1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AzTU-da beynəlxalq simpozium keçirilib
16.09.2017 / No35

 
 

 

 


Qəbul olunmuş məqalələr nüfuzlu elmi jurnallarda dərc olunacaq

Oruc MUSTAFAYEV

Müasir dünyada bir sıra texnologiyaların və mühəndislik sahələrinin inkişafını maşın və mexanizm elmi olmadan təsəvvür etmək çətindir. Bu elm sənaye, biomexanika, kosmos, informasiyanın ötürülməsi, maşın və mexanizmlərin hərəkətləri, dinamikası və nəzarət nəzəriyyəsini özündə birləşdirir. Elə sentyabrın 11-də Bakıda öz işinə başlayan maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium (ISMMS-2017) da dünya miqyasında çox önəmli olan məsələlərin müzakirə və mübadiləsinə həsr olunub.

Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU), Maşın və Mexanizmlər Elmi üzrə Beynəlxalq Federasiya (IFToMM), IFToMM-un Azərbaycan Beynəlxalq Komitəsi, Türkiyənin İzmir Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları iclasdan əvvəl ali məktəbin Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.

Tədbirin plenar iclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov simpoziumun əsas təşkilatçısı olan Maşın və Mexanizmlər Elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və federasiyanın Azərbaycan Komitəsi haqqında məlumat verib. Bildirilib ki, federasiya 1969-cu ildə mexanizmlər və mexanika nəzəriyyəsinin inkişafı üzrə Polşada keçirilən ikinci Dünya Konqresində təsis olunub. Federasiyanın əsas məqsədi maşın və mexanizm nəzəriyyəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Simpozium hər il IFToMM tərəfindən üzv ölkələrdə keçirilir. 1995-ci ildə Federasiyanın Baş Assambleyası Azərbaycan Komitəsini təsdiq edib. Azərbaycan Komitəsi elmi qurum olaraq Azərbaycan Texniki Universitetinin nəzdində yaradılıb və onun sədri texnika elmləri doktoru, professor Rasim Əlizadə təyin edilib.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov simpoziumda maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların elmi işlərinin təqdim ediləcəyini bildirib. O, öz çıxışında maşın və mexanizmlər üzrə belə bir tədbirin ölkəmizdə, AzTU-da keçirilməsinin fərəhləndirici hal olduğunu, simpoziumda dünyanın müxtəlif ölkələrindən olan alimlərin, xüsusən də ABŞ-ın dünyanın ən yaxşı universitetləri reytinqində ikinci, texnologiyalar üzrə birinci olan Stenford Universitetindən olan professorların məruzələrinin təqdim olunacağını bildirib. Tədbirin bir sıra təşkilatların, nüfuzlu universitetlərin birgə səyi nəticəsində baş tutduğunu deyən S.Gözəlov bunu universitetlərin geniş əməkdaşlığının nəticəsi hesab edib. Bu gün dünyanın dinamik inkişaf etdiyi bir dövrdə daha çox elmi biliklərə ehtiyacın olduğunu deyən S.Gözəlov yaxın illərdə gözlənilən innovasiyalar və statistik məlumatları iştirakçıların diqqətinə çatdıraraq Azərbaycanda elm və təhsilin əlaqəli inkişafı istiqamətində görülən işlərdən danışıb. O, simpoziumun Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və gələcəkdə respublika elminə verəcəyi töhfədən söz açıb.

Bildirilib ki, simpoziumun proqramında 53 məruzə nəzərdə tutulub. Məruzələrin böyük əksəriyyətini Almaniya, İtaliya, Hindistan, Avstraliya, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrin alimlərinin elmi məqalələri təşkil edir. Qəbul olunmuş bütün məqalələr “Mashine Science” (İSSN 2227 - 6912) elmi jurnalında, həmçinin simpoziumun elmi əsərlərində (İSBN), seçilmiş məqalələrin korreksiya olunmuş versiyaları isə IFToMM-un elmi jurnallarında dərc olunacaq.

Daha sonra plenar iclasın məruzələri dinlənilib. Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin professorları Bernard Roth və Ousama Katib, həmçinin AzTU-nun kafedra müdiri, AzCIFToMM-un sədri, professor Rasim Əlizadə robotexnika üzrə maraqlı məruzələrlə çıxış ediblər. Məruzələrdə robotexnika üzrə ən son texnologiyalardan, eləcə də həmin texnologiyaların müxtəlif obyektlər üzərində tətbiqi haqqında geniş məlumat verilib.

Simpozium öz işini sentyabrın 14-dək “Manipulyatorlar və robotlar”, “Mexanizmlərin kinematikası və sintezi”, “Maşınların dinamikası” və “Nəqliyyat vasitələri” bölmələrində davam etdirib.

yuxarı ⤴