1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Qeyri-adi məktəblər
22.09.2017 / No36

 
 
 
 
 
 
 

 

 


Yaxud, təki uşaqlar dərsə gəlsinlər

Rüstəm QARAXANLI

Şahidi olduğumuz illəri tədris prosesinin yenidən qurulması və unikal proqramlar dövrü hesab etmək olar. Bir sıra ölkələrin təhsil sistemlərində möhkəm nizam-intizamı liberalizm və krossmədəni kommunikasiyalar əvəzləyir. Müəllimlər uşaqları təhsilə cəlb etmək üçün min bir “oyun”dan çıxırlar: səfərlər, ekskursiyalar, filmlərin nümayişi, məktəb bayramları, spesifik elmi araşdırmalar üçün qrantlar. Problemə hər bir məktəbin fərdi yanaşması da öz yerində.

Hər bir uşaq təhsil almalıdır, ancaq almaq istəyirmi? Biri səhər tezdən yuxudan oyanmağa tənbəllik edir, digəri axşam ev tapşırığını etməyə. Dünyanın müxtəlif guşələrində elə məktəblər mövcuddur ki, bu “dərd”dən yaxa qurtarmağa köməklik edirlər.
“Terraset Elementary Scholl” (ABŞ). Bu məktəbin şagirdlərini “Yeraltı uşaqlar” da hesab etmək olar. Məktəb ötən əsrin 70-ci illərində tikilib, ABŞ-da enerji böhranı olan illərdə. Ölkədə elektrik enerjisinə qənaət məktəblərin isitmə sistemindən də yan keçmirdi. Beləliklə də Reston şəhərində Terraset məktəbi tikildi: iki təpənin arasında məktəbi inşa edib üstünü torpaqla örtdülər. Təbii torpaq örtüyü məktəbi isti saxlayır və elektrik enerjisinə qənaət edirdi.

Məktəb layihəsinin müəlliflərinin qarşısında çətin problem dururdu: məktəb qışda isindiyi kimi, yayda da sərin olmalı idi. Yenə də elektrik enerjisi! Ancaq həll yolu tapıldı: günəş kollektorları quraşdırıldı, yayda buradan əldən edilən enerji ilə məktəbin havalandırılması həyata keçirilirdi. Bu gün Terraset Amerikanın ən qənaətcil məktəbi olmaqla yanaşı, həm də bir növ turizm obyektidir. O ki qaldı məktəbdəki tədris prosesinə, burada qeyri-adi, orijinal nəsə yoxdur: Terraset ABŞ təhsil sisteminə xas fənlərin tədrisi ilə məşğul olan sıradan bir məktəbdir.

“ALPHA Alternative School” (Kanada). Bu məktəbi “Qaydasız məktəb” adlandırırlar. 1972-ci ildə qapılarını şagirdlərinə açan məktəbdə tam nəzarətsizlik və özbaşınalıq hökm sürür. Yazı taxtasında kimsə söyüş yazıb? Boş verin getsin, olan işdir! Uşaqlar günlərini necə keçirməli, hansı dərsə girməlidirlər? Qoy özləri həll etsinlər! Siniflər yaşa deyil, maraqlara görə formalaşdırılır: riyaziyyatla yanaşı sənət, əl işi, aşpazlıq, hətta elementar fəlsəfə də keçilir. Müəllimlərin qarşısında duran əsas məsələ uşaqlara mane olmamaqdır.

Məktəbdə hər hansı münaqişəli situasiya yaranarsa, müəllimlər və şagirdlərdən ibarət komitə toplanır. Tərəflər dinlənilir, hər kəs öz mövqeyini əsaslandırır, ortaq məxrəcə gəlinir. Əsas odur qərar hamının ürəyincə olsun.
“Köçəri məktəb “Köneleken” (Rusiya). Əvvəllər Rusiyanın şimalında məskunlaşmış və maralçılıqla məşğul olan köçərilərin övladları ya sistematik təhsildən məhrum idilər, ya da xüsusi internat məktəbdə təhsil alırdılar. Hazırda bu problem günü-gündən sayı artan köçəri məktəblər vasitəsilə həllini tapır. Yakutiyada belə məktəblərin sayı 10-u keçib. Onlardan biri də “Köneleken”dir. Köçərilərin hər bir dayanacaq məntəqəsinin yanında belə bir məktəb inşa edilir. Düzdür, uşaqları barmaqla saymaq olar, ancaq onların heç biri Rusiyanın istənilən şəhərində tədris olunan dərslərdən bixəbər qalmayacaq. Şagirdlər xüsusi hazırlanmış cədvəllə təhsil alırlar. Ev işi və yoxlamalar internet vasitəsilə göndərilir. Maral saxlayan köçərilərin uşaqları peyk internetinə çıxışa malikdirlər. Bu yolla ev işini, yaxud yoxlamanı yerinə yetirib, geri göndərirlər.

“Busan İnternational Foreign Scholl” (Cənubi Koreya). Bu məktəbin digər adı da belədir: Ümumi dil axtarışı məktəbi. Əcnəbi uşaqlar üçün təşkil edilmiş məktəbin şagirdləri il boyu oxuyurlar. Onların əksəriyyəti ölkəyə emiqrasiya etmiş, yaxud işi ilə əlaqədar olaraq köçmüş şəxslərin övladlarıdır. Elələri də var ki, digər şəhərlərdəki məktəblərdən xüsusi mübadilə proqramı əsasında gəliblər. İntensiv tədris proqramının əsas məqsədi odur ki, yeni və sərt şəraitə adaptasiya olunub ali məktəblərdən birinə daxil olmağı bacarasan.

Cənubi Koreyaya yenicə köçmüş uşaqların həmyaşıdları ilə dil tapmaları müşkül məsələdir. Yerli adət-ənənələrə uyğunlaşmaq asan deyil və vaxt aparır. Belə uşaqlar tez-tez yerlilərinin gülüş obyektinə çevrilir. Bu isə artıq psixoloji gərginlik deməkdir. Pusandakı məktəbin də əsas məqsədi belə uşaqları yerli tələblərə uyğunlaşdırmaqdır. Müəllimlərin əksəriyyəti psixoloqlardır. Şagirdlər paralel olaraq üç dili birdən öyrənirlər: Koreya, ingilis, ispan.

“Mountain Mahogany Community School” (ABŞ). Yaxud, “Ətraf mühitlə xoş ünsiyyət məktəbi”. Bu məktəbə “düşmək” üçün lotoreya udmaq lazımdır. Xeyr, məcazi mənada deyil, sözün əsl mənasında. Məktəbin rəsmi saytından blank formasını götürürsünüz, doldurub göndərirsiniz. Sonra oturub gözləyirsiniz, lotoreya keçirilir, bəxtiniz gətirsə, udub olursunuz bu məktəbin şagirdi.

Tədris proqramı da orijinallığı ilə geridə qalmır, məktəb üç prinsip üzərində qurulub: Həzz, təhlükəsizlik və emosional inkişaf. Proqram son nevroloji araşdırmaların nəticələrinə əsaslanır - yaxşı təhsilin əsas şərti pozitiv atmosfer və aktiv iştirakdır. Məktəbdə standart fənlər kursu var, ancaq uşaqlara daha çox öyrədilən bunlardır: toxuculuq, aşpazlıq, bağçılıq. Ətraf mühitlə maksimum ünsiyyət. Müəllimlər uşaqları “kiçik bağbanlar” adlandırırlar. Bu da təsadüfi deyil: məktəb ətrafında yüzlərlə ağac var ki, şagirdlər əkib və qulluq edirlər. Yeri gəlmişkən, uşaqlar orqanik meyvələrlə qidalanırlar. Bu meyvə ağaclarını da özləri əkib və böyüdüblər.

“Choir Academy of Harlem” (ABŞ). Məktəb insanlar arasında bu adla tanınır: “Dünyanı musiqi vasitəsilə dərk etmə məktəbi”. Uşaqlarını Harlemin Xor Akademiyasına qoyan valideynlər tək onların musiqi savadının qayğısına qalmır, həm də mükəmməl humanitar təhsil almalarına şərait yaratmış olurlar. Müəllimlərin missiyası hər bir uşaqda gizlənmiş istedadı üzə çıxarmaqdır. Məktəbə daxil olmaq üçün keçirilən imtahanda uşaqların ritm duyumu yoxlanılır, zamanı idarəetmə bacarığı və diqqəti nəzərdən keçirilir. Ancaq əsas tələb təbii ki, uşağın musiqiyə məhəbbətidir. Əgər valideyn musiqi aləti almaq imkanına malik deyilsə, bunu məktəb edir.

“Komponq Luonq” (Kamboca). Yaxud “Üzən məktəb”. Məşhur məbəd kompleksi Anqkor Vatın yanında yerləşən Tonlesap gölü Hind-Çin yarımadasının ən iri şirin su hövzəsidir. Məhz bu göldə Kambocanın “mirvari”si - Komponq Luonq üzən kəndi bərqərar olub. Kənd evlər, kafe, dükanlar və məktəbdən ibarətdir. Hamısı üzür.

Şagirdlər üçün “Üzən məktəb” ikinci evdir. Çünki onların əksəriyyəti atasız-anasızdırlar. Elə buradaca yaşayırlar. Valideynləri əsasən balıq tutarkən ölüblər. Yağışlar mövsümündə göldə suyun səviyyəsi qalxır və balıqçılar üçün təhlükəli olur. Məktəbin maliyyə mənbəyi isə turistlərdir.

“Orestad Gimnasium” (Danimarka). Kopenhagendəki Orestad gimnaziyasının binası 3XN şirkəti tərəfindən layihələndirilib və əsl müasir incəsənət nümunəsi hesab edilir. Həm daxildən, həm də çöldən. 2007-ci ildə Skandinaviyanın ən gözəl binası adına layiq görülüb. Bu, Danimarkada Milli Təhsil İslahatları çərçivəsində açılan ilk təhsil ocağıdır.

Orestadın şagirdləri yuxarı siniflərdə oxuyan uşaqlardır. Onlar KİV sahəsində ali təhsil almağa hazırlıq məqsədilə bu məktəbdə oxuyurlar. Hər addımbaşı eşidə biləcəyiniz söz budur: kommunikasiya! Auditoriyalar arasındakı sədlər şərti xarakter daşıyır: elə planlaşdırılıblar ki, hamı faktiki olaraq böyük bir sahədə təhsil alır. İnternetə məhdudiyyət yoxdur, uşaqlar həm real həyatda, həm də internetdə ünsiyyət qururlar. Binanın 4 mərtəbəsini birləşdirən pilləkəni uşaqlar “Məktəbin ürəyi” adlandırırlar. Tənəffüs vaxtı uşaqlar al-əlvan döşəkçəli divanlarda oturub, yaxud uzanıb istirahət edirlər.

“Watershed School” (ABŞ). Bu təhsil ocağının ikinci adı “Macəralar məktəbi”dir. ABŞ-da fermer təsərrüfatının tənəzzülə uğraması tək hökuməti deyil, həm də təhsil işçilərini narahat edir. Elə bu səbəbdən “Macəralar məktəbi”ndə xüsusi proqram tətbiq olunur. “Farm to Table” proqramına əsasən, məktəblilər Koloradodakı fermalardan birinə gedib orada heyvandarlıq işini öyrənirlər.

Ümumən bu məktəbdə təhsil almaq bir neçə il macəra yaşamağa bənzəyir. Əlbəttə, məktəbdə riyaziyyat və ya ingilis dili kimi fənlər öyrənilir. Ancaq onlar müxtəlif ekspedisiyaların yanında nədirlər ki? Məktəb qurucuları hesab edirlər ki, ekspedisiyalar qədər uşağa bilik və savad verən ikinci bir yol yoxdur. Məsələn, arxitekturanı öyrənmək üçün uşaqlar bürkülü sinif otaqlarında oturmur, şəhərin küçələrinə tökülüşürlər. Coğrafiya və biologiya dərslərinin əvəzinə isə kiçik qayıqlarda çaylarda üzmək və meşələrdə gəzib dolaşmaq var.

Müəllimlər uşaqlara şeir yazmaq və mahnı bəstələməyi, rok-qruplar yaratmağı, video-oyunlar üçün ssenari yazmağı, yaxud robot düzəltməyi öyrədirlər. Futbol kimi ənənəvi idman növlərindən başqa, məktəblilər yoqa ilə məşğul olur, dağ velosipedləri sürür və frisbi oynayırlar.

“Summerhill” (Böyük Britaniya). Nəyə görə uşaqlar məktəbdə ən təbii olan bir istək, məsələn, ayaqyoluna getmək üçün müəllimdən icazə almalıdırlar? Dünyanın ən tanınmış məktəblərindən birinin yaradıcısı Aleksandr Nill öz-özünə bu sualı verib və sözügedən təhsil ocağının əsasını qoyub. 1921-ci ildə fəaliyyətə başlamış məktəbin banisi olan yazıçı və pedaqoq Nill soruşurdu: Nəyə görə uşaqlar 45 dəqiqə boyunca dik oturmalı və tərpənməməlidirlər? Hansı böyük bu müddəti hövsələ ilə dözə bilər? Nəyə görə tualetə getmək kimi təbii istəyə görə əlavə icazə alınmalıdır? Nəyə görə sinifləri yaş bölgüsü əsasında ayırıblar? Axı məlumdur ki, çox vaxt eyni yaşıdların maraq və dünyagörüşləri üst-üstə düşmür. Ən nəhayət, nəyə görə uşaqlar dərsdə bir-birləri ilə danışmamalıdırlar? Biz bilirik axı, ən ciddi nailiyyətlər komanda işi zamanı ortaya çıxır!

“Summerhill”də uşaqlar azadlıqla tərbiyə olunurlar. Onlar burada sanki internatda yaşayırlar. Məktəblilərin yaşı önəmli deyil. Məsələn, psixologiyaya dair mühazirələrdə iştirak etmək üçün 12 yaşın olması kifayətdir. Yeri gəlmişkən, bu mühazirələrə uşaqlarla bərabər məktəbin personalı da qatıla bilər. Riyaziyyat dərslərində olmaq üçünsə 7 yaş kifayət edir. Uşaqların dərsdə olub-olmamaları öz istəklərinə bağlıdır. İstəyirlər lap gedib bütün günü ağaclara dırmansınlar. Bir çox mütəxəssis hesab edir ki, bu, düzgün yol deyil: uşaqları bir az boş burax, qarşılarını almaq mümkün olmayacaq! Ancaq məktəbin təcrübəsi əksini göstərir. Sən demə, dərsə girməyən uşaqlar adətən buraya digər adi təhsil ocaqlarından gəlmiş məktəblilərdir. O da ilkin müddətdə. Onlar azadlığın dadını hiss edib ondan gen-bol yararlanmağa başlayırlar. Axı əvvəlki məktəblərində belə olmayıb. Ancaq zaman keçdikcə bu azadlıq uşaq beyni üçün darıxdırıcı məşğuliyyətə çevrilir və o, dərslərə baş çəkməyə başlayır. Bu məktəbdə böyüklərlə uşaqların fikirləri eyni qədər dəyərlidir. Ekspertlər qeyd edir ki, hətta ən çətin və pis oxuyan uşaq burada “haqq yolu”na gəlir. Hörmət və şəxsi məsuliyyəti hiss etdikdən sonra onların başqa əlacları da qalmır.
A.Nill həyatdan köçdükdən sonra məktəbə onun qızı Zoui Nill başçılıq edir. Hazırda bu təhsil ocağında 100-dən çox uşaq oxuyur. Əgər əvvəllər buraya ən çətin xarakterli uşaqları gətirirdilərsə, indi məktəb azadlıqsevər valideynlərin övladları üçün ən populyar məkandır.

yuxarı ⤴