1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsildə keyfiyyət ili
Ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcı
22.09.2017 / No36

 

 


Təhsildə keyfiyyət ilində təmayülləşmənin əhatə dairəsi genişlənir

Ruhiyyə DAŞSALAHLI

2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişlənib. Ölkənin bir sıra ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi üzrə təşkilati işlər yekunlaşıb. Ötən dərs ilində IX sinfi bitirən şagirdlərin təxminən 40 faizə qədəri təmayüllü X siniflərdə yeni tədris planı və proqramlarla tədrisə başlayıblar.
Təmayülləşmənin tətbiqi heç də sadə proses deyil. Burada hər bir məqamı, yəni IX sinfi bitirən şagirdlərin meyil-maraqlarına görə düzgün seçimi, peşəkar səviyyəli pedaqoji heyətin formalaşdırılması, məktəblərdə lazımi təlim-tərbiyə şəraitinin yaradılması, təhsilin məzmununun müasir çağırışlara uyğun optimal müəyyənləşdirilməsi diqqətlə ölçülüb-biçilməlidir. İcbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə zəruri minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təşkili ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcıdır.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, tam orta təhsil səviyyəsində təmayül siniflərinə seçilən şagirdlərə maraq göstərdikləri fənn sahələri - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət üzrə keyfiyyətli bilik verilməsi, onların rəqabətqabiliyyətli şəxslər kimi formalaşdırılması ümdə vəzifələrdən hesab olunur.
Təhsilin təmayüllər üzrə təşkilinə valideynlərin də münasibətini önəmli sayan A.Əhmədovun fikrincə, gözlənilən nəticələrin uğurlu alınmasında bu amil mühüm əhəmiyyətə malikdir: “Burada maraqların vəhdəti, yəni həm məktəbin, həm şagirdlərin, həm də valideynlərin marağı üst-üstə düşərsə, qoyulan hədəfə çatmaq daha asan olar”.
Bununla belə, seçim prosesində çox diqqətli olmaq lazımdır: “Şagirdlərin maraq göstərdiyi sahələri, istedadı ilə fərqlənənləri müəllimlər daha obyektiv müəyyənləşdirir. Valideynlərin istəyindən asılı olmayaraq, meyil-marağı, istedadı olmayanları məcburən təmayülləşməyə cəlb etmək düzgün olmaz”.

Bir neçə məktəbdən bir sinif

A.Əhmədov həmçinin qeyd edib ki, təmayüllü siniflərin təşkilində müəyyən çətinliklər də meydana çıxıb: “Məsələn, bir çox kənd məktəbi var ki, bunlarda paralel siniflər yoxdur. Hətta bir sıra siniflərdə şagirdlərin sayı çox azdır.
Halbuki belə siniflərdə də istedadı və marağı ilə seçilən şagirdlər var. Çalışdıq ki, mümkün olduğu qədər onlar kənarda qalmasın. Ona görə də bir-birinə yaxın məsafədə yerləşən məktəblərdən qabiliyyətli uşaqları seçməklə şəraiti və maddi tədris bazası normal vəziyyətdə olan məktəbdə təmayüllü sinif təşkil edirik”.

Lisey və gimnaziyalarda da əlavə təmayüllü siniflər təşkil edilir

Təmayül siniflərin təşkilində və şəbəkəsinin genişləndirilməsində nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyaların mövcud imkanlarından istifadə etmək nəzərdə tutulub. Belə ki, həmin təhsil müəssisələrində əvvəldən təmayüllü siniflər olsa da, maddi-texniki baza imkan verirsə, əlavə siniflərin də açılması, belə siniflərin əhatəliliyinin artmasına, təmayül təşkil edilməyən kənar məktəblərdən də uşaqların orada oxumasına imkan yaradır. Bakıda buna o qədər də ehtiyac yoxdur, lakin digər şəhər və rayonlar üçün bu, zəruridir.

Qoşa təmayüllü siniflərin təşkili çətinlik yaratmır

Qeyd olunduğu kimi, təmayülləşmənin təşkilində siniflərin paralelliyi vacib amillərdən sayılır. Belə ki, təmayülləşmənin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada ən azı 3 paralel sinif olmalıdır ki, seçim keyfiyyətli aparılsın. Ancaq bu, heç də həmişə mümkün olmur: “Ona görə də uşaqların sayı, meyil-maraqları nəzərə alınmaqla bir sinifdə iki təmayülün tətbiqi təcrübəsindən yararlanmağı qərara almışıq. Tədris planları da bunun əsasında hazırlanıb. Məqsəd ondan ibarətdir ki, marağı və hər hansı fənn sahəsi üzrə təlim göstəriciləri yüksək olan uşaqlar kənarda qalmasınlar”.

Təmayül siniflərinin tədris planları fərqlənir

Təmayülləşmə təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən məsələdir. Uşaq artıq icbari təhsildən çıxaraq özünün seçdiyi və sevdiyi istiqamət üzrə tam orta təhsil alır. Əsas məsələ bundadır ki, təmayül istiqamətləri üzrə təsdiq edilən tədris planlarında fənlərin sayı ənənəvi tədris planlarındakı saydan xeyli artır. Burada 9-10 fənn əhatə olunur. Təmayül fənlərinə ayrılan saatlar da fərqlidir.
Qeyd edək ki, hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planları və proqramları hazırlanıb. Tədris planlarında həftəlik dərs yükü 30 saat müəyyən olunub, əlavə bir neçə saat dərsdənkənar məşğələlərə ayrılıb. Həmin əlavə saatlar hesabına şagirdlərə nitq mədəniyyəti və iqtisadi məsələlər tədris edilir. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarına “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Fiziki tərbiyə”, “Xarici dil”, “Riyaziyyat”, “Çağırışaqədərki hazırlıq” fənləri də daxil edilib. Bu, şagirdin ümumi inkişafı, dünyagörüşünün formalaşması üçün vacib hesab edilir. Lakin əsas diqqət təmayül fənlərinə verilir. Tutaq ki, adi siniflərdə riyaziyyata həftədə 5 saat verilirsə, həmin təmayül üzrə siniflərdə 8 saat ayrılır və s.
A.Əhmədovun sözlərinə görə, Təhsil Nazirliyi təhsilin məzmununun təkmilləşdirilməsinə xüsusi diqqət yetirir: “Ötən dərs ilində təmayül siniflərinin proqramları təkrar işlənib təsdiq edilmişdi. Yeni dərs ili ərəfəsində proqramlara yenidən baxılıb və xeyli təkmilləşdirmə işləri aparılıb. Bu dərs ilində təmayüllü siniflər həmin proqramlar əsasında dərs keçir”.

Müəllimlər seçilir

A.Əhmədovun fikrincə, təmayüllü siniflərdən uğurlu nəticələrin qazanılmasında peşəkar səviyyəli müəllim kadrlarının olması mühüm əhəmiyyət daşıyır: “Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə göstəriş verilib ki, təmayül siniflərə məhz nüfuzlu, savadlı müəllimləri cəlb etsinlər. Elə müəllim ola bilər ki, onun dərs dediyi məktəbdə təmayül sinif təşkil olunmasın. Həmin müəllimlərə imkan daxilində təmayüllü siniflərin təşkil olunduğu məktəblərdə dərs saatı təklif ediləcək”.

Təmayül sinifləri ilə yanaşı, adi siniflər də olacaq

A.Əhmədov deyir ki, təmayülləşmənin kütləviliyi o demək deyil ki, bu proses bütün ölkədə tətbiq ediləcək. Müəyyən olunmuş tələblərə cavab verə bilməyənlər təmayüllü siniflərlə yanaşı təşkil edilən adi siniflərdə təhsilini davam etdirə bilər: “Hamının təhsil hüququnun qorunması məqsədi ilə təmayülləşməyən siniflər də təşkil olunub. Əsas məqsəd bundan ibarətdir ki, təhsilini davam etdirmək istəyənlərin hamısı təhsillə əhatə olunsun”.

IX siniflərin 35-40 faizi təmayül siniflərinə qəbul edilib

A.Əhmədov təmayülləşmə ilə bağlı aparılan işlərdən də danışıb: “Ötən dərs ilinin əvvəlindən yerlərdə araşdırmalar və təhlillər aparılıb, rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası, kadr potensialı nəzərdən keçirilib. Könüllülük əsasında ümumtəhsil məktəblərinin adi siniflərində, yaxud ilk peşə və orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlər haqqında məlumatlar toplanıb. Təhlil və araşdırmalardan sonra rayon və şəhərlərimizdə olan uşaq sayına görə təşkil edilə biləcək siniflərin siyahısı tərtib edilib. Nəzərdə tutulduğu kimi, bu dərs ilində IX sinfi bitirən məzunların təqribən 35-40 faizi təmayül siniflərində oxuyur”.
Beləliklə, ölkədə yenidən sınaqdan çıxarılsa da, əslində, özünü çoxdan doğruldan təmayülləşməyə böyük ümidlər var. Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər bu yeniliyin tətbiqinə həvəslə dəstək verir, prosesi maraqla izləyirlər. Nəinki valideynlər, eləcə də təhsil ictimaiyyəti bu dərs ilindən bütün ölkə ərazisində tətbiqi genişləndirilən təmayülləşmənin müsbət nəticə verəcəyinə şübhə etmirlər.

yuxarı ⤴