1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Qəzalı məktəblər modul tipli məktəblərlə əvəz olunub
22.09.2017 / No36

 

 

 


KİV nümayəndələri və təhsil ekspertləri Qəbələ və Oğuz rayonlarındakı modul məktəblərlə tanış olublar

Rəşad ZİYADOV

Qəzalı məktəblərin modul tipli məktəblərlə əvəzlənməsi davam edir. Bu işə ötən il “Regionların sosial-iqtisadi inkişafı”na həsr edilən müşavirədə Prezident İlham Əliyevin tapşırığından sonra başlanılıb. Artıq pilot layihə çərçivəsində regionlarda 60 belə məktəb qurularaq istifadəyə verilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Qəbələ və Oğuz rayonlarındakı modul məktəblərə mediatur baş tutub. Mediaturda 25-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Məlumat üçün deyək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Cari tədris ilinin sonuna qədər isə ölkəmizdə olan bütün qəzalı məktəblər müasir standartlara cavab verən modul tipli məktəblərlə əvəz olunacaq. Artıq bu tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.
Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Bu məktəblərin digər bir üstünlüyü isə budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Həm də istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Əvvəlcə Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olduq. Məktəbdə dərs prosesi gedirdi. 80 şagird yerlik bu məktəb 10 sinif otağı, 1 müəllimlər otağı və kitabxanadan ibarətdir. Hazırda 79 şagirdin təhsil aldığı məktəbdə 20 müəllim çalışır.

Şagirdlərimiz yararsız vəziyyətdə olan tikilidə təhsil almağa məcbur idilər

Seyidqışlaq kənd ümumi orta məktəbinin dərs hissə müdiri, kimya müəllimi Əhmət Baxışov sevincinin hədd-hüdudu olmadığını söyləyərək həmin anları bizimlə bölüşdü: “Məmnunuq ki, kəndimizdə belə bir layihə həyata keçirilib. Hər birimiz görülən işləri yüksək qiymətləndiririk. Əvvəllər şagirdlərimiz yararsız vəziyyətdə olan tikilidə təhsil almağa məcbur idilər. Uşaqlar çox çalışqandır, heç bir şagird dərsdən qalmır. Məktəbimizi bitirən şagirdlərdən ölkənin qabaqcıl universitetlərinə qəbul olub yüksək nailiyyətlər əldə edənlər var. Havanın soyuq, yağışlı olmasına baxmayaraq, dərslərimizdə heç bir problem yaranmayıb. Yeni qurulan məktəb çox gözəldir, gördüyünüz kimi, hər şəraitimiz var”.

Köhnə məktəbimizin hər an uçma təhlükəsi var idi

Səadət Abdullayeva, Seyidqışlaq kənd ümumi orta məktəbinin VI sinif şagirdi: “Köhnə məktəbimizin hər an uçma təhlükəsi var idi. Məktəbimiz qışda soyuq olurdu, sinifdən çox pis qoxu gəlirdi, işıq yanmırdı, yağış yağanda sinfi su basırdı, dərsdə otura bilmirdik. Bütün bunlar da bizim təhsilimizə pis təsir edirdi. Yeni məktəb çox yaxşıdır. Dərslərimi yaxşı oxuyuram, böyüyəndə həkim olmaq istəyirəm”.

Yeni məktəbdə çalışmaq insana ayrı bir zövq verir

Qəbələ rayonu Seyidqışlaq kənd ümumi orta məktəbinin tarix-coğrafiya müəllimi Elşad Abdullayev: “2 ildir ki, bu məktəbdə işləyirəm. Köhnə məktəb çox şəraitsiz və qəzalı vəziyyətdə idi. İstilik sistemi olmadığından siniflərə odun peçləri qoyulurdu. Bu da siniflərin tüstü ilə dolmasına səbəb olurdu. Dərs prosesinə çox pis təsir göstərirdi. Yeni məktəbimiz heç bir qüsuru olmayan, müasir tələblərə cavab verən bir məktəbdir. Yeni məktəbdə çalışmaq insana ayrı bir zövq verir”.

Bizə yaradılan şəraitdən maksimum istifadə etməliyik

Kənd məktəbinin VIII sinif şagirdi Nicat Cavadlı da məktəb yoldaşları kimi təhsil aldıqları köhnə məktəbin şəraitindən gileyləndi. Qurulan yeni məktəbin isə onların məsuliyyətini bir az da artırdığını dedi: “Uçuq və şəraiti olmayan məktəbdə təhsil almaq mümkünsüz idi. Təsəvvürünüzə gətirin ki, qışın soyuq aylarında sinifdə üşüməmək üçün əynimizə o qədər paltar geyinirdik ki, hərəkətimiz çətinləşirdi. Elə vaxt olurdu ki, dərsin ortasında tavandan partanın üstünə müxtəlif həşəratlar tökülürdü, uşaqlar da qorxudan çölə qaçırdı. Bu məktəbimiz isə çox gözəldir. İndi biz şagirdlərin üzərinə böyük məsuliyyət düşür. Dərslərimizi yaxşı oxumalı, dövlətimiz tərəfindən bizə yaradılan şəraitdən maksimum istifadə edərək xalqımıza layiq vətəndaş kimi formalaşmalıyıq”.

Şagirdlərimizin bilik səviyyəsinin artacağına inanırıq

Seyidqışlaq kənd ümumi orta məktəbinin direktoru Səhrab Həşimov qəzetimizə açıqlamasında bildirib ki, yeni məktəb istilik sistemi və digər lazımi avadanlıqlarla təchiz olunub, 80 yerlikdir. Onun sözlərinə görə, modul tipli məktəb inşa olunana qədər 1981-ci ildə tikilən uçuq binada şagirdlərə təhsil verilib: “Çox şükür ki, bu gün yeni məktəbimiz fəaliyyətdədir. Müəllim heyəti olaraq bizim üzərimizə düşən odur ki, uşaqlara keyfiyyətli təhsil verək və onların tərbiyəsinin düzgün təşkilinə yardım edək. Məktəbdə 22 müəllim var. Onlardan ikisi bu il yeni təyin olunan müəllimlərdir. Etiraf edim ki, bu günə qədər şəraitimizin pis olması səbəbindən şagirdlərimizin təhsil səviyyəsi ürəkaçan deyildi. Amma bundan sonra şagirdlərimizin bilik səviyyəsinin artacağına inanırıq. Kəndimizdə belə gözəl məktəbin inşa edilməsi kənd sakinlərinin də sevincinə səbəb olub. Yaradılan şəraitə görə dövlətimizə təşəkkür edirik”.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev jurnalistlərə nazirliyin layihəsinə əsasən Azərbaycanda yeni modul tipli məktəblərin inşası ilə bağlı məlumat verib.

Səfər çərçivəsində Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimində iştirak etdik.

Mərasimdə Qəbələ Rayon İcra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin nümayəndələri Cəsarət Valehov, Firudin Həmzəyev, Fərhan Əliyev, məktəbin direktoru Sevil Nəbiyeva, rayon ağsaqqalı Ələddin İsgəndərov çıxış edərək təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, təhsil ocağının yüksək səviyyədə təmir olunaraq istifadəyə verilməsini bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.

Qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları təmir olunan yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, məktəbə Təhsil Nazirliyi tərəfindən 5 ədəd noutbuk hədiyyə edilib.

Fürsətdən istifadə edərək məktəb haqqında kənd sakinlərinin və məktəbin şagirdlərinin fikirlərini öyrəndik. Kənd sakinlərinin sözlərinə görə, burada yaşayan uşaqlarda təhsilə maraq yüksəkdir. Ona görə də sakinlər bu cür layihənin həyata keçirilməsi ilə bağlı məmnunluqlarını ifadə etdilər.

Qəbələ rayonunun Aydınqışlaq kənd tam orta məktəbinin IX sinif şagirdi Aygün Valehzadə sevinən şagirdlər içərisində idi. Aygün deyir ki, əvvəl məktəblərinin bu cür gözəl şəraiti olmayıb. “Köhnə məktəbimiz çox bərbad vəziyyətdə idi. İndi isə bu gözəl məktəbimizə hər birimiz həvəslə dərsə gəlirik. Çalışmalıyıq ki, dərslərimizi yaxşı oxumaqla yanaşı məktəbimizi qoruyaq və onun səliqəli qalmasını təmin edək”.

Nəvəm Aylin bu il birinci sinfə gedir

Aydınqışlaq kənd sakini Safəddin Məmmədov kənd məktəbinin yüksək səviyyədə təmirində zəhməti olanlara minnətdarlığını bildirdi: “Kəndimiz üçün belə bir məktəbin təmir olunması biz kənd camaatı üçün xoş bir hadisədir. Nəvəm Aylin bu il birinci sinfə gedir. Sevinirəm ki, təmiz, səliqəli, işıqlı sinif otağında dərs keçəcək”.
Sonra Oğuz rayonunun Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəblə də tanış olduq. Burada bizə məlumat verildi ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, kitabxana və müəllimlər otağından ibarətdir. Hazırda məktəbdə 73 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Məktəbdə həmçinin 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək ki, burada 12 uşaq təhsil alacaq.
 

yuxarı ⤴