1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





UNEC tələbələrin biliyini yeni qaydada qiymətləndirəcək
22.09.2017 / No36

 

 

 


Universitetdə 4 ildə 2 ixtisasa yiyələnmək mümkün olacaq

Yusif ƏLİYEV

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib. Ötən dərs ilinin yekunları və yeni tədris ilində universitet kollektivi qarşısında duran hədəflərin müzakirə olunduğu iclası UNEC-in rektoru, professor Ədalət Muradov açaraq professor-müəllim və tələbə heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Rektor 2016-2017-ci tədris ilinin universitet tarixinə bir sıra uğurlar yazdığını diqqətə çatdıraraq qarşıya qoyulan hədəflər naminə həyata keçirilən fəaliyyətlərdə və qazanılan uğurlarda hər kəsin əvəzsiz rolu olduğunu bildirib.

Müvəffəqiyyət göstəricisi 85, keyfiyyət göstəricisi isə 45 faizdir

Adətən, ali məktəblərin tədris fəaliyyətləri dəyərləndirilərkən semestr imtahanlarının nəticələri əsas götürülür. UNEC-də 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə müvəffəqiyyət göstəricisi 85%, keyfiyyət göstəricisi isə 45% olub.
Ali məktəblərin nüfuzunu şərtləndirən göstəricilərdən biri də qəbul olunan tələbələrin sayı, qəbul üçün ayrılmış plan yerlərinin dolma səviyyəsidir. Elmi Şurada bununla bağlı gətirilən faktlar bu il UNEC-i seçənlərin sayında ötən iki illə müqayisədə artım olduğunu göstərir. Belə ki, universitet üzrə 3415 plan yerinə qarşı 3298 tələbə qəbulu həyata keçirilib. Bu isə qəbul planının 96,6% yerinə yetirilməsi deməkdir.
UNEC-ə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə bu göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə 412 bala qədər yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, bu göstərici 2015-ci illə müqayisədə 96, ötən illə müqayisədə isə 10 bal artaraq 645 bal olub.
Məlumat üçün qeyd edək ki, Beynəlxalq İqtisadiyyat Məktəbində minimal keçid balı 609, orta keçid balı isə 645 təşkil edib. İki il əvvəl yaradılan bu fakültəyə qəbul olan tələbələrin hamısı 600-dən çox bal toplayıb. Onu da deyək ki, Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan tələbələrin 46 faizi orta məktəbi fərqlənmə ilə bitirənlərdir.

Tələbə biliyinin qiymətləndirilməsində yeni mərhələ

Şura üzvləri I kurslarda ixtisas fənləri üzrə 4 dildə vahid sillabuslardan istifadə etmək barədə qərar qəbul ediblər. Digər bir qərara görə isə tələbə biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə I kurslarda 2017/2018-ci tədris ilinin qış imtahan sessiyası ixtisas fənləri üzrə 4 dildə də eyni suallar əsasında və yazılı formada keçiriləcək. Hər fənn üzrə eyni sayda sual hazırlanaraq, öncədən tələbələrə təqdim ediləcək. Ümumilikdə isə imtahan və apelyasiya qaydalarının təkmilləşdirilməsi prosesinin davam etdirilməsi qərara alınıb.

Yeni tədris ili - “Elmi tədqiqat ili”

Elmi Şurada UNEC-də yeni tədris ili “Elmi tədqiqat ili” elan edilib və “UNEC Tədqiqat Fondu” təsis olunub. Fondun məqsədi yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə elmi tədqiqatların aparılması, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflərin hazırlanmasıdır.
UNEC alimlərinin tədqiqatlarının keyfiyyətini daha da artırmaq məqsədi ilə Diferensial Əməkhaqqı Sisteminə 19 dəyişiklik və əlavələr edilib.

UNEC-dən ixraca dəstək

Elmi Şurada Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin əsasnamələri təsdiq edilib. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcək.
Digital Marketinq Mərkəzi isə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacaq, bununla da qeyri-neft ixracını həyata keçirən şirkətlərin vaxt və maliyyə xərclərinə qənaət etməsinə imkan verəcək. Bu mərkəz habelə professor-müəllim heyətinə və tələbələrə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri aşılayacaq.

UNEC-də institutlaşma davam edir

Şura üzvləri UNEC-də tədris prosesinin idarəolunmasını səmərəli təşkil etmək və kafedralarda tədris olunan fənlərin paralelliyini aradan qaldırmaq məqsədilə “Ekonometriya” kafedrasının “Statistika” kafedrasına birləşdirilərək, “Statistika və ekonometriya” kafedrası yaradılması barədə qərar qəbul ediblər.

Universitet Daxili İki Diplom proqramı

UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılır. Proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
 

yuxarı ⤴