1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Region xəbərləri
16.09.2017 / No35

 
 

 

 


GDU-nun infrastrukturu və maddi-texniki bazası yenilənir

Son 3 ildə inkişafı həm də infrastrukturun və maddi-texniki bazanın yenilənməsi ilə şərtlənən Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda kompleks təmir - tikinti və yenidənqurma işləri yekunlaşıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, yeni tədris ilindən etibarən ali təhsil müəssisəsinin filologiya və xarici dillər fakültələrində təhsil alan 1200-ə yaxın tələbəsi dərslərini 5-ci tədris korpusunda davam etdirəcək.
Həmçinin xarici dillər fakültəsinin qrammatika və ingilis dilinin tədrisi, praktik xarici dillər, leksika və ölkəşünaslıq, alman dili, fransız dili, rus dili kafedraları, filologiya fakültəsinin isə Azərbaycan dili, Azərbaycan dilinin tədrisi, Azərbaycan və dünya ədəbiyyatı kafedraları yeni tədris korpusunda fəaliyyət göstərəcəklər.

Qeyd edilib ki, 4 mərtəbəli tədris korpusunda kompleks yenidənqurma zamanı tələbələrin istər təhsil prosesində müasir biliklərə yiyələnməsi, istərsə də dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb. Universitetin əsas binasından 5 saylı tədris binasına optik kabel çəkilib. Binadakı bütün otaqlar sürətli internetlə təmin edilib. Binanı fasiləsiz elektriklə təmin etmək üçün həyətdə yarımstansiya qurulub, 0,4 kilovotluq yeraltı elektrik xətti çəkilib. Yeraltı su hovuzu tikilərək su nasosları quraşdırılıb.

Tədris korpusunun birinci mərtəbəsində hər iki fakültədə oxuyan tələbələr üçün kitabxana və oxu zalı fəaliyyət göstərəcək. Müasir kitablarla və dərs vəsaitləri ilə təmin olunacaq kitabxanada tələbələr həm də elektron kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Müxtəlif elmi-mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan geniş zal da tədris korpusunun birinci mərtəbəsində yerləşir. Tədris korpusunun digər mərtəbələrində isə müvafiq kafedralar, auditoriya və fənn kabinetləri fəaliyyət göstərəcək. Həmin fənn kabinetləri tələbələrin praktik dil bacarıqlarının yüksəldilməsi üçün zəruri avadanlıqlarla təchiz ediləcək.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yeni tədris korpusunda həmçinin hər bir şəraiti olan müasir idman zalı yaradılıb. Binanın həyətində isə müxtəlif idman yarışlarının təşkili üçün voleybol, basketbol və mini-futbol meydançası quraşdırılıb. Tədris binasının həyətində geniş yaşıllıq zonası və istirahət guşələri yaradılıb, buradakı “Ana dili” abidəsinin ətrafında abadlıq işləri görülüb.


LDU Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir

Türkiyənin Çukurova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu Lənkəran Dövlət Universitetində (LDU) olub.

Mətbuat xidmətinin verdiyi məlumata görə, LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov qonağa rəhbərlik etdiyi universitetin əldə etdiyi uğurlardan, elmin və texnikanın ən son nailiyyətlərinin təhsildə tətbiqindən, elmlə təcrübənin uzlaşdırılması istiqamətində son iki ildə görülən işlərdən danışıb. Bildirilib ki, Lənkəran Dövlət Universiteti hazırda Türkiyənin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Natiq İbrahimov Çukurova Universiteti ilə də elmi-təcrübi əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsinin təşkilində maraqlı olduqlarını deyib.

Türkiyəli professor Saadəttin Baloğlu təmsil etdiyi Çukurova Universiteti barədə geniş məlumat verib, elmi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını bildirib.

Görüşdə həmçinin gələcək əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.


İmişli rayonunun 19 məzunu 600-dən yuxarı bal toplayıb

Rayonun ümumi təhsil məktəblərinin yaddaqalan uğurlarından biri məzunlarının respublikamızın müxtəlif ali məktəblərinə qəbuludur. 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil müəssisələrini 951 məzun bitirib. Builki qəbul imtahanlarında iştirak edən 511 İmişli məzunundan 258 -i (50.5%-i) ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Ali məktəbə qəbul olunanlar sırasında 600-dən yuxarı bal toplayanlar da ötən illərə nisbətdə çoxdur. Belə ki, rayonun ümumtəhsil müəssisələrini bitirənlərdən 19-u 600-dən çox bal toplayıb. Bu baxımdan Qaravəlli kənd tam orta məktəbinin məzunlarından Mail Babaşov (670 bal), Zamiq Əhmədli (666 bal) daha yüksək nailiyyətlər əldə ediblər. Eyni zamanda, Ağaməmmədli kənd tam orta məktəbinin məzunlarından Könül Qaçaylı, Lamiyə Qurbanzadə də ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla təhsil aldıqları məktəbin fəxrinə çevriliblər.

İmişli şəhər 1 nömrəli məktəb-liseyi bitirən 59 məzundan 22-i, şəhər 5 nömrəli məktəb-liseyin 49 məzunundan 26 -sı tələbə adını qazanıb.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


AMEA Naxçıvan Bölməsində ekspedisiyaların yekununa həsr olunan tədbir keçirilib

Azərbaycan-Fransa arxeoloqları Naxçıvanda qazıntı və tədqiqatlar aparıblar

AMEA Naxçıvan Bölməsində ekspedisiyaların yekununa həsr olunan “Naxçıvanda arxeoloji araşdırmalar” mövzusunda tədbir keçirilib.

İnformasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan genişmiqyaslı tədqiqatlardan bəhs edərək bildirib ki, bu il bölgənin müxtəlif ərazisində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiya həyata keçirilib.

Akademik Bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar apardığını, tədqiqatlar zamanı çoxlu sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu deyib. İ.Hacıyev bu il Amerika Birləşmiş Ştatlarının arxeoloqları tərəfindən muxtar respublika ərazisində 10 günlük kəşfiyyat xarakterli ekspedisiyaların da aparıldığını bildirib.

Tədbirdə Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin Beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerində aşkar olunan təbəqələrdən ətraflı bəhs edib. Xanım Marro araşdırmaların çox maraqlı nəticələri olduğunu xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və digər tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq edir.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri Vəli Baxşəliyev Naxçıvan şəhərində, I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerlərində araşdırmalar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən danışıb.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək arxeoloji ekspedisiya heyətinə gələcəkdə arxeoloqlar ilə bərabər botaniklərin, bioloqların, zooloqların cəlb olunması təklifini irəli sürüb.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev Naxçıvan ərazisində aparılan araşdırmaları və çoxsaylı tədqiqatları yüksək qiymətləndiriblər.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş olunub.


Qaxda 4 modul tipli məktəb binası inşa olunur



Qax rayonunda təhsilin keyfiyyətinin artırılması, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, əlverişli təlim mühitinin yaradılması, ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, rayonda 30 tam orta, 17 ümumi orta məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblərdən 46-da təlim Azərbaycan, 6-da gürcü, 1-də rus, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dillərində aparılır. Rayon üzrə 32 məktəb birtipli layihə əsasında inşa olunmuş, 22 məktəb isə uyğunlaşdırılımış binalarda fəaliyyət göstərir. Şagirdlərin 66,6 %-i (4709 nəfər) yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır.

Hazırda rayonun 4 kəndində- Əmircan (80 şagird yerlik), Qapıçay (80 şagird yerlik), Qarabaldır (56 şagird yerlik), Qaradolaq (56 şagird yerlik) kənd ümumi orta məktəbləri üçün modul tipli məktəblərin binalarının inşası davam edir. Modul tipli məktəblərin inşasının ilin axırına qədər yekunlaşdırılması nəzərdə tutulur. Onu da qeyd edək ki, bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qax məktəbliləri üçün ali məktəblərə builki qəbul imtahanları da uğurlu olub. Belə ki, qəbul imtahanlarında iştirak edən 280 məzundan (64.2 %) 177 -si tələbə adını qazanıb. İmtahanlarda məzunlardan 48 nəfəri 500-700 bal arasında, 17-si isə 600 baldan yuxarı nəticə göstərib. Şəhər 2 nömrəli məktəb-liseyin ali məktəblərə sənəd verən 61 məzunundan 57-si tələbə adını qazanıb. Onlardan 3-ü 600-dən yüksək bal toplayıb. Təhsil müəssisəsinin 8 məzunu ali məktəblərə qəbul zamanı müəllimlik peşəsini seçib.

Cari ilin mayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda Qax rayonu üzrə 1229 nəfər müəllim iştirak edib. Diaqnostik qiymətləndirmədə rayon üzrə müəllimlərin topladığı orta bal 38,96 olub. İmtahanda 3 müəllim şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi İlahə Məmmədova, 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazlı İsmayılova və Cəlayir kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Eldəniz Paşayev maksimum nəticə göstərərək 60 bal toplayıb.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Mülki müdafiə ilə bağlı maarifləndirici seminarlar

11-13 sentyabr tarixlərində Abşeron Rayon Təhsil Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici seminarlar keçirilib. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən seminarlarda II, V və VI siniflərin sinif rəhbərləri iştirak ediblər.

Seminarlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin əməkdaşları müəllimlərə “Fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri və fövqəladə hal baş verdikdə insanların davranış psixologiyası”, “Məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli” və s. mövzular haqqında geniş məlumat veriblər.

Sonda seminar iştirakçılarının sualları da ətraflı cavablandırılıb.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Sumqayıtlı gənclərin 68,6 faizi tələbə adını qazanıb

Sentyabrın 11-də Sumqayıt Şəhər Təhsil Şöbəsində təhsil işçilərinin konfransı keçirilib.

İlk öncə Dövlət himni səsləndirilib. Sonra şəhər təhsil şöbəsinin müdiri Nizami Namazovun “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran əsas vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən dərs ilində şəhərin ümumtəhsil məktəblərində 1872 sinif komplektində 47545 şagird təhsil alıb. Ali məktəblərə qəbulun faizi 68,6 faiz olub.

Şəhər təhsil şöbəsinin uğurlarından söz açan N.Namazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışıb.

Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik edib. Sonra təhsil naziri Mikayıl Cabbarovun yeni dərs ili ərəfəsində imzaladığı əmrlərlə konfrans iştirakçılarını yaxından tanış edib. Eyni zamanda müəllimləri maraqlandıran sualları cavablandırıb. F.Həmzəyev çıxışının sonunda şəhər təhsil şöbəsinin qarşısında duran vəzifələrdən söz açıb.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş məsləhətşisi Şüşə Aslanova və məktəb direktorlarının çıxışları olub.
Ertəsi gün konfransın ayrı- ayrı bölmələr üzrə iclası keçirilib.





Samirə KƏRİMOVA

yuxarı ⤴