1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“700 bal mənim üçün gözlənilməz oldu”
24.09.2016/№37

 

 


Bakı Ali Neft Məktəbinin tələbəsi, Prezident təqaüdçüsü Rəvan Nəzərəliyevlə söhbət

Ali məktəblərə builki qəbul imtahanlarında Azərbaycan məktəbinin 10 məzunu ən yüksək - 700 bal toplayıb. Onlar haqqında qəzetimizdə qısa məlumatlar vermişik. Bu nömrəmizdən başlayaraq isə onlarla müsahibəni təqdim edirik. İlk müsahibimiz Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Rəvan Nəzərəliyevdir. Rəvan Nəzərəliyev 1999-cu ildə Bakıda anadan olub. Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunudur. Təhsil aldığı illərdə bütün fənlərdən əla qiymətlər alıb. Bilik yarışmalarında iştirak edərək birincilik qazanıb. Onunla təhsil aldığı tədris korpusunda görüşüb söhbət etdik.

- Rəvan necə oldu ki, I ixtisas qrupunu seçdin? Valideynlərinin bu seçimdə təsiri oldumu?
- Bakı Ali Neft Məktəbində təhsil almaq çoxdankı arzum idi. Nəhayət ki, arxada qoyduğum yuxusuz gecələr öz bəhrəsini verdi, istəyimə nail oldum. Müasir texnologiyaların tətbiqi ilə aparılan tədris prosesi, işlə təminat, ölkəmizdə neft sənayesində peşəkar mütəxəssislərə olan tələbat mənə bu sahəni seçməkdə maraq oyatdı. Çalışacağam ki, Azərbaycanda savadlı mütəxəssislərdən biri olum. Seçim məsələsində isə valideynlərimin təsiri olmayıb, ancaq mənim seçimimi alqışlayıblar.
- İmtahan zamanı həyəcan var idimi? Eşidəndə ki,700 bal toplamısan, hansı hissləri yaşadın?
- Həyəcansız imtahanmı olar? Daha onun nəyi imtahan oldu? Qəbul imtahanında özümə çox güvənsəm də hamı kimi mən də həyəcanlı idim. Lakin bu həyəcan suallarla tanış olandan sonra keçdi. Sevincimin hədd-hüdudu yox idi. Təxmini bilirdim ki, yüksək nəticə əldə edəcəyəm. Çünki testin suallarının hamısını düzgün cavablandırmışdım. Amma etiraf edim ki, 700 bal mənim üçün gözlənilməz oldu. Evimizdə toy-bayram ab-havası vardı həmin gün.
- Rəvan Nəzərəliyev üçün tələbə adını qazanmaq məsuliyyətlidir, yoxsa fəxarət?
- Tələbə adını qazanmağın çətin olmadığını, daha çox zəhmət tələb etdiyini deyərdim. Həyatda istənilən məqsədə çatmaq üçün əziyyət çəkməlisən. Öz üzərində səylə çalışmalısan ki, o arzunu reallaşdırasan. Birinci sinifdən onbirinci sinfə qədər proqramları tam mənimsədikdən sonra özümə güvəndim. Hər dərsi vaxtında öyrənəndə yük də artmır, beyin də yorulmur, çünki beyni yormaq özü də təhlükəlidir. Bəzən elə hallar olur ki, bu ilin dərsini növbəti ilə saxlayırlar. Qətiyyən belə olmaz. Düşünürəm ki, burada alacağım təhsil məni dərin biliklərə yiyələndirəcək. Sualınıza cavab olaraq söyləyim ki, bəli, mən bu gün tələbə adını daşımaqla fəxr edirəm.
- Qardaşın Nurlanla əkizsən. Dərslərinizə hazırlaşarkən bir-birinizə mane olmurdunuz ki?
- Əsla yox. Eyni məktəbin məzunuyuq. Qardaşımla dərslərimizə bir yerdə hazırlaşırdıq. Hazırlıqlara birlikdə gedirdik. Dostcasına bir-birimizlə mübahisə edir və müzakirələr aparırdıq. Elmi mübahisə etdikcə öyrəndiklərimiz daha yaddaqalan olurdu. Qardaşım Nurlan 685 bal toplayıb. O da Bakı Ali Neft Məktəbinə daxil olub. Eyni ixtisası seçmişik. Qeyd edim ki, böyük qardaşım Rəşad da bu təhsil ocağının IV kurs tələbəsidir. Üçümüz də eyni məktəbin məzunlarıyıq. Məktəb müəllimlərimə ən yüksək nəticələr göstərdiyimizə görə öz dərin təşəkkürümüzü bildiririk. Üzərimizdə əziyyətləri çox olub, lap çox.
- Artıq yeni dərs ili başlayıb, yeni tədris ocağı, auditoriyalar, müəllimlər... Dünənki şagird Rəvan bu gün artıq tələbədir. Hansı hisslər keçirirsən?
- Qrup yoldaşlarım çox mehriban və səmimidirlər. Onlarla ilk gündən dostlaşmışıq. Bir də ki, ən yaxın dostum, sirdaşım qardaşım Nurlandır.
“Bilik günü” mənim üçün ən yaddaqalan oldu. Belə ki, həmin tədbirdə rektorumuz Elmar Qasımov bizim ailəni auditoriyaya təqdim etdi. Sanki tədbir bizim ailəyə həsr olunmuşdu. Rektor atam Rauf Nəzərəliyevi yüksək əxlaqi dəyərlərə malik savadlı övladlar tərbiyə etdiyinə görə təşəkkürnamə ilə təltif etdi. Sonra isə biz əkiz qardaşları da qəbul imtahanlarında yüksək nəticə qazandığımıza görə təbrik etdi. Burada özümü sərbəst hiss edirəm. Amma bir gün də olsa təhsil aldığım tam orta məktəbin müəllimlərini və sinif yoldaşlarımı unutmuram, onlarla telefonla da olsa əlaqə yaradıram.
- Gələcəkdə təhsilini xaricdə davam etdirmək istərdinmi?
- Bunu kim istəməz? Hələ qarşıda nə qədər seminarlar, mühazirələr var. Çalışacağam bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirim ki, həyatımın mayası olan, on bir il təhsil aldığım müqəddəs məbədgahımın adını zirvələrə yüksəldim.
- Hər ikiniz, yəni əkiz qardaşlar Rəvan və Nurlan Nəzərəliyevlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Prezident təqaüdü adına layiq görülmüsünüz. Bu şad xəbər sizdə hansı hisslər yaratdı?
- Öncə ölkə rəhbərinə dərin təşəkkürümüzü bildiririk. Bu bizi daha yaxşı oxumağa ruhlandıra biləcək bir stimuldur, etimaddır. Ancaq biz də bu etimadı doğrultmağa çalışacağıq. Orta məktəb müəllimlərimizin üzünü qəbul imtahanında ağ etdiyimiz kimi bu ali təhsil ocağının müəllim kollektivinin üzünü də ağ edəcəyik.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴