1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məktəb zamanı gəldi
16.09.2017 / No35

 

 

 


Modul tipli məktəblər, “Sağlam təhsil” sinifləri, yeni tədris proqramı əsasında dərsliklərlə

Ruhiyyə DAŞSALAHLI

Qızğın hazırlıq dövrü başa çatdı. Məktəblər də, valideynlər də eyni həyəcanla bütün işlərini məktəb başlayana qədər yekunlaşdırmağa çalışdı. Artıq ilk dərs günü də geridə qaldı. Bu gündən həyata keçiriləcək bütün tədbirlər, yeniliklər əsas etibarı ilə təhsilin keyfiyyətinə hədəflənəcək.

Hər il olduğu kimi, bu il də minlərlə azyaşlı əlinə ilk dəfə çanta götürdü. Bəlkə çantası özündən daha böyükdür?! Fərqi yoxdur. Körpə çiyinləri valideyn və müəllimlərinin köməyi ilə bu yükün öhdəsindən gələcək. Onların bir qismi birinci sinfə gedəcək, digər qismi də məktəbəhazırlıq qruplarında təhsil alacaq.

Artıq məlum olduğu kimi, təhsilin keyfiyyətinə təsir edən amillərdən sayılan məktəbəhazırlığın əhatə dairəsi genişləndirilir. Məlumata görə, təkcə paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına qəbul olunmaq istəyənlərin sayı 15 minə çatıb. Belə ki, elektron sistemdə 14948 ərizənin onlayn qeydiyyatı aparılıb.

Ölkə üzrə 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən il 5 yaşlıların 55 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub. Bu, təxminən 90 minə yaxın uşaq demək idi. 2020-ci ilədək bu göstəricinin 90 faizə qaldırılması planlaşdırılıb.

Birinci sinfə gedəcək uşaqların da təxmini sayı müəyyənləşdirilib. Paytaxtda 46 min, bütün ölkədə isə 165 min uşağın birinci sinifdə oxuyacağı proqnozlaşdırılır.

Ümumilikdə bu il məktəblərə təxminən 1445049 şagird gedəcək. Onların 665806 nəfəri qız, 779243 nəfəri isə oğlandır.

Təmayüllü siniflərin sayı artır

Bu il məktəblərdə təşkil edilən təmayül siniflərin də sayı artacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulub. Ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alan məktəblilərin 45 faizi təmayül siniflərə cəlb ediləcək.

Qeyd edək ki, təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.

“Sağlam təhsil” siniflərinin sayı artırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. BŞTİ müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək.

“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb.

“Məktəblinin dostu” daha bir məktəbdə

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” bu il fəaliyyətini 31 məktəbdə davam etdirəcək. Belə ki, tədris ilinin başlanğıcından etibarən Bakı şəhəri 20 nömrəli məktəb-lisey layihənin icraçı məktəbləri sırasına qoşulacaq.

Layihənin məqsədlərinə uyğun olaraq bu tədris ili üçün şagirdlərin hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında faydalı olacaq müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Tətbiq olunduğu ilk 6 ay ərzində layihənin şagirdlərin sosial mühitinə müsbət təsir etdiyi və ümumi olaraq effektivliyi öz təsdiqini tapıb. Bunları nəzərə alaraq yaxın gələcəkdə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin daha da genişləndirilməsi düşünülür.

Unutmayın: “İstifadə olunan dərslik növbəti ildə başqa bir şagirdə ötürülür”

Hər il olduğu kimi, bu il də dövlət ümumtəhsil məktəblərinin şagirdləri dərsliklərlə təmin olunacaq. Bu məqsədlə 2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu il əsas dəyişiklik kurikulumun tətbiqi ilə əlaqədar olaraq X sinif dərslikləri ilə bağlıdır. Dərsliklərin yerlərə çatdırılması bu il həmişəkindən daha tez yekunlaşıb.

Bundan sonrakı mərhələdə məsuliyyət məktəblərin və şagirdlərin üzərinə düşür. Məktəblər hər bir şagirdi dərsliklə təmin, şagirdlər isə əldə etdikləri dərsliklərin istifadə qaydalarına əməl etməyə borcludur. Təhsil naziri Mikayıl Cabbarov bununla bağlı bir məqamı xüsusi qeyd edib: “Ölkə qanunvericiliyinə uyğun olaraq, hər bir dərsliyin istifadə müddəti 4 ildir: Dörd ildən bir həmin dərsliklər yenidən çap edilir. Təhsil Nazirliyi dərslik istifadəçilərinə, şagirdlərə, valideynlərə, müəllimlərə bu məqamı xatırladır. İstifadə olunan dərslik növbəti ildə başqa bir şagirdə ötürülür”.

Biliyin qiymətləndirilməsi təhsildə keyfiyyətin artdığını göstərir

Aparılan islahatlar, layihələr, yeni plan və proqramlar təhsildə keyfiyyətin artmasına səbəb olub. Bunu Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumatlar da təsdiq edir. Belə ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70797 nəfər iştirak edib. Bu, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayının azalması deməkdir. Ancaq 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayının artması iştirak edənlərin bilik səviyyəsinin yüksəldiyindən xəbər verir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35790 (50.6 faiz) təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7, 2015-ci ildəki göstəricidən 10.6, 2014-cü ildəki göstəricidən isə 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34475, 2015-ci ildə 33198, 2014-cü ildə isə 32159 nəfər təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.

Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6, II ixtisas qrupu üzrə 4.6, III ixtisas qrupu üzrə 7.8, IV ixtisas qrupu üzrə isə 10.9 faiz artıb.

Müəllimə və müəllimliyə münasibət dəyişir

Görünən odur ki, yüksəliş sadəcə təhsilin keyfiyyətində deyil, həm də müəllimliyin nüfuzundadır. Ali təhsil müəssisələrinə qəbulun nəticələri üzərində aparılan təhlillər həm də onu göstərir ki, müəllimlik peşəsini seçənlər arasında yüksək göstəriciləri olanların sayı artıb. Bu il də 600-dən yuxarı bal toplayan tələbələr arasında müəllimlik peşəsini ilk sırada seçənlər əhəmiyyətli dərəcədə çoxalıb. Bu da onu göstərir ki, müəllimə və müəllimliyə münasibət dəyişib. Təhsil naziri M.Cabbarov bu günlərdə mətbuata verdiyi açıqlamada bu məqamı xüsusi qeyd edib: “Bu il təhsil sahəsində əldə olunan ən mühüm nəticələrdən biri də müəllim peşəsi nüfuzunun tam bərpa edilməsidir. Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından görürük. Bu il müsabiqəyə 49 min namizəd qatılıbsa, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının artdığını da müşahidə edirik. Əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün onların sayı yüzlərlədir”.

Təhsil nazirinin barəsində danışdığı respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən, 5 mindən çox müəllim bu il ilk dəfə dərsə girdi.

Müəllimin nüfuzunun artmasında mühüm amillərdən biri də əməkhaqqıdır. 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib. 2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.

Məktəb tikintisi

Məktəb şəraitinin yaxşılaşdırılması təhsilin keyfiyyətinə müsbət təsir edən amillərdəndir. Bu amil daim Təhsil Nazirliyinin və bütövlükdə dövlətin diqqət mərkəzində olub.

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə işlər davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub. Yeni məktəb binalarının inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu layihələrin icrası nəticəsində təhsil müəssisələrində yüksək şəraitin yaradılması müəllimlərin tədrisin keyfiyyətini artırmalarına da imkan verir. Ölkə Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmaq üçün məktəblərin bir çoxuna baş çəkib.
Beləliklə, növbəti dərs ili başladı. Özü də necə başladı? Modul tipli məktəbdə, “Sağlam təhsil” siniflərində, yeni tədris proqramı əsasında hazırlanan dərsliklərlə. Yeni tədris ilimiz uğurlu olsun!

yuxarı ⤴