1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Azərbaycan dili dərslərində yazılı nitqin inkişaf etdirilməsi
08.09.2017 / No33

 

 

 


Şagird yazılı formada da özünü ifadə etməyi bacarmalıdır

Sənubər ŞÜKÜROVA,
Şamaxı şəhər M.Hadi adına 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, dissertant

Müasir təhsil müəllimdən yaradıcı olmağı və dərsə yaradıcı proses kimi yanaşmağı tələb edir. Yaradıcı proses zamanı isə şagird bir şəxsiyyət kimi formalaşır, inkişaf edir, müəllimlə birlikdə dərsin ayrılmaz bir hissəsinə çevrilir. Bu gün müəllimin qarşısında oturan şagird artıq ənənəvi təlimdəki bütün deyilənləri qeydsiz-şərtsiz qəbul edən, hazır bilikləri olduğu kimi mənimsəyən obyekt deyil. O, istənilən məlumatı müxtəlif mənbələrdən almağı bacaran, araşdırmalar aparan, nəticələri özü çıxaran kiçik tədqiqatçıdır. Təlim prosesində müəllim artıq məlumat mənbəyi kimi deyil, bu tədqiqata istiqamət göstərən bələdçi kimi çıxış edir.

Təlimin məqsəd və vəzifələri dəyişdiyi kimi metod və üsulları da dəyişmişdir. Təlim prosesində daha çox uğur qazanmaq müəllimin bacarığından, dərsin məqsədindən, eləcə də mövzunun seçilməsindən asılıdır.

Müasir şagird müstəqil və yaradıcı formada özünü ifadə etmək bacarığına malik olmalıdır. Məlumat toplamaq, tədqiqat aparmaq, nəticə çıxarmaq özünüifadəetməni şərtləndirir. Bu, şifahi və yazılı formada olur. Şagird şifahi formada olduğu kimi yazılı formada da özünü ifadə etməyi bacarmalıdır.

Azərbaycan dili fənninin tədrisində qarşıya qoyulan əsas məqsədlərdən biri şagirdlərdə fikri şifahi və yazılı formalarda ifadə edə bilmək bacarıqları aşılamaqdır.

Lakin bu, həmişə belə olmur. Şifahi və yazılı nitq paralel olaraq inkişaf etməyə də bilər. Bəzən şifahi formada özünüifadə inkişaf etdirilir, yazılı forma isə tamamilə arxa plana keçir.

Azərbaycan dili fənn kurikulumunda yazı məzmun xətti də məhz yazılı özünüifadəni nəzərdə tutur. Yazı məzmun xəttinin əsas və alt-standartları isə müxtəlif tipli tapşırıq və yazı növləri ilə reallaşa bilər. Ənənəvi təlim prosesində yazılı nitq bacarıqlarının inkişafı üçün inşa və ifadə təlimindən daha geniş istifadə olunurdu. Bu zaman şagirdlər, adətən, inşa kitablarından və ya dərsliklərdən hazır şablon materialı olduğu kimi, bəzən də müəyyən dəyişiklik aparmaqla köçürürdülər. Müasir dərs prosesində də ifadə və inşalardan istifadə olunur. Lakin bu yazılar ənənəvi təlimdə olduğu kimi formal xarakter daşımır, yaradıcı şagird təfəkkürünün məhsulu kimi ortaya çıxarılır.

Fəal təlimdə ifadə dinləmə mətni əsasında, eləcə də oxu və dinləmə mətnləri əsasında ümumiləşdirmə aparılaraq yazılır. Oxuyub və dinlənilib anlanan hər iki mətn üçün ortaq əsas fikir müəyyənləşdirilir. Bu zaman isə şagirdin yazı bacarıqları ilə yanaşı dinləyib-anlama və ümumiləşdirmə aparma bacarığı da qiymətləndirilmiş olur. Bu, ümumiləşdirici dərslər zamanı, eləcə də dərsin istənilən mərhələsində həyata keçirilə bilər.

İfadə yazmaq üçün əvvəlcə ifadənin planını tərtib etmək, daha sonra isə ardıcıllığı gözləməklə qrammatik və üslubi cəhətdən düzgün cümlələr qurmaq tələb edilir. İfadə yazılar, əsasən, üç məqsədə xidmət edir: fikri ardıcıl, rabitəli şəkildə ifadə etmək, ümumiləşdirmə aparmaq, nəticə çıxarmaq vərdişlərinə yiyələnmək; yeni öyrənilən söz və ifadələrlə nitqi zənginləşdirmək; sözləri orfoqrafik cəhətdən düzgün yazmaq, durğu işarələrindən məqsədəuyğun şəkildə istifadə etmək bacarıqlarını inkişaf etdirmək.

Geniş yayılmış təlim üsullarından olan essedə isə inşadan fərqli olaraq əsas məqsəd müəllifin mövzuya uyğun şəxsi fikir bildirməsi, özünü müstəqil ifadə etməyi bacarmasıdır. Essedə seçilmiş problem təhlil olunur. Burada əsas məsələ faktı yox, onun yaratdığı təəssüratları təsvir etməkdən ibarətdir. Essenin müəllifi seçdiyi problemi izah və təhlil edərkən ifadə tərzinin sistemli, ardıcıl, qənaətlərinin hamı üçün məqbul sayılmasının qayğısına qalmır. Esse bir tərəfdən nitq və təfəkkürün inkişafına təsir edir, digər tərəfdən şagirdin hadisələrə birbaşa münasibət bildirməsinə, təhlil aparmasına təkan verir.

Hekayə də yazılı nitq bacarıqlarının inkişafına xidmət edir. Hekayə yazmaq üçün şagird geniş təxəyyülə malik olmalı, şahidi və iştirakçısı olduğu hadisəni qələmə almağı bacarmalıdır. Ardıcıl və rabitəli şəkildə nəql edilən hadisə müəyyən bir süjet xəttinə malik olmalıdır. Hekayə yazmaq məqsədilə mövzu seçilərkən onun hamı üçün maraqlı və aktual sayılmasını nəzərə almaq lazımdır. Şəxsi həyat təcrübələri əsasında yazılan hekayələr şagirdlərin yaradıcı təfəkkürünü üzə çıxartmağa və inkişaf etdirməyə təkan verir. Bəzən şagirdlər yazmağa o qədər aludə olurlar ki, çoxlu qrammatik və üslubi səhvlərə yol verirlər. Düzdür, əsas məqsəd yaradıcı təfəkkürü inkişaf etdirmək, fikri yaradıcı ifadə etmək olsa da, şagirdlərin yazı yazarkən orfoqrafik qaydalara əməl etməsi, düzgün cümlələr qurması, sözləri məqsəd və vəzifəsinə görə yerli-yerində işlətməyi bacarması da əsas şərtlərdəndir. Şagirdlər bəzən hadisəni aydın və ardıcıl nəql etmirlər. Onlara elə gəlir ki, təsvir olunan hadisə hamıya aydındır. Bu səbəbdən də geniş və əhatəli yazmağa ehtiyac görmürlər. Bu da fikrin qeyri-dəqiq ifadəsinə səbəb olur. Aydın məsələdir ki, hekayə yazmaq hər bir şagirddə eyni dərəcədə müvəffəqiyyətlə alınmayacaq.

Yazılı təqdimat isə təkcə dil və ədəbiyyat dərslərində deyil, digər fənlərin tədrisində də daha çox istifadə oluna bilən təlim üsullarındandır. Bu zaman şagirddən müxtəlif mənbələrə müraciət etmək, müstəqil araşdırma aparmaq, topladığı məlumatları sistemləşdirmək, bir-biri ilə əlaqələndirmək tələb olunur. Təqdimat həm adi, həm də elektron formada da tərtib edilə bilər. Lakin bütün hallarda təqdimat üçün müəyyən tələblər gözlənilməlidir. Təqdimatın mətni düzgün tərtib, fikirlər ardıcıl, səlis və aydın şəkildə ifadə edilməli, cümlələr üslubi və qrammatik cəhətdən düzgün qurulmalı və mətn tipinin (nəqli, təsviri və mühakimə) tələblərinə riayət olunmalıdır.

Cəld yazı üsulunda isə şagirdlərə müəyyən tapşırığı yerinə yetirmək üçün qısa bir müddət - 3-5 dəqiqə verilir. Bu vaxt ərzində müəyyən bir mövzu haqqında qısa, lakonik yazmaq tələb olunur. Cəld yazı üsülu daha çox motivasiya mərhələsi üçün məqsədəuyğun sayıla bilər. Verilən müddət az olduğu üçün şagirdləri qiymətləndirərkən dil qaydalarından daha çox məzmun nəzərə alınmalıdır.

Sərbəst yazı zamanı da şagirdlərə verilən vaxt azdır (10-15 dəqiqə). Lakin bu vaxt ərzində şagirddən müəyyən mövzu ətrafında daha çox fikir ifadə edə bilmək, fikri yekunlaşdırmaq tələb edilir. Bu zaman daha çox mətnin məzmunu və onun verilən mövzuya uyğun olub-olmaması nəzərə alınır. Sərbəst yazı üsulu şagirdlərdə müstəqil fikir bildirmək, daha tez düşünə bilmək və düşündüklərini ifadə edə bilmək bacarığını formalaşdırır.

Müzakirə əsasında qurulan yazılı debatın tətbiqi zamanı sinif iki qrupa bölünür. Birinci qrup tapşırılan mövzu üzrə fikirlərini, digər tərəf isə bunlara cavab hazırlayır. Hazırlanan arqumentlər və onların cavabları qısa, konkret və aydın olmalıdır. Debatın bu forması zamanı artıq şifahi müzakirə aparılmır. Bütün müzakirələr yalnız yazılı formada həyata keçirilir. Qısamüddətli debatın əsas məqsədi tez bir zamanda fikri aydın və lakonik ifadə etmək bacarığı aşılamaqdır.

Yazılı nitq bacarıqlarının inkişafını nəzərdə tutan yazı növlərindən biri də məruzədir. Verilmiş mövzu ətrafında məlumat toplamaq, ümumiləşdirmələr aparmaq və fikirlərini əsaslandırmaq bacarıqlarını formalaşdırmağı nəzərdə tutan məruzənin mövzusu həm də şagirdlərin maraq dairəsinə uyğun olmalıdır.

Bütün bu qeyd olunanlardan başqa nağılı və ya mətnin sonluğunu dəyiş, mətnin hissələri arasına əlavələr et, dialoqları nəsr şəklində ifadə et və s. tipli tapşırıqlar da məhz şagirdlərdə yazılı nitq bacarıqlarının inkişafına xidmət edir.

Kompüter texnologiyalarının inkişaf etdiyi müasir zamanda artıq yazılı nitq ünsiyyət vasitəsi kimi şifahi nitqi üstələməkdədir. Sosial şəbəkələrdəki sərbəstlik, internet yazışmalarının geniş yayılması fəal internet istifadəçisinə çevrilmiş məktəb şagirdlərinin yazılı nitqinə mənfi təsir göstərir. Sözləri tələffüz edilən şəkildə yazmaq, varvarizm və vulqar sözləri yazılı nitqə daxil etmək, şifahi nitqə məxsus cümlə quruluşlarından istifadə etmək və s. kimi yazı qaydalarının pozulması hallarına şagirdlərin ədəbi yazılarında da rast gəlinir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴