1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





M.Xanlarov - 160
Strasburq Universitetinin doktoru
16.09.2017 / No35

 

 

 


Mendeleyevin təqdimatı ilə Rus Fizika-Kimya Cəmiyyətinə üzv seçilən azərbaycanlı alim

Hikmət HAQVERDİLİ,
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbinin direktoru, əməkdar müəllim

Bu il ilk kimyaçı alimimiz Möhsün bəy Məhəmməd bəy oğlu Xanlarovun anadan olmasının 160 illiyi tamam olur. XIX əsrin ikinci yarısında Qərbi Avropa universitetlərində təhsil almış, dissertasiya işi yerinə yetirmiş və elmi şurada uğurla müdafiə etmiş həmyerlimiz elmə yenilik gətirmişdir. Vətənə qayıdaraq yüksək səviyyəli mütəxəssis və vicdanlı şəxsiyyət kimi qulluq etmişdir.

Tanınmış kimyaçı alim və tədqiqatçı Rəsul Rəxşanlı uzun illər ərzində M.M.Xanlarovun həyat və yaradıcılığı istiqamətində axtarışlar aparmışdır. O, yerli və xarici arxivlərdə yorulmaq bilmədən çalışmışdır. Nəticəsi isə müsbət olmuşdur. Dəyərli sənədlər, materiallar tapmışdır. Uzun illər ərzində məqsədyönlü axtarışı nəticəsində Strasburq şəhərindəki arxivlərdən birində Möhsün bəyin başlıca əsərini-dissertasiyasını tapmaq və surətini çıxarıb vətənə gətirməyə müvəffəq olmuşdur. Tədqiqatçı alim R.Rəxşanlı həmçinin Möhsün bəylə bağlı digər işləri də görməyi unutmamışdır. Topladığı sənədlər, məktublar, materiallar, o cümlədən fotolardan istifadə edərək ilk kimyaçı alimimizin həyat yolundan bəhs edən maraqlı kitab qələmə almışdır. Müəllif “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Strasburq universitetinin doktoru” kitabını rus dilində yazmağa üstünlük vermişdir. Məqsəd alimimiz haqqında digər xalqların nümayəndələrinin oxuya bilməsi imkanı yaradılması olmuşdur.

Kitab maraqla oxunur. Oxucu bu kitabı ələ aldıqda bitirməmiş yerə qoymaq istəmir. Möhsün bəylə bağlı faktlarla tam tanış olmaq istəyi üstün gəlir. Kitabın məziyyətlərindən biri də bundan ibarətdir ki, burada Möhsün bəyin yaşadığı dövrdə Bakıda baş vermiş hadisələrdən, yeniliklərdən də söhbət açılır.

Kitabda alimin dissertasiyası, nüfuzlu jurnallarda dərc edilmiş elmi əsərləri, habelə şəkillər də yer almışdır.

Möhsün bəy 1857-ci il sentyabrın 24-də Bakıda,İçərişəhərdə imkanlı Məhəmməd bəy Xanlarovun ailəsində anadan olmuşdur. İlk təhsilini “Mirzə Esib Qüdsi” mədrəsəsində almış, sonra müstəqil şəkildə rus dilini öyrənərək Bakı realnı gimnaziyasının ikinci sinfinə qəbul edilmişdir. Həmin gimnaziya sonra real məktəbə çevrilmişdir. Hər iki məktəbdə tanınmış müəllimlər dərs demiş, fənn kabinələri yaxşıca təmin edilmişdi.

1878-ci ildə real məktəbi bitirdikdə atası ona neft emalı üzrə mühəndis olmağı tövsiyə edir. Bu, təsadüfi deyildi. Həmin illərdə Bakıda neft çıxarılması ilə yanaşı, neft emalı sənayesi də inkişaf edirdi. Neftdən müxtəlif faydalı məhsullar alınırdı. Neft mədənlərinin sahibi olan Məhəmməd bəy oğlunun yenicə inkişafını tapmaqda olan və əcnəbi mütəxəssislərin çalışdığı sahə üzrə mühəndis görmək istəyirdi.

İxtisas təhsili üçün kimya elminin və sənayesinin inkişaf etdiyi Almaniya seçildi.Vürsburq və Leypsiq universitetlərində oxudu. Lakin təhsilini bitirdikdə Bakıya qayıtmağa tələsmədi. Daha yüksək səviyyəli mütəxəssis olmağı qarşısına məqsəd qoydu. Strasburqa yollandı. Bu şəhərin universitetində tanınmış alimlər müxtəlif istiqamətlərdə elmi tədqiqat işləri ilə məşğul olurdu. Onlardan biri kimya professoru Rudilf Fittiq idi. Onun rəhbərliyi altında dissertasiya işi yerinə yetirmək fikrində olduğunu açıqladı. Professor uzaq Bakıdan gəlmiş əcnəbiyə müstəqil işləmək üçün mövzu verdi. O, sirkə turşusunun etalrodanidə təsirini tədqiq etdi. Yaxşı nəticə aldı. Məqalə yazaraq nüfuzlu “Berixbe” jurnalında çapa təqdim etdi. Məhz bundan sonra R.Fittiq gəncə dissertasiya mövzusu verməyi qərara aldı. Fittiq əməkdaşları ilə birgə laktonlar sahəsində geniş elmi işlər aparırdı.

Möhsün bəyin dissertasiya mövzusu belə adlanırdı: “Butirolakton və alfa-etilbutirolakton”.

Professor Fittiqin əməkdaşlarının laktonlar sahəsindəki yeni nəticələrini heç də həmişə birmənalı, dəqiq izah etmək mümkün olmurdu. Suallar ortaya çıxırdı. Onlara cavab tapmaq vacib idi. Məhz belə mühüm və həllini gözləyən elmi tapşırıqlardan biri ilə məşğul olmaq azərbaycanlı gəncə tapşırıldı.

O, inamla işə başladı. Dəqiq təcrübələr apardı, analizləri təmkinlə yerinə yetirdi. Nəticələri təhlil etdi. Onun işi professoru tam razı saldı.

Odur ki, Möhsün bəyin dissertasiyasına müsbət rəy verdi. Tədqiqatçı dissertasiyanı uğurla müdafiə edərək alimlik dərəcəsinə layiq görüldü.

Dissertasiya işinin nəticələri isə Berlində nəşr edilən “Libix Annalen” jurnalında çıxdı.

Möhsün bəyin elmi işləri elə diqqətəlayiq idi ki, o, tanınmış rus kimyaçı alimləri D.İ.Mendeleyev, N.A.Menşutkin və D.P.Konovalovun təqdimatı ilə Rus fizika-kimya cəmiyyətinə üzv seçildi.

Təbii ki, belə elmi uğur əldə edən şəxs Bakıya qayıtdıqda bu istiqamətdə çalışmağa üstünlük verərdi. Lakin Bakıda universitet, tədqiqat laboratoriyası yox idi. Buna baxmayaraq o, heç də atasının istədiyi kimi neft emalı ilə məşğul olmadı. Şəhər həyatı onu digər istiqamətə yönəltdi. Vətənə layiqli övlad kimi xidmətə başladı. Bir neçə cəmiyyətin, o cümlədən Rus texniki cəmiyyətinin də Təftiş komissiyasının üzvü kimi fəaliyyət göstərdi. Dəmiryol komissiyasının sədri vəzifəsində çalışarkən hətta Nobel qardaşlarının neft şirkətinin maliyyə fırıldaqlarını açmağa belə cəsarət etdi. Sənədlərini yalan göstəricilərlə tərtib edərək şəhər büdcəsinə vergiləri xeyli az məbləğdə ödəməkdə onları ifşa etdi. Möhsün bəyin vətənpərvərliyindən söhbət gedərkən daha bir ştrixi xatırlatmaq yerinə düşər. Onun dissertasiyasını axtararkən arxivlərdə Rusiyadan gəlmiş çoxlu şəxsin dissertasiyasına rast gəlinirdi. Milliyyətindən və şəhərindən asılı olmayaraq onların hamısının dissertasiyalarında Rusiyadan olmaları qeyd olunurdu. Təkcə Möhsün bəyinkində isə Bakıdan olduğu yazılmışdı. Bu isə o dövrdə böyük cəsarət tələb edirdi.

Şəhər əhalisi və rəhbərliyi arasında nüfuzu gündən-günə artan M.Xanlarov Bakı Dumasının üzvü, daha sonra isə sədr müavini seçilmişdi. Müavin vəzifəsinə seçkilərdə səsvermənin nəticələrinə görə o, erməni Mixail Unanova qalib gəlmişdi.
Onun Bakı Dumasındakı fəaliyyəti çoxşaxəli və faydalı olmuşdu. Vətənpərvərlik mövqeyindən çıxış edən Möhsün bəyin fəaliyyətinə qarşı digər millətlərdən olan deputatlar öz şəxsi mənafeyini irəli sürürdü. Daim ayıq-sayıq olmaq, mübarizə aparmaq lazım gəlirdi. O, yorulmaq bilmədən bunu edirdi.

Bir gün başlanan insan ömrü bir gün də başa çatır. Möhsün bəy 1921-ci il fevralın 23-də doğma şəhəri Bakıda dünyasını dəyişdi. Belə dəyərli şəxs Sovet illərində bilərəkdən unuduldu. Onun bağışlanmaz “günahı” bolşeviklərin fikrinə görə, varlı ailədən çıxması, habelə Hacı Zeynalabdin Tağıyevin qızına evlənməsi idi. Lakin nə yaxşı ki, tədqiqatçı alim R.Rəxşanlı vətənpərvərlik göstərərək bu şəxsin həyat və elmi fəaliyyətini yorulmaq bilmədən öyrənmiş, onu həm xalqımıza, həm də əcnəbilərə tanıtmışdır.
Kitabın son bölməsində tədqiqatçı-müəllif özünün bəzi fikirlərini oxucularla bölüşmüş, M.M.Xanlarovla bağlı bəzi məsələlərə toxunmuşdur. Onlardan biri də xalqımızın dəyərli oğlunun xatirəsinin əbədiləşdirilməsi məsələsidir.

Bu kitab Rəsul müəllimin elm tariximizə, alimlərimizin elmi yaradıcılığına və keçdikləri həyat yoluna həsr edilmiş on ikinci kitabıdır. Belə kitablar elm tariximizin orta məktəblərdə, kolleclərdə və universitetlərdə şagird və tələbələrimizə çatdırılmasında dəyərli vəsaitdir.
 

yuxarı ⤴