1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC-də “Oriyentasiya Günü”
16.09.2017 / No35

 
 

 

 


Niyazi RƏHİMOV

Artıq 3-ildir ki, UNEC-də ənənəvi olaraq “Oriyentasiya Günü” təşkil olunur. Bu il də öz ənənəsinə sadiq qalan universitet sentyabrın 14-də öz qapılarını I kurs tələbələrinin üzünə açıb. UNEC rektorunun köməkçisi Ramil Cabbarov bizimlə söhbətində bildirib ki, tədbirin keçirilməsində məqsəd I kurs tələbələrini universitet həyatı ilə tanış etmək, onlara pozitiv gün yaşatmaq və tələbə həyatına hazırlamaqdan ibarətdir.

“Oriyentasiya Günü”nün tələbələr üçün çox əhəmiyyətli olduğunu bildirən rektor köməkçisi onu da qeyd edib ki, universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü”ndə I kurs tələbələrinə UNEC barədə videoçarx nümayiş olunub: “Tələbələrə UNEC-in tarixi, tədris prosesi, beynəlxalq əlaqələri, ikili diplom, mübadilə və xüsusi təqaüd proqramları barədə məlumat verilib. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbələri maraqlandıran suallara cavab verməklə yanaşı, onlar üçün universitet ərazisində infoturlar da təşkil edib. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan tələbələr Elektron Universitet Modeli ilə də tanış olublar”. Tələbələrin öz startap layihələrini İnnovativ Biznes İnkubatorda reallaşdıra biləcəyini də deyən R.Cabbarov bildirib ki, bu məlumatlar tələbələrdə böyük sevinc hissi ilə qarşılanıb.

Qeyd edək ki, “Oriyentasiya Günü”ndə Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. Eyni zamanda UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş etdirilib. Vokal, rəqs, bədii qiraət və rəssamlıq bacarığı olan I kurs tələbələrinə Yaradıcılıq Mərkəzinə üzvlük qaydaları izah edilib.

“Oriyentasiya Günü”ndə fürsətdən istifadə edib I kurs tələbələri ilə də söhbətləşdik. Onların tədbir haqqında təəssüratlarını öyrəndik. Universitetin I kurs tələbəsi Eyvaz Yusifli bizimlə söhbətində bildirdi ki, çox maraqlı bir tədbir təşkil olunub: “Bu gün biz tələbələr universitetlə daha yaxından tanış olduq. UNEC haqqında bilmədiyimiz bir çox məlumatlar əldə etdik. Təhsil alacağımız autidoriyalarla, hətta müəllimlərimizin bir qismi ilə tanış olduq. Bütün bunlarla yanaşı həm də əyləndik. Bu gün mən bir daha əmin oldum ki, universitet seçimində çox düzgün seçim etmişəm”.

Universitetin I kurs tələbələrindən Nərmin Əkbərli də təşkil olunan tədbiri çox yüksək qiymətləndirdi. O, İqtisad Universitetinin tələbəsi olmaqdan qürur hissi keçirdiyini bildirdi: “Universitetdə çox səmimi bir mühit var. Bələdçilər bu gün bizə universitet haqqında ətraflı məlumat verdi. Seçdiyimiz ixtisasın əhəmiyyətindən, həmin ixtisas üzrə gələcək perspektivlərdən, universitetin həyata keçirdiyi təcrübə və təqaüd proqramlarından danışdılar. Fikrimcə, bu məlumatlar biz tələbələr üçün çox əhəmiyyətlidir. Tədbirin şən və əyləncəli keçməsi isə xüsusilə xoşuma gəldi”.
 

yuxarı ⤴