə də əlavə tapşırıqlar.

Yaponiyada da dərs səhər 8-də başlayır, axşam 18-də başa çatır. Sonra uşaqlar ya repetitor yanına gedirlər, ya da evdə özləri hazırlaşırlar. Tətil məktəblinin geridə qaldığı fənn və ya dərsi təkrarlamağa, nəticələrini yaxşılaşdırmağa cəhd etməsi üçün bir zaman kəsiyidir. Əsas fənlər riyaziyyat və ana dilidir, sonra gəlir təbiətşünaslıq, xarici dil və cəmiyyətşünaslıq. Xarici dil qismində adətən ingilis dilinə üstünlük verilir. Maraqlıdır ki, Yaponiyada məktəblərdə tək müasir yapon dili deyil, həmçinin qədim və orta əsrlər yaponcası öyrədilir. Hər bir məktəbdə bütün şəraitə malik idman qurğuları və musiqi texnikası mövcuddur.

Qiymətləndirmə sistemi hər iki ölkədə ABŞ-da olduğu kimi, A-dan E-dəkdir, sonda nəticələr 100 ballıq sistemlə hesablanır. Ən çətini isə buraxılış və ali məktəblərə qəbul imtahanlarıdır. Çində qəbul imtahanı olan qaokao həm də bir növ həyat sınağı hesab olunur. Ümumiyyətlə, Şərqin, əsasən də Çin və Yaponiyanın təhsil sistemləri uşaqlara tələbkarlığı ilə seçilir. Qərbdə əlavə məşğələlər, idman, sosiallaşmaya önəm verildiyi halda burada riyaziyyat hələ uşaq bağçasından keçilir.

Yeni dərs ili fevralda və martda da başlaya bilər

Son bir neçə ildə Latın Amerikasının bəzi təmsilçiləri təhsil sahəsində ciddi sıçrayışa nail olublar. Söhbət ilk növbədə Kuba, Argentina və Braziliyadan gedir. Argentinada ilkin təhsil 12 yaşadək davam edir və 6 ildir. Kubada 11 yaşadək. Braziliyada bu mərhələ 8 ildən ibarətdir. Orta təhsil Kubada 6 ildir: baza hissəsi 4, tam orta 2 il. Braziliyada orta təhsili 3, Argentinada 5-6 ilə almaq olar. Meksikada məktəbə 6 yaşında gedirlər, 6 il oxuyurlar, sonra iki il orta təhsilə sərf olunur. Bundan sonra uşaq istəyər təhsilini davam etdirər, istəyər gedib işləyər.

Argentina məktəblərində dərslər 5 gün davam edir. Adətən dərslər səhər 8:30-da başlayır, orta siniflər bir saat tez də başlaya bilər. Səhər növbəsi 13-dək davam edir, bu andan etibarən ikinci növbə başlayır və 17-də bitir. Kiçik fərqlərlə bütün Latın Amerikası ölkələrində belədir. Tədris ili 180-190 günü əhatə edir.

Bizdə yay olanda orada qış olduğundan dərslər də fevralda başlayır. Braziliya, Argentina və Kosta-Rikada belədir. Uruqvay və Çilinin “15 sentyabr”ı martın əvvəlidir. İstisna Meksikadır: 1 sentyabr. Dərslər iyunun 30-dək davam edir, dekabrda və apreldə tətillər olur.

Kubada məktəb təhsili bir neçə pillədən ibarətdir. 5-ci sinfədək uşaqlar riyaziyyat, informatika, təbiətşünaslıq dərsləri keçir, bədii gimnastika kursları və idmana gedirlər. 6-ci sinifdən yeni pillə gəlir: ingilis dili, Kubanın tarixi, Kubanın torpaqşünaslığı və əmək tərbiyəsi. Əvvəllər Kubada siniflərdə 40-45 uşaq olurdu. Təhsil sisteminin modernləşməsindən sonra hər sinifdə maksimum 15 uşaq ola bilər.

Argentinada xarici dil tədrisi 4-cü sinifdən başlayır. Söhbət əsas etibarilə ingilis dilindən gedir. Ancaq fransız və italyanca alternativləri də olur. Hazırda bu ölkədə ikidilli məktəblər populyarlaşır. Belə məktəblərdə uşaqlar birinci növbədə təhsili ana, ikinci növbədə isə xarici dildə alırlar. Uşaqlar incəsənət kurslarını da seçə bilərlər: xor, rəqs və gimnastika.

Bir sıra Latın Amerikası ölkələrində ədəbiyyata xüsusi önəm verilir. Bizim ali məktəblərdə oxuduğumuz əsərlər bu ölkələrdə orta məktəblərdə məcburi xarakter daşıyır. Məsələn, Kolumbiyada Qabriyel Qarsiya Markesin “Yüz ilin tənhalığı”nı oxumayan universitetə qəbul olunmur. Qiymətləndirmə 10 ballıq sistemlə həyata keçirilir. 7-dən yuxarı məqbul sayılır. Bu hesablama sistemi trimestrlər arası verilən testlərin məcmusudur. Uşaq imtahanlarda yaxşı qiymət almadısa, təhsili yarımçıq qalmır, sinifdən sinfə keçir. Ancaq məktəb bitənədək həmin “borclar” ödənməlidir.

Son onillikdə Latın Amerikası ölkələrində təhsil göstəriciləri sürətlə yüksəlir. Bu fonda Kuba ayrıca yer tutur. Hələ ötən əsrin 50-ci illərində bu ölkədə 1 milyondan çox təhsilsiz uşaq var idi. Hazırda isə Kuba təhsilə dövlət büdcəsinin 10%-ni xərcləməklə bu göstərici ilə ABŞ və Böyük Britaniyanı geridə qoyur.


 

yuxarı ⤴