1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Prezident İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
17.09.2016/№36

 

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - “Bilik günü”ndə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq Sabunçu dairəsində 311 nömrəli məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində inşa olunan 311 nömrəli məktəbin yeni binasında da şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var.
Dövlətimizin başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdü, onları “Bilik günü” münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev şagirdlərlə şəkil çəkdirdi.
Daha sonra dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə maraqlandı.
Bildirildi ki, 960 şagird yerlik məktəbdə informatika otağından əlavə, hərbi hazırlıq, fizika, kimya, biologiya üzrə fənn laboratoriyaları yaradılıb, onların hamısı əyani vəsaitlər və tədris avadanlığı ilə təchiz olunub. Müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı akt zalından əlavə, 540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz edilən idman zalı da şagirdlərin ixtiyarına verilib.
Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 70-80 faizi tələbə adını qazanıb. Bu il məktəbi bitirənlərdən 12 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplayıb.
Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir.
Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

yuxarı ⤴