1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Frazeoloji vahidlərin rolu ilə bağlı aktual araşdırma
22.09.2017 / No36

 
 

 

 


Elşad ABIŞOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Dil sisteminin yarusları sırasında özünəməxsus spesifikliyi və orijinallığı ilə maraq doğuran sahələrdən biri də frazeologiyadır. Frazeologiyanın tədqiqat obyektinə daxil olan sabit ifadə və ibarələr - atalar sözləri, zərbi-məsəllər, aforizmlər, kəlamlar, frazeoloji söz birləşmələri mənsub olduqları dildə danışan xalqın tarixi keçmişi, məişəti, adət-ənənələri, dil tarixi, etnik mənsubiyyəti, bütövlükdə milli kimliyi ilə sıx bağlı olan dil nümunələrilə zəngindir. Bu nümunələrin linqvistik yöndə, tutarlı elmi faktlar əsasında kompleks araşdırılması dilçiliyin etnik dil problemlərini özündə ehtiva edən etnolinqvistika sahəsinin yeni inkişaf istiqamətlərinin (nəzəri və praktik) üzə çıxarılması və öyrənilməsi baxımından geniş imkanlar yaradır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru Mahirə Nağı qızı Hüseynovanın elmi əhəmiyyəti və aktuallığı ilə seçilən “Aşıq və el şairlərinin üslubi frazeologiyası” adlı monoqrafik tədqiqatı belə əsərlərdəndir.

Əsərdə XIX-XX əsrlərdə Qərbi Azərbaycanın Dərələyəz ədəbi mühitində yaşayıb-yaratmış Azərbaycan aşıq sənətində aparıcı rola malik olan Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Qulu, Aşıq Mehdi İbrahim Mirzalıoğlu, Xırdaxanım Dərələyəzli, Rəhman Mustafayev, Qara Həsən və b. aşıq və el şairlərinin dilində işlənən frazeoloji vahidlər - sabit söz birləşmələri, atalar sözləri və məsəllər, aforizmlər, alqışlar, qarğışlar və andlar sistemli elmi tədqiqata cəlb olunaraq təsnif olunur, linqvistik təhlil süzgəcindən keçirilir.

Əsərin “Aşıq və el şairlərinin bədii yaradıcılığında frazeologizmlərin üslubi xüsusiyyətləri” adlanan birinci hissəsində aşıq və el şairlərinin bədii yaradıcılığında işlənmiş müəllifin də qeyd etdiyi kimi “Xalq bədii təfəkkürünə məxsus sağlam mənəvi fikir ifadəsini qoruyub saxlayan, xalq müdrikliyinin parlaq ifadəsi olan frazeoloji vahidlər komponentlərinin miqdarına görə (iki komponentli - göz dikmək, başa düşmək; üç komponentli - gözü yolda qalan, çox cəfalar çəkdi; üçdən çox komponentli - almısan əlimdən din-imanımı, qoymadın daş üstə qala daşımı) qruplaşdırılmaqla yanaşı, onların poetikası və üslubi rəngarəngliyi, həmçinin leksik-semantik və qrammatik xüsusiyyətləri mövcud elmi prinsiplər əsasında geniş şərh olunur. Araşdırma prosesində frazeologizmlər tərəfinin nitq hissələri ilə ifadəsinə görə ismi və feili frazeologizmlər olmaqla iki növə ayrılır, omonim, sinonim, antonim və nidayi frazeologizmlər haqqında sistemli məlumat verilir.

Tədqiqat əsərinin ikinci hissəsində “Atalar sözləri və məsəllərin bədiilik imkanları”ndan bəhs olunur. Burada dil rəngarəngliyinin mühüm göstəricilərindən sayılan atalar sözləri və məsəllərdən istifadənin sənətkarın dünyagörüşü ilə sıx bağlı olduğunu qeyd edən müəllif aşıq və el şairlərinin poetik dilinin axıcı, emosional və rəvan olmasının tələblərindən birinin emosionallıq, ifadəlilik xüsusiyyətləri ilə seçilən və dərin məzmuna malik atalar sözləri və məsəllər olduğunu yüksək tədqiqatçı peşəkarlığı ilə əsaslandırır.
M.Hüseynova bəzi dərslik və dərs vəsaitlərində frazeoloji vahidlər sırasına daxil edilən atalar sözləri və məsəllərlə frazeoloji vahidlərin nəzəri fərqləndirilməsinə də diqqət çəkir. O, B.Xəlilova istinadən yazır: “Atalar sözləri, eləcə də məsəllər əsasən dəyişməz halda, yəni dildəki frazeoloji vahidlər kimi hazır şəkildə işləndiyindən az qala frazeoloji vahidlərə bənzəyirlər lakin frazeoloji vahidlərdən fərqlənərək onlar cümlə quruluşlu olurlar, bəzən atalar sözlərini frazeologiyanın tərkib hissəsinə daxil etməyin heç bir mənası yoxdur, çünki atalar sözləri və məsəllərdə obrazlılıq daha qüvvətlidir”.

Bu müddəa ilə tədqiqatçı doğru olaraq əslində atalar sözləri və məsəllərin frazeoloji vahidlərdən fərqli dil vahidləri sintaksisin tədqiqat obyektinə aid edilməli olduğunu nümunələrlə bir növ arqumentləşdirir.

M.Hüseynovanın araşdırmasında “Aforizmlərin üslubi xüsusiyyətləri” də nəzərdən keçirilir. Tədqiqatçı araşdırma prosesində “Öz yüksək poetik ifadə formasına, ictimai-siyasi məzmununa, dərin mənasına görə xalq yaradıcılığından qidalanan” aforizmləri əmələgəlmə səbəblərinə, başqa sözlə leksik-semantik mənasına görə - 1) sədaqət, vəfa, dostluq; 2) ağıl, idrak, düşüncə, kamal; 3) sözün qiyməti, dəyəri; 4) mərdlik və namərdlik; 5) məhəbbət, səadət, vicdan, namus, halallıq və gözütoxluq haqqında yaradılan aforizmlər adı altında sistemləşdirərək onların nitqin keyfiyyətini canlı ünsiyyət dilinin şirinliyini və milli koloriti gücləndirdiyini qeyd edir.

M.Hüseynova frazeologizmlərin linqvistik təhlilinə həsr etdiyi bu əsərdə “ulu dilin leksik vahidləri” adlandırdığı ümumişlək sözlər qədər qədim tarixə malik olan “Alqışların üslubi xüsusiyyətləri”ndən də söz açır.

Müəllif bədii üslubu saflaşdıran, gözəl dil sərvəti olan alqışların poetik situasiyalarda hadisələrin inkişafına təsir göstərdiyini, onların dil və üslubunu real həyata, milli zəminə daha çox bağlandığını göstərir. O, alqışların eyni zamanda poetik mühitin üslubi gözəlliyinin xarakter tamlığının yaradılmasına əhəmiyyətli dərəcədə köməklik göstərməsindən də söz açır.

Kitabın “Qarğışların üslubi xüsusiyyətləri” adlanan beşinci bölməsində aşıq və el şairlərinin bədii yaradıcılığında poetikliyi və ifadəliliyi qüvvətləndirən qarğışların üslubi məqamları nəzərdən keçirilir.

Qarğışlar xalq yaradıcılığının elə bir sahəsidir ki, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin ümumi mənzərəsini onlar vasitəsi ilə təsəvvür etmək mümkündür. Bu mənada XIX-XX əsrlər aşıq və el şairlərinin yaradıcılığında təsadüf olunan qarğışlar maraq doğurur. Həmin qarğışlarda lənət hədəfi tarix boyu torpaqlarımıza göz dikən əzəli və əbədi düşmənlərimiz olan haylardır (ermənilər).

M.Hüseynova doğru olaraq aşıq və el şairlərinin üslubunda möhkəm özül və təmələ malik olan qarğışların emosional və ekspressiv çaları gücləndirməklə yanaşı, söz sənətkarlarının hiss və həyəcanlarının qüvvətli ifadəçisi olduğunu, dolayısı ilə bunun ictimai münasibətlərdən qaynaqlandığını bildirir.

Tədqiqat əsərində poetik “mən”in daxili əlamətini, psixoloji vəziyyətini öz dili ilə bəyan edərkən obrazlılıq yaradan “Andların üslubi çalarları”na da yer verilir. Müəllif aşıq və el şairlərinin yaradıcılığında əks olunan andlardan söz açarkən onların vasitəsilə ifadə olunan fikirlərin alqış və qarğışlarda olduğu kimi, xəlqiliyə malik olduğunu və xalqımızın yaddaş saxlancına həkk olunan ədəbi-mənəvi sərvətə çevrildiyini yazır.

Tədqiqat əsərlərində birbaşa etnolinqvistika anlayışına toxunulmasa da sabit söz birləşmələrinin yaranma mənbələrindən bəhs edərkən onlardan bir qrupunun atalar sözləri əsasında yarandığı göstərilir. Məsələn: “Namərdin çörəyi dizinin üstündə olar - çörəyi dizinin üstündə olmaq, tülkü tülkülüyünü sübut edincə dərisini boğazından çıxararlar - dərisini boğazından çıxarmaq, söz-sözü gətirər, arşın bezi - söz sözü gətirər, anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən - dad yarımçıq əlindən və s”.
Sabit söz birləşmələri və atalar sözlərinin böyük əksəriyyəti zamanın sınağından çıxmış, hər hansı tarixi hadisə və ya əhvalatlarla əlaqədar formalaşdığından onların məzmunun izahı etnoqrafiya ilə bağlı maraqlı məlumatların aşkarlanmasına şərait yaradır ki, bu da bilavasitə etnolinqvistikanın tədqiqat obyektinə daxildir.

Frazeoloji vahidlərin milli köklərlə yanaşı, ümumxalq düşüncəsinin dərin qatları ilə üzvi surətdə bağlı olduğunu nəzərə alan müəllif bu barədə yazır: “Dilin frazeoloji fondu xalq mədəniyyətini və məişətini, keçmiş zamanın xarakterik cəhətlərini, insani münasibətləri, təbiət, canlılar aləmini və s. əks etdirən bir xəzinədir”.

Frazeoloji vahidlərin bədii dildə, xüsusilə xalq yaradıcılığı əsasında təşəkkül tapmış aşıq və el şairlərinin dilində yaratdığı ifadəlilik, emosionallıq və poetiklik keyfiyyətlərinin elmi əsaslar üzərində araşdırılması öz növbəsində dilçiliyin az tədqiq olunmuş sahələrindən olan estetik dilçiliyin inkişafına da müsbət təsir göstərir.

Tədqiqatında dilin estetik çalarlarına toxunan M.Hüseynova yazır: “Bədii materialların dil və üslub baxımından təhlili göstərir ki, mövzusundan asılı olmayaraq frazeoloji ifadələr poetik mətndə hiss və duyğuların, estetik fikir aydınlığının bədii gözəllik mənbəyinin açarıdır”. Bu tezis sözün geniş mənasında estetik dilçiliyin təməl prinsiplərindən birini təşkil edir.

Yığcamlığı frazeologizmlərin estetik meyarı hesab edən Mahirə Hüseynova aşıq və el şairlərinin nitqində əks olunmuş frazeologizmlərin müasir və emosional səslənməsinin məhz bu meyarla (estetik meyar) əlaqədar olduğunu bildirir.

Mübaliğəsiz qeyd etmək olar ki, bu tip elmi tədqiqat işlərinin davam etdirilməsi və onların nəticələrinin ümumiləşdirilməsi xalqın dil mədəniyyətinin tərkib hissəsi olan etnolinqvistika və estetik dilçiliyin nəzəri əsaslarının sistemli inkişafına öz müsbət təsirini göstərəcək.

 

yuxarı ⤴