1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Məni UNEC-də təkcə yüksək təhsil səviyyəsi saxlamadı”
22.09.2017 / No36

 

 

 


Aida Həsənova: “Rəqabətin böyük olduğu mühitləri sevirəm”

Jalə MÜTƏLLİMOVA

Hər kəsin həyatında həlledici məqam olur. Nə bu həyatı, nə də orda baş verənləri sən müəyyən edə bilmirsən. Bircə müəyyən edə bildiyi qarşısına çıxan situasiyalar və ya şanslar arasından ən yaxşılarını seçmək olur. Və seçdiklərinə o zaman sevinə, onlarla o zaman öyünə bilirsən ki, o, təkcə sənə deyil, həm də yaşadığın ölkəyə, cəmiyyətə, dövlətə fayda gətirir, indi də, perspektivdə də. Bugünkü həmsöhbətimiz belə perspektivli gənclərdən biridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin-UNEC-in məzunudur. Nə və necə baş verdi, gəlin Aida Həsənovanın özündən eşidək. Çox böyük uğurlar qazanan bu istedadlı azərbaycanlı gənc görünüşcə çox sadə, xaraktercə daha səmimi və təvazökar, həm də zərif xanımdır. Düzü, söhbətə elə bu məqamdan, yəni tərs mütənasiblikdən başladıq...

- Sizi bilik, bacarıqlarınıza görə son dərəcə istedadlı və nüfuzlu məzun kimi təqdim etdilər. Mən əslində, bu parametrlərə fiziki göstəricilərdə də rast gələcəyimi düşündüm. Amma bu qədər zərif olub da o boyda uğurlara sahib olmağın özündə bir tərs mütənasiblik var. Gəlin elə bu məqamdan başlayaq həm də...
- Düzü, hələ qəbul imtahanı verəndə düşünmüşdüm ki, toplayacağım bala görə təsadüfi ali məktəb seçməyim. İstəyirdim çox dəqiq və yüksək səviyyədə seçim edim, həm də özümə qarşı mənəvi olaraq bir sıra tələblərim var. Bütün seçimlərimin özümə məntiqi izahı olmalıdır. Əks halda, məndə heç nə alınmaz. O üzdən ali məktəbləri araşdırmağa başladım. UNEC-i araşdıranda xeyli maraqlı məqamla qarşılaşdım. Xüsusi istedadlar fakültəsi məxsusi diqqətimi çəkdi. Orda həm də beynəlxalq iqtisadiyyat bölümü var idi. Həmin məktəbdə Avropa, ABŞ sisteminə uyğun dərslər keçirilirdi. Müəllimlər xüsusi dəvətlə gəlirlər. Bir də diqqətimi çəkən bu oldu ki, həmin universitetin tələbələri beynəlxalq yarışlarda daha böyük uğurlar qazanır, yer tuta bilirdilər. Bu mənə stimul verdi. Artıq özümə izahıma paralel seçimim də var idi. Hədəfim UNEC-ə daxil olmaqdır.

- Sonra nələr baş verdi?
- Mən seçmək istədiyim fakültənin məzunu olan, eyni zamanda orda hələ təhsilini davam etdirən bir qrup tələbə ilə də əlaqə saxladım. Tədrisin keyfiyyəti və perspektivlər barədə soruşdum. Gördüm ki, gerçəkdən hər kəs yüksək səviyyəli təhsildən və münasibətdən danışır. Bu məni bir qədər də ürəkləndirdi. Düzü, bir ailə münasibəti, pozitiv atmosfer gördüm, yəni məsələnin mənəvi tərəfi də məni cəlb elədi. O üzdən qərarım qətiləşdi. Özümə dedim ki, mən bu universiteti seçməliyəm.

- Seçdiniz və qəbul oldunuz. Bəs nə qədər bal toplaya bilmişdiniz?
- Ali məktəblərə qəbul imtahanında 649 bal yığmışdım.
- Biri var eşitmək, bir də var gəlib praktik olaraq görmək. Eşitdikləriniz və gördükləriniz arasında fərq nə qədər oldu? Yəni, baza məlumatlarınız sizi yanıltmadı ki?
- Sizə deyim ki, əslində, xeyli fərq gördüm. Özü də bu fərq mənfiyə yox, müsbətə yönəlik idi.

- Qane olmadığınız məqamlar necə, var idimi?
- Əslində, mən xüsusi istedadlar fakültəsinə düşmək istəyirdim. Amma mən qəbul olanda o fakültə dağıldı. Buna görə çox narahat oldum. Hətta qərarımda yanlışa yol verdiyimi düşündüm. Çox məyus olmuşdum. Xarici təhsil proqramlarına baş vurdum. Çıxıb getmək istədim, amma hər ziyanda bir xeyir var deyirlər. Mənimlə bağlı məhz o baş verdi. Beynəlxalq İqtisadiyyat Məktəbi yarandı. Araşdırdım, gördüm ki, bu məktəb xüsusi istedadlar fakültəsindən daha yüksək vədlər verir tələbələrə. Gələcəyim, karyeram, akademik həyatım üçün çox uğurlu layihə idi. O üzdən getmək fikrindən daşındım.

- Orada mühit necədir?
- Böyük rəqabət var. Mən rəqabətin böyük olduğu mühitləri sevirəm. İstənilən rəqabət həm yaxşı inkişafa gətirir, həm də xarakter olaraq özünü nə dərəcədə dözümlü, mübariz olduğunu müəyyən edə bilirsən. Bu, mənim üçün vacib məqamdır.

- Müəllimlərin tələbə və dərsə münasibətləri necə, qənaətbəxşdirmi?
- Qəribə olanı budur ki, bizim müəllimlər auditoriya qarşısında mühazirəsini deməklə işini bitirmir. Bizim hər birimizə karyeramızla bağlı məsləhətlər verirdilər. Təhsilimizin gələcək istiqamətini müəyyən etməkdə yardımçı olurdular. Öyrədirdilər ki, magistratura, doktoranturada işlərimizi necə davam etdirmək olar. Ümumiyyətlə, məni UNEC-də təkcə yüksək təhsil səviyyəsi yox, ailə mühitinin olması da saxladı. Ail məktəb bizə təkcə bilik vermir, həm də insan, vətəndaş olmağın yollarını da aşılayır. Bizim universitetdə bunu çox gözəl təşkil etməyi bacaran insanlar var.

- Rəqabətlə bağlı dedikləriniz diqqətimi çəkdi. Gəlin o məqama bir də qayıdaq. Bəli, rəqabət inkişafdır, aktivlikdir və sair. Bu, gənc iqtisadçının dilindən səslənən fikir olanda daha xoş təsir bağışlayır, çünki iqtisadiyyat da rəqabəti sevən sahədir. Amma bir məsələ var, rəqabətdə həmişə qalib gəlmək olmur. Məğlubiyyətlərə hazırsınızmı? Və ya məğlubiyyət sizin üçün son deməkdirmi?
- Əslində, heç nəyi son bilmirəm. İnsan nə qədər varsa, rəqabət də olacaq, qalibiyyət də, məğlubiyyət də. Buradan necə çıxa biləcəyini insana özgüvəni bildirir. Yəni, özünə və savadına bələd olan hər kəs istənilən situasiyadan çıxa bilir. Lap bu situasiyanın adı məğlubiyyət olsa da, qorxu yaratmır. Çünki özündə mənəvi güc tapıb gələcək qalibiyyətlərə hazırlaşırsan.

- Akademik təhsilinizi hansı mərhələyə qədər davam etdirməyi düşünürsünüz?
- Bakalavra qəbul olanda düşünürdüm ki, magistr dərəcəsini almaq mənim üçün kifayətdir. Yəni, böyük iddialarım yox idi. Daha dəqiqi, universitetə daxil olmamışdan əvvəl hədəflərim çox kiçik idi. Maksimum, məsələn, İngiltərədə, Oksford Universitetini oxumaqla kifayətlənəcəkdim. Amma UNEC-ə daxil olandan sonra yerli və beynəlxalq yarışmalarda iştirak etdim. Hiss etdim ki, iddiam və hədəflərim daha böyük olmalıdır. Çünki mən daha böyük uğur əldə edə bilərəm.

- İndi hədəf nədir?
- İndi hədəfim özümü məhdudlaşdırmamaqdır. Gedə biləcəyim hər yerə getmək cəhdləri olacaq. Məsələn, özümü Feysbook, Google kimi böyük şirkətlərdə belə görə bilirəm. Əminəm ki, buna nail olacağam. Hədəf həmişə ən yüksək olmalıdır.
Hazırda məni böyük bir şirkət işə dəvət edib. Və mən bu işi məmnuniyyətlə qəbul edib çalışıram. Tələb olunan standartın ən yüksək səviyyəsini etməyə hazırlaşıram. Əminəm ki, bu məndə alınacaq. Özümdə müəyyən boşluqlar görürəm. Onların hər birini doldurmağa çalışıram. Mükəmməl nəticəli bir ev tikmək istəyirsinizsə, təməlini möhkəm qoymaq lazımdır. Məndə vəziyyət təxminən budur. Düşünürəm ki,yüksək səviyyə əldə etməyə çalışan hər kəs bu cür düşünməlidir. Bu, təkcə özümüz üçün yox, dövlət və cəmiyyət üçün də vacib amildir. Yəni, biz bugünkü gənclik olaraq daha faydalı ola bilməyin yollarını həm də özümüz aramalıyıq. Mən kiminsə bunu bizə xüsusi olaraq anlatmasına tərəfdar deyiləm. Beynəlxalq iqtisadiyyat üzrə akademik biliklərimi başa vurduqdan sonra iş həyatımı da beynəlxalq iqtisadiyyat üzrə quracağam.

- Bildiyim qədəri ilə sizi UNEC də tələbə və mütəxəssis olaraq yüksək qiymətləndirib. Hətta iş təklifi almısınız.
- Bəli, bu, gerçəkdən belədir. Mən bu situasiyadan çox məmnunam. Demək ki, çəkdiyin bütün əziyyətlərin nəticəsi mütləq olur. Bir də bu, insan üçün müəyyənləşmiş həyat yoludur. Bizim bundan imtina etmək kimi hüququmuz yoxdur. Hələlik bir arzum da qalıb. Məzunu olduğum ali təhsil ocağında dərs keçməklə davam etmək istəyirəm. Ümidvaram ki, mütləq baş tutacaq. Çünki müəllim kimi fəaliyyət göstərməyin özü də böyük nailiyyətdir.

 

yuxarı ⤴