1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Təhsilimi xaricdə davam etdirmək arzusundayam”
16.09.2017 / No35

 

 

 


Beynəlxalq müsabiqələr qalibi Nuranə Əliyeva gələcəkdə istedadlı tələbələr yetişdirmək istəyir

Sifai SƏFƏROVA

Nuranə Əliyeva ilə Bakının Elmlər Akademiyası metro stansiyası yaxınlığındakı Hüseyn Cavid bağında görüşdük. Anasının dediyi kimi, çox utancaq qız olduğunu mən də hiss etdim. Özü haqqında ətraflı məlumat verməsini söyləyəndə ani olaraq özünü itirdi, ancaq qəzetimizə məqalə hazırlayacağımı biləndə çox sevindi. Öyrəndim ki, 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda Azərbaycan Milli Konservatoriyasi tərkibində Respublika İncəsənət Gimnaziyasının V sinfində fortepiano təhsili alır. İbtidai sinfi əla qiymətlərlə bitirib. Məktəbin “Şərəf lövhəsi”ndə əlaçı şagirdlərin sırasında onun da şəkli var. Təhsil ocağının ictimai işlərində, ümumiyyətlə, bütün kütləvi tədbirlərdə və konsertlərdə mütəmadi olaraq iştirak edir. Yeniyetmə qızın özü haqqında söylədikləri həm onun özünə, həm də istedadına olan məhəbbətimi artırdı. Sən demə o, ilk tanışlıqda gördüyüm kimi utancaq yox, dilli-dilavər bir qız imiş.

İlk dəfə “Cücələrim” mahnısını pianoda səsləndirdim

- Anam Zəhra Əliyeva musiqi müəllimi işləyib. Naxçıvan şəhər 3 nömrəli musiqi məktəbində fortepianodan dərs deyib. Çoxlu istedadlı şagirdləri olub. Əksəriyyəti də hazırda Milli Konservatoriyanın yetirmələridir. Hər dəfə tətil günləri başlayanda ardı-arası kəsilməyən zənglər anamı sevindirir. Deyir ki, şagirdlərimdir, hal-əhvalımı soruşurlar. Hər dəfə anam fortepianonu səsləndirdikcə mən də həvəslənirdim. Tələsirdim ki, nə vaxt böyüyüb mən də fortepianoda ifa edəcəyəm. Hələ 3-4 yaşımda ikən ilk dəfə “Cücələrim” mahnısını pianoda səsləndirdim. Bu ifadan sonra musiqiyə marağım daha da artdı. Artıq böyümüşəm, 11 yaşım var.

Həyəcan məni bircə an belə tərk etmirdi

- İlk uğuruma 2016-cı ilin aprelində imza atdım. Eşidəndə ki, Fransada Nikolay Rubinşteyn adına beynəlxalq musiqi yarışmasında iştirak edəcəyəm, çox sevindim, daha doğrusu, qanadım olsaydı uçardım. Gecə-gündüz səylə çalışdım. Yarışmada Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Qaytağı” və dünya bəstəkarlarının əsərlərini ifa etdim. İfam səsləndikcə münsiflər heyətinin alqışları məni daha da ruhlandırır, qalib olacağıma əminliyimi artırırdı. Amma həyəcan məni bircə an belə tərk etmirdi. Nəhayət, II yeri qazanmağa nail oldum. Sevincimi fortepiano müəllimim Nigar Nəcəfova ilə və anamla bölüşdüm. Müəllimim bəlkə məndən də çox sevinirdi. Çünki bu yarışmada uğur qazanmağımda onun əməyi lap çox idi. Bir də ki, Nigar müəllim bütün istedadlı şagirdləri ilə fəxr edir. Fransada bu müsabiqədə məktəbimizdən üç nəfər iştirak edirdi. Banu Tağıyeva I, Nigar Hüseynli və mən II yerləri qazandıq. Sevincimizdən uçurduq. Nigar müəllim isə fəxrlə bizə dedi ki, sükanı həmişə belə saxlayın, mənim sevimli şagirdlərim, bu elə mənim qələbəmdir.

Özümə çoxlu dostlar qazandım

- Fransada yeddi gün qaldıq. Özümə çoxlu dostlar qazandım.
Muzeylərdə, tarixi yerlərdə olduq. Eyfel qülləsindən şəhəri seyr etdik. Bütün bunlara baxmayaraq ölkəmiz üçün darıxırdım. Düşünürdüm ki, vətənə qayıtsaydım sevincimi müəllimlərimlə, sinif yoldaşlarımla bölüşərdim.
...Bakıya qayıdarkən müəllimlərim, dostlarım, hər kəs məni təbrik etdi. Çicək dəstələri, bukletlər, hədiyyələr o qədər idi ki?! Qürur duyurdum ki, təhsil aldığım məktəbin adını ucaltmışam.
Fransadan qayıtdıqdan sonra Milli Konservatoriyanın böyük zalında beynəlxalq müsabiqədə qalib adını qazanan şagirdlərin konserti oldu. Zalda məktəbin bütün şagirdləri, müəllimləri toplaşmışdı. Ura! Ura!- səsləri ətrafı bürümüşdü. İncəsənət muzeyində də konsertimiz oldu. Dünya bəstəkarlarının əsərlərini ifa etdik.

Mahnının notlarını məndən istədilər

- 2017-ci il mayın 30-u ad günümü qeyd edirdik. Çox həyəcanlı idim. Stolun üstündəki biletə baxdım. Saatın əqrəbləri elə bil uçurdu. Axı, 2-3 saatdan sonra aeroporta yola düşəcək, İtaliyada keçirilən Pietro Argento beynəlxalq müsabiqədə iştirak edəcəkdim. Nəhayət ki, doğmalarımdan ayrılmalı oldum. Yol boyunca düşünürdüm ki, görəsən, necə olacaq, müsabiqədə uğur qazana biləcəyəmmi? Atama da söz vermişəm ki, sevimli qızın səni bu dəfə də sevindirəcək. Ancaq etiraf edim ki, həyəcan məni yenə rahat buraxmırdı. Ümumiyyətlə, mən hər dəfə səhnəyə çıxanda həyəcan hissi keçirirəm, mahnı ifa edərkən məsuliyyətim birə-beş artır. Beynəlxalq müsabiqə və festivallarda isə daha çox həyəcanlı oluram. Çünki vətəndən kənarda ölkəmizi, doğma məktəbimi, müəllimlərimdən öyrəndiklərimi tamaşaçı qarşısında nümayiş etdirməli oluram. Ancaq buna baxmayaraq heç zaman həyəcan mənim işimə mane ola bilməyib. Bütün beynəlxalq müsabiqələrdən üzüağ çıxmışam, məktəbimizin adını ucaltmışam. Nəhayət ki, təyyarədən düşdük. Otelə yollandıq. Bu müsabiqədə yaşca məndən böyük olan uşaqlarla yarışacaqdım. Bizim məktəbdən yalnız mən iştirak edirdim. Hər gün tezdən Konservatoriyaya gedib dünya bəstəkarlarının əsərlərini ifa edir və ustad dərsləri də keçirdim. Nəhayət, müsabiqə başladı və mən münsiflər heyətinin qarşısında Qara Qarayevin “Neftçilər” əsərini ifa etdim. Çox bəyəndilər və hətta mahnının notlarını məndən istədilər. Müsabiqə başa çatdıqdan sonra hamı həyəcanla gözləyirdi ki, kim qalib olacaq. Münsiflər heyəti qaliblərin adını elan edəndə adımı eşidən kimi sevincimdən anama, müəllimimə sarılıb hönkür-hönkür ağladım. O səhnə heç vaxt yadımdan çıxmır. Özümü oxuduğum nağıl qəhrəmanlarına bənzədirdim. Orada olduğum müddətdə özümə çoxlu dostlar da tapdım. Ukraynadan olan Alena ilə dostlaşdıq. O da II yeri tutmuşdu. Mən rus bölməsində təhsil aldığıma görə rus dilində yaxşı danışırdım. Amma ingilis dilini zəif bildiyimə görə xarici uşaqlarla ünsiyyət qura bilmirdim. Onların danışıqlarını başa düşür, ancaq dolğun cavablandıra bilmirdim. İtaliyada olarkən özümə söz verdim ki, Bakıya dönən kimi ingilis dilini öyrənməyə çalışacağam. İtaliyadan qayıdanda ilk öncə məni məktəbimizin direktoru Aytən Əhmədova təbrik etdi. Müsabiqə müddətində o, mənimlə tez-tez telefon əlaqəsi saxlayır, öz tövsiyələrini verirdi. Deyirdi ki, qalib olan kimi ona zəng edim. Sinif rəhbərim Arzu Əliyeva da mənimlə maraqlanırdı. Mənim musiqi ilə məşğul olmağım üçün həmişə şərait yaradırdı. Sinfimizdə 25-ə yaxın şagird var. Hamısı da yaxşı oxuyur, xətrimi çox istəyirlər. Onlardan bəzisi pianoda həvəskar kimi ifa edir, bəzisi də rəssam, rəqqas, aktyor və sair sənəti öyrənmək üçün dərnəklərə gedirlər.

Qızım, nə vaxt ifa edəcəksən?

- Gecələr çox gec yatıram. Sabahı gün ifa edəcəyim əsərlər haqqında düşünürəm. Bəzən dincəlmək üçün lirik mahnılar da ifa edirəm. Bir vaxtlar qapı qonşumuz həmişə deyirdi ki, uşaq səsdən yata bilmir, tez oyanır. İndi isə qapımızı döyüb deyir ki, Nuranə, qızım, nə vaxt ifa edəcəksən? Uşaq yuxuya getmir. Sən həmişə “Sladkiy qrioz” əsərini ifa edəndə uşaq şirin yuxuya dalır, elə bil ona yuxu dərmanı verirsən.

Bacımla birlikdə ingilis dilini öyrənirəm

- Tətil günlərində də çox çalışmışam. Dünya bəstəkarlarından İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın əsərlərindən parçalar ifa etmişəm. Dekabrda ABŞ-da beynəlxalq müsabiqə keçiriləcək. Gecə-gündüz səylə çalışıram ki, bu yarışmada da ümidləri doğruldum və I yerə layiq görülüm. Bacım Ruqayyə XI sinifdə oxuyur. İngilis dilini çox sevir. Azərbaycan Dillər Universitetinə hazırlaşır. Elə mən də bacımla birlikdə ingilis dilini öyrənirəm. Ümid edirəm ki, bu dəfə çoxlu əcnəbi dostlarım olacaq, onlarla rahatca ingiliscə ünsiyyət quracağam.

Qapı döyülən kimi bilirəm ki, atamdır

- Evdə ayrıca otağım var. Kitablarım da çoxdur. Məşğul olarkən qapımı arxadan kilidləyirəm ki, heç kim mənə mane olmasın. Bacımın köhnə gitarası var. Hərdənbir onu da əlimə alıb dınqıldadıram, qapım döyüləndə bilirəm ki, atamdır. Atamı çox sevirəm. Adətən qız uşaqları ana ilə sirdaş olurlar, məndə isə əksinədir, atamla nəfəs alıram. Ən yaxın dostum da elə odur. Bütün sirlərimi atama deyirəm. Anam isə qətiyyən incimir, demir ki, fikirlərini mənimlə bölüş. Əksinə, sevinir ki, biz atamla dostuq.

Zirvələrə ucalacağına ümid çoxdur

- Hazırda məktəbimizdə xalq artisti Tofiq Quliyevin anadan olmasının 100 illik yubiley tədbirinə hazırlaşırıq. Həmin tədbirdə mən yubilyarın “İlk Bahar” əsərini ifa edəcəyəm.
...Gələcəkdə də təhsilimi xaricdə davam etdirmək arzusundayam. Musiqinin sirlərini mənə öyrədən Nigar Nəcəfovaya oxşamaq, onun kimi istedadlı tələbələr yetişdirmək istəyirəm. Qoy mənim də yetirmələrimin səsi-sorağı beynəlxalq müsabiqələrdən eşidilsin.
Bayaqdan utancaq qız təəssüratı yaradan bu yeniyetmə istedad sahibi böyük və mürəkkəb sənətin ilk pillələrində qazandığı uğurlarla məni hədsiz sevindirdi. Gərgin çalışqanlığı, əziyyəti sayəsində imza atdığı nailiyyətlər onun gələcəkdə ən böyük arzularını belə reallaşdıracağına əminlik yaratdı. Sənətə məhəbbəti, böyük həvəsi onu arzularının qanadlarında zirvələrə ucaldacağından soraq verir.
 

yuxarı ⤴