1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Fiziki tərbiyə dərsləri zamanın tələbləri kontekstində
16.09.2017 / No35

 

 

 


Əbülfəz MƏMMƏDOV,
Bakı şəhəri MLK-nın fiziki tərbiyə müəllimi

Məlum olduğu kimi, ötən il aprel döyüşlərində Milli Ordumuz bir neçə strateji yüksəkliyi ələ keçirdi. Bununla da Azərbaycan tərəfi bir daha həm bütün dünyaya, həm də ermənilərə sübut etdi ki, işğal edilmiş bütün torpaqlarımızı azad etməyə qadirdir. Təbiidir ki, aprel döyüşləri həm də orduda əsgərlərin fiziki hazırlığının çox önəmli rol oynadığını əyani şəkildə göstərdi. Aydındır ki, yüksək səviyyədə fiziki hazırlıqlı, orqanizmi möhkəm olan əsgərin yaralansa belə, sağalma imkanı, qüvvəsinin nisbətən qısa müddətə bərpa olunma ehtimalı daha böyükdür. Digər tərəfdən, döyüş zamanı, eləcə də xidmətin müxtəlif sahələrində fiziki cəhətdən daha hazırlıqlı əsgərlərin uğur qazanma şansı daha yüksək olur. Bu baxımdan şagirdlərin fiziki hazırlıqlarının formalaşdığı orta məktəbdə fiziki tərbiyə dərslərinin rol və əhəmiyyətinin son dərəcə vacib olması fikrini bir daha təsdiq edir.

Düzü, bu sətirləri yazdıqca gözlərim önünə dərs dediyim VI-XI sinif şagirdləri arasındakı, təəssüflər olsun ki, gündən-günə çoxalan kök, “gombul”, artıq çəkili uşaqlar gəlir. Müxtəlif fiziki hərəkətləri yerinə yetirərkən açıq-aşkar yaşıdlarından geri qalan, xeyli dərəcədə ləng olan, tez yorulan belə uşaqlara baxdıqca müxtəlif ürək-damar xəstəliklərinin “cavanlaşması” haqqında həkimlərin çaldığı “həyəcan təbili”nin əbəs olmadığını düşünürsən. Əlbəttə, belə uşaqların müxtəlif xəstəliklərə tutulma ehtimalı daha böyükdür. Dərs yükünün ağırlığı bir tərəfdən, müasir İKT vasitələrinə aludəlik digər tərəfdən bu gün böyük qism uşaqların asudə vaxtlarının səmərəli keçirmələrində xeyli problemlər yaradır. Müasir dövrün şagirdləri boş vaxtlarını əsasən daha çox kompüter masası arxasında, ya da mobil telefonlarla keçirir. Bir tərəfdən belə halı tam təbii hesab etməliyik. Belə ki, yaşadığımız dövr “kompüter”, “informatika”, “internet” əsri adlandırılır. Bu baxımdan şagirdlərin kompüteri, ümumiyyətlə, müasir texnologiyanı kifayət qədər dərindən bilmələrini yalnız alqışlamaq olar. Lakin bu məsələlərdə son dərəcə vacib olan məqam müvafiq nisbətin saxlanılması, İKT-yə aludəçiliyin sağlamlığa ziyan vurmamasıdır. Müdriklər deyiblər ki, “sağlam bədəndə sağlam ruh olar”. İnsanlarımızın sağlam olmaları üçün isə təbii ki, ilk növbədə, onlar fəal həyat tərzi keçirməli, idmanla sistematik məşğul olmalıdırlar. Hazırda “artıq çəki” problemi az qala bütün dünya üçün problemə çevrilib. Təbiidir ki, insanların artıq çəki problemi ilə qarşılaşmaması üçün onların hələ orta məktəb illərindən sağlam həyat tərzinə öyrənmələri çox vacibdir. Bəli, bu gün cəmiyyəti bürümüş olan bir çox xəstəliklərin səbəbini həkimlər haqlı olaraq az hərəkətliliklə əlaqələndirirlər. Heç kimə sirr deyil ki, daha çox hərəkət edən, mütəhərrik həyat sürən insanlar şuxluq və sağlamlıqlarını qorumaqla bərabər, həm də iş qabiliyyətlərini yüksək səviyyədə saxlayırlar. Lakin hələ orta məktəb illərindən oturaq həyat tərzinə öyrənən, artıq çəki yığan şagirddən gələcəkdə “fəal həyat” tərzi keçirən vətəndaşın yetişməsini gözləməyə dəyərmi? Zənnimcə, cavab öz-özünə aydındır.

Orta məktəbdə 30 ildən artıq iş stajı olan fiziki tərbiyə müəllimi kimi təəssüflə deməliyəm ki, bu sahədə əvvəllər də, indi də bəzi nöqsanlar olub və var. Belə ki, indi də bəziləri fiziki tərbiyə dərslərinə barmaqarası baxır, onu ikinci dərəcəli fənn hesab edirlər. Hətta bəzi hallarda ibtidai siniflərdə fiziki tərbiyə dərslərini sinif müəllimlərinin dərs saatlarını artırmaq, “stavkasını” düzəltmək üçün onlara verirlər. Halbuki, yenicə formalaşmaqda olan ibtidai sinif şagirdlərinə professional fiziki tərbiyə müəllimlərinin dərs deməsi daha məqsədəuyğun olardı. Belə olarsa, hələ kifayət qədər kiçik olan ibtidai sinif şagirdlərində müxtəlif idman növlərinə daha erkən yaşlardan maraq yaranar.

Şübhəsiz ki, biz fiziki tərbiyə müəllimlərindən də çox şey asılıdır. Belə ki, biz də ilk öncə sənətimizi sevməli, işimizə yaradıcılıqla yanaşmalı, hələ erkən yaşlarından şagirdlərin qəlbində ayrı-ayrı idman növlərinə sevgi və maraq hissi aşılamalıyıq. Əlbəttə, bu zaman özümüzün göstərəcəyimiz nümunədən də çox şey asılıdır. Orta məktəbdə kifayət qədər stajı olan müəllim kimi deməliyəm ki, fiziki cəhətdən güclü, müxtəlif idman hərəkətlərini asanlıqla yerinə yetirən müəllimləri şagirdlər daha çox sevirlər. Ona görə də biz özümüz ilk növbədə yaxşı idman formasında olmağa çalışmalıyıq. Bəzən həmkarlarım fiziki tərbiyə dərslərini normal səviyyədə keçmək üçün zəruri idman avadanlıqlarının olmamasını deyirlər. Heç kimə sirr deyil ki, fiziki tərbiyə dərslərində yalnız bir futbol, yaxud da voleybol topunu uşaqların qabağına atıb, onlara “gedin oynayın” deyən müəllimlər də var. Təəssüf ki, bəzi hallarda can rahatlığı axtaran belə müəllimlərlə dərslərini normal keçən müəllimlərə dərs bölgüsündə heç bir fərq qoyulmur.

Uşaqlar bizim gələcəyimizdir. Bugünkü şagird sabahın əsgəri, vətənin qoruyucusu, müstəqil Azərbaycanın vətəndaşıdır. Onlar nə qədər sağlam, möhkəm olarlarsa Vətənimiz bir o qədər basılmaz, güclü olar. Ona görə də yeniyetmələrin ayrı-ayrı idman bölmələrinə yazılmaları, sağlam həyat tərzi keçirmələri üçün həm biz fiziki tərbiyə müəllimləri, həm də valideynlər tərəfindən şagirdlər arasında lazımi təbliğat-təşviqat işləri aparilmalı, onlarda idmanla müntəzəm məşğul olmağa həvəs yaradılmalıdır.

 

yuxarı ⤴