1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Təhsilin keyfiyyəti ən prioritet məsələmizdir”
16.09.2017 / No35

 

 


Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib

Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.
Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada ulu öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq.

Qeyd edək ki, paytaxtın bəzi təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşüblər, onları Bilik günü münasibətilə təbrik ediblər. Bildirilib ki, builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Kollektivi yeni dərs ili münasibətilə təbrik edən ölkə başçısı 20 nömrəli məktəbin indi dünyanın ən yüksək standartlarına cavab verdiyini vurğulayıb: “Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir. Təxminən 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdü, mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdı, o vaxt üçün bəlkə də pis aparılmamışdı, ancaq bizim bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin. Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən olur, şəhərimizdə belə şayiələr gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində yeni gözəl məktəb tikilsin və biz bunu da etdik. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq hazırda o qədər də asan deyil. Çünki son illərdə həm Bakıda, həm bölgələrdə bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb doğrudan da bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində Bakı şəhərində demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır: “Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”. Dövlət başçısı bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblərin tikildiyini vurğulayaraq, qəzalı məktəblərlə bağlı olan problemin yaxın iki-üç il ərzində öz həllini tam tapacağına əminliyini ifadə edib: “Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu verib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəb yenidən tikilib. Bu proses davam edir və davam edəcək”.
Prezident İlham Əliyev məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyətinin də artdığını bildirib: “Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, qəbul imtahanlarında, ali məktəblərə imtahanlarda özünü göstərir. Bizim məktəblərimiz beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcək. Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkə üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar”.

Prezident qeyd edib ki, hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyənləşdirir. “Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək” - deyən dövlət başçısı iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyaların sahiblərinin bu gün dünyada da söz sahibləri olduğunu vurğulayıb: “Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən, bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz etməlisiniz - müəllimlər, təhsil işçiləri ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz. Eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”.
Sonda Prezident İlham Əliyev belə gözəl məktəbdə bütün tövsiyələrinin öz yerini tapacağına əminliyini ifadə edib.

yuxarı ⤴