1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dünyanın ən yaxşı 100 universiteti
16.09.2017 / No35

 

 

 


2017-2018-ci illər üzrə növbəti reytinq cədvəli açıqlanıb

Oruc MUSTAFAYEV

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalı sentyabrın 5-də 2017-2018-ci illər üzrə dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Dünyanın 77 ölkəsindən 10 min ali məktəbin yer aldığı dünya reytinqində Böyük Britaniyanın iki universiteti ön sıraları tutub. Oksford Universiteti reytinqin lideri, ötənilki sıralamada 4-cü olan Kembric Universiteti isə bu dəfə 2-ci olub. Reytinqin ilk 10-luğu aşağıdakı universitetlərdən ibarətdir: 1.Oksford Universiteti, 2.Kembric Universiteti, 3.Kaliforniya Texnologiya İnstitutu, 4.Stanford Universiteti, 5.Massaçusets Texnologiya İnstitutu, 6.Harvard Universiteti, 7.Prinston Universiteti, 8.London İmperial Kolleci, 9.Çikaqo Universiteti, 10.ETH Sürix - İsveçrə Federal Texnologiya İnstitutu. Builki reytinqdə başlıca faktor sıralamanın önündə olan hər iki ali məktəbin ötən il Avropa İttifaqından tədqiqat qrantları formasında aldıqları vəsaitlər əsasında əldə etdikləri gəlirlərdir. Həm Oksford, həm də Kembric özlərinin institusional gəlirlərinin həcmini müvafiq olaraq 24, 11 faiz artırıblar. Onların yaxın rəqibləri olan Kaliforniya Texnologiya İnstitutu və Stenford Universiteti isə gəlirlərini azaldıb. Reytinqin ilk sıralarında yer alan ali məktəblər arasında yüksək rəqabət müşahidə olunub. İlk sıralarda təmsil olunan ali məktəblər tədrisin səviyyəsi, tədqiqatlar, sitatgətirilmə əmsalı, beynəlxalq perspektiv və gəlirlər sahəsində yüksək nəticələr göstəriblər.

Yeni reytinqdə Rusiya ali məktəblərinin sayı ötənilkinə nisbətən azalıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 194-cü yeri tutub. MDU ayrı-ayrı istiqamətlər - təhsil fəaliyyəti üzrə 26-cı, sənayedən gələn gəlirlər göstəricisi üzrə 58-ci, elmi tədqiqatların qiymətləndirilməsinə görə isə 71-ci mövqedə qərarlaşa bilib. Beləliklə də MDU 5 əsas fəaliyyət göstəricisindən 3-ü üzrə ilk 100-lükdə yer alıb. Universitetin rektoru, akademik V.Sadovniçinin sözlərinə görə, MDU təhsil sahəsində çox gözəl nəticələr nümayiş etdirə bilib. Reytinqin direktoru Fill Beytinin sözlərinə görə, Rusiya ali məktəblərinin sayının azalmasını digər universitetlər tərəfindən rəqabət səviyyəsinin artması ilə izah etmək olar. Bu, heç də Rusiya ali məktəblərinin keyfiyyətinin aşağı düşməsi deyil.

Qeyd edək ki, THE artıq 14-cü dəfədir ki, tərtib olunur. Reytinqin əsasında 5 qrupa bölünmüş 13 kriteriya dayanıb. Onlara aiddir: innovasiyalara töhfə, tədrisin keyfiyyəti, elmi məqalələrdən sitatgətirilmə, ali məktəbin qlobal nüfuzu, elmi tədqiqatlardan əldə olunan gəlirlər və s. Sıralamada dünya universitetlərinin 5 faizi təmsil olunub. Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2018/world-ranking  səhifəsindən tanış olmaq olar.

Dünyanın ən yaxşı 100 universiteti
 

yuxarı ⤴