1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Biz robotlarla yaşayacaq və çalışacağıq”
22.09.2017 / No36

 

 


Ousama Katib, Stenford Universitetinin professoru: “Robotlar bütün fəaliyyət sahələrində insanlarla ünsiyyətdədir”

Oruc MUSTAFAYEV

Tanıtım: 67 yaşlı Ousama Katib 1950-ci ildə Suriyada anadan olub. Fransa və Amerika ikili vətəndaşlığı almış elektron mühəndisidir, robot texnikası və avtomatlaşdırma sahəsində işləyir. 1972-ci ildə Fransanın Monpelye Universitetində texniki elmlər üzrə bakalavr, 1974-cü ildə isə elektronika, elektrotexnika və avtomatlaşdırma sahəsində magistr elmi dərəcəsi alıb. 1976-cı ildə Tuluzadakı SupAero - Milli Elmlər Akademiyasını bitirib və 1980-ci ildə avtomatika sistemləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1981-1989-cu illərdə Stenford Universitetinin kompüter elmləri fakültəsində elmi işçi, 1990-1999-cu illərdə isə dosent vəzifələrində işləyib. 2000-ci ildən Stenford Universitetinin professorudur. O, həm də universitetin maşın və mexanizmlər departamentinin rəhbəri, Beynəlxalq Robotik Araşdırmalar Fondunun (IFRR) prezidentidir. “Robotexnikaya giriş” (Robotics and Advanced Robotics Manipulations) təkmilləşmiş kursunun müəllifidir. Bu kurs Stenford Universitetinin tədris materialları arasında onlayn olaraq əlçatandır. Professor O.Katib Stenford Universiteti nəzdində Süni İntellekt Laboratoriyasına rəhbərlik edir və “Bio-X” Təşəbbüs Qrupunun üzvüdür. O, Sinqapur Milli Universitetində (1997, 2002, 2005, 2009), Fransanın Lozanna Federal Politexnik Məktəbində (1996), Pyer və Mari Küri Universitetində (1994-2009) professor qismində mühazirələr oxuyub. Onun tədqiqatları robot texnikasının müxtəlif sahələrinə -insan və robot arasında qarşılıqlı təsirə, insan hərəkətinin sintezinə, insan robotikası, aptik telekommunikasiya, biotibb robot texnikasına və robotlaşdırma insanın xidmətində kimi sahələrə həsr edilmişdir.
Sentyabrın 11-də AzTU-da keçirilən maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpoziumun (ISMMS-2017) plenar iclasından sonra dünya üzrə kompüter sistemləri və robotexnika sahəsində nüfuzlu alimlərdən hesab olunan ABŞ-ın Stenford Universitetinin professoru O.Katibdən qəzetimizə müsahibə verməsini xahiş etdik. Yorğunluğuna baxmayaraq amerikalı professor suallarımızı cavablandıraraq bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi.

- Siz Stenford Universitetində Robot Texnologiyaları Laboratoriyasına rəhbərlik edirsiniz? Tədqiqat istiqamətləriniz barədə məlumat verməyinizi xahiş edirik...
- Stenford Universitetinin Robotics qrupu avtomatlaşdırılan manipulyasiyaların və kontrolun bütün aspektlərinə aid olan tədqiqatlarda iştirak edir. Bizim əsas diqqətimiz əsasən qeyri-struktur mühitlərdə insanlarla qarşılıqlı əlaqədə ola və işləyə bilən robotların hazırlanmasına yönəlib. Bundan başqa, biz insan hərəkətini öyrənirik və zərif insan hərəkətlərini və manipulyasiya bacarıqlarını tuta bilən modellər hazırlayırıq. Bu isə bizə oxşar üsulla hərəkət edən robotları proqramlaşdırmağa imkan verir.
Avtonom robotların metodologiyası və texnologiyaları, kooperativ robotlar, insanlara yönəlik robototexniklər, taktiki qarşılıqlı təsir, dinamik modelləşdirmə, virtual mühitlər, genişləndirilmiş tele-əməliyyatlar, istifadə üçün uyğunlaşdırılmış robotların yaradılması bizim maraq dairəmizə daxil olan əsas tədqiqat istiqamətləridir. Bizim işlərimiz çoxxətli cəbr, dinamikanı, idarəetməni, proqramlaşdırma və avtomatlaşdırılan avadanlıqları özündə birləşdirir. Cari layihələr və tədqiqatlar insanaoxşar robot texnikasının yaradılması, robotların təlimi və qarşılıqlı əlaqəsi, humanoid avtomatlaşdırılmış nəzarət, insanın biomexanikası, Qırmızı dənizdə robototexnik tədqiqat mərkəzi kimi istiqamətləri əhatə edir. Tədqiqat mərkəzində tələbələrimiz robotların idarə olunması üzrə baza konsepsiyalarını öyrənir, robotların dizaynı, onların idarə olunması ilə tanış olurlar.

İntellektual robotlar meydana çıxır

- Professor, hazırda bütün dünyada robot texnikasına maraq sürətlə artmaqdadır. Bunu nə ilə izah edirsiniz?
- Doğrudan da son illərdə robotların tətbiq sahələri sürətlə genişlənməkdədir. Onlara indi hər yerdə rast gəlmək olar. Mexanika, energetika, biomexanika, tibb, hərbi və s. sahələrdə. Hazırda bütün dünya ölkələrində robotik sistemlərə maraq artır. Lakin robot texnologiyaları sadaladığımız sahələrlə məhdudlaşmır. Onların tətbiq sahələri də getdikcə genişlənir. Artıq sənaye və istehsalın müxtəlif sahələrində robotlar artır, həm də intellektual robotlar meydana çıxır. İntellektual robotların meydana çıxması ilə əlaqədar isə bu sahələrə maraq və diqqət daha da artıb. Bütün bunların əsasında dünya ölkələrində yeni idarəetmə mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi, qlobal hədəflərə adekvat cavab vermək zərurəti dayanır.

Robotik sistemlər kurikulumlarda

- Stenford Universitetinin tədris kurslarında robotik sistemlərin yeri necədir?
- Robototexnikanın inkişafı biliklərin transformasiyası ilə birbaşa əlaqəlidir. Məhz transformasiyalar bizi innovasiyalara gətirib çıxarır. Bu, robototexnikanın inkişafına yenilik gətirir. Yeni ideyaların üzə çıxmasına və yeni məhsulların yaradılmasına kömək edir. Universitetlərin apardığı tədqiqatlarda innovasiyalar yaranır, bu tədqiqatlar sənaye və qabaqcıl şirkətlər tərəfindən dəstəklənir. Bu mənada qeyd etməliyəm ki, təbii ki, robotik sistemlər Stenford Universitetinin tədris planlarında, kurikulumlarda xüsusi yer tutur. Bunlar əsasən mexanika mühəndisliyi, nəzarət sistemləri, biomexanika sahələri ilə bağlıdır. Bu istiqamətlər tamamilə yenidir. Son 10 il ərzində tibb sahəsində biorobotik sistemlərin sürətlə inkişaf etdiyini görürük. Biorobotika böyük istiqamətdir, süni intellektin inkişafı birbaşa biomühəndislikdən asılıdır.

Robotlara məlumat və təlimatları verən insandır

- Bugünkü tədbirdə çıxışınızda insan və robot arasında qarşılıqlı ünsiyyətdən danışdınız...
- Demək olar ki, robotlar indi insanların bütün fəaliyyət sahəsində onlarla ünsiyyətdədir. Gələcəkdə də robotlar insan keyfiyyətlərinə sahib və bizimlə qarşılıqlı əlaqədə olacaqlar. Biz robotlar ilə yaşayacağıq və çalışacağıq. Sınaqdan keçirdiyimiz ilk sualtı robotun fəaliyyəti də robot və insan arasında əlaqəyə əsaslanır. Süni intellektə əsaslanan robotların vəzifəsi insanlara kömək etməkdir. Robotlar insanlar üçün çətin və ya edə bilmədikləri ağır vəzifələri yerinə yetirir. Amma robotlara da insanlardan kömək lazımdır. Robotlara mühüm məlumat və təlimatları verən insanlardır. Robotlar onlar qarşısında qoyulan vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdirlər, ancaq bunları necə etmək lazım olduğunu insanlara bildirirlər.
Robotik sistemlərdə, məlum olduğu kimi, müxtəlif mexanizmlərdən istifadə olunur. Mexanizmlərdən istifadə edərkən isə onlar üzərində nəzarəti həyata keçirmək üçün müvafiq proqramlar yazılmalıdır. Çünki, ilk növbədə, işçi orqanın hərəkəti lazımdır. Biz hazırda soft və xart proqramlarını yazırıq. Bu proqramlardan istifadə edərkən yüngül mexanizmlərdən, yəni linglərdən istifadə edirik. Lakin bununla belə, eyni zamanda yeni bir istiqamət əmələ gəlibdir. Artıq soft tipli mexanizmlərə üstünlük verilir.
Robototexnika çox geniş anlam daşıyır. Robot istehsal prosesində hər hansı bir işi görür. O, hər hansı elementi bir yerdən digər yerə qoyur. Deyək ki, robotlardan oteldə istifadə olunur. O, burada artıq bütöv bir işi görür. Demək, onun öz funksiyaları var. Burada artıq intellektual robotexnika tətbiq olunur. Onlar artıq bu istiqamətdə ixtisaslaşıblar.

Şagirdlər artıq robotlar qururlar

- Şagirdləri hansı yaşdan robot texnikası ilə maraqlandırmaq məsləhətdir? Amerika məktəblərində robotexnika bir fənn kimi tədris olunurmu?
- Şagirdlərin orta məktəb illərindən robot texnologiyalarına cəlb olunması dövrün çağırışları baxımından çox düzgün yanaşmadır. Qeyd edim ki, ABŞ məktəblərində (əsas məktəb-secondary school) və orta məktəblərində (High school) robotexnika tədris olunur. Uşaqlar robotexnika, proqramlaşdırma, kompüter biliklərinin əsaslarına V və VII siniflərdən yiyələnirlər. Şagirdlərə robotexnika onların yaş səviyyələrinə uyğun tədris olunur. Onlar ilk vaxtlarda kiçik robotlardan başlayırlar. Daha sonra isə robotlar bir qədər mürəkkəbləşdirilir. Növbəti mərhələlərdə uşaqlar robotun elektrik hissələri ilə tanış olurlar. Yuxarı siniflərdə isə şagirdlər artıq robotlar qurmağa başlayırlar. Artıq orta məktəbin X və XI siniflərində şagirdlər robotlar üçün proqramlar yaza bilirlər. Onlar buna birdən-birə yox, tədricən nail olurlar. Deməyim odur ki, robotexnika sistemləri orta məktəblərdə mütləq şəkildə tədris olunur.
- Bilmək olarmı, məktəblərinizdə şagirdlərə daha çox hansı fənlər tədris olunur?

- Əgər robototexnologiyalardan və onların gələcəkdə həyatımızda tutacağı önəmli roldan danışırıqsa, əlbəttə ki, robotlara maraq göstərən şagirdlərimizə riyaziyyatı daha dərindən öyrədirlər. Eləcə də buraya fizika və kompüter proqramlarını da əlavə etmək lazımdır. Artıq bizim orta məktəblərdə şagirdlər üçün proqramlaşdırma kurslarının tədrisinə başlanılıb. Şagirdlərə proqram yazmağı da öyrədirlər. Bu, çox asan proqramdır. Burada əsasən riyazi və fiziki biliklər tələb olunur. Lakin birmənalı olaraq onlar riyaziyyat və fizikanı daha dərindən öyrənməlidirlər.

- Bir sıra ölkələrdə robotexnika sahəsinin inkişafına dövlət tərəfindən irimiqyaslı dəstək proqramları həyata keçirilməklə stimullaşdırıcı tədbirlər görülür. ABŞ-da vəziyyət necədir?
- Bəli, Çin, Koreya kimi ölkələrə baxsaq görərik ki, orada doğrudan da hökumət tərəfindən robotexnika sahəsinə dəstək çox yüksək səviyyədədir. Buna görə də onlar adıçəkilən sahədə çox sürətlə inkişaf edirlər. Bu ölkələrdə texnologiyaların inkişafına, innovasiyaların tətbiqinə çox güclü dəstək var. Orta məktəblərdə də şagirdlər robot texnikasına, proqramlaşdırma kurslarına cəlb olunur, onlar müxtəlif olimpiadalarda uğurla çıxış edirlər. Onların şagirdlərinin robotexnika sahəsində uğurlarına dair çoxsaylı nümunələr göstərə bilərəm. Bizə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan bu sahədə daha çox iş görür, nəinki Amerika (gülür).

Gələcəkdə bütün sənaye sahələri robotlaşacaq

- Bəzi tədqiqatlara görə, yaxın 20-25 ildən sonra bir sıra müasir peşələr yox olacaq. Onların yerini isə süni intellektə əsaslanan robotlar tutacaq. Belə olan halda gənc nəslə hansı peşələri seçməyi məsləhət görərdiniz?
- Əlbəttə, robot texnologiyaları sürətlə inkişaf edir, həm də yeni-yeni tətbiq sahələri tapır. Robot texnikası sənayenin və istehsalın bir çox sahələrində müasir işçiləri əvəz edir. Deməli, informasiya texnologiyaları və robotlar inkişaf etdikcə yeni peşələrə zərurət yaranacaq. Buna görə də gələcək nəsil məhz bəhs etdiyimiz istiqamətləri seçməlidir. Zamanı dayandırmaq olmaz. Zaman, reallıq özü bunu tələb edir. Gələcəkdə bütün sənaye sahələrinin robotlaşması baş verəcək. İndi robot texnologiyalarından istehsalatın bütün sahələrində istifadə olunur. Robotik texnologiyalar səhiyyənin və həyatın keyfiyyət səviyyəsini yaxşılaşdırır. Tibdə, otel, digər xidmət sahələrində onlara daha tez-tez rast gəlmək olur. Lakin onlara qulluq edənlər də lazımdır. Buna görə də robotlarla yanaşı, onların dilini bilən, onları yarada bilən peşə sahiblərinə də böyük ehtiyac var.
 

yuxarı ⤴