1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elmə və təhsilə bağlanan ömür
22.09.2017 / No36

 

 

 


Akademik Rəfiqə Əliyevanın 85 illiyi qeyd olunub

Yusif ƏLİYEV

Filosofların qənaətinə görə, insan tarixi kateqoriyadır: bir dəfə dünyaya gəldi, bir dəfə də getməlidir. Lakin əsas məsələ məhz necə getməyində, özündən sonra hansı izi qoymağındadır. Tarixdə qalanlar, xalqın yaddaşında yaşayanlar məhz özündən sonra iz qoya bilənlərdir. Bəşər tarixinə nəzər saldıqda aydın görmək olur ki, özündən sonra dünya durduqca adı qalacaq insanların böyük əksəriyyətini alimlər təşkil edir. Bu da təsadüfi deyil. Çünki dünyanı tərəqqi yolu ilə irəlilədən ən mütərəqqi nəzəriyyələr, ən böyük kəşflər elm və kamal sayəsində meydana gəlib, alim beyninin məhsulu kimi ortaya çıxıb. Məhz elə buna görə də dahi Nizami qüvvəti elmdə görür, alimin rütbəsini bütün rütbələrdən uca hesab edirdi. Təsadüfi deyil ki, məhz bu səbəbdən də dünya elminə dəyərli töhfələr verən, ömrünü xalqının yolunda fəda edən insanlar heç vaxt unudulmur, xatirələri daim əziz tutulur. Belə elm fədailərindən biri də sentyabrın 20-də Bakı Dövlət Universitetində 85 illik yubileyi qeyd olunan böyük kimyaçı alim və pedaqoq Rəfiqə xanım Əliyevadır.

Universitetin böyük akt zalında keçirilən yubiley mərasiminə Azərbaycan xalqının bu alim qızına - BDU-nun analitik kimya kafedrasının professoru, ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevaya öz hörmət və ehtiramını ifadə etmək üçün çox insan gəlmişdi: akademiklər, dövlət qurumlarının rəhbərləri, deputatlar, alimlər, tələbələr, media nümayəndələri. Lakin özü yox idi. Yubileyə bir neçə ay qalmış-mayın 6-da həyata vida etmişdi.

Mərasimdəki giriş sözündə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 60, 70, 80 yaşı olanda yubileyinin keçirilməsinə qətiyyən razı olmayan bu təvazökar insan kollektivin xahişi ilə 85 illiyinin qeyd olunmasına razılıq veribmiş. Lakin ömür vəfa qılmadı və yubiley yubilyarsız keçirilməli oldu. Amma AMEA-nın prezidenti, akademik Akif Əlizadənin çıxışında qeyd etdiyi kimi, yəqin ruhu salonda idi və deyilənləri eşidirdi.

Zalda bir-birlərini əvəz edən çıxışçılar onun zəngin ömür yolundan, elmimizə, təhsilimizə verdiyi töhfələrdən, ictimai fəaliyyətindən, insani keyfiyyətlərindən söz açırdılar.

Rəfiqə xanım Əliyevanın 85 illik ömrünün, tələbəlik də daxil olmaqla, təxminən 70 ili BDU ilə bağlıdır. Universitetdəki 50 illik elmi-pedaqoji fəaliyyəti dövründə yaxşı elmi məktəb yaradıb. Onun qurduğu və ömrünün son 10-15 ilini rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası ən müasir səviyyədə təchiz edilib. Rəfiqə Əliyevanın araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik kimyaya aiddir və analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Eyni zamanda, Rəfiqə Əliyeva Azərbaycan təbiətinə Əliyevlər ailəsinə xas vurğunluq və sevgi ilə ətraf mühitin mühafizəsi məsələləri ilə də yaxından məşğul olub, yaratdığı xüsusi elmi-tədqiqat laboratoriyasında üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikası istiqamətində faydalı tədqiqatlar aparıb.

Akademik Abel Məhərrəmov qeyd edib ki, Rəfiqə Əliyevadan qalan iz - onun elmi-metodik irsi də zəngindir. 450-dən çox elmi əsər, 25 monoqrafiya, dərslik və dərs vəsaiti, 20 patent akademik Rəfiqə Əliyevanın çoxillik səmərəli, məhsuldar fəaliyyətinin diqqətçəkən bəhrələridir. O, həm də 20-dən çox fəlsəfə və elmlər doktoru yetişdirmişdir.

Akademik Abel Məhərrəmov 40 il çiyin-çiyinə çalışdığı Rəfiqə Əliyevanın yüksək insani keyfiyyətlərindən - xeyirxahlığından, təvazökarlığından da söz açdı, onu mənəvi siqləti çox yüksək olan zəngin bir insan kimi xarakterizə etdi, xoş xatirələrini bölüşdü. Akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən rektor ölkə elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Rəfiqə Əliyevanın “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni ilə təltif olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, böyük alimin xatirəsi uzun illər çalışdığı universitetdə də əziz tutulur. Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefi açılıb, adına təqaüd təsis olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminə dəyərli töhfələr vermiş Rəfiqə Əliyevanı analitik kimya istiqamətində tədqiqat aparan yeganə qadın alim kimi təqdim edərək, bu sahədə öz dəst-xətti olduğunu, alim-pedaqoq adını həmişə uca tutduğunu söylədi. Bildirdi ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə Əliyevanın simasında elmlə təhsilin vəhdəti öz təcəssümünü tapmışdır. Böyük alim və böyük pedaqoq kimi o, bu birliyin simvoludur. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanımın hər zaman akademiya ilə əlaqəli olduğunu deyən Akif Əlizadəyə görə, elm və təhsil fədaisi Rəfiqə Əliyevanın zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq.

Alimin 85 illik yubileyinin keçirilməsini yüksək qiymətləndirən təhsil naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademik Rəfiqə Əliyevanın bütün ömrünü, bilik və bacarığını kimya elminin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına həsr etdiyini söylədi.

Akademikin analitik kimyanın aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatlarını yüksək dəyərləndirən nazir tam əminliklə bildirib ki, Rəfiqə xanımın qeyd olunan istiqamətlərdə tədqiqatları yeni bir elmi məktəbin formalaşması ilə nəticələnmişdir. Məhz bu məktəbin yetirməsi olan onlarca alim elmin inkişafına öz töhfələrini verməkdə davam edir.

Nazir diqqətə çatdırdı ki, böyük alim olmaqla bərabər 50 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan akademikin yetirmələri hazırda təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Nazirin fikrincə, akademik Rəfiqə Əliyevanın ABŞ, Türkiyə, Yaponiya, Avstraliya, Rusiya və b. xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda oxuduğu məruzələrlə Azərbaycan elmini layiqincə təmsil etməsi də xüsusi qeyd olunmalıdır. “Onun elmi fəaliyyətinin nəticələri dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilib və yüksək qiymətləndirilib”, - deyə nazir bildirdi. M.Cabbarov çıxışında onu da vurğuladı ki, akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi münasibəti ilə onun elmi-pedaqoji irsinin daha dərindən öyrənilməsi istiqamətində səylərin birləşdirilməsi vacibdir.

Yubiley mərasimində digər çıxışlar da oldu. BDU-nun kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qədirov, əməkdar jurnalist Flora Xəlilzadə, akademik Vasim Məmmədəliyev, BDU-nun kimya fakültəsinin 3-cü kurs tələbəsi, akademik Rəfiqə Əliyeva adına təqaüdçü Emil Qasımov Rəfiqə Əliyevanın həyat yolundan, elmi-pedaqoji fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.

Çıxışlarda bir xətt özünü aydın təzahür etdirirdi: Rəfiqə xanıma hörmət və məhəbbət. Hamı bu fikirdə idi: akademik Rəfiqə xanım Əliyevanın parlaq xatirəsi, elmimizə, təhsilimizə təmənnasız xidmətləri daim qəlblərdə yaşayacaq.

Yubiley tədbirinin sonunda söz alan Rəfiqə Əliyevanın qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva tədbirin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə, anası haqqında xoş sözlər deyən çıxışçılara minnətdarlıq etdi, mehriban ana, öz işinə böyük məsuliyyətlə yanaşan alim-pedaqoq kimi Rəfiqə xanımın bəzi xüsusiyyətlərindən danışdı.

yuxarı ⤴