1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Region xəbərləri
22.09.2017 / No36

 
 

 

 


GDU-da gənclərə multikultural dəyərlər aşılanıb

Gəncədə Bilik Fondunun təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanda İslam Həmrəyliyi” mövzusunda tədbir keçirilib. Gəncə Dövlət Universitetindən aldığımız məlumata görə, tələbələrə ümummilli liderin ölkədə dini tolerantlığın qorunub saxlanılması, multikultural dəyərlərin və islam ölkələri arasında sıx əlaqələrin formalaşmasında göstərdiyi xidmətlərdən geniş bəhs edilib.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanın bütün dünyada dini tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə qorunduğu ölkə kimi tanındığını qeyd edib. Bildirib ki, Azərbaycan əsrlərlə fərqli dildə danışan, müxtəlif dinlərə etiqad edən, ayrı-ayrı konfessiyaların təmsilçisi olan insanların mehriban şəraitdə yaşadığı ölkədir.

Tolerantlığın ölkəmizdə yaşayan millətlər üçün həyat tərzi olduğunu qeyd edən Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə deyib ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət və din münasibətləri, eləcə də digər dinlərdən olan insanların mənəvi dəyərlərinə və inanclarına hörmət bu gün də qorunub saxlanılır.

Tədbirdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı səmərəli fəaliyyətindən və bu təşkilata üzv ölkələrlə sıx əlaqələrin qurulduğundan da danışılıb. Tələbələrə Bilik Fondu tərəfindən “İslam Həmrəyliyi ili”ndə görülən tədbirlər barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.



“Ətrafımda olan hər kəs: “Artıq oxumağı dayandır” - dedi”



Prezident təqaüdünə layiq görülən Aytac Alməmmədova uğurunun sirlərini bölüşür

- 695 bal toplamağına inanırdınmı?
- Bilirsiniz ki, bu il imtahan iki dəfə keçirildi. Birinci dəfə 673 bal topladım. Ətrafımda olan hər kəs: “Artıq oxumağı dayandır” - dedi. Mən onlarla razılaşmadım və qarşıma maksimum bal toplamağı məqsəd qoydum. Çünki yüksək nəticə əldə edəcəyimə inanırdım. İkinci dəfə imtahana girdim. Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam. Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam. 700 bal toplaya bilməsəm də 695 bal topladım. Şükür ki, imtahandan üzüağ çıxdım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürurverici bir hiss keçirirəm. Bu, təkcə mənim uğurum deyil, doğma məktəbimin, müəllimlərimin, mənə inanan, ümid bəsləyən ailəmin uğuru idi.
- Sənin fikrincə, yüksək bal toplamaq üçün nə etmək lazımdır?
- Mən aşağı siniflərdən yaxşı oxumuşam. Orta məktəb illərində hansısa bir fənnə qarşı ayrı-seçkilik etməmişəm. Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar həm müəllimlərimdə, həm də özümdə bir inam yaratdı. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan olar. Televizora baxmağa, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm. Düşünürəm ki, özümə qarşı tələbkarlığım və dərslərimə məsuliyyətlə yanaşmağım mənim seçilən tələbələrdən biri olmağımda həlledici rol oynayıb.

- Hansı ixtisası seçmisən?
- Uşaqlıqdan xarici dilə marağım çox olub. Sonra hüquqşünas olmaq qərarına gəldim. Məhz bu arzumu reallaşdırmaq üçün Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Düşünürəm ki, bu universitet mənim üçün çox yaxşı başlanğıcdır.

- Prezident təqaüdünə layiq görülən gənclərdən birisən. Ali məktəbi bitirdikdən sonra nə etmək fikrindəsən?
- Biləndə ki, Prezident təqaüdünə layiq görülmüşəm, çox sevindim. İnanın, bu hissi sözlə ifadə edə bilmirəm. Bir gənc bundan artıq nə istəyə bilər ki? Bunun üçün ölkə başçısı İlham Əliyevə gənclər adından dərin minnətdarlığımı bildirirəm. Universiteti bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm.

- Gələcək məzunlara nə demək istərdin?
- Gündəlik dərsləri yaxşı oxumaq, hər günün dərsini həmin gün öyrənmək lazımdır. Şagirdlərimiz “Sabah oxuyaram, imtahan yaxınlaşanda öyrənərəm” - deyib, dəftər-kitabı bir kənara qoymasınlar. Onlar məqsədyönlü çalışsalar inanın ki, zəhmətləri hədər getməz. Bunu öz təcrübəmdən çıxış edərək söyləyirəm.
Üzümü şagirdlərə tutub deyirəm: “Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualına özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır”.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



Göygöl rayonunda 2 yeni məktəb binası istifadəyə verilib



Göygöl rayon Üçtəpə kəndində 432 yerlik yeni məktəb binası tikilib. 18 sinif otağı, fənn kabinetləri, laboratoriya, kompüter otağı, akt zalı və idman zallarından, eləcə də kitabxanadan ibarət olan bina yeni tədris ilində şagirdlərin istifadəsinə verilib.
Göygöl rayon Xasabağ kənd ümumi orta məktəbində isə yeni modul tipli bina quraşdırılıb. 4 sinif, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarət olan məktəbdə 40 şagirdin təlim-tərbiyəsi ilə 9 müəllim məşğul olacaq.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq respublika ərazisində belə məktəblər quraşdırılır.

Qeyd edək ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Milli Musiqi Gününə həsr olunmuş konsert

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

Mətbuat şöbəsindən verilən məlumata görə, fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbirdə çıxış edərək Milli Musiqi Gününün tarixindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli irsi bu gün də layiqincə davam etdirilir.

Musiqili tədbirdə NDU-nun tələbə və müəllimlərinin ifalarında Üzeyir Hacıbəylinin “Cəngi”, “Sənsiz”, “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın mahnısı, Qara Qarayevin “Pyes”, Emin Sabitoğlunun “Sən olmuşam” əsərləri və “Ruhani” aşıq havası səslənib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizdə musiqi, xüsusilə də milli musiqi, muğam musiqi sənəti yüksək dövlət qayğısı ilə əhatə olunub və milli-mədəni irsin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.


İmişlidə dahi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibətilə Mədəniyyət evində tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət evinin əməkdaşları, Uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, İmişli rayon üzrə nümayəndə Nazim Əzimov çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışan N.Əzimov onun əsərlərinin Azərbaycan musiqisinin ən gözəl nümunələri olduğunu vurğulayıb. Qeyd olunub ki, böyük bəstəkar Azərbaycanda milli opera və simfonik musiqi əsərlərinin bünövrəsini qoyub. Azərbaycan musiqisinin demək olar ki, bütün sahələri Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Belə ki, ilk operamız, xalq çalğı alətləri orkestrimiz, operettamız, mahnı və rəqs ansamblımız, xorumuz, simfonik orkestrimiz məhz o dövrdə fəaliyyətə başlayan Azərbaycan Dövlət Konservatoriyası onun bilavasitə rəhbərliyi, eyni zamanda məhsuldar əməyi sayəsində yaranmışdır. Bu gün dünyanın tanınmış musiqiçiləri Üzeyir Hacıbəylinin musiqisini dinləyir, onu tanıyır və yüksək dəyər verirlər.

Sonda şagird və müəllimlərin ifasında dahi bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Arşın mal alan” məktəblilərin ifasında

Zəfər ORUCOĞLU

Lerik rayonunun Hamarat kənd tam orta məktəbində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib. Məktəbin direktoru Güloğlan Hadıyev dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açıb.
Tədbirdə çıxış edənlərdən Hamarat kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Azad Hüseynov, kəndin ağsaqqal ziyalısı, uzun müddət müəllim işləmiş Paşa Allahverdiyev, şair Vüqar Həmati, müəllim Orucəli Şiriyev, bədii qiraətçi Hacımusa Mirzəyev Üzeyir Hacıbəylinin yaratdığı əsərlərdən, bədii yaradıcılığından söz açıblar. Qeyd olunub ki, əsası dahi sənətkar tərəfindən qoyulan milli musiqimiz hər zaman xalqın qürur mənbəyi olacaq.
Sonda Üzeyir Hacıbəylinin musiqisindən nümunələr səslənib, məktəblilərin hazırladığı “Arşın mal alan” əsərindən səhnəciklər göstərilib.


Samirə KƏRİMOVA
 

yuxarı ⤴