1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Fərdi işlərin kooperativ formada icrası
08.09.2017 / No35

 
 

 

 


Bu, tələbələrin hər bir fənni daha yaxşı mənimsəmələrinə imkan verir

Vaqif CABBARZADƏ,
ADPU-nun cəbr və həndəsə kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji istiqamətlərdən biri “təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi”dir.

Qabaqcıl təhsil sisteminə malik xarici ölkələrdə tələbələrin kooperativ fəaliyyəti üçün geniş imkanlar yaradılır və dəyərləndirilir. Tələbələr kooperativ fəaliyyət mühitində daha çox eksperiment aparmaq, yeni ideyalar vermək qabiliyyətində olur və daha çox bilik əldə edirlər.

Onlar eyni zamanda gələcəkdə bir mütəxəssis kimi ümumi işin bir hissəsi olan fərdi işin icrası üçün məsuliyyət daşımaq və mədəni əməkdaşlıq etmək qabiliyyətinə yiyələnirlər.

Tələbələrin fərdi işlərinin kooperativ formada icrası bakalavr təhsil səviyyəsində onların kooperativ fəaliyyəti üçün geniş imkanlar yaradır.

Tələbələrin sərbəst işləri hər bir fənnin daha yaxşı və ətraflı mənimsənilməsi üçün zəruridir. Tələbələr sərbəst işləri fərdi şəkildə icra etdikdə hər fənn üzrə ən azı müəllim tərəfindən verilmiş 5 mövzunu işləməlidir. Əgər qrupda 30 tələbə varsa, onda müəllim 150 iş yoxlamalıdır. İki birləşmədə 110 tələbə varsa, tələbələr 550 sərbəst iş yazmalı və müəllim onları yoxlamalıdır. Bu halda əksər işlər təkrar xarakter (550 fərqli mövzu seçmək olmaz) daşıyır və tələbələrin aldığı nəticələri ümumiləşdirib onların hər birinə çatdırmaq mümkün olmur.

Qrupda kooperativ formada sərbəst işlərin icrası aşağıdakı qaydada təşkil olunur:

Semestr başlanandan, təxminən, 1 və ya 2 həftə sonra müəllim tələbələrlə birlikdə dərs materiallarından 5 və ya 6 aparıcı mövzu (layihə) seçir. Hər bir mövzu (layihə) 5 və ya 6 tələbədən ibarət kiçik qrupa tapşırılır. Hər bir kiçik qrupa verilmiş mövzunun (layihənin) öyrənilməsi və təqdim edilməsi üçün 9 və ya 10 həftə vaxt verilir. Müəllim bu müddətdə materialların seçilməsi üçün istiqamət verir və qruplar arasında qarşılıqlı əlaqəni müəyyənləşdirir.

Kiçik qrupa daxil olan tələbələr icra üçün əsasən dərsdənkənar vaxtda görüşürlər, lakin dərs prosesində də müəllimdən lazımi göstərişləri ala bilərlər. Son nəticədə icra yazılı və ya təqdimat şəklində hazırlanır.

Semestrin axırıncı iki və ya üç həftəsi təqdimat üçün ayrılır. Hər bir təqdimatda bütün qrupun tələbələri iştirak edir. Hər bir kiçik qrupa 30 və ya 40 dəqiqə ərzində mövzu üzrə görülmüş işi təqdim etmək üçün vaxt ayrılır. Sonra bütün qrupa 15 dəqiqə ərzində təqdimata aid suallar vermək və əks-əlaqə yaratmaq üçün vaxt verilir.

Müəllim bundan sonra işlənmiş mövzuya (layihəyə) aid əsaslandırılmış izahatla ekspert rəyi və ümumi bal verir.

Əgər qrupda 5 tələbə varsa 50 bala qədər, 6 tələbə varsa 60 bala qədər. Sonra qrupun tələbələri, hər bir iştirakçının mövzunun işlənməsində fəaliyyət səviyyəsindən asılı olaraq müəllimin nəzarəti altında bu balları öz aralarında bölüşdürürlər və blank doldurub imza qoyurlar. Əgər mübahisəli məqam olarsa müəllim ekspert səviyyəsində mübahisəni həll edir.

Qeyd edək ki, tələbələr bakalavr pilləsində 4 il müddətində 42-yə qədər sərbəst iş icra edirlər. Onların təhsil müddətində 42 kooperativ lahiyədə iştirakı bu sahədə kifayət qədər təcrübəyə malik olmalarına və hər bir fənni daha yaxşı mənimsəmələrinə imkan verir.

Tələbələrin təhsil aldıqları müddətdə bu sahədə qazandıqları təcrübənin onların sonralar mütəxəssis kimi müxtəlif layihələrdə iştirakı zamanı mühüm əhəmiyyəti olacaq.

yuxarı ⤴