1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Elm Assosiasiyası növbəti foruma hazırlaşır
16.09.2017 / No35

 

 

 


Dünyanın elmi yenilikləri Azərbaycan auditoriyasına çatdırılacaq

Oruc MUSTAFAYEV

Dünya elminin daha da sürətlə inkişaf etdiyi və bu sahədə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə gənclərin elmə marağının artırılması, onların elmi tədqiqat işlərinə daha fəal cəlb edilməsi getdikcə mühüm aktuallıq kəsb edir. Bu zərurəti düzgün qiymətləndirən Azərbaycan Elm Assosiasiyası növbəti tədbirinə - Multidissiplinar Elmi Foruma (MEF 2017) hazırlaşır. Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elmin İnkişaf Fondu, Bakı Mühəndislik Universiteti və digər qurumların tərəfdaşlığı ilə keçirilən forum dünya elmində baş verən yeniliklərin Azərbaycan elmi auditoriyasına çatdırılmasına xidmət edir.

Oktyabrın 8-də Bakıda Pullman Badamdar Oteldə keçiriləcək forumun əsas məqsədləri gələcəkdə elmi karyera qurmaq istəyən şagird və tələbələri maraq göstərdikləri sahələrdə aktual mövzular barədə məlumatlandırmaq, öz sahələrində uğur əldə etmiş, dünyanın məşhur elm və təhsil müəssisələrində təhsil alan və çalışan, o cümlədən Azərbaycanda fəaliyyət göstərən mütəxəssislərlə geniş ünsiyyət imkanı yaratmaq, yeni elmi nailiyyətlərin mütəxəssislər tərəfindən təqdimatını təşkil etmək, gənclərə öz elmi məqalələrini poster şəklində təqdim etmək imkanı yaratmaq, həmvətənlərimizə xaricdə təhsil və iş həyatı haqqında məlumat əldə etmək fürsəti verməkdir.

Tədbirdə humanitar və dəqiq elmlər olmaqla 12 müxtəlif elmi mövzu üzrə təqdimatların keçirilməsi, üstəlik, poster müsabiqəsinin təşkili nəzərdə tutulub. Forumda assosiasiyanın həmsədrləri Tərlan Süleymanov (Oksford Universiteti) “Sürücüsüz avtomobillər”, Mədinə Quliyeva (London Universitet Kolleci) “Nanotexnologiya və bərpa tibbi”, Rəşad Həsənov (German Hospital) “Kəşfdən müalicəyə: hepatitin qarşısının alınması üçün vacib olan sənsən”, Orxan Kərimzadə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Bərpa olunan enerji mənbələri: problemlər və perspektivlər”, Tural Qulu (Harvard Universiteti) “Universal tibbi təminat”, İnqilab Şahbazov (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi) “ Cinayət və cəza” , Hüseyn Xəlilov (Bakı Mühəndislik Universiteti) “Auditoriya psixologiyası”, Elxan Nəcəfov (Hədəf kursları) “ Kitabxanaçılıq - dünya təcrübəsi”, Cavid Şahmalıyev (Uğur Akademiyası) “Sosial sahibkarlıq”, Rəşad Həsənov (İqtisadi və Sosial İnkişaf Mərkəzi) “İqtisadi şaxələnmə”, Pərviz Əliyev (Kənd Təsərrüfatı Nazirliyi) “Kənd təsərrüfatının inkişafında dünya təcrübəsi”, Qorxmaz Mustafayev (Təhsil İnstitutu) “İstedadlı uşaqlarla işin təşkili, respublika və beynəlxalq olimpiadalar” mövzularında təqdimatlar edəcəklər.

Qeyd edək ki, Azərbaycan Elm Assosiasiyası (Azerbaijan Science Associatio) istedadlı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almasını və əsl peşəkarlar kimi yetişməsini nəzərdə tutan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri tərəfindən yaradılıb.
 

yuxarı ⤴