1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


Emosional iqlimin məktəb tədris sistemində rolu
24.09.2016/№37

 

 

 


Hər bir fərd üçün təhsil aldığı tədris ocağı səciyyəvi əhəmiyyət kəsb edir. Normal qurulmuş müəllim-şagird ünsiyyət mexanizmi dərsin mənimsənilməsinə birbaşa müsbət təsir edir. Bu mexanizmin işə düzgün salınmasında isə ilk növbədə müəllimin sosial-psixoloji dünyagörüşü əsas rol oynayır. Buna müasir psixologoyada “emosional iqlim (EQ)” deyilir. Yenilik elmi lüğətə ilk dəfə Yel Universitetinin psixoloqu Piter Salovey tərəfindən gətirilib, daha sonra isə amerikalı psixoloq Deniel Qoulman onu EQ abreviaturuna qədər qısaldaraq yeni anlayış kimi psixoloji leksikona daxil edib.
EQ özündə özünütəhsil, özünənəzarət, şəxsiyyətlərarası münasibətlərin düzgün qurulması, sosial analiz və sairi əks etdirir. Yəni bütün emosiyalar ilk növbədə düşünülmüş olmalıdır. Məsələn, qəzəb, paxıllıq, kin, tənbəllik və s. kimi şəxsiyyətsöndürücü xüsusiyyətləri özünüidarəetmə mexanizminin köməyi ilə dislokasiyaya (çevrilməyə, yerdəyişmə) məruz qoymaq olar ki, bu da sonuncunun idarə olunmasında müsbət nəticələrin qazanılmasına gətirib çıxara bilər.
EQ şəxsiyyət strukturunun aparıcı və əsas elementlərindən biridir. EQ və İQ bəzən eyniləşdirilsə də, lakin onlar fərqli göstəricilər sərgiləyən abreviaturlardır. Aşağıdakı cədvəldə bu abreviaturların fərqli cəhətlərini qeyd etməyə çalışmışıq.

Cədvəldən göründüyü kimi, emosional və akademik intellektlər fərqli xarakter daşıyır, lakin şəxsiyyətin strukturunda hər birinin rolu danılmazdır.
Müasir tədris prosesi və kurikulum şəxsiyyətyönümlü qurulub. Təbii ki, şəxsiyyətin formalaşmasının əsaslı təminatı müəllimin emosional (EQ) və akademik (İQ) intellektindən birbaşa asılıdır.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən müəllim səbirsizlik sərgiləyərək aqressiv olduqda, bu, şagirdin də emosional iqliminə təsir edir. Və bu aqressiya zəncirvari davam edərək uşaqlara, daha sonra isə sosial mühitə ötürülür. Təbii ki, bu məsələyə birtərəfli yanaşmaq düzgün olmazdı. Belə ki, bu məsələlərdə şagirdlərin ev mühitinin rolu da danılmazdır. Emosional iqlimi sağlam olan ailədə tərbiyə olunan uşaq məktəb mühitinə daha rahat adaptasiya olunaraq mənfi emosiyaların daşıyıcısına çevrilmir.
Bir çox faktorların da paralel olaraq EQ-yə təsirləri var. Onlardan ən başlıcası temperamentdir. Temperament, mürəkkəb fizioloji mexanizmlərdən ibarət sistem olaraq, insanın hərəkət və reaksiyalarına təsir göstərir. Eyni zamanda temperamentin köməyi ilə psixi və psixomotor hadisələr daha asan və ya çətin, gec və ya tez, güclü və ya zəif baş verə bilir. Buradan alınan nəticələr onu düşünməyə əsas verir ki, şəxsiyyət strukturunda temperamentin də rolu danılmazdır. Şəxsiyyətin emosional iqliminin konstruksiyası temperament tipologiyasına nisbətdə müxtəlif ola bilər. Məsələn, sanqvinik temperament tipinə mənsub olan fərdə bağışlamaq daha asan olur, nəinki melanxolikə. Və ya konfliktogen mühitdə fleqmatik temperament tipinə mənsub fərdə fasilə saxlamaq daha asandır, nəinki xolerik temperament növünə. Lakin bu psixoloji tiplərin hər biri müsbət emosiyalara malik, özünəgüvənli, emosional intellekt kəmiyyəti yüksək olan şəxsiyyət kimi yetişə bilər.
Təbii ki, müəllim-şagird münasibətlərində əsaslı rolu ilkin kommunikasiya bacarıqları oynayır. İlk “siniflə tanışlıq” mərhələsindən başlayaraq, şagirdlərin fərdi temperamentlərini nəzərə almağa kimi, onların fənnə maraq hissinin gücləndirilməsi yönündəki inteqrasiya əsas funksiyanı daşımış olur.
Bu yöndəki emosional iqlimin sabitliyi və sonrakı mərhələlərin məhsuldarlığı yönündə əsaslı amillərdən və psixoloji silahlardan biri kimi dinləmə mədəniyyətini qeyd etmək yerinə düşərdi. Yəni, müəllimin onu diqqətlə dinlədiyini görən şagirdin cavabı da müvafiq olaraq yüksək notlara köklənmiş olur.
Hər bir məsələnin psixoloji qəbulu şəxsiyyətin temperamentindən birbaşa asılıdır. Məsələn, sanqvinik temperamentə malik insana küslülük zamanı bağışlamaq daha asandır, nəinki xolerik və melanxolik temperament növünə. Hər hansı gərginlik yaradan atmosferdə özünüidarə və əlaalma dövrləri fleqmatik temperamentə malik olan insana digər 3 növdən olan insana nisbətən daha asan başa gələ bilir. Müasir psixologiyada temperament növləri genişləndirilərək 8 və daha çox növə ayrılır, lakin biz yalnız Hippokratın 4 əsas növündən misal gətirməklə kifayətlənirik.
Hər bir fərdin özünüislahetmə imkanları var. Lakin bu imkanlardan istifadəetmə bacarığını hər kəs fəallaşdırmır. Buna səbəb isə formalaşmış gündəlik həyat alqoritmini dəyişmək istəyinin olmaması, ata-babalardan şüuraltı proqramla ötürülmüş standartlardan kənara çıxmamaq istəyi, mütaliənin azlığı nəticəsində düşüncə radiusunun dar çərcivədən kənara çıxa bilməməsi və bütün deyilənlərin inteqrasiyası EQ-in inkişaf əmsalını aşağı salmağa birbaşa təsir edərək, şəxsiyyət strukturunu deqradasiyaya uğratmış olur.
Burada dahi filosof Konfutsinin “düşüncə əkərsən, əməl biçərsən, əməl əkərsən - xarakter biçərsən, xarakter əkərsən - taleyini biçərsən” - deyimini xatırlatmaq yerinə düşərdi. Demək, buradan belə nəticəyə gəlmək olar ki, insan həyatında baş verənlərə görə birbaşa məsuliyyət daşıyaraq bu və ya digər hadisəni nəzarətə götürüb düzəldə, ya ən azından minimuma endirə bilər.
Təbii ki, bir müəllim, insan, vətəndaş üçün bu məsuliyyəti anlamaq çox mühümdür. Çünki əks halda şagirdlərlə rəftarda alçaldıcı sözlərdən istifadə etməklə biz şagirdin bilik və bacarıqlarına birbaşa zərbə vurmuş, onun şəxsiyyət strukturunun formalaşmasının qarşısına sədd çəkmiş olarıq.
Nəticə etibarı ilə emosional intellektin (EQ) müəllim və şagirdlərin inkişaf strategiyasında mühüm rolu danılmazdır. Təbii ki, müasir təhsil proqramı - kurikulum da məhz şagirdyönümlü deyil, şəxsiyyətyönümlü olub, emosional intellektin paralel inkişafını təmin etməyə hesablanıb. Bu proqramın nə qədər səmərəli həyata keçməsi isə bilavasitə biz müəllimlərin emosional iqlimindən (EQ) və akademik biliklərindən (İQ) birbaşa asılıdır.

Ləman HÜSEYNLİ,
Bakı şəhər 175 nömrəli tam orta məktəbin müəllimi, fizika üzrə fəlsəfə doktoru

 


 

yuxarı ⤴