1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“İfa etdiyim dəsgahlar “Qızıl fond”da saxlanılacaq”
08.09.2017 / No33

 

 

 


Almaxanım Əhmədli, VI Muğam Müsabiqəsinin qalibi: “Ən çətin imtahanlarım hələ qarşıdadır”

Sifai SƏFƏROVA

Musiqi dünyasında özünün zəngin fəlsəfəsi, məna çalarları ilə seçilən muğam və onun korifey daşıyıcıları barədə çoxlu kitablar, monoqrafiyaları şeir və poemalar yazılıb. Qədim Şərq mədəniyyətinin ən inci, ən ülvi yadigarı kimi canımıza, qanımıza hopan muğamın təravəti, şirinliyi Xan əminin, Seyidin, Cabbarın, onlarla başqa ustadların nəfəslərindən yayıldı, sevildi və bu gün də xalqımızın ömrünü, musiqi duyumunu bəzəməkdə, təravətləndirməkdədir. Klassik muğam ifaçılıq sənətinin davamçıları bu gün də bu dəryanın bal dadını gənclərimizin boğazlarında, zəngulələrində yaşatmağa çalışırlar. Ustad sənətkarlardan dərs alan, bu gün özləri ustad zirvəsindən musiqi, xüsusilə muğam dünyamızı zənginləşdirən yeniyetmə və gənc xanəndələri seyr edən, onları səs və zəngulə meydanlarında ruhlandıran xalq artistləri Əlibaba Məmmədov və Arif Babayev kimi müəllimlərin dillərindən qopan xoş sözlər muğamımıza, onun ağır yükünü tək boğazlarında deyil, coşan ürəklərində yaşadanlara məhəbbətimizi birə-beş artırır. Qürur hissi ilə demək olar ki, gözəl səs sahibləri olan bugünkü gəncliyimiz bu missiyanın öhdəsindən layiqincə gəlir. Artıq onlar öz yaşıdları arasında muğam ifaçılıq sənətinin sirlərinə tam yiyələnən istedad sahibləri kimi seçilir, sevilirlər.

Belə gənclərdən biri də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam müsabiqəsi başlanan gündən bal səsi, zəngülələri ilə ustad sənətkarların diqqətini cəlb edən Almaxanım Əhmədli oldu. Haqqında ətraflı məlumat almaq üçün gənc xanəndənin atası, tanınmış şair, professor Vüqar Əhməd ilə telefon əlaqəsi saxladıq. Sevincinin hədd-hüdudu yox idi: “Qızım Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinə daxil olub. Çox sevincliyəm. Çünki o, bu çətin sahədə bütün uğurları gərgin zəhməti hesabına qazanıb. Yuxusuz gecələr, məşqlər, inadkarlıq, ən başlıcası bu çətin sahəyə olan hədsiz məhəbbəti nəhayət ki, öz bəhrəsini verdi. Qızımın müəllimi, əməkdar artist Təyyar Bayramovu da təbrik edirəm. O, tək gözəl xanəndə olduğunu deyil, eyni zamanda gözəl müəllim olduğunu da sübut etdi”.

Qeyd edək ki, Almaxanım Əhmədli 2001-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə paytaxtdakı S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, sonra isə 259 nömrəli tam orta məktəbdə təhsil alıb. Nümunəvi davranışı, ağlı, zəkası ilə məktəbin fərqlənən şagirdlərindən olub. Səsinin şirinliyi, özünəməxsus ifa tərzi müsabiqə boyu tamaşaçıları heyran edib. Artıq yeniyetmə yaşlarında muğam sənətinin sirlərini tam mənimsəyən ifaçı paytaxtdakı 13 nömrəli musiqi məktəbinin muğam şöbəsini fərqlənmə diplomu ilə bitirib. Onunla söhbətimiz də olduqca maraqlı keçdi.

Korifey sənətkarları dinləməkdən doymuram

-2014-cü il mənim üçün çox uğurlu olub, - dedi. Türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi bürünc medalın sahibi oldum. Həmin ilin iyulunda isə muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət “Qarabağ” adlı ilk diskim işıq üzü gördü. Pərəstişkarı olduğum korifey sənətkarların muğamlarını dinləməkdən doymuram. Bütün janrlarda oxumağı bacarsam da, muğam ifaçısı kimi tanınmaq arzusundayam. Çünki məhz muğam ifa edərkən mən mənəvi dünyamda rahatlıq tapır, arzularımın qanadında pərvaz edirəm. Gələcəkdə planlarım çoxdur, yeni mahnılar yazdırmaq həvəsindəyəm. “Bu dünyanı sevim, sevməyim” adlı mahnım da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Düşünürəm ki, bu istiqamətdə işlərimi davam etdirməli, bu çətin sənətin sirlərinə daha dərindən yiyələnməliyəm. Yaxşı ifaçı olmaq üçün öz üzərimdə daha da çox çalışıram. Azərbaycanın musiqi tarixini, mədəniyyətini mükəmməl bilməliyəm. İngilis, ərəb, fars və türk mahnılarını da ifa edirəm.

Həyatımda ən unudulmaz gün

...Çoxdankı arzum idi muğam müsabiqəsinə qatılmaq. Nəhayət ki, həmin gün reallaşdı. İyunun 12-si. Heydər Əliyev Mərkəzində altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində adımı qaliblər sırasında gördükdə sevincimdən az qala qanad açıb uçacaqdım. Üç ay müddətində gənc xanəndələr birincilik qazanmaq uğrunda yarışırdılar. VI “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində münsiflər heyətinin qərarı ilə Qran-pri mükafatına layiq görüldüm. Avqust ayında 16 yaşım tamam olduqdan sonra isə AzTV-də solist kimi fəaliyyətə başlayacağım barədə məlumat aldım. Eyni zamanda, müsabiqədə ifa etdiyim dəsgahlar teleradionun “Qızıl fond”unda saxlanılacaq xəbərini eşitdim. Bundan da böyük xoşbəxtlik olarmı?

Müsabiqə qalibi olmaq üçün çox çalışırdım

- 3 aydan artıq davam edən yarışma müddətində öz üzərimdə səylə çalışırdım. Müəllimlərimlə məşqlər edirdim. Yeni qəzəllər əzbərləyir, repertuarımı rəngarəng etməyə çalışırdım. Əməkdar artist Təyyar Bayramov müəllimim olub, üzərimdə əməyi böyükdür. Hər dəfə səhnəyə çıxanda mənimlə bərabər o da həyəcan keçirirdi. Tamaşaçılar arasında onu görəndə daha da ürəklənirdim. Bəlkə də kənardan baxanlara elə görünür ki, sadəcə qəzəldir də oxuyuruq, vəssalam. Ancaq belə deyil. Bu, çox çətin bir prosesdir. Bir həftə ərzində böyük bir repertuar hazırlamaq sənətdə özünü təsdiq etməyə çalışan gənc üçün asan iş deyil. Təsəvvür edin ki, biz bir dəsgahı bir həftəyə hazırlamalı olurduq və hər birimiz də bu çətin tapşırığın öhdəsindən gəlməyə çalışırdıq.

İlk dəfə məni atam təbrik etdi

- Hər dəfə səhnəyə çıxanda atama söz verirdim ki, qələbə qazanacağam. Elə də olurdu. Çünki onun inamlı, güvəncli baxışları mənə güc verirdi. Həmin gün təbriklər yağışına bürünmüşdüm. Hamı zəng edib təbrik edirdi. Zəhmətimin bəhrəsi göz önündə idi. Əslində qalib olmağa hazır idim. Axı, çox çalışmışdım. Münsiflər heyəti hər dəfə mənim ifalarıma yüksək qiymət verirdi. Muğam ifaçılığı sahəsində zirvədə dayanan xalq artisti Əlibaba Məmmədovun verdiyi yüksək qiymət mənim özümə inamımı artırırdı.

Uşaqlıqdan musiqi həvəskarı olmuşam

- Musiqi sədaları altında dünyaya göz açmışam. Hər gün eşitdiyim gözəl musiqilər mənə ana laylası qədər əziz idi. Dayım İzzət Bağırov da gözəl ifaçıdır. O, muğam janrında ifa etməsə də, estrada janrının mahir ifaçılarındandır. Uşaqlıqdan musiqi həvəskarı olmuşam. Ümumiyyətlə, ailəmiz muğamsevərdir. Atam musiqiçi olmasa da, 7 illik musiqi təhsili var. Özü də musiqişünasdır. O, bütün muğamları gözəl bilir. Muğam janrı xalqımızın mənəvi irsidir. Biz onu bütün dünyaya tanıtmalıyıq. Muğamla ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ etmək istəyirəm. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım həmişə gənc muğam ifaçılarımıza dəstək olur.

Muğam ifaçısı kimi özümü təsdiqləmək istəyirdim

- Muğam müsabiqəsindən üç il əvvəl efirlərdə mütəmadi olaraq görünürdüm. Tam muğam janrında olmasa da, başqa janrlarda mahnılar oxuyurdum. Bu müsabiqəyə qatılmaqda məqsədim özümü muğam ifaçısı kimi təsdiqləmək idi. İlk olaraq 400 nəfər müraciət etmişdi. Onların içərisində istedadlı və gözəl səsli ifaçılar az deyildi. Amma bu, məni zərrəcə qorxutmadı. 4 ay ərzində əziyyət çəkdim və məqsədimə nail oldum. Bunun üçün öncə ailə üzvlərim mənə çox dayaq oldular. Bəlkə də qalibiyyətimin əsas səbəbkarı da elə onlardır. Odur ki, valideynlərimə çox minnətdaram.

Bu, mənim üçün böyük şansdır

- Bir neçə aydan sonra AzTV-nin solisti olacağam, əlbəttə bu, böyük etimaddır. Bu, mənim üçün böyük şansdır. Dövlət televiziyasında solist kimi çalışmaq hər ifaçıya nəsib olmur. Buna görə də Tanrıma və Azərbaycan Dövlət Televiziyasının rəhbərliyinə, xüsusilə Arif Alışanova təşəkkür edirəm. Onlar gənclərə hər zaman dəstəkdirlər.

Arzulayıram ki, nə vaxtsa Leyli obrazını canlandırım

- Yeri gəlmişkən, sənətinin, səsinin vurğunu olduğum müəllimim Təyyar Bayramova da təşəkkürümü bildirirəm. Bütün nailiyyətlərimdə onun əməyi var. Onunla bərabər xalq artistimiz Mənsum İbrahimovdan da öyrəndiklərim olub. Opera və Balet Teatrının səhnəsində çıxış etməksə arzularımın sırasında bəlkə də ən öndə yer tutur. Arif müəllim dedi ki, inşallah səni gələcəkdə Leyli kimi görərik. Mən də arzulayıram ki, nə vaxtsa “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırım. İnşallah, gələcəkdə layiq görsələr, sevə-sevə bu rolu öz ifamda bir daha sevdirərəm. Çünki öz potensialıma inanıram. Bilirəm ki, əziyyət çəkərək, istənilən uğura imza ata bilərəm. Beynəlxalq festivallarda ölkəmizi təmsil etmək istəyirəm. Ümumiyyətlə, gələcək planlarım çoxdur, lap çox.

Tələbə adını qazanmışam

- Milli Konservatoriyaya qəbul olub tələbə adını qazanmışam. Bu nailiyyətim musiqi sahəsində nəzəri biliklərə daha dərindən yiyələnəcəyimə zəmin yaradacaq. Musiqi bir dəryadır, orada hərə bacardığı qədər üzə bilər. Mən ən dərinliklərə baş vurmağı xoşlayıram. Müəllimlərimin, nəğməkar şair olan atam Vüqar Əhmədin ümidlərini doğruldacağıma söz vermişəm. Ən çətin imtahanlarım da hələ qarşıdadır. Bu gün tələbə adını qazandımsa, o imtahanlara da hazır olduğumu sübut etməliyəm. İnşallah, edəcəyəm də.

yuxarı ⤴