1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Qeyri-adi dərslər
16.09.2017 / No35

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 


Yaxud, uşaqları oxumağa stimullaşdırmağın fərqli yolları

Rüstəm QARAXANLI

Orta məktəbin 11-ci sinfində oxuyurduq, bir şagirdin iş adamı olan atası direktora maraqlı təkliflə müraciət etmişdi: məktəb üçün hansı yaxşılığı edə bilərəm? Bəlkə təmirə köməklik edim? Yaxud, çatışmayan inventarın alınmasına yardım göstərim? Direktorun bu nəcib təklifə cavabı da orijinallıq baxımından geri qalmırdı: məktəbin heç nəyə ehtiyacı yoxdur, nəsə etmək istəyirsinizsə, şagirdlər üçün edin. Bax beləcə çox maraqlı bir tədris ilinin əsası qoyulmuşdu: hər şənbə günü o vaxtların ən populyar TV simalarından biri, astroloq Qəhrəman Süleymanov 11-ci siniflərin qonağı olurdu.

Qəhrəman müəllim hələ sovet dönəmində İsveçrədə təhsil almışdı, cavan olmasına baxmayaraq, canlı ensiklopediya idi. 45 dəqiqə bir göz qırpımında keçirdi, müzakirə mövzuları isə bir-birindən rəngarəng: kosmosdan tutmuş insan orqanizminin incəliklərinədək. Bir il ərzində bir nəfər şagird belə bu dərslərdən nə “qaçmış”, nə də yayınmışdı.

Dünyanın bir çox ölkəsində bizlər üçün qeyri-adi təsir bağışlayacaq dərslər keçilir. Onlar üçün adidir, bizlər bunu qeyri-adi qəbul edirik. Dərindən fikirləşəndə isə görürsən ki, əksər hallarda çətin qavranılacaq heç nə yoxdur: bu “ekzotik” dərslərin əksəriyyəti həmin ölkənin, xalqın tarixindən, mentalitetindən, ehtiyac və tələbatlarından, hətta qarşılarında gördükləri təhlükələrdən qaynaqlanır.

Dəftərdə yazmaq dövrü bitdi, kompüterlər var

Bir neçə ildir qızğın müzakirə və mübahisə mövzusu olan Finlandiyanın təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında keçirilən araşdırma - PİSA-nın reytinqlərində ön yerlərdə qərarlaşıb. Təhsil səviyyəsinə və keyfiyyətə görə fin məktəbliləri digər ölkələrdən olan həmyaşıdlarını geridə qoyurlar. Helsinki dünyanın dörd bir yanından olan müəllimlərin bir növ ziyarətgahına çevrilib, hamı finlandiyalı həmkarlarının iş üslubu və sirlərinə yiyələnmək istəyir. “Bizə təhsilə yeni yanaşma lazımdır, uşaqları həyata hazırlamalıyıq”, - deyə Helsinkinin inkişaf meneceri Pasi Silander deyir. Finlandiya hökumətinin mövqeyi belədir: əvvəlki təhsil sistemi keçmişdə yaxşı idi, indi isə həyat dəyişib.
Finlandiyada istifadə edilən “mövzular, hadisələr, fenomenlər üzrə tədris” o deməkdir ki, indiyədək keçilən riyaziyyat, tarix və başqa dərslərin əvəzinə hadisələr barədə danışılacaq və müzakirələr açılacaq. Yeni sistem tam yeni pedaqoji yanaşma tələb edir. İndi ayrı-ayrı fənləri keçən müəllimlər bir-birləri ilə sıx əlaqədədirlər.

Uşaqlar isə mühazirələr dinləmir, qruplarda fərqli problemlərin həllinə çalışırlar. Məsələn, “hava” mövzusu. Dərs ingilis dilində keçilir, yazı taxtasında Avropanın xəritəsi asılıb, məktəblilər qitənin müxtəlif ölkələrində hava şəraitini müzakirə edirlər. Beləliklə, bir dərsdə ingilis dili və coğrafiya öyrənilir.

Bu islahatlar təbii ki, hamının ürəyincə deyil. “İndependent” yazır ki, ömrü boyu bir konkret fəndən dərs deyən müəllim yeni sistemə uyğunlaşa bilmir. Tək Helsinkidə müəllim kontingentinin 70%-i ixtisasartırma kurslarından keçir. Kurslardan uğurla keçən müəllimin əməkhaqqısı dərhal qaldırılır. Qəzetin məlumatına görə, harda yeni sistem işə düşüb, uşaqların göstəriciləri yüksəlib. Odur ki, bütün dünyanın gözü bir növ Finlandiyadadır. İstisna deyil ki, digər ölkələr də bu təcrübədən yararlanacaqlar.

2016-cı ildən etibarən Finlandiya məktəblərində əllə yazmaq tam ləğv olunub. Hökumət hesab edir ki, uşaqlar dəftər deyil, kompüter arxasında olmalıdırlar. Ancaq uşaqlar yazmağı tam tərgitməyəcəklər. Paralel olaraq qələm və karandaşla yazı da tətbiq olunur, ancaq çap şriftləri ilə. Bu təcrübə artıq bir neçə ildir Almaniyanın federal torpaqlarından birində də sınaqdan çıxarılır: Şimali Reyndə - Vestfaliyada uşaqlar məktəbdə istisnasız olaraq çap şriftləri ilə yazırlar.

Xoşbəxtliyin anlamını orta məktəbdə dərk etməlisən

Hazırda dünyanın bir çox yerində məktəblərdə adi fənlərlə yanaşı, proqrama qeyri-adi kurslar da daxil edirlər ki, bunların bir çoxu bizdə və uşaqlarımızda maraq və hətta təbəssüm hissi oyada bilər. Məsələn, Yaponiyada uşaqlara məktəbdə “Təbiəti seyretmə” dərsi keçirlər. Kursun əsas məqsədi ətraf mühitin, təbiətin qədrini bilməklə yanaşı, həm də onu öyrənməkdir. Axı bu bir reallıqdır ki, zamanla uşaqların vaxtı daha çox kompüterlərə və texnoloji yeniliklərə sərf olunur, təbiət isə yaddan çıxır. Dərslər zamanı uşaqlar fauna və floranın qarşılıqlı əlaqələri və inkişafı mövzusunda məlumatlandırılırlar. Sonra məktəblilər bu mövzuda qiymətlər alır, hətta imtahan da verirlər.

Almaniyanın Heydelberq şəhərinin məktəblərindən birində uşaqlara “Xoşbəxtlik dərsləri” keçirilir. Düzdür, digər şəhər və federal torpaqlarda belə bir dərs yoxdur. Heydelberqdə isə dərsi məktəbin direktoru özü keçir. Uşaqların əsas vəzifəsi öz daxili aləmləri ilə harmoniyada yaşamaq, qəlblərini dinləməyi bilmək və sadəcə xoşbəxt olmağı bacarmaqdır. Bu dərsdən ilin sonunda imtahan olmur, ancaq hər bir uşaq ya xeyriyyəçilik aksiyası həyata keçirməli, ya da xoş əməllər barədə videoçarx çəkməlidir.

İsrail məktəbliləri isə “kibertəhlükəsizlik” mövzusunda dərslər keçirlər. “Kibertəhlükəsizlik” adlı qeyri-adi fənn İsrailin bir sıra məktəblərində tədris olunur. Fənnin proqrama salınmasının əsas səbəbi uşaqların kiberasılılığıdır. Valideynlər və tibb mütəxəssislərinin bu asılılıq barədə getdikcə daha çox həyəcan təbili çalmaları ona səbəb olub ki, bəzi məktəblərdə uşaqlara belə bir kursun keçirilməsinə start verilib. Həm nəzəri, həm də praktiki dərslərdə uşaqlara özlərini sosial şəbəkələrdə necə aparmağı və şərhlərə cavab verməyi öyrədirlər. Dərslərin bir qismi də kompüter oyunlarından asılılığa və bu problemdən qurtuluş yollarına həsr olunub.

Başqırdıstanda məktəblər var ki, arıçılıq uşaqlara dərs kimi keçilir. Muxtar respublikada belə məktəblərin sayı yüzdən çoxdur. Məşğələlərdə arılara qulluq, balın toplanması və bu qəbildən olan digər məqamları öyrədirlər. Məsələ burasındadır ki, Başqırdıstan arıçılıq və bal istehsalı üzrə dünya liderlərindən biridir. Bu səbəbdən də respublika rəhbərliyi tarixi ənənələrin unudulmamasının qayğısına qalır.

Avstraliyada isə məktəbdə uşaqlara sörfinqdə sürüşməyin yollarını öyrədirlər. Qitə-ölkənin sakinlərini dünyanın ən yaxşı sörfinqçiləri hesab etmək olar. Bu adı qoruyub saxlamaq məqsədilə məktəblərdə belə bir kursun keçilməsi qərarına gəliblər. Hökumət hər vəchlə çalışır ki, heç vaxt Avstraliyanın çimərliklərində sörfinqi yerlilərdən yaxşı idarə edən turist peyda olmasın.

ABŞ-ın demək olar bütün məktəblərində “Elmi kəşflər” adlı dərs keçilir. Əsas məqsəd gənc alimlərin elmi potensialının aşkarlanmasına təkan verməkdir. Nəzəri kursdan sonra uşaqlara yeni nəsə kəşf etmək tapşırığı verilir. Bunun üçün onların düz bir il vaxtları var. Kurs başa çatdıqdan sonra məktəblilər bütün sinif qarşısında öz kəşflərini təqdim edirlər, layihənin aktuallığını əsaslandırıb qiymət alırlar.

“Üzən məktəb” və helikopterlə dərsə

İsveçdə dərs cədvəli olmayan və ev tapşırığı verilməyən məktəblər var. “Vittra” təşkilatı tərəfindən yaradılmış və 30-dan çox məktəb şəbəkəsinin təhsil ocaqları adi klassik məktəblərə oxşamır. Burada uşaqlar zövqlə təhsil alır, müəllimlər isə hər bir fərdin istedad və bacarıqlarını ortaya çıxarmağa çalışırlar.

Hindistanın Nyu-Dehli şəhərinin körpülərindən birinin altında könüllülər tərəfindən yaradılmış açıq havada olan məktəb də maraq doğurur. Məqsəd küçə uşaqlarını təhsilə cəlb etməkdir. Dərsləri müxtəlif könüllülər keçir. Təbii ki, hansısa keyfiyyətli və tam təhsildən söhbət gedə bilməz. Kimsə uşaqlara yazmağı, digəri oxumağı, başqa birisi isə hesabı öyrədir.

Rusiyanın şimalında - ucsuz-bucaqsız tundrada bir sıra şimal xalqları yaşayır. Onların əksəriyyəti maralçılıqla məşğuldur. Ancaq uşaqlarının təhsil qayğısına da qalmaq istəyirlər. Bu səbəbdən Nenetsk Muxtar Dairəsinin hökuməti xüsusi proqramı işə salıb: avqustun sonlarında helikopterlə bütün uşaqlar məxsusi internat məktəblərə daşınır və yalnız Yeni il ərəfəsində evlərinə qaytarılırlar.

Nepalın bəzi hissələrində uşaqlar çöldə, Himalay mənzərəsi fonunda dərs keçirlər. Parta filan yoxdur, uşaqlar da çəmənlikdə otururlar, müəllim də.

Nigeriyanın Makoko şəhərinin uşaqları isə dərsi suda, üzə-üzə keçirlər. Məsələ burasındadır ki, şəhərin gecəqondu hissəsi suda yerləşir. Bu evlərə görə torpaq vergisi ödənmir. Bunu nəzərə alan könüllülər də uşaqlara “üzən məktəb” düzəldiblər. Özü də tək məktəb deyil. Müxtəlif texniki qurğular da üzür. Hətta gəzinti meydançaları da.

Şimali Koreyanın məktəblərində adi dərslərdən savayı, uşaqların vətənpərvərlik tərbiyəsinə ciddi önəm verilir. Bu ölkədə milli özünüdərkə antiamerikanizm qədər təsir edə biləcək ikinci bir amil yoxdur. Bu səbəbdən məktəblərdə bu faktora geniş yer verilir. Uşaqlar ABŞ-a nifrət mövzusunda şeirlər və mahnılar söyləyir, amerikalı əsgərlərin və iri biznes nümayəndələrinin şəkillərinə atəş açmağı öyrənirlər.




 

yuxarı ⤴