1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Dərslərimdə İKT-dən necə istifadə edirəm?
22.09.2017 / No36

 
 

 

 


Şagirdlər həm əylənir, həm də öyrənir

Könül ƏLİYEVA,
Bakı şəhəri X.Vəliyev adına 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Yazıya bir Çin məsəli ilə başlamaq istəyirəm: “Danış unudum, göstər yadda saxlayım, cəlb et öyrənim”. Həqiqətən, bu məsəl müasir təlim üçün çox aktualdır. Müasir dövrün şagirdini cəlb etmək, fikir və diqqətini təlimə yönləndirmək günü-gündən çətinləşir. Artıq İKT-nin sürətlə inkişafı, hər kəsin həyatına daxil olması, yaşından, peşəsindən, cinsindən asılı olmayaraq hamının həyat tərzinə nüfuz etməsi bu işi daha da mürəkkəbləşdirir. Qarşımızdakı şagird istər telefon, istərsə də kompüterin bəzi funksiyalarından istifadə etməyi bacaran, özünə görə daha hazırcavab, daha çevik düşünən bir şagirddir. Bəs, belə təqdirdə ibtidai sinif şagirdinin təlimə marağını necə yüksəltmək olar? Bunun üçün, birinci növbədə, müəllim müəyyən bacarıq və vərdişlərə malik olmalı, daha dünyagörüşlü və irəliləyən texnoloji yeniliyi izləməyi bacarmalıdır.
İbtidai sinif şagirdlərinin yaş səviyyəsi (6-11yaş) elə bir yaş dövrüdür ki, bu dövrdə şagirdi rəngarənglik və daxilində fəallıq olan şeylər maraqlandırır. Əgər sinifdə “ağıllı lövhə” varsa, onda bu şansdan istifadə etmək lazımdır.
Fikrimcə, internet resurslarından yararlanmaqla qurulan dərslər daha cəlbedici, daha fəal olur. Şagird hər gün evdən çıxarkən özlüyündə fikirləşməlidir: “Bu gün müəllim bizə maraqlı daha nə göstərəcək?”. Bunun üçün həm müəllim, həm də şagird tədqiqatçı olmalıdır. Məsələn, ibtidai sinif müəllimlərinin ən çox istifadə etdiyi iş üsulları - Venn diaqramı və BİBÖ cədvəlində istifadə artıq şagirdləri yorur. Məncə, I sinifdə söz assosiasiyası, auksiondan istifadə etməklə şagirdi daha işgüzar tədqiqatçıya çevirmək olar. Məsələn, mən I sinifdə hər hansı bir hərfin tədrisi zamanı lövhədə belə bir cədvəl çəkirəm:



Şagirdlərə müraciət edirəm: “Gəlin, tərkibində “x” səsi işlənən sözlər deyək”. Şagirdlər bir-bir tərkibində “x” səsi işlənən sözlər sadalayır: xalça, xoruz, naxış, paxlava, çarx, ox, qırx, axşam, taxta, taxıl, paxıl, xəmir, xəzinə və s. Bu sözlər sadalandıqca, sual verirəm: “Səncə, mən bu sözü cədvəlin hansı sütununa yazmalıyam?”. Şagird həm sözü tapır, səsin sözün hansı hissəsində işləndiyini müəyyənləşdirir, həm də qalib gəlmə həvəsi ilə dərsə tam cəlb olunur. Ən son sözü deyən şagird qalib elan edilir.
Bundan əlavə, “ağıllı lövhə”dən istifadə və ya lövhə yoxsa, “sonu ng ilə bitən sözlər tap” tapşırığı ilə şagirdlərin həm lüğət ehtiyatının zənginləşdirilməsini və genişləndirilməsini, həm də yazılı nitqinin inkişafını təmin etmək olar. Bu zaman şagirdlər pələng, çələng, çərpələng, tüfəng, fişəng, ahəng, əhəng, rəng, zəng, ləng, təng, səhəng, nəhəng kimi sözləri tapmaqla həm də onların mənalarını açıqlayırlar.
Bundan əlavə, Web 2.0 alətlərindən istifadə də dərsi daha maraqlı və rəngarəng edir. Düzdür, bunlardan hər gün istifadə edilməyə də bilər. Lakin, Web 2.0 aləti olan Kahoot.it saytında bir oyun qurmaq dərsi maraqlı edir. Əslində bundan istifadə edərkən hər bir şagirdin qarşısında kompüterin olması daha yaxşı olardı, lakin bu olmadan da onu tətbiq etmək olar. Bu məqsədlə mən 10 və ya 15 sualdan ibarət test qururam. Şagirdlər “ağıllı lövhə”də sualları oxuyur, cavab variantına uyğun şagirdlərə rəngli kağızlar paylanılır. Çünki bu saytda cavablar rəngli şəkildə göstərilir. Şagirdlər düzgün cavab variantına uyğun rəngli kağızı qaldıraraq öz variantlarını bildirirlər. Bununla da onlar həm çevik düşünməyə alışır, həm də daha çox düşünməklə qalib gəlməyə çalışırlar.
Həmçinin, crosswordlabs.com saytından şagirdlərin təfəkkürünün inkişafına xidmət edən krossvordlar hazırlamaqla onları çalışdırıram. Hərə bir cavab verərək krossvordu tam doldururlar. Bundan əlavə, learningapps.org, e-resurs.az saytlarından müxtəlif intellektual oyun və tapşırıqların hazırlanması şagirdləri təlimə cəlb edir, onları dərs zamanı gərəksiz məşğuliyyətdən yayındırır.
Nümunə olaraq, riyaziyyat dərslərində müxtəlif məntiqi tapşırıqların hazırlanması onların məntiqi təfəkkürünün inkişafına xidmət edir. Məsələn, II sinifdə şagirdlərə həm məntiqi misal və məsələlərə, həm də vurma vərdişləri keçildiyindən mürəkkəb misalların həllinə cəlb etməklə onların bacarıqlarını vərdişə çevirmək mümkündür. Bu kimi tapşırıqlara bir neçə nümunə göstərək:
1. Təkliklər mərtəbəsi 4 olan 65-dən kiçik bütün ikirəqəmli ədədlərin cəmi neçə edər?
2. Ən kiçik ikirəqəmli tək ədədin üçqatının üzərinə ən kiçik ikirəqəmli cüt ədədi gəlsən neçə edər?
3. Ən böyük ikirəqəmli cüt ədədlə 12-nin üçqatının fərqi neçə edər?



İnternet resurslarından istifadə şagirdlərə əlavə məlumat verməyə, onların dünyagörüşlərinin formalaşmasına xidmət edir. II sinif Azərbaycan dili dərslərində fillər, dəvələr, kərtənkələlər, hörümçəklər, bal arıları, ipəkqurdu haqqında elmi-kütləvi mətnlər verilib. Bu mövzuların tədrisində youtube-dan həmin heyvanlara aid maraqlı videoların nümayişi onların intellektual dünyagörüşlərini daha da zənginləşdirir. Beləliklə, şagirdlər həm əylənir, həm də öyrənir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴