1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rollu və didaktik oyunlar kimyanın tədrisində
22.09.2017 / No36

 
 

 

 


Bu, məktəblilərin fənnə marağını artırır

Rəvan MƏMMƏDOV,
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Lisey-Məktəb Kompleksinin kimya və biologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Kimyanın tədrisində rollu və didaktik oyunlar bu fənnə olan marağı artırmaq üçün güclü təsir vasitəsidir. Ona görə də mən dərslərimdə rollu və didaktik oyunlardan, zərurət yarandıqca, geniş istifadə edirəm. Öz iş təcrübəmə aid olan aşağıdakı praktik nümunələri hörmətli oxucularla paylaşmaq istərdim.

1) “Fikirlərin zənciri” oyunu üzrə auksionun təşkili
Şagirdlər hər hansı kimyəvi maddə və ya prosesə aid xüsusiyyətləri bir zəncirin halqaları kimi növbə ilə sadalayır. Cavab verə bilməyib, zənciri qıran şagird oyundan çıxır. Məsələn: 1-ci şagird deyir: kükürd ona görə qeyri-metallara aid edilir ki, istiliyi pis keçirir, elektriki isə keçirmir.
2-ci şagird deyir: kükürd metallardan fərqli olaraq oksidləşdirici xassə göstərə bilir.
3-cü şagird deyir: ...
Oyun sonda bir şagird qalana qədər davam edir. Oyunun qalibi həmin şagird olur.

2) Krossvordun köməyi ilə açar sözün tapılması
Nümunə: “Fosfor” mövzusunu keçərkən mövzunun adının açılması üçün şagird təklif olunan krossvordda olan rəngli zolaqdakı sözü tapmalıdır:


1) halogen
2) mənfi yüklü ion
3) maddənin bərk haldan qaz hala keçməsi
4) oksid növü
5) eyni bir elementin bir neçə müxtəlif bəsit maddə əmələ gətirməsi
6) atom nüvəsinin tərkib hissəsi


3) Oxşarlıq və fərqlər üzrə tədqiqat
İki kimyəvi maddə, reaksiya və sair arasında oxşarlıq və fərqləri tədqiq etmək üçün şagirdlər əvvəlcə cütlər formasında işləyir. Oxşarlıq və fərqlərdən ibarət siyahı tərtib olunur. Sonra cütlər müvafiq qruplarda birləşir. Bu zaman eyni bir qrupun daxilində birləşən cütlərin hazırladığı siyahılar müqayisə edilir, bir-birində olmayan komponentlər bir-birinə əlavə edilir və beləliklə, qrupun təkmilləşdirilmiş vahid siyahısı hazırlanır. Daha sonra qrupların tərtib etdiyi siyahılar əsasında bütün sinfin genişləndirilmiş tək bir siyahısı hazırlanır və kollektivlə birgə müzakirə edilir.

4) Proqnozlaşdırma üzrə elmi-tədqiqat laboratoriyası
Bu oyun sənaye miqyasında aparılan hər hansı mühüm kimyəvi prosesin ən səmərəli təşkili formalarını dərk etməkdə şagirdə kömək edir. Həmçinin, şagirdə öz yeni ideyalarını və təkliflərini irəli sürərək, onların tətbiqi imkanlarını sistemləşdirməyə şərait yaradır. Problemin həlli yolunda şagirdlər tərəfindən irəli sürüləcək ideyaları dəyərləndirmək üçün müəllim və bir neçə aparıcı şagirddən ibarət münsiflər heyəti (ekspert komissiyası) yaradılır. Digər şagirdlər isə təklif olunan problemin həlli üzərində işləyir.
Nümunə: Sulfat turşusu istehsalı çox mühüm sənaye əhəmiyyətli proseslər ardıcıllığından ibarətdir. Bu prosesdə xammal kimi pirit götürüldükdə aşağıdakı reaksiyalar baş verir:


Şagirdlər 3 qrupa bölünür. Hər qrupa uyğun olaraq yuxarıdakı reaksiyalardan biri təklif olunur:
I qrupa daxil olan şagirdlər piritin (FeS2) yanma reaksiyasını sürətləndirmək üçün optimal şəraitin yaradılması problemi üzərində işləyir. Bu problemin komponentlərinə piritin xırdalanma dərəcəsi, O2-nin qatılığı, optimal temperatur və sair şərtlər daxildir.
II qrupa daxil olan şagirdlərin araşdırmalı olduğu problem ondan ibarətdir ki, SO2-nin O2 ilə reaksiyası dönən prosesdir və müəyyən şəraitdə daha çox sola yönəlir. Şagirdlər SO3-ün çıxımını artırmaq üçün kimyəvi tarazlıq haqqında təlimin əsas prinsiplərinin bu reaksiyaya tətbiqi üzərində işləyirlər.
III qrupa daxil olan şagirdlər SO3-ün su ilə reaksiyasında havada zərərli sulfat turşusu dumanının yaranması və digər təhlükəsizlik problemləri üzərində işləyirlər. Daha sonra qruplar öz işlərinin nəticələri əks olunmuş iş vərəqlərini bir-birinə ötürürlər. Hər bir qrup digər qrupların işlərinə baxaraq əlavə təkliflərini verir və bu təkliflər fərqli rəngdə yazan qələmlərlə həmin iş vərəqlərində “əlavələr” bölməsində qeyd olunur. Sonda bütün qrupların işləri məntiqi ardıcıllıqla birləşdirilir və münsiflər heyətinə vahid bir iş şəklində təqdim olunur. Ekspert komissiyası təqdim olunan işə baxır və bütün şagirdlərlə birgə problemin ən səmərəli həlli yollarını müəyyən edir və sistemləşdirir.

5) “Sirli məktublar”
Bu oyundan xüsusən, VII sinifdə ilk kimya dərslərində şagirdlərdə kimyaya marağı artırmaq üçün istifadə etmək olar. Sirli məktublar ağ kağız üzərində yazılmış görünməyən yazılardır. Onları qələvi məhluluna saldıqda, yaxud isti dəmir üzərində saxladıqda yazılar görünməyə başlayır. Resurslar: 1) spirt, 2) fenolftalein, 3) ağ kağız, 4) adi pero, 5) zəif qələvi məhlulu, 6) spirt lampası, 7) quş lələyi, 8) nitrat duzu, 9) qatı sulfat turşusu, 10) dəmir lövhə.
Nümunə: VII sinfin ilk kimya dərsində şagirdlərə zərfin içindən bir ağ kağızı çıxarıb göstərirəm və deyirəm ki, bu ağ kağızda yazılar var, amma görünmür. Lakin bu məktubu oxumaq olar. Bir şagird nümayiş stoluna dəvət olunur. Şagird həmin kağızı zəif qələvi məhluluna salandan sonra aşağıdakı yazılar görünür:
Tanış olaq, Kimyayam. Bir sehirli dünyayam!
Müəllim məlumat verir ki, sirli məktublar iki cür olur. I qrup məktublar fenolftaleinin spirtli məhlulu ilə yazılmışdır. Spirt buxarlandıqda kağızda heç bir iz qalmır. Onu qələvi məhluluna saldıqda yazılar oxunur. II qrup məktublar isə qatı sulfat turşusu ilə yazılmışdır. Bu kağızları isti dəmir lövhə üzərinə qoyduqda, kağızın turşu dəymiş hissələrində kağız maddəsi (sellüloza) kömürləşib qaralır və qara rəngli yazılar oxunmağa başlayır. Oyun zamanı şagirdlər onlara verilən “gizli məktublardakı” görünməz yazıları üzə çıxarıb oxumalı, yaxud sirli məktub hazırlayıb bir-birinə göndərməyi bacarmalıdırlar.

6) Kimyanın tədrisi üzrə didaktik oyunlarda bədii ədəbiyyat nümunələrindən istifadə
Nümunə: “Nizami Gəncəvi və kimya”
Məqsəd: N.Gəncəvinin əsərlərində kimya ilə bağlı məlumatları araşdırmaq.
“Nizami Gəncəvi və kimya” mövzusunu tədqiq etməzdən əvvəl şagirdlərdə ümumiyyətlə, şeirə dərin motivasiya yaratmaq lazım gəlir. Buna görə də müəllim şagirdlərə bildirir ki, əvvəlcə onlara Nizami irsinə aid olmayan və müasir dövrümüzdə yazılmış “Fənlərin bəhsi ” şeirindən bir nümunə söyləyəcək:
Torpaqdayam, sudayam, vücuddayam, qandayam
Yerdə, göydə, xülasə, hər zaman, hər yandayam
Bu şeirin nədən bəhs etdiyini şagirdlərdən soruşduqda onlar qısa müzakirədən sonra cavab verirlər ki, söhbət atomdan gedir. Sonra müəllim deyir: Bilirsiniz ki, atomlar birləşib müxtəlif kimyəvi maddələr yaradırlar. Dahi şairimiz Nizami Gəncəvinin əsərlərində kimyəvi maddələr və onların xassələri haqqında çox faydalı elmi məlumatlar vardır. Gəlin, bu məsələni araşdıraq. Müəllim və bir neçə aparıcı şagirddən ibarət ekspert komissiyası yaradılır. Şagirdlər 3 qrupa bölünür. Hər bir qrupa “Xəmsə”dən ayrı-ayrı mühüm kimyəvi maddələr haqqında şeir parçaları təqdim olunur. Sonra həmin poetik nümunələrdə olan fikirlər arasından müasir kimyaya aid məlumatlarla əlaqəli olanları seçmək tapşırılır.
I qrup: Almaz haqqında
“İsgəndərnamə” əsərindən almaz haqqında poetik nümunə:
Şah daşa zəhm ilə qılınc çaldı,
Qılınc parçalandı, daş bütöv qaldı.
Hansı bir maddəyə onu sürtdülər,
Qalaydan başqa şey etmədi əsər.
Doğrudan bu daşlar bərkdi, itiydi,
Odur ki, bunlara şah “almaz” dedi
II Qrup: Kükürd haqqında
“Sirlər xəzinəsi” əsərindən kükürd haqqında poetik nümunə:
Kükürd saçan məhşərdir, göz qaraldar bu səhra,
Tez keçməyən yolçunu tez saraldar bu səhra
III qrup: Civə haqqında
“Sirlər xəzinəsi” əsərindən civə haqqında bir parça poetik nümunə:
Səxavət çeşməsindən əli civə səpibdir,
Bir yerə yığmaq olmaz, bəlli, civə səpibdir
Sonra qruplar öz iş vərəqlərini bir-biri ilə dəyişirlər. Hər qrup digər qrupların işinə fərqli rəngdə yazan qələmlə əlavələrini edir. Ən sonda ekspert komissiyası tədqiqatın nəticəsini qiymətləndirir.

8) Kimyadan rollu oyunların məhkəmə prosesi formasında keçirilməsi.
Bu tip oyunların əvvəlcə ssenarisini yaradıb, sonra bütün siniflərdə uğurla tətbiq edirəm. Onlar şagirdlərin həm kimyadan bacarıqlarının genişlənməsinə, həm də bir şəxsiyyət kimi mənəvi dəyərlərinin daha da saflaşmasına kömək edir. Məsələn:
 

“Etanolun məhkəməsi”




Məqsəd: Şagirdin etil spirti, onun xassələri və tətbiqi, faydası və ziyanı haqqında bilik və bacarıqlarını genişləndirmək.
Oyunda aşağıdakı rollar iştirak edir: Hakim, prokuror, şahidlər, vəkil, kimyaçı ekspert, müttəhim (etanol) və müşahidəçilər.

Rollar əvvəlcədən şagirdlər arasında bölüşdürülür. İfa olunacaq rolların mətni yazılmış kartlar şagirdlərə paylanır. Hansı şagirdin aparıcı, hansının isə müşahidəçi olacağı müəyyən edilir. Hazırlaşmaq üçün şagirdlərə vaxt verilir.
Oyunun gedişi: Məhkəmə iştirakçıları məhkəmədə öz yerlərini tuturlar. Aparıcı oyunun başladığını bildirir.
Hakim: Etanolun məhkəmə işinə başlanır. Məhkəməni açıq elan edirəm.

Prokuror: Mən Etanolu törətdiyi çoxlu cinayətlərə görə ittiham edirəm. Onun ucbatından hər il dünyada minlərlə insan yol qəzalarında həlak olur. Adam öldürmək, insanlar arasında sağlam mənəvi mühitin pozulması və sair kimi cinayətlərdə sərxoş insanların rolu az deyil. Etanol insanların sağlamlığına ciddi ziyan vurub onları zəhərləyir. Onun ucbatından bəzən ailələr dağılır, uşaqlar valideynlərini itirirlər. Ona görə də Etanola ən ağır cəzanın verilməsini tələb edirəm!
1-ci şahid məhkəmə zalına dəvət edilir.

Şahid: Mənim qardaşım gənc yaşından spirtli içki qəbul edirdi. Vəziyyəti get-gedə ağırlaşırdı. Həkimə müraciət etdi. Müayinədən sonra onun qaraciyərinin, ürəyinin və bəzi başqa daxili orqanlarının ciddi zədələndiyi ortaya çıxdı. Deyirlər ki, ömrünün sonuna az qalıb. Digər şahidlər də Etanolun başqa cinayətlərini məhkəmə iştirakçılarının diqqətinə çatdırdıqdan sonra söz kimya ekspertinə verilir.
Kimyaçı ekspert: Etanol zəhərli, narkotik maddədir. O, tezliklə qana sorularaq sinir sisteminin işini pozur. Ürəyə, damarlara, həzm sisteminə güclü ziyan vurur. Etanolun 90%-ə yaxını qaraciyərdə müvəqqəti saxlanır və zəhərli sirkə aldehidinə oksidləşir. Sonuncu da baş gicəllənmələrə və qusmalara səbəb olur. Digər tərəfdən, Etanol qələvi metalları həll edir, bir çox turşular onunla reaksiyaya girir (ekspertin çıxışı ilə eyni vaxtda, onun çıxışına uyğun fakt və materiallar POWER POİNT proqramında proyektorla nümayiş edilir. Bundan əlavə, ekspert etil spirtinə aid bir neçə mühüm reaksiyanı özü aparmaqla, məhkəmə iştirakçılarına nümayiş etdirir).
Prokuror: Beləliklə, mən tələb edirəm ki, Etanol törətdiyi cinayətlərə görə spirtlərin homoloji sırasından qovulsun və yandırılsın!
Aparıcı: İndi isə söz müdafiə tərəfə verilir.

Vəkil: Siz Etanolu günahlandırsanız da, əslində, günah ondan düzgün faydalanmayan insanların özündədir. Etanolun insanlara çoxlu faydaları var və çoxu bunu bilmir. Yaxşı olardı ki, biz bunu onun özündən eşidək.
Son söz müttəhimə (Etanola) verilir.

Etanol rolunda çıxış edən şagird deyir: Hörmətli hakim və məhkəmə iştirakçıları. Bilirəm ki, səmimi etiraf günahı azaldır. Düzdür, insanlar hərislik edib məni içəndə molekullarım onlara ziyan vurur. Bu mənim günahım deyil ki, insanlar məni içir... Siz məni edam edə bilməzsiniz! Çünki, faydalı məqsədlər naminə insanlara çox lazımam. Məndən sintetik kauçuk istehsalında, həmçinin laklar, dərman preparatları, eləcə də ətriyyat istehsalında başlanğıc maddə və həlledici kimi istifadə edilir. Məndən sirkə turşusu, dietil efiri, mürəkkəb efirlər, boyalar və sair maddələr alırlar. Dostum yodla birlikdə xəstələrin yaralarını müxtəlif infeksiyalardan qoruyuram. Bir çox ölkələrdə insanlar məndən daxiliyanma mühərriklərində yanacaq kimi istifadə edir. Ona görə də məni edam etməmişdən əvvəl yaxşıca düşünün (Etanol rolunda iştirak edən şagirdin çıxışı ilə eyni vaxtda onun çıxışına uyğun fakt və materiallar POWER POİNT proqramında proyektorla nümayiş edilir).
Hakim: Etanol bəraət alsın və spirtlərin homoloji sırasında saxlanılsın!
Məhkəmə prosesi bitdikdən sonra oyundan aldıqları təəssüratlar şagirdlərlə birgə müzakirə edilir. Beləliklə, kimyadan müxtəlif rollu və didaktik oyunların keçirilməsi şagirdlərdə bu fənnə olan marağın artmasına və onların hərtərəfli şəxsiyyət kimi formalaşmasına çox böyük təsir edir.


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.
 

yuxarı ⤴