1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İlkə imza atan 3 qat dünya çempionu
22.09.2017 / No36

 

 

 


Təhsil Nazirliyinin tabeliyində olan Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev:

“Novbəti hədəfim Olimpiya çempionu olmaqdır”

Rəşad ZİYADOV

Bu yaxınlarda Fransanın paytaxtı Parisdə güləş üzrə böyüklər arasında dünya çempionatı keçirilib. Azərbaycan güləş yığması yarışda uğurla çıxış edərək vətənə 1 qızıl və 2 bürünc medalla qayıdıb. Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarında 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev 3-cü dəfə dünya çempionu tituluna layiq görülüb. Bu, Azərbaycanın sərbəst güləş tarixində bir ilkdir. Böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü, 3 dəfə ölkə çempionu, dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev həm də Bakıda keçirilən I Avropa Oyunlarında 61 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Bundan başqa, Hacı Əliyev IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Güləş Federasiyasının nominasiyası üzrə ilin idmançısı seçilib.

- Hacı, dünya çemponatında əldə etdiyin uğura görə səni təbrik edirik. İstərdim ki, elə həmin çempionat barədə danışasan.
- Yarışlar gərgin mübarizə şəraitində keçdi. Güləşçilərimiz axıra qədər inamla döyüşdü. Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Yüksək nəticələr dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə edilib. Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Çalışacağam ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərim.

Valideynlərimə minnətdaram

- Çempion Hacının keçdiyi ömür yolu hamı üçün maraqlıdır.
- 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Uşaqlıqda çox dəcəl idim, bir yerdə durmazdım. Güləşlə 8 yaşımdan məşğul oluram. Bu idman növünə marağı məndə atam oyadıb. O, bir müddət Naxçıvanda fiziki tərbiyə müəllimi işləyib. Eyni zamanda sərbəst güləşlə də məşğul olub. Atam qardaşım Yaşarı da, məni də körpəlikdən güləşə yönəldib. Valideynlərimə çox minnətdaram. Atamın da, anamın da bizim tərbiyəmizdə, əsl vətəndaş kimi yetişməyimizdə və formalaşmağımızda böyük əməyi vardır. Atamın arzusu olub ki, mən və qardaşım sərbəst güləş üzrə məşhur, tanınmış idmançı olaq. Bu gün biz onun arzusunu reallaşdırmaq uğrunda çalışırıq. O, bizim uğurlarımıza çox sevinir. Mən 4-5-ci siniflərdə oxuyanda ailəmiz Naxçıvandan Bakıya köçdü. Paytaxta köçdükdən sonra qardaşım Yaşar da, mən də Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinə yazıldıq. Mənim ilk məşqçilərim Elman Əzimzadə və Qırxlar Bədəlovdur. Peşəkar idmanda qazandığım nailiyyətlərə görə mən bu insanlara minnətdaram. Güləşdə uğur qazanmağımda məşqçilərimizin çox böyük rolu var. Yaşar da, mən də 14 ildən çoxdur ki, bu insanların yanında məşq edirik.

- Neçə yaşından uğurlara imza atdın?
- 17 yaşımda yeniyetmələr arasında Avropa çempionatının ikincisi olmuşam. Amma sevincim çox çəkməyib. Çünki bir müddət iştirak etdiyim yarışlarda medalçılar sırasına düşə bilməmişəm. Nəhayət, 2011-ci ilin iyununda gənclər arasında Avropa çempionatının gümüş medalına layiq görüldüm və bundan sonra karyeramda, demək olar ki, yüksəliş dövrü başladı.

- Ailədə neçə övladsınız?
- Ailədə iki övladıq. Mən və qardaşım Yaşar Əliyev. O da sərbəst güləşlə məşğul olur. Biz uşaqlıqdan gözümüzü açıb evdə ancaq güləş görmüş və güləşçilər haqqında söhbət eşitmişik. Atam körpəlikdən qardaşımla məni evdə biri-birimizlə güləşdirib və bizə güləşin sadə fəndlərini öyrədib. Həmişə atamla evdə televizorun qarşısında oturub güləş yarışlarına tamaşa edirdik. Anam evdar qadındır. Düzdür, qardaşımla mən yarışlarda iştirak edəndə anam çox narahat olur, özünə yer tapmır. Amma bilir ki, bu iş bizim ürəyimizcədir. Məndən iki yaş böyük olan qardaşım Yaşar 57 kq çəkidə çıxış edir. Heç yadımdan çıxmır. 2013-cü ildə Avropa çempionatına gedəndə hamı məndən qələbə gözləyirdi. Amma elə oldu ki, Yaşar bu yarışda bürünc medal qazandı, mən isə medalsız qaldım. Yaşar 2014-cü ildə keçirilən Azərbaycan çempionatının qalibidir.

Olimpiya çempionumuzu özümə örnək götürmüşəm

- Hacı, kimi özünə ideal seçmisən?
- Uşaq vaxtı bizim yaşımızda olanlar cizgi filmlərinə baxanda Yaşarla mən güləş yarışlarını, Azərbaycan güləş ustalarının çıxışlarını izləyirdik. Atlanta və Sidney Olimpiya Yay Oyunlarının gümüş və qızıl mükafatçısı Namiq Abdullayev bizim idealımız idi. Onun iştirak etdiyi yarışları video ilə izləyir, Olimpiya çempionumuza bənzəməyə çalışırdıq. Namiq Abdullayevin bir idmançı kimi məşq rejimi məni həmişə özünə çəkib. Həmişə Olimpiya çempionumuzu özümə örnək, nümunə götürmüşəm. O, müstəqil Azərbaycanın ilk Olimpiya çempionlarındandır.

- Güləşdən başqa, hansı idman növlərinə maraq göstərirsən?
- Futbolu çox sevirəm. Güləşçi olmasaydım, çox güman ki, futbolu seçərdim. Boş vaxtımız olanda uşaqlarla həvəslə futbol oynayırıq. Yeri gəlmişkən deyim ki, məhz Kriştano Ronaldoya görə “Real Madrid”ə azarkeşlik edirəm.

Prezidentimiz özü məni mükafatlandırdı

- IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəndə hansı hissləri keçirirdin?
- Mən çox həyəcanlı idim. Şübhəsiz, oyunların özü çox maraqlı idi və bu oyunların ölkəmizdə keçirilməsi hər bir idmançı kimi mənim də məsuliyyətimi birə-beş artırırdı. Eyni zamanda bu oyunların Bakıda keçirilməsi olduqca qürurvericidir. Mən bir idmançı kimi dövlətimlə, xalqımla fəxr edirəm. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə ölkəmizin bu oyunlara uğurla ev sahibliyi etməsi çox sevindirici oldu. Sevinirəm ki, bu yarışda qızıl medala sahib oldum və Prezidentimiz özü məni mükafatlandırdı.

- 25 saniyə sənin üçün nə deməkdir?
- Qalibiyyət deməkdir, həm də erməni üzərində. Bu, çox sevindirici haldır. Həmin vaxt çox həyəcanlı idim. Bircə o yadımdadır ki, mən qalib gəldim və hakim məni təqdim etdi. Mən elə sevincli idim ki, heç nəyə fikir vermədim. İnanın, o döşəkdə güləşməkdən başqa heç nə düşünmürsən, nə hal olursa, sonradan dərk etməyə başlayırsan.

Əmin oldum ki, ermənini məğlub edəcəyəm

- Erməni və başqa millətdən olan idmançı ilə döyüşmək... Hansı fərqlər var?
- Tatamiyə çıxmısansa, deməli, güləşməlisən. Amma ermənidirsə, o güləşin içində kin, nifrət var və sən nə olur-olsun qalib gəlməyi düşünürsən. Başqa idmançılara isə sadəcə rəqibin kimi hörmət edirsən və güləşirsən. Erməni idmançıya qalib gəlməyimi elə özüm üçün də böyük uğur sayıram. Bu oyunlara qədər 4 dəfə erməni idmançısıyla üz-üzə gəlmişəm. Bolqarıstanda keçirilən Avropa çempionatının yarımfinalı və Almaniyada təşkil edilmiş Qran-pri yarışlarının finalında. Onların hər ikisinə qalib gəlmişəm. İkinci görüş daha çox yadımda qalıb. Belə ki, yarışda çəkimdən artıq çıxış edirdim. Erməni rəqibim Avropa və dünya birincisi idi. Məşqçilərim yarışdan əvvəl çəkimi aşağı salmağa icazə vermədilər və mənə dedilər ki, uduzsan da, eybi yoxdur, onunla mübarizə apar. Düzü, bu sözlər mənə çox ağır gəldi. Güləş xalçası üzərinə çıxıb erməni rəqibimin əlini sıxanda əmin oldum ki, onu mütləq məğlub edəcəyəm. Belə də oldu. Ona 7:2 hesabı ilə qalib gəldiyim an gözlərimin önünə düşmən tapdağı altında qalan torpaqlarımız, evindən, elindən-obasından didərgin düşən soydaşlarımız gəldi. Bu dəfə də həmin hissləri keçirərək erməni güləşçisi Valodya Franqulyanı 7:0 hesabı ilə məğlub etdim. Bundan başqa, yarışlarda da düşmən ölkənin təmsilçisi ilə qarşılaşmışam və xal vermədən onu məğlub etmişəm. Bu, biz idmançılar üçün böyük uğurdur...

- Məşqçilərdə nəyi sevmirsən?
- Əslində, tək məşqçilərin yox, insanların davranışında qışqırmağı sevmirəm, yəni kimsə mənə nəsə deyəndə qışqıra-qışqıra danışmasını xoşlamıram. Sakit halda desin ki, Hacı bunu belə et, mən də can-başla edirəm. Belə şeyləri sevmirəm və qəbul eləmirəm.


Ömür boyu o anlar yadımdan çıxmayacaq
 

- Bildiyimə görə, ölkə başçısı ilə bir neçə dəfə görüşmüsən. O görüşləri necə xatırlayırsan?
- Elədir, indiyədək Prezidentlə bir neçə dəfə görüşmüşəm və hər görüşdə keçirdiyim hissləri indi sözlə ifadə edə bilmirəm. Ömür boyu o anlar mənim yadımdan çıxmayacaq. Mən ölkə başçımız İlham Əliyevlə görüşəndə çox xoşbəxt və sevincli idim. Keçən il mən böyüklər arasında Avropa və dünya çempionu oldum. Bu uğurlarıma görə cənab Prezident mənə mənzil hədiyyə etdi. Bu il isə mənə pul mükafatı təqdim etdi. Olimpiya çempionu olmaq ən böyük arzumdur. İnşallah, bu hədəfə doğru gedirəm.
Bu yaxınlarda cənab Prezident mənə fərdi təqaüdün verilməsi haqqında sərəncam imzaladı. Fürsətdən istifadə edib ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Biz idmançıların yetişməsinə yaradılan bu şəraitə görə də ölkə başçısı cənab İlham Əliyevə minnətdaram. İdmançı kimi formalaşmağımda məşqçi müəllimlərimin zəhməti böyükdür. Buna görə Qırxlar Bədəlov və Elman Əzimzadəyə də minnətdarlığımı bildirirəm. Gərək biz idmançılar da etimadı doğruldaraq, daha böyük qələbələrə imza ataq.

- İdmana gəlmək istəyən yeniyetmələrə nə tövsiyə edərdin?
- Böyük uğurlar və nailiyyətlər əldə etmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyiş var. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi öz köməyini bizdən əsirgəmir, məşq etməyimiz və yarışlarda yaxşı nailiyyətlər qazanmağımız üçün əlindən gələni edir. İdman bazası var, məşqçi var, hər bir şərait yaradılıb. İdmançıya bundan artıq daha nə lazımdır? Yeniyetmə idmançılara onlar üçün yaradılan şəraitdən yaxşı və səmərəli istifadə etməyi tövsiyə edərdim. Əziyyət çəkməkdən qorxmasınlar. Unutmasınlar ki, Allah zəhmət çəkən insanı geci-tezi mükafatlandırır. İdmanda böyük nailiyyətlər qazanmaq üçün zəhmət çəkmək lazımdır. Mən inanıram ki, Azərbaycan idmançıları ildən-ilə idmanın bütün növləri üzrə böyük qələbələr qazanaraq medalların sayını artıracaqdır.
 

yuxarı ⤴