1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Təhsildə qısa zamanda böyük nailiyyət əldə etmək mümkün deyil”
22.09.2017 / No36

 

 

 


Bəxtiyar Əliyev: “Sadəcə biliklər deyil, bacarıqlar da qiymətləndirilməlidir”

Ruhiyyə DAŞSALAHLI

İnkişafla xarakterizə olunan yeni bir mərhələnin astanasındayıq. Bu mərhələdə əsas hədəf təhsilin bütün istiqamətləri üzrə yüksək keyfiyyətə nail olmaqdır. Bunun üçün ənənəvi modellərdən imtina olunur, köhnə qaydalar dəyişdirilir, yeni qanunlar qəbul edilir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində təhsil sahəsindəki prosesləri dəyərləndirib.

- Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Bu, sizcə, təhsil üçün nə ifadə edir?
- Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Ciddi strateji əhəmiyyətə malik olan sənəddə təhsilin 5 istiqaməti üzrə əsas hədəflər müəyyənləşdirilib. Elə həmin vaxtdan da ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlara başlanılıb. Bilirsiniz ki, təhsildə islahatlar uzunmüddətli prosesdir və qısa zamanda böyük nailiyyət əldə etmək mümkün deyil. Prosesi bəzən sürətləndirməyə cəhdlər olur. Ancaq təhsil bir istehsal sahəsi deyil ki, bir neçə aya və ya ilə nəticə əldə olunsun. Təhsil məktəbəqədərdən başlayır, orta və ali məktəbdə davam edir. Nəticə isə hazırlanan ixtisaslı kadr işə başlayandan sonra görünür. Bu baxımdan təhsilin inkişafı üzrə Dövlət Strategiyasında daha çox uzaq hədəflər nəzərdə tutulub. Azərbaycanda gedən yüksək iqtisadi inkişafa təkan verəcək kadr potensialının hazırlanması bu hədəflərdəndir. İnsan kapitalının formalaşmasında gücün böyük bir hissəsi təhsilin üzərinə düşür. Elə bu səbəbdən də Təhsil Nazirliyi təhsildə keyfiyyətin yaxşılaşdırılması üzərində işə xüsusi diqqət yetirir. İndiyə qədər həyata keçirilən islahatlar zamanı həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük işlər görüldü. Amma ilkin mərhələdə təbii ki, dəyişikliklər əsasən kəmiyyət göstəricilərini əhatə edirdi. Fikrimizcə, artıq kəmiyyətdən keyfiyyətə keçid demək olar ki, başa çatıb və biz sürətli keyfiyyət dəyişikliklərini görürük. Orta məktəblərdə görülən işlərin nəticəsi olaraq IX sinif buraxılış imtahanlarında çevik dəyişikliklər baş verdi. Bu dinamika haqqında nazirlik tərəfindən geniş hesabat dərc edilib.

- İmtahanlardan söz düşmüşkən, müzakirəsi hələ də davam edən və nədən ibarət olacağı barədə cəmiyyətdə, təhsil ictimaiyyətində subyektiv mülahizədən başqa qəti fikir olmayan yeni qəbul imtahanı modeli barədə nə düşünürsünüz?
- Mən bütövlükdə keyfiyyət qiymətləndirməsinin tərəfdarıyam. Keyfiyyətcə yeni olan hər bir mərhələdə qaydalar təkmilləşməlidir. Ona görə də kurikulumla təhsilalanların qiymətləndirilməsindəki metodologiya da dəyişdirilməlidir. Bu, reallıqdır.

- Yeni imtahan modelini necə təsəvvür edirsiniz? Ən əsası, bu, testin ləğvidirmi?
- “Test” deməyək. Qiymətləndirmənin metodologiyası dəyişir. Axı, sadəcə biliklər deyil, həm də bacarıqlar qiymətləndirilməlidir. Əvvəlcə müəyyən etməliyik ki, biz nəyi ölçürük? Ölçülən özü mahiyyətcə dəyişibsə, biz onu başqa qiymətləndirmə vasitələri ilə ölçə bilmərik, axı. Deməli, ona uyğun da ölçü mexanizmləri hazırlanmalıdır. Bütün dünyada bu, belədir. Azərbaycanda da belə olması tamamilə normaldır, qaçılmazdır. Orta məktəblərdə iki mərhələdə qiymətləndirmənin aparılması metodologiyanın dəyişdiyini göstərir. IX sinif buraxılış imtahanlarında tətbiq edilən həmin qiymətləndirmədə testdən başqa, açıq sual və məsələlər, esse də verilir. Bu yolla şagirdin öz fikrini yazaraq ifadə etmək bacarığı, təfəkkürünün ümumiləşdirmək imkanları yoxlanılır. Yəni, bu yol təfəkkürün çevikliyini, dərinliyini, müstəqilliyini qiymətləndirməyə imkan verir. Şəxsiyyətyönümlü təhsilə üstünlük verməkdə məqsədimiz müasir təhsilin tələblərinə cavab verən əsl vətəndaş, vətənpərvər yetişdirməkdir. Deməli, şagirddə tənqidi düşüncə, müstəqil və çevik qərar vermə bacarığı formalaşıbsa, o, qarşılaşdığı hadisələrlə bağlı öz mövqeyini bildirirsə, onda onun gələcəkdə bir şəxsiyyət olaraq heç bir problemi olmayacaq. Yox, əgər təhsil prosesində onun tənqidi təfəkkürü formalaşmayıbsa, onda həmin insan qarşılaşdığı hadisəni yaradan səbəbi araşdırıb tapa bilməyəcək. Gələcəyin peşəkarlarından isə yazmaq, oxumaq, idarə etmək, insanlarla ünsiyyət qurmaq, kreativlik kimi keyfiyyətlər tələb olunur. Gəlin görək, indiki vəziyyətdə test bunların hamısını tam qiymətləndirməyə imkan verirmi? Cavab birmənalıdır: hazırkı formasında testlə bunları ölçə bilmərik. Ölçmürüksə, demək, şagirdlərdə bu keyfiyyətlər formalaşdırmaq çətinləşir. Amma mətbuatda verilən məlumatlara görə, müvafiq qurumlar bu istiqamətdə müəyyən işlər görürlər.

- Yeni qiymətləndirmə modeli sadəcə kurikulumun tətbiqi nəticəsində şagirdin nə qazandığını ölçəcək, yoxsa başqa hədəflər də var?
- Düşünürəm ki, ali və peşə təhsili müəssisələrinin reytinqini artırmağa xidmət edən addımlar atılacaq. Yeni qaydalara görə, DİM qiymətləndirməni aparsa da, ali məktəbləri seçmək DİM vasitəsilə abituriyentlərin ixtiyarına verilib. Düşünürük ki, növbəti mərhələdə ali məktəbləri seçmək hüququ biliyi qiymətləndirilmişlərlə ali məktəblərin özlərinə verilməlidir. Belə olarsa, ali məktəblərin reytinqi sistemi, rəqabət mühiti formalaşacaq. Tutaq ki, Gəncə Dövlət Universiteti 500 baldan aşağı tələbə qəbul etməyəcəyini bəyan edəcək. Onda bu universitet üçün müsabiqə vəziyyəti 500-dən aşağıya imkan verməyəcək. Keyfiyyəti aşağı düşən digər ali məktəbi isə heç kim seçməyəcək.

- Ali məktəblərə öz kadrını seçmək şansının verilməsi qəbul prosesində subyektiv amillərə meydan açmazmı?
- Keçid dövründə subyektivlik müəyyən rol oynaya bilərdi. Amma bugünkü reallıq bu amilin aradan qaldırıldığına şübhə yeri olmadığını göstərir. Testlə qiymətləndirmə və islahatlar vəziyyəti tamamilə dəyişib. Bu baxımdan hesab edirəm ki, əvvəllər müəyyən problemlər olsa da, artıq bütün bunlar aradan qaldırılıb, texniki məsələlər öz həllini tapıb. Məsələn, ali təhsil müəssisələrində oxuyan tələbələri həmin təhsil müəssisələrinin özü qiymətləndirir və hesab edilir ki, yalnız yaxşı bilik alanlara diplom verirlir. Bu məsuliyyət, yəni son nəticənin qiymətləndirilməsi məsuliyyəti ki, Dövlət İmtahan Mərkəzinin üzərinə düşmür. Ali məktəbə qəbul olmaq heç də onu mütləq bitirə bilmək anlamına gəlmir. Bu məsuliyyəti ali məktəb daşıyır və onun reytinqini müəyyən edən əsas göstərici yüksəkhazırlıqlı, rəqabətqabiliyyətli məzun olmalıdır. Deməli, hazırlanacaq kadrları da təhsil müəssisəsi və qiymətləndirmədən keçmişlər özləri seçə bilərlər. Hesab edirəm ki, narahatlıq üçün əsas yoxdur. Çünki mexanizm elə qurulub ki, qanunvericilik bazası, qəbul olunmuş qaydalar, həyata keçirilən islahatlar şəffaflığa şübhə yeri qoymur. Narahatlıq üçün o vaxt əsas yaranır ki, insanın özünə əminliyi olmur. Bu bizim qüsurlu tərəfimizdir və ailədən başlayır. İnanmaq və etimad göstərmək məsuliyyəti artırmaqdır.

- Təhsildə proseslər çox sürətlə gedir. Son bir neçə ayda kifayət qədər ciddi dəyişikliklər tətbiq edilib və ya anonsu verilib. Buna səbəb nədir?
- Düşünürəm ki, məktəbəqədər, orta və ali məktəb arasındakı keçid əlaqələrdə müəyyən kəsilmə var. Qiymətləndirmə və mexanizmlər fərqlənir. Məsələn, məktəb bir proqramla hazırlayır, test başqa proqram və başqa metodologiya ilə qiymətləndirirdi. Nəticədə yuxarı siniflərə gəldikcə şagirdlər məktəblərdən uzaqlaşırdı. Kurslara, repetitor hazırlığına meyil göstərirdilər. Ali məktəbə daxil olandan sonra yenidən əvvəlki metodologiyaya qayıdanda isə problemlər ortaya çıxırdı. Məsələn, testdə yüksək bal toplayan tələbələr birinci semestrdə çox zəif nəticə göstərir, hətta kəsilirdilər. Çünki onlar bu təhsilə hazır olmurdular. Beləliklə, testlə bağlı qeyri-sağlam təsəvvürlər və münasibətlər formalaşdı. Təhsil Nazirliyinin apardığı hazırlığı qiymətləndirən Dövlət İmtahan Mərkəzi ilə qurum arasında da əlaqəsizlik nəzərə çarpırdı. Sanki ayrı-ayrı prosesləri həyata keçirən qurumlar kimi fəaliyyət göstərirdilər. Halbuki belə olmalı deyildi. Aparılan islahatlardan sonra bu münasibətlər də tənzimlənib, çevik mexanizm yaradılıb. DİM-in strukturu elə müəyyən olunub ki, Təhsil Nazirliyi ilə bir prosesin ayrılmaz tərkib hissələrinə çevriliblər. Yeni yaradılan DİM-in Direktorlar Şurasında Təhsil Nazirliyi də təmsil olunur və birgə qərarlar qəbul olunur.

- Təhsildə islahatlardan hansı nəticəni gözləyirik? Keyfiyyətə nail olmaq mümkün olacaqmı?
- Mexanizm düzgün qurulub. Təhsil qəbul edilmiş strategiyaya uyğun relslərin üzərinə qoyulub və hədəfə doğru gedilir. İslahatların məqsədi şəxsiyyətyönümlü təhsil vasitəsilə yaradıcı şəxsiyyətin inkişafına nail olmaqdır. Bunu isə müəllimlər təmin edəcək.

- Bəs onların özünün bunun üçün bacarıq və vərdişləri yetərlidirmi?
- Keyfiyyətli təhsilin məqsədi həm də yaradıcı müəllim, yaradıcı təhsil mühiti formalaşdırmaqdır. Amma onlar da testlə imtahan verib gəlirlər. Yəni, ixtisasını sevməyən, hər gün öz üzərində işləməyən, nəinki bacarıq və vərdişləri olmayan, hətta biliksiz müəllimlər həm də indiyədək mövcud olmuş qiymətləndirmə mexanizminin məhsuludur. İxtisas seçərkən abituriyentin qabiliyyəti və meyili deyil, rəqabətlilik, tələbat kimi amillər nəzərə alınıb. Tibb Universitetini istəyib, balı çatmadığı üçün kimya müəllimliyinə gedən azmı müəllim var? Burada valideyn və müəllimlərin də rolu böyükdür. Məhz onların verdiyi istiqamət, məsləhət nəticəsində abituriyentlər ixtisas seçərkən bir insanın üstünlük verməli olduğu bəlkə də 100-cü meyarı əsas tutub özlərinə peşə seçirlər. Nəticə də göz qabağındadır. Peşəseçimi istiqamətində demək olar ki, məqsədyönlü iş aparılmırdı, bu, kortəbii xarakter daşıyırdı. İxtisasından xəbərsiz müəllimlər təhsildə keyfiyyətə təsir göstərirlər. Təbii ki, öyrədənlərin keyfiyyətini dəyişmədən, onlara yaradıcı yanaşmağı öyrətmədən şəxsiyyətyönümlü təhsilin inkişafına nail olmaq mümkün deyil. Bu ixtisasa təsadüfi yiyələnənlər hələ varsa, demək, bu cür problemlərlə yenidən qarşılaşa bilərik. Düzdür, Təhsil Nazirliyi nümunəvi bir mexanizm tətbiq edərək müəllimlərin qiymətləndirilməsi, onların bilik, bacarıq və vərdişlərinin artırılması ilə bağlı qurduğu mexanizm əsasında həm onların əməkhaqqının artırılmasına, həm də keyfiyyət göstəricilərinin dəyişdirilməsinə nail olub. Paralel olaraq müəllim hazırlayacaq ali məktəblərin, strukturların da metodologiyası, proqramları dəyişir. Məktəblərdə artıq müəllimlər arasında rəqabət mühiti formalaşır. Bu da müəllimin nüfuzunun qaytarılmasına müsbət təsir etməkdədir.

- Bəs keyfiyyət göstəriciləri müasir dövrün tələblərinə uyğun gəlməyən müəllimlərlə bağlı hansı qərar verilməlidir?
- Hesab edirəm ki, müəllimlərin qiymətləndirilməsi ilə bağlı seçilən metodologiya doğrudur. Hər kəsə şans verilir ki, hazırlaşsın. Birinci dəfə uğur qazanmayana ikinci dəfə imtahan verməyə də, ixtisası ilə bağlı təlimlərə qoşulmağa, ixtisasartırmağa da imkan yaradılır. İnsanlara açıq, obyektiv şəraitdə seçim imkanları verilir. Hesab edirəm ki, orta ümumtəhsil məktəblərində çalışanların bir qismi artıq orda onlara yer olmadığını anlayıblar. Ancaq işdən çıxsalar, ailədə, ətrafda insanların onlara münasibətinin dəyişəcəyindən qorxurlar. “Yaxşı müəllim deyil”, “İşdən qovuldu” kimi barəsində deyiləcək sözlər onları narahat edir. Bu stereotip müəyyən qədər sındırılsa da, tamamilə yox olmayıb. Odur ki, pedaqoji səriştəsi olmayanlarla bağlı aydın mövqe olmalıdır. Təlimlər, ixtisasartırma və başqa əlavə tədbirlər kömək etmirsə, həmin müəllimlərlə xudahafizləşmək lazımdır. Amma onların gələcək taleyinə biganə qalmaq olmaz. Fikrimcə, onları başqa peşələrə yönəltmək lazımdır.

- Başqa peşələrdə uğur qazana bilərlərmi? Bir çoxu orta nəslin nümayəndələridir...
- Əslində, müəllimlik ən çətin peşələrdən sayılır. Azərbaycanda müəllimlərin sayı kortəbii şəkildə artırılıb. Kurslar təşkil etməklə, bəzilərinin ixtisasını dəyişməklə vəziyyət bu həddə çatdırılıb. Kəmiyyət artdıqca keyfiyyət düşüb. Nəticədə müəllim peşəsinə barmaqarası münasibət formalaşıb. Hər işdən çıxan gedib müəllim işləyib. Halbuki dünya təcrübəsində ən böyük alim belə pedaqoji fəaliyyət üçün lisenziyası olmadan orta məktəbdə dərs deyə bilməz. Halbuki kifayət qədər qazanclı peşələr var ki, müəllimlikdə olduğu qədər əziyyət çəkmədən həmin peşələrdə uğur qazana bilərlər.

- Müəllim hazırlığı bu peşənin nüfuzunun artmasında mühüm rola malikdir. Ən yüksək bal toplayanlar arasında müəllimliyi ilk sırada seçənlərin sayının artması nüfuz göstəricisi olmaqla yanaşı, həm də tezliklə məktəblərə peşəkar, ixtisasını sevən müəllimlər gələcəyindən xəbər verir. Bəs, təsadüfi müəllim olanların qarşısını almaq üçün çıxış yolunu nədə görürsünüz?
- Hələ də açıq qalan suallardan biri odur ki, müəllimin profili necə olmalıdır? Bu müəyyənləşdiriləndən sonra yeni mərhələdə kadr hazırlığına başlamaq lazımdır. Həm də müəllim hazırlayan ali məktəblərin fəaliyyətinin bir hissəsi orta məktəblərlə əlaqəli olmalıdır. Digər tərəfdən, müəllimlik üçün verilən həmin tələblərin əsasında aparılan hazırlıq məhz orta məktəbdən başlamalıdır. Gələcəkdə müəllim olmağı arzulayan şagirdlərə bu peşəyə sevgi ümumtəhsil məktəbindən aşılanmalıdır. Müəllim peşəsi başqa peşələrdən fərqli olaraq strateji məsələdir. Dövlət İmtahan Mərkəzi də bu barədə düşünməli, Təhsil Nazirliyi ilə birgə bir forma hazırlamalıdır ki, bu ixtisasa adamlar təsadüfən düşməsin. Bu, həmin şəxslərin özü üçün də, təhsil üçün də böyük problemdir. Bu vəziyyət əmr və ya sərəncamlarla dəyişdirilə biləcək bir durum deyil. Təbii ki, mövcud kadrların seçilməsi, ixtisasının artırılması, qiymətləndirilməsi məsələsi ilə məşğuluq. Bu proses gedir. Ən böyük istəyimiz odur ki, müəllim cəmiyyətdə ən çox qazananlardan olsun. Onlar çox qazansın ki, dövlət itirməsin. Yaxşı müəllimlərlə sağlam nəsil yetişdirməliyik. Çünki sağlam kadr yetişməyəndə ölkənin itirdiyi daha böyük olur.Təhsilin və təhsil mühitinin sağlamlaşdırılması üçün heç bir addımdan çəkinmək lazım deyil. Burada çox qətiyyətli olmaq, ən radikal addımlar atmaq lazımdır. Çünki zaman gözləmir. İndiyədək bir yanlış təsəvvür formalaşmışdı. “Ali məktəbi bitir, gedib məktəbdə dərs dedikcə ixtisasını və müəllimliyi öyrənərsən”, - deyirdilər. Amma unutmamalıyıq ki, bu gün ali məktəblərdə hazırlanan, müəllimliyə həvəssiz və səriştəsiz müəllimlə bir neçə il sonra yenidən eyni problemləri yaşaya bilərik. Bunun olmaması üçün müəllimliyə hazırlanan kadrların məktəblərlə bilavasitə əlaqəsi yaradılmalıdır. Məktəbəqədər təhsil müəssisələrinin, orta və pedaqoji kadr hazırlayan ali məktəblərin fəaliyyətinin təhsilin fasiləsizliyini və qarşılıqlı əlaqəsini təmin edən vahid sistemi, mexanizmi olmalıdır. Pedaqoji kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin müəllimləri də, tələbələri də həmçinin məktəblərdə, bağçalarda çalışmalıdırlar. Dünyanın qabaqcıl ölkələrində alimlər, professorlar liseylərdə, kolleclərdə də dərs deyirlər, məşhur universitetlərdə də.

yuxarı ⤴